Məhkəmə qərarları › İş №2(103)-294/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-294/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-294/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-294/2023 (Açar sözlər: “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 31 yanvar 2023-cü il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-533/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, QSC «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2013-cü il tarixli 141/14/327/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh 44524,20 (qırx dörd min beş yüz iyirmi dörd manat 20 qəpik) manat məbləğində əsas borc, 14435,12 (on dörd min dörd yüz otuz beş manat 12 qəpik) manat məbləğində faiz borcu və 1224,22 (min iki yüz iyirmi dörd manat 22 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 60183,54 (altmış min yüz səksən üç manat 54 qəpik) manat məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat olmaqla, cəmi 70 manat pulun ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla yaşayan ailə üzvləri ünvan 1 ünvanında yerləşən mənzili ən gec bir ay ərzində tərk etmədikdə, mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və mənzilin boşaldılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra –Bank) ilə Cavabdeh (bundan sonra –Cavabdeh) arasında 25 iyun 2013-cü il tarixli 141/14/327/13 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 12.5 (on iki tam onda beş) faiz ödənilməsi şərti ilə 132 (bir yüz otuz iki) ay müddətinə 54000 (əlli dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən mənzili 25 iyun 2013-cü il tarixində 141/14/327/13 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 44524.20 manat (qırx dörd min beş yüz iyirmi dörd manat 20 qəpik) məbləğində əsas borc, 14435.12 (on dörd min dörd yüz otuz beş manat 12 qəpik) manat məbləğində faiz borcu, 1224.22 (bir min iki yüz iyirmi dörd manat 22 qəpik) məbləğində cərimə borcu, cəmi 60183.54 (altmış min bir yüz səksən üç manat, 54 qəpik) manat məbləğində borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-533/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh QSC “Bank Standard” Kommersiya Bankı ilə bağlanmış 25 iyun 2013-cü il tarixli 141/14/327/13 saylı kredit müqaviləsi üzrə 44524,20 manat məbləğində əsas borc, 14435 manat məbləğində faiz borcu, 400 manat məbləğində cərimə olmaqla, cəmi 59359,20 manat məbləğində borc, 30 manat dövlət rüsumunun əvəzi, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqı və 10 manat rüsum alınaraq iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına ödənilməsi, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan Abşeron rayonu, Masazır kəndi, “AAAF PARK” yaşayış kompleksi, bina E, 17 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh qaytarılması, ipoteka predmeti olan ünvan 1 saylı mənzilin ilkin satış qiymətinin 135.000 manat məbləğində müəyyən edilməsi, Abşeron rayonu, Masazır kəndi, “AAAF PARK” yaşayış kompleksi, bina E, 17 saylı mənzil satıldıqda Cavabdeh ailə üzvləri ilə birlikdə 1 (bir) ay ərzində həmin evi tərk etmədikləri halda onların, məcburi qaydada çıxarılması və həmin mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (Hakim: Fərid Hətəmzadə).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın cərimənin tutulması hissəsində və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, mübahisələndirilən hissələrdə Bankın iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka predmetinin ilkin satış qiyməti 100.000 (bir yüz min) fərqlə şişirdilərək 135.000 (bir yüz otuz beş min) manat məbləğində göstərilmişdir. Diqər tərəfdən ekspertiza rəyi yalnız sübutlardan biridir. AR MPM-nin 88-ci maddəsinə əsasən “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Göründüyü kimi, məhkəmənin yalnız ekspertiza rəyinə əsaslanması qanunvericiliyin tələbinə ziddir. Cavabdehin Bankla bağladığı ipoteka müqaviləsindəki şərtləri nəzərə almadan yalnız ekspertizanın subyektiv qiymətləndirməsinə əsaslanaraq qətnmanənin qəbul edilməsi qanunsuzdur və reallığı əks etdirmir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin yüksək məbləğdə qeyd edilməsi əsassızdır. Eyni zamanda hazırki dövrdə respublikada daşınmaz əmlak bazarında qiymətlərin kəskin şəkildə aşağı düşdüyü hamıya bəlli olan haldır və bu faktın sübut edilməsinə ehtiyacı yoxdur. Bu hal da öz növbəsində qiymətləndirmənin düzgün aparılmadığını sübuta yetirir. Həmçinin qeyd etmək istərdik ki, həmin ərazidə, həmin ünvanda yerləşən ümumi sahələri daha böyük olan digər əmlakların satış qiyməti 180.000 manatdan yuxarı deyildir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir.

6. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın cərimənin tutulması hissəsində rədd edilməsini xahiş etmişdir.

7. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qətnaməsində cərimə məbləğinin tutulmasına münasibətdə maddi hüquq normalarının tələbi pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi cərimə məbləğini azaldaraq 400 manat məbləğində müəyyən etsə də, bu məbləğ də həddən artıqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Lakin, birinci instansiya məhkəməsi yenə də cəriməni yüksək məbləğdə tutmuşdur. Bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə qətnaməsində həmçinin qeyd edilir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 135.000 manat məbləğində müəyyən edilməlidir (səhifə 6, abzas 8). Cavabdeh məhkəmədə verdiyi izahatımda ipoteka prdmetinin qiyməti ilə razı olmadığını bildirmişdir. Əslində məhkəmə bunu nəzərə alaraq başqa qiymətləndirici şirkət tərəfindən mütəxəssis rəyinin alınmasını təmin etməli idi. Bununla da prosessual hüquq normaları pozulmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti buQanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi mən mütəxəssis rəyi ilə müəyyən edilmiş ilkin satış qiyməti ilə razı olmadığıma görə başqa qiymətləndirici təşkilat tərəfindən də rəy alınmalı idi. Azərbaycan Respublikası MPM-nin 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Hüseynov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

10. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

14. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir.

15. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

16. 739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

18. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər;

19. 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir;

20. 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər;

21. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir;

22. 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

23. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır;

24. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir;

25. 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər;

26. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

Apellyasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Kollegiya qeyd edir ki, qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdir. Həm iddiaçı, həm də cavabdeh qətnaməni yalnız cərimə borcu və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirmişlər.

30. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının və cavabdehin apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə yoxlayır.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

31. İş materiallarında olan 25 iyun 2013-cü il tarixli 141/14/327/13 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh (borclu) ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya istehlak məqsədi ilə 132 ay müddətinə, illik 12,5 faiz olmaqla 54.000 manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, kreditdən istifadəyə görə faizlər hər təqvim günü üçün hesablanır və hər ay “Borcalan” tərəfindən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəyə uyğun olaraq(cədvələ) ödənilir. İş gününün sonu bankda əməliyyatların dayandırıldığı saat hesab olunur. Faizlər borcun yarandığı tarixdən borcun tam ödənildiyi tarixədək hesablanır.Ödəniş bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəyə uyğun olaraq (cədvələ əsasən) həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə bu müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır. Müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, cavabdeh banka olan borcunu hər ay 754,67 manat olmaqla xx.xx.2024-cü il tarixinə kimi ödəməli idi.

32. 27 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25 iyun 2013-cü il tarixli 141/14/327/13 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 44524,20 manat məbləğində əsas borcu, 14435,12 manat məbləğində faiz borcu, 1224,22 manat məbləğində cərimə borcu olmaqla, cəmi 60183,54 manat məbləğində borcu yaranmışdır.

33. Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2021-ci il tarixli 9/8396 saylı rəyindən görünür ki, 25 iyun 2013-cü il tarixli 141/14/327/13 saylı kredit müqaviləsi üzrə cavabdehin kredit müqaviləsinin bitmə tarixi olan xx.xx.2021-ci il (maliyyə arayışında qeyd olunan) tarixə 44524,84 manat məbləğində əsas borc, 14435 manat məbləğində faiz borcu olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir.

34. 25 iyun 2013-cü il tarixli 141/14/327/13 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, alıcı ipoteka qoyan Cavabdeh satılan ünvan 1 ünvanında yerləşən mənzili onunla QSC “Bank Standard” KB arasında bağlanmış 25 iyun 2013-cü il tarixində 141/14/327/13 saylı kredit müqaviləsi üzrə yaranmış borc alanın öhdəliklərinin və öz öhdəliklərinin təminatı kimi kreditor-ipotekasaxlayana ipotekaya vermişdi. Mübahisəli əmlak 100.000 manat məbləğində qiymətləndirilmişdir.

35. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzili QSC “Bank Standard” KB qarşısında 11 il müddətində ipoteka ilə yüklü edilmişdir. Əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır;

36. 15.10.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, QSC “Bank Standard” KB tərəfindən Cavabdeh banka olan borcun 03 təqvim günü müddətində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

37. "xxxx" MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsi barədə 06 may 2022-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin bazar qiyməti 150000 manat, ilkin satış (likvid) qiyməti 135.000 manat təşkil edir;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. bununla da həm müqavilənin, həm də mülki qanunvericiliyin tələblərini pozmuşdur.

39. Birinci instansiya məhkəməsində icraat zamanı verilən Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2021-ci il tarixli, 9/8396 saylı rəyi ilə təsdiq olunur ki, 25 iyun 2013-cü il tarixli, 141/14/327/13 saylı kredit müqaviləsi üzrə cavabdehin kredit müqaviləsinin bitmə tarixi olan xx.xx.2021-ci il (maliyyə arayışında qeyd olunan) tarixə 44524,84 manat məbləğində əsas borcu, 14435 manat məbləğində faiz borcu vardır.

40. İddiaçı cavabdehdən 25 iyun 2013-cü il tarixli, 141/14/327/13 saylı kredit müqaviləsi üzrə 1224,22 manat məbləğində cərimə tələb etmişdir.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

42. Kollegiya qeyd edilən hüquq nrmasının tələbini rəhbər tutmaqla hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə 1224,22 manat məbləğində hesablanmış cərimənin 400 (dörd yüz) manat həcmində müəyyənləşdirərək həm borclu, həm də kreditorun mənafeyi baxımından ədalətli nəticəyə gəlmişdir.

43. Kollegiya iddia tələbinin və apellyasiya şikayətlərinin ipoteka predmetinə dair hissəsinə münasibətdə qeyd edir ki, təqdim edilmiş sənədlərə əsasən, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Belə ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələbin ipotekaya qoyan Cavabdeh tərəfindən ipotekaya qoyulmaqla mülkiyyətində olan ünvan 1 ünvanına yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu və dövlət rüsumunun ödənilməsi qanuni və əsaslı olmuşdur.

44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməklə doğru nəticəyə gəlsə də, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə qətnamə dəyişdirilməlidir.

45. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 135.000 manat məbləğində müəyyən edilməlidir.

46. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı tərəflərin apellyasiya şikayətlərinin dəlillərinin araşdırılması məqsədilə ipoteka predmeti olan mənzilin hazırki vaxta olan likvid dəyərinin müəyyən edilməsindən ötrü məhkəmənin qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmişdir.

47. X2 Mərkəzi MMC-nin qiymətləndirmə rəyində ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi, “AAAF PARK” yaşayış kompleksi, bina E, 17 saylı mənzilin likvid dəyəri 145.000 manat məbləğində müəyyən edilmişdir.

48. Kollegiya birinci instansiya məhkəməsinin təyin etdiyi "xxxx" MMC-nin 06 may 2022-ci il tarixli rəyində gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işə apellyasiya qaydasında baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5275/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərardadına əsasən sözügedən əmlakın qiymətləndirilməsi “X2 Mərkəzi” MMC-yə həvalə edilmişdir. Həmin mütəxəssis rəyinə əsasən, ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi, “AAAF PARK” yaşayış kompleksi, bina E, 17 saylı mənzilin likvid dəyəri 145.000 manat məbləğində müəyyən edilməlidir.

49. Kollegiya işin hallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş qiymətləndirmə ilə apellyasiya instansiyası məhkəməsində icraat zamanı aparılmış qiymətləndirmə rəyləri arasında kəskin fərq aşkar edilmir. Lakin bununla belə, sonuncu qiymətləndirmə əvvəlkindən təxminən 7 ay sonra aparıldığından, həmçinin, daşınmaz əmlak bazarında qiymətlərin də dəyişkən olmasını nəzərə alaraq, məkəmə sonuncu qiymətləndirmə rəyinə üstünlük verməyi məqsədəmüvafiq hesab edir.

50. Bundan başqa, kollegiya həmçinin vurğulayır ki, qeyd edilən qiymətləndirmə rəyinin mötəbərliyinə sübhə yaradan hər hansı hal aşkar edilmədiyindən həmin rəyin ilkin satış qiymətinin müəyyən edilməsində əsas götürülməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğundur.

51. Kollegiya qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmədiyindən ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana, Cavabdeh qaytarılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.

52. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin qiyməti hissəsində dəyişdirilərək, Abşeron rayonu, Masazır kəndi, “AAAF PARK” yaşayış kompleksi, bina E, 17 saylı mənzilin likvid dəyəri 145.000 manat məbləğində müəyyən edilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

54. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

55. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

56. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-533/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ipoteka predmeti olan ünvan 1 saylı mənzilin ilkin satış qiymətinin 135.000 (bir yüz otuz beş min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan ünvan 1 saylı mənzilin ilkin satış qiyməti 145.000 (bir yüz qırx beş min) manat məbləğində müəyyən edilsin. İddiaçı LƏĞV PROSESİNDƏ OLAN QSC "xxxx" KB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar