Məhkəmə qərarları › İş №2(103)-2942/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2942/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2942/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "pul tələbi") Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X2 ibarət tərkibdə Nuri Bəsti Qurban qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştiakı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-407/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh 85000 ABŞ dolları məbləğində əsas borcun, həmin pul vəsaitini qanunsuz saxlayıb onu qaytarmaqdan boyun qaçırdığına görə hesablanmış cəmi 29750 ABŞ dolları məbləğində faizin ödənilən vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın məzənnəsinə uyğun hesablanmaqla və ödənilmiş 485,1 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllərdən yaxşı tanıdığı borc verən X9 xx.xx.2012-ci il tarixdə imzalanmaqla notariusda təsdiq edilmiş kredit müqaviləsinə əsasən, xx.xx.2013-cü il tarixədək qaytarmaq şərti ilə borc alan Cavabdeh 230.000 ABŞ dolları borc pul vermişdir. Aldığı borcun vaxtında qaytarılmasında ciddi maliyyə çətinlikləri yarandığı üçün aralarındakı qarşılıqlı inam və etibarlı işgüzar əlaqələrin olmasını nəzərə alıb, həmçinin verəcəyi pulunu tezliklə özünə qaytaracağına inanıb, Cavabdeh təkidli xahişinə əsasən, onun borc verən X5 aldığı 230.000 ABŞ dolları məbləğində borcunun 85000 ABŞ dolları hissəsinin qaytarılmasına o, İddiaçı şifahi vədlə təminat vermişdir. Şifahi təminatla verdiyi vədinə əməl edərək, borc alan Cavabdeh kredit müqaviləsi üzrə borcundan hissə-hissə olmaqla, 50.000 ABŞ dollarını nağd pul formasında, 35.000 ABŞ dollarını isə daşınmaz əmlak verməklə, xx.xx.2017-ci il tarixədək borc verən X7 ödəmişdir. Bütün bunlar barədə borc alan Cavabdeh mütəmadi məlumat vermişdir və o, ona olan borcunu tezliklə qaytaracağına onu tam əmin etmiş və inandırmışdır. Bununla da, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh aldığı 230.000 ABŞ dolları məbləğində borc puldan onun əvəzinə xx.xx.2017-ci il tarixədək 85000 ABŞ dollarını borc verən X7 o, İddiaçı qaytarmışdır. Ona görə də borc verən X9 ilə borc alan Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borc alanın öhdəliyinin üçüncü şəxs tərəfindən qismən icra edilməsi yəni, 85000 ABŞ dolları borcunun borc verən X7 İddiaçı tərəfindən qaytarılması ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci maddəsinə əsaslanaraq, həmin məbləğdə pulun ödənilməsini Cavabdeh tələb etmə hüququnun olmasını rəsmiləşdirməkdən ötrü sonuncu ödənişi etdiyi xx.xx.2017-ci il tarixdə onunla borc verən X9 arasında şahidlərin iştirakı ilə “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” müqavilə imzalanmışdır. Onun əvəzinə ödədiyi pulunun qaytarılmasını indiyədək dəfələrlə və təkidlə tələb etməsinə baxmayaraq, Cavabdeh müxtəlif bəhanələr ilə 85000 ABŞ dolları məbləğində borcunu qaytarmamış, get-gedə telefon zənglərinə cavab verməkdən yayınmış, ən nəhayət isə mobil telefon nömrəsini dəyişdirərək, onunla danışmaqdan yayınmışdır. Həmçinin tərəfindən Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilərək, borclu olduğu X9 ilə aralarında xx.xx.2017-ci il tarixdə bağlanmış “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında" müqaviləyə əsasən, onun əvəzinə X7 ödədiyi 85.000 ABŞ dolları məbləğində borcunu 10 gün müddətində ona qaytarmasını təklif etmişdir. Təəssüf ki, yazılı bildirişə Cavabdeh heç bir münasibət bildirməmişdir. Bununla da Cavabdeh ona olan inam və etibarından sui-istifadə etmə yolu ilə onun 85000 ABŞ dolları məbləğində pulunu ələ keçirmişdir. Ona görə də Cavabdeh əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olduğu üçün onun cinayət məsuliyyətinə cəlb edilməsi, etibarından suiistifadə etmə və aldatma yolu ilə ələ keçirdiyi 85000 ABŞ dollarının ödənilən vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının manata məzənnəsi ilə hesablanmaqla, ondan alınıb ona qaytarılmasının təmin edilməsinə dair qanuni tədbirlər görülməsi barədə ərizə ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin, Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Ruslan Əsgərov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vətəndaş İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmə hüququnun izah edilməsi qərara alınmışdır. Polisin baş təhqiqatçısının qərarında gəlinən nəticədən görünür ki, aparılmış araşdırma zamanı toplanmış sübutlar üzrə əməldə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə yəni, dələduzluq cinayətinin tərkib əlamətləri müəyyən edilmədiyindən, material üzrə kifayət qədər toplanmış şahid izahatları və müqavilələrlə X9 ilə Cavabdeh arasında 18 oktyabr 2012-ci il tarixdə imzalanmış və həmin gün Bakı şəhəri 22 saylı notariat kontorunda reyestrdə 3-M-1-273 nömrə ilə qeyd edilməklə təsdiq edilmiş 18 oktyabr 2012ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən X5 aldığı 230.000 ABŞ dolları məbləğində borc puldan onun əvəzinə 85.000 ABŞ dolları məbləğində borcu İddiaçı qaytardığına görə həmin məbləğdə pulun borc alan Cavabdeh ona qaytarılmasını tələb etmə hüququnun “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən X5 İddiaçı verilməsi, bu əsasla İddiaçı Cavabdeh 85.000 ABŞ dolları borcun ödənilməsini tələb etmə hüququnun yaranması öz təsdiqini tapdığından, həmçinin toplanmış materialda cinayət işinin başlanması üçün dəlillər, cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən hallar mövcud olmadığından, eyni zamanda, tərəflər arasında mövcud olan borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı yaranan mübahisələr mülki mübahisə predmeti olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Material üzrə polisin baş təhqiqatçısının qərarından şikayət verilməmişdir. Hazırda Cavabdeh ona 85.000 ABŞ dolları məbləğində borcu vardır. Qanunun normalarının müddəaları baxımından bildirir ki, Cavabdeh borclu olaraq, xx.xx.2017-ci il tarixli “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” müqavilə üzrə öhdəliyini icra etməyib həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq, ona 85.000 ABŞ dolları məbləğində borcunu qaytarmayıbdır. Həmin pul vəsaitini qanunsuz saxladığına və onu qaytarmaqdan boyun qaçırdığına, nəticədə ondan faydalandığına görə həmin pul vəsaitinin hər gecikdirilmiş vaxtı üçün illik beş bank faizi məbləğində faiz ödənilməlidir. Bu qaydaya uyğun illik beş faizlə hesabladıqda, Cavabdeh 2017-ci il üzrə 2125 ABŞ dolları, 2018- 2023-cü illər üzrə hər il üçün 4250 ABŞ dolları, 2024-cü il üzrə isə 2125 ABŞ dolları məbləğində pulu da ödəməlidir. Bu məbləğlərin cəmi isə 29750 ABŞ dolları təşkil edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının bu günə olan məlumatına əsasən, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.70 manat təşkil edir. Ona görə də Cavabdeh ona olan 85000 ABŞ dolları borcunun Azərbaycan manatına məzənnəsi 144500 manat, özgəsinin pul vəsaitini qanunsuz saxlayıb onu qaytarmaqdan boyun qaçırmaqla bağlı hesablanmış faizlər isə 29750 ABŞ dolları olmaqla, 50575 manat məbləğini təşkil edir. Onların cəmi isə 195075 manat olacaqdır.

3. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iş materiallarından, iddiaçı və 3-cü şəxsin izahatlarından görünür ki, Cavabdeh 3-cü şəxs İlqar Musayevə 230.000 ABŞ dolları borcu olmuşdur. Bu hal tərəflərin arasında notariat qaydada bağlanmış xx.xx.2012-ci il tarixli borc müqaviləsi, məhkəmə qətnamələri və qərarı ilə təsdiq edilir. Həmin iş üzrə sonuncu qərar AR Ali Məhkəməsinin MK-nın xx.xx.2015-ci il tarixli qərarı olmuşdur və qüvvəyə mindikdən sonra qətnamə birinci instansiya məhkəməsi tərəfindən icra edilməsi üçün Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. Beləliklə borclu Cavabdeh tələbkar İlqar Musayevə olan 230.000 ABŞ dolları məbləğində borc öhdəliyinə dair icra vərəqi 2016-cı ildən Nərimanov rayon İcra Şöbəsindədir. Lakin iddiaçı və 3-cü şəxs izahatında göstərir ki, X8 Bilalzadə arasında 230.000 ABŞ dolları ilə bağlı mülki mübahisə məhkəmədə baxıldığı vaxtda, Ruslanın borcunun 85.000 ABŞ dollarını - 50.000 ABŞ dolları hissə-hissə olmaqla (hansı hissələrdə və hansı müddətdə) guya İddiaçı tərəfindən İlqar Musayevə ödənilmiş (iddiaçının şahidi Fuad Hadılının ifadəsinə görə isə 50.000 dollar hissə-hissə Bakir tərəfindən Ruslana verilmişdir), 35.000 dollar hissəsinin əvəzində isə guya Bakir tərəfindən İlqara mənzil verilmişdir (31.01.25-ci il tarixədək keçirilmiş İİ məhkəmə baxışına kimi bu barədə məhkəməyə hər hansı bir dəlil təqdim edilməmişdir). Guya sonuncu ödəniş günü, (nə qədər məlum deyil) yəni xx.xx.2017-ci ildə X11 Babayev arasında “borcun qaytarılmasını tələb etmək hüquququnun qismən verilməsi və qəbulu haqqında” müqavilə bağlanmışdır. Lakin 2014-15-ci illərdən başlayan guya hissə-hissə ödənişlər edilməsi barədə Cavabdeh məlumatı olmamış, yaxud məlumatı olması barədə iddiaçı tərəfindən məhkəməyə dəlil təqdim edilməmişdir. Həmçinin guya 35.000 ABŞ dollarının əvəzində İlqara mənzilin verilməsi barədə məhkəməyə xx.xx.2025-ci il tarixədək sübut təqdim edilməmişdir. Lakin həmin tarixdən sonra elektron məhkəmə sistemi vasitəsilə təqdim ediləcək müqavilə, yaxud başqa sənəd gecikmiş sübut kimi məhkəmə tərəfindən qəbul edilməməlidir. İddiaçının və 3-cü şəxsin deməsinə görə xx.xx.2017-ci il tarixdə müqavilə bağlanarkən, artıq 2014-15-ci illərdə 50.000 dollar hissə-hissə ödənilmiş və 35.000 dolların əvəzində mənzil də verilmiş olmuşdur. Belə olduqda iddiaçı hər hansı hüquqi əsas olmadan (deməsinə görə Ruslanın borcu ödəməsinə zamin durmuş?- hansı qaydada zamin olması işdən görünmür) guya İlqar Musayevə ödənişlər etmiş və bu zaman tərəflərin arasında “tələb hüququnun qismən ötürülməsi haqqında” müqavilə olmadığından bu ödənişlər Cavabdeh üçün hər hansı bir öhdəlik yarada bilməz. xx.xx.2017-ci il tarixdən, yəni tərəflər üçün hüquq və vəzifələr yaradan müqavilə bağlandıqdan sonra İddiaçı tərəfindən İlqar Musayevə hər hanı məbləğdə ödəniş edilməsi barədə iddia ərizəsində, tərəflərin izahatında, şahidin ifadəsində, polisin “cinayət işinin başlanmasnın rədd edilməsi haqqında” Qərarında göstərilməmişdir və iddia edilmir. AR MM-nin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. AR MM-nin 399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. xx.xx.2017-ci il tarixli müqavilədə müqavilənin qüvvəsinin müqavilə bağlananadək, yaranmış münasibətlərə tətbiq edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən İlqar Musayevə olan 230.000 ABŞ dolları borcu tam olaraq qaytarılmışdır. Lakin aralarındaki münasibət pozulduğundan (X14nın deməsinə görə Tonqal restoranında az qala aralarında müharibə olacaqdı) onu cəzalandırmaq üçün İddiaçılə İlqar Musayev aralarında “borc məbləğinin tələb hüququnun qismən ötürülməsinə dair” formal müqavilə bağlamışlar. İddiaçı məhkəmədə verdiyi ifadəsində göstərdi ki, guya bu hərəkətini mərhəmətlik niyyəti ilə, Ruslanla dost olduqları, onun bütün nəslini tanıdığı üçün və bunu ondan Cavabdeh dəfələrlə xahiş etdiyinə görə etmişdir. Lakin Ruslanın belə bir xahiş etməsi ilə bağlı sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndəsinin sualına cavab olaraq, İddiaçı bildirmişdir ki, əvvəllər heç kimin əvəzindən pul ödəməmişdir, Ruslanla qohumluğu yoxdur, ayrı-ayrı rayonlardandır, birgə biznes, yaxud şərikli işləri olmamış, Ruslanın onun həyatında müstəsna xidməti olmamışdır. Sadəcə şifahi zamin olduğu üçün öz nüfuzuna, adına görə bu qədər pulu İlqara ödəmişdir. Lakin iddia ərizəsində 85.000 dollardan əlavə 29.750 ABŞ dolları tələb etməsi, onun əsl niyyəti ortaya çıxır. “Formal müqavilə bağlayıb Cavabdeh ödədiyi borcu ondan təkrar tələb edib almaqla cəzalandırmaq” X14 məhkəmədə verdiyi ifadəsində iddiaçi və 3-cü şəxsdən fərqli olaraq 50.000 dollar pulun hissə-hissə və hər dəfə Ruslana təhvil verildiyini göstərdi. Lakin iddia ərizəsində və izahatlarında iddiaçı, nümayəndəsi və 3-cü şəxs göstərmişlər ki, 50.000 dollar pul hissə-hissə olmaqla Bakir tərəfindən bilavasitə İlqara təhvil verilmişdir. Göründüyü kimi ən həlledici və əhəmiyyətli hal, yəni pulun verilməsi ilə bağlı həm sübut təqdim edilməyib, həm hansı hissələrlə, hansı vaxtlarda və necə verilməsi məlum deyil, həm yeganə şahid iddiaçı və 3-cü şəxsin dediklərini pulun verilməsi hissəsində təkzib etmiş, həm də iddiaçı tərəfindən göstərilən işin halları ağlabatan deyil. Eyni zamanda iddia ərizəsində 50.000 dollar pulun sonuncu ödəniş xx.xx.2017-ci ildə ödənilməsi göstərilsə də, məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli müqavilənin 2.4-cü bəndində 50.000 dollar pulun 2016-cı ildə ödənildiyi göstərilmişdir. Həmçinin məhkəmədə ifadə verən 3-cü şəxs Cavabdeh borcundan 95.000 dollar özünün qaytardığını və guya 85 dollar da İddiaçı verdiyini göstərsə də məhkəməyə təqdim edilmiş və tərəf kimi imzaladığı müqavilənin 2.2ci bəndində göstərilmişdir ki, guya xx.xx.2017-ci il tarixədək Cavabdeh borcundan bir manat da ödəməmişdir. AR Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qararında göstərilmişdir ki, AR Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dan sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri MM-nin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. AR MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 (altı) ildir. AR MM-nin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. İndiki halda məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli müqavilədə ayrı qayda nəzərdə tutulmamışdır. Şərti olaraq İddiaçı hüquqlarının pozulduğunu qəbul etsək onun üçün iddia müddətinin axımı 2014-15-ci illərdən, yaxud ən yaxşı halda xx.xx.2017-ci ildən formal müqavilə bağlandığı andan hesablanmalıdır. Çünki məhkəmədə verdiyi izahatında göstərdi ki, guya Cavabdeh borcunu ödəməyib ondan yayındığı üçün artıq verdiyi pulları və əmlakı rəsmiləşdirmək qərarına gəlmişdir. İddiaçı iddia müddətinin bərpası ilə bağlı müraciət etməmiş və müddəti ötürməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə izahat verməmişdir. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi AR MM-nin 739.1-ci maddəsi ilə əsaslandırmışdır. Həmin norma borc müqaviləsindən irəli gələn tələblə bağlıdır. Hansı ki, belə tələblər üzrə üç illik iddia müddəti nəzərdə tutulmuşdur. Cavabdeh ilə İlqar Musayev arasında olan 230.000 ABŞ dolları ilə bağlı məsələ məhkəmə qaydasında həllini tapmış və hazırda icra mərhələsindədir. Ruslan həmin qətnamə üzrə icra icraatı zamanı iddia edir ki, hələ qətnamə qanun qüvvəsini almamışdan başlayaraq, İlqar Musayevə olan borcunu ödəyib qurtarmışdır. İlqar Musayev isə bunu inkar edir. Odur ki, bu mübahisə icra icraatı çərçivəsində qüvvədə olan məhkəmə qətnaməsinin icrası qaydasında həll edilməlidir. Məhkəmədə hazırda İddiaçı tərəfindən tələb edilən 85.000 dollar pulun hüquqi əsasını xx.xx.2017-ci il tarixli müqavilə və həmin müqavilədən yaranan borc münasibətləri təşkil edir. Hesab edir ki, İddiaçı guya Ruslanın İlqara olan borcundan 2014-15-ci illərdə hissəhissə olmaqla 50.000 dollar ödəməsi və əlavə olaraq 35.000 dollar qiymətində mənzil verməsi həm məhkəmədə sübutlarla təsdiq edilmədi, həmçinin həmin tələb üzrə iddia müddəti ötürüldüyündən AR MM-nin 375.2-ci maddəsinə əsasən iddia müddəti tətbiq edilməklə imtina edilməlidir.

4. Nərimanov Rayon Məhkəməsinin 2(005)-407/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim: Nərgiz Tağıyeva) ilə iddia təmin edilmiş, Cavabdeh 85000 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 29750 ABŞ dolları, cəmi 114750 (yüz on dörd min yeddi yüz əlli) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 485,1 (dörd yüz səksən beş manat, on qəpik) manat pul tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə çıxışlarından sonra, yəni xx.xx.2025-ci il tarixdən sonra İddiaçı tərəfindən təqdim edilmiş mənzilin satılmasına dair xx.xx.2017-ci il tarixli müqavilə, eyni tarixli maliyyə arayışı və və kassa mədaxil qəbzi məhkəmə hazırlıq iclasında və məhkəmə baxışında araşdırılmamışdır. Çünki qeyd edilən sənədlər ayrıca mərhələ olan məhkəmə çıxışlarından sonra elektron məhkəmə sisteminə yüklənmişdir. Bu xüsusat iş üzrə həlledici əhəmiyyətə məxsus olmasına baxmayaraq, a) məhkəmə hazırlıq iclasında təqdim edilməli olan sənəd məhkəmə çıxışlarından sonra elektron sistemə yüklənmiş və məhkəmə araşdırması zamanı tədqiq edilməyən, tərəfin münasibət bildirmədiyi və iddia tələbinə aid olmayan sənədi məhkəmə sübut kimi qəbul etmişdir, b) təqdim edilmiş sənəddən görünür ki, müqavilə tərəfləri başqa şəxslərdir və mənzil əvəzi ödənilməklə əldə edilmişdir. İddia edildiyi kimi mənzili İddiaçı verməmiş və həm də əvəzsiz verilməmişdir. Ona görədə həm mülki prosessual qanunvericilik baxımından, həm də maddi əsaslar baxımından iddia üzrə sübut kimi əhəmiyyəti yoxdur. Qətnamədə (səh. 11, abzas 8) göstərilir ki, tərəflər arasında müqavilə münasibəti olmadığından, irəli sürülmüş tələb müqavilə üzrə öhdəliklərin icrası barədə olmadığından (tamamilə səhv yanaşmadır) 10 illik ümumi iddia müddəti tətbiq edilməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdehin öhdəliyi İddiaçı tərəfindən 2015-2017ci illərdə ödənildiyindən və iddia ərizəsi xx.xx.2024-cü il tarixdə verildiyindən 10 illik iddia müddəti ötürülməmişdir. İddiaçının hazırkı tələb üzrə hüquqlarının pozulmasını bildiyi və bilməli olduğu vaxtla bağlı işin halları məhkəmə tərəfindən təhrif edilmişdir. Burada qeyd edilməlidir ki, AR MM-nin 373.2 maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 (altı) ildir. AR MM-nin 374.1 maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. İndiki halda məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli müqavilədə ayrı qayda nəzərdə tutulmamışdır. Şərti olaraq, İddiaçı hüquqlarının pozulduğunu qəbul etsək, onun üçün iddia müddətinin axımı 2014-2015-ci illərdən, yaxud ən yaxşı halda xx.xx.2017-ci ildən formal müqavilə bağlandığı andan hesablanmalıdır. Çünki məhkəmədə verdiyi izahatında göstərdi ki, guya Cavabdeh borcunu ödəməyib, ondan yayındığı üçün artıq verdiyi pulları və əmlakı rəsmiləşdirmək qərarına gəlmişdir. Cavabdeh AR Mülki Məcəlləsinin 372.1, 377.1, 377.4, 378, 550, 554.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı iddia müddətinin bərpası ilə bağlı müraciət etməmiş və müddəti ötürməsinin səbəblərinin üzürlü olması barədə məhkəməyə izahat verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh ilə 2002-ci ildən münasibətləri var. Onların ailəvi tanışlıqları, səmimi dostluqları olduğu üçün Ruslana şifahi qaydada zamin durmuşdur. İlqar Musayevi də 2014-2015-ci illərdə Ruslana görə tanıyıb. Onlar Ruslanı çox sıxışdırdıqlarından, Ruslan isə borcu ödəmək üçün vaxt istədiyindən o, Ruslana zamin durmuşdur ki, 2-3 ay vaxt verin ödəyəcək, ödəməsə, 80-90 min ABŞ dollarını özü ödəyər. Bir neçə aydan sonra İlqar qardaşı ilə onun yanına gəldi ki, Ruslan borcu ödəmir, zamin durmuşdun, sən ödə. Borcun bir qismini Ruslan ödəmişdi, qalanı qalmışdı. O da söz verdiyi üçün 2015-ci ildən borcu hissə-hissə ödəməyə başladı. Sonra devalvasiya oldu, pulu ödəməkdə çətinlik çəkdi, 2017-ci ildə qalan 35000 ABŞ dollarının əvəzinə şərik olduğu "xxxx" MTK-dan mənzil verdi. Həmin mənzil ona məxsus idi. Hər dəfə pul ödəyəndə Ruslana məlumat verirdi. Ruslan isə vəziyyətinin yaxşı olmadığını, pulları ona qaytaracağını bildirirdi. Sonradan telefonlarını açmamağa, onunla görüşməkdən yayınmağa başladı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 431-ci maddəsinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Qanunun bu normasının məzmununa görə borclunun kreditor qarşısındakı öhdəliyini borclunun əvəzinə üçüncü bir şəxs icra edilə bilər (şəxsə bağlı öhdəlik istisna olmaqla). Öz iradəsi ilə hərəkət edən üçüncü şəxs öhdəliyi borclunun tapşırığı və ya məlumatı əsasında, yaxud bunlar olmadan yerinə yetirə bilər. Hüquqlarını müdafiə etdiyi İddiaçı tələbi cavabdehin A.Musayev qarşısındakı öhdəliyinin üçüncü şəxs, yəni onun tərəfindən icrasına əsaslanır Tərəflərin izahatı:

8. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, iddiaçının təqdim etdiyi müqavilə uydurmadır, əgər iddiaçı İlqara pul veribsə, bu onun öz işidir, bunu ona heç bir aidiyyəti yoxdur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı qeyd edir ki, guya o, cavabdehə zamin durub və buna görə də cavabdehin borcunun bir hissəsinin qaytarılmasına dair İlqar Musayevlə, yəni üçüncü şəxslə müqavilə bağlayıb. Onlar müqavilə bağlaya bilərlər, heç kəs onlara mane olmur, amma vacib məqam ondandır ki, 50.000 ABŞ dolları nağd pul və 35.000 ABŞ dolları dəyərindəki mənzilin verilməsinə dair sübut varmı?! Hadisənin yeganə şahidi Hadılı adlı şəxsdir. İddiaçı bildirir ki, o, 50.000 ABŞ dolları nağd pulu üçüncü şəxsə, yəni İ.Musayevə vermişdir. Şahid qismində Hadılı adlı şəxs rayon məhkəməsinə dəvət olunmuşdur. O öz izahatında qeyd etmişdir ki, pul hissəhissə razılaşdırılmaqla ödənilib. Belə ki, 50.000 ABŞ dolları pulun verilməsi məsələsi ilə bağlı həmin pulun nə vaxt verilməsi, hansı hissədə verilməsi, necə verilməsi sual altında qalıb. Üçüncü şəxslə Cavabdeh arasında 230.000 ABŞ dolları məbləğində borc müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Qeyd edilən məsələ ilə bağlı məhkəmə qətnaməsi vardır və təmsil etdiyi şəxs İlqar Musayevə olan borcunu ödəyir. Həmin iş üzrə icra vərəqəsi 2016-cı ildə Nərimanov rayon icra şöbəsinə yönəldilmişdir. Həmin iş üzrə borc məbləğinin 85.000 ABŞ dolları hissəsinin hazırkı iş üzrə Bakir tərəfindən ödənilməsi heç bir yerdə qeyd edilməyib. Üçüncü şəxslə cavabdeh arasında müqavilə 2017-ci ilin may ayında bağlanılıb, iddia isə 7 il sonra qaldırılıb. Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin çoxsaylı qərarları vardır ki, cavabdeh vaxtı keçmiş iddialardan müdafiə olunmaldır. Rayon məhkəməsi isə bu iş üzrə 10 illik iddia müddəti tətbiq etmiş, bunula da maddi hüquq normasının tətbiqində aşkar səhvə yol vermişdir. Müqavilə bağlandıqdan sonra yaranmış münasibətlərə şamil olunur və müqavilənin özündə də göstərilir ki, 2014- 2015-ci illərdə guya iddiaçı cavabdeh əvəzindən hissə-hissə olmaqla pul verib. Belə ki, o zamana münasibətdə müqavilə və zaminlik olmadığı üçün təmsil etdiyi şəxsin mülki məsuyliyyəti yaranmır. Müqavilənin özündə əvvəlki münasibətlərə şamil olunması göstərilməyib. İddiaçı qeyd edir ki, Ruslan ona olan borcunu ödəməkdən yayındığı üçün belə bir müqavilə ilə bu halı rəsmişdirib. Rayon məhkəməsində məhkəmə çıxışları bitdikdən sonra hakim qətnaməni sabah elan edəcəyini bildirir və həmin gün axşam isə elektron məhkəmə sisteminə maliyyə arayışı və müqavilə yüklənir. Bunlar prosessual normalar nöqteyi nəzərindən istinad olunan sübut deyil, çünki araşdırılmayıb. Araşdırma zamanı görmək olar ki, iddiaçının üçüncü şəxsə mənzil verməsi sübut olunmur, əksinə İlqar Musayev əvəzi ödənilməklə iddiaçıdan yox, başqa bir MTK-dan mənzil alıb. Bu iddiaçının üçüncü şəxsə mənzil təqdim etdiyini sübut etmir. Bu müqavilə formal, görüntü üçün bağlanmış müqavilədir ki, həmin müqavilənin həm icrası həyata keçirilməyib, həm də reqres tələblər üzrə öhdəlik yarandığı andan hesablanır. İlqar Musayev iddiaçı cavabdehə qarşı bu tələblə bağlı məhkəməyə müraciət edənə qədər heç yerdə 230.000 ABŞ dolları borcun 85.000 ABŞ dolları hissəsinin iddiaçı tərəfindən ona verildiyi qeyd etməyib. Sadəcə olaraq rayon məhkəməsində özləri belə bir görüntü yaradıblar. Onlar 2024-cü ildə cinayət işinin başlanmasının rədd ediləcəyini bildikləri halda əlavə sübut əldə etmək üçün birlikdə polisə müraciət ediblər. Apellyasiya şikayətinin təmin edilməsini, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməəklə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasınıi xahiş etdi.

9. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclası zamanı verdiyi izahatında qeyd etdi ki, cavabdeh üçüncü şəxsin borcunu ödəmiş olsaydı, bugünkü gündə həmin iş üzrə icraata xitam verilərdi, lakin icra işi davam edir. Hazırkı iş üzrə cavabdeh R.X3 etdiyi ödənişləri təsdiq edən sənəd olmasa da, İ.Musayev özü deyib ki, 85.000 ABŞ dollarını və Cavabdeh ödənişlərini nəzərə alsaq onun İ.Musayevə bugünkü günə 50.000 ABŞ dolları borcu qalıb. Halbuki onu deməyə də bilərdi. İddiaçı da, şahid də, üçüncü şəxs də rayon məhkəməsində iclaslarda iştirak etsə də, cavabdeh şəxsən iştirak etməmiş, müxtəlif bəhanələrlə məhkəməyə gəlməkdən yayınmişdır. Borc müqaviləsi olan halda bir şəxsin borc hüququnu digər şəxsə satması qanunla müəyyən olunub. Bunun üçün borclu şəxsin razılığına ehtiyac yoxdur, çünki məbləğ ümumi məbləğdən kənara çıxmır. Borcun üçüncü şəxs tərəfindən ödənilməsi və tələb edilməsi mümkündür. İddia müddətinin tətbiqi ilə bağlı qeyd etdi ki, bu, borc müqaviləsi əsasında yaranmış iddia olmadığı üçün 3 illik müddət tətbiq edilmir. Burada baş verən münasibətlər delikdən irəli gələn öhdəliklə bağlıdır, burada Cavabdeh tərəfindən törədilmiş delikt vardır. Əgər onlar arasında 1-2 illik borc müqaviləsi bağlansaydı onda 3 illik iddia müddəti tətbiq olunardı, rayon məhkəməsi delikdən irəli gələn 10 illik müddətə istinad etməsi əsaslı olmuşdur. Şəxsi və işgüzar münasibətlər zəminində iddiaçı və cavabdeh arasında etibarlı münasibət yaranıb. İddiaçı Ruslanın əvəzində zamin kimi 85.000 ABŞ dolları məbləğində pulun İlqara ödənilməsindən Ruslanın məlumatı olmuş, cavabdeh həmin ərəfədə maddi çətinlikləri ucbatından pulu ödəyə bilməyəcəyini, ona bir az möhlət verilməsini iddiaçıdan xahiş etmiş, iddiaçı da etibarlı münasibətləri olduğuna görə cavabdehə vaxt vermiş, iddiaçı pulunu tələb edəndə, cavbdeh hər dəfə də iddiaçını aldatmış, pulu ödəməmiş, cavabdeh borcunu inkar etdikdən sonra artıq məcbur olub polisə, sonra isə məhkəməyə müraciət ediblər. İddiaçının cavabdehdən pulun qaytarılmasını tələb etməsinin dəqiq olaraq hansı ayda və hansı tarixdə baş verdiyini bilməs də, hər bir halda iddiaçı 2017-ci ilin sonlarıda pulunu cavabdehdən tələb etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

10. X9 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X1 Ruslan Aydın oğluna 1 il müddətinə, xx.xx.2013-cü il tarixinədək 230000 ABŞ dolları pul verməyi, Cavabdeh isə qeyd edilən borcu vaxtında və tam ödəməyi öhdəsinə götürmüşdür.

11. Nərimanov Rayon Məhkəməsinin 2(005)-469/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 230000 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə tutulub iddiaçıya verilməsi qət edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4733/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2015-ci il tarixli, 2(103)-3794/2015 saylı qətnaməsi ilə cavabdehin nümayəndəsi T.A.Xanəliyevin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Cavabdeh nümayəndəsi və vəkili Xanəliyev Tərlan Ağaməmməd oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2015-ci il tarixli, 2(103)-3794/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. “Tələb hüququnu verən” X9 ilə “Tələb hüququnu qəbul edən” İddiaçı arasında bağlanmış “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin predmetini “Borc verən” X9 “Borc alan” Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə imzalanmış və həmin gün Bakı şəhəri 22 saylı notariat kontorunda reyestrdə 3-M-1-273 nömrə ilə qeyd edilməklə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən “Borc verən” “Borc alan”a verdiyi 230000 ABŞ dolları məbləğində borc puldan 85000 ABŞ dolları məbləğində olan hissəsinin qaytarılmasını tələb etmə hüququnu verən X5 tələb hüququnu qəbul edən İddiaçı verilməsi və qəbul edilməsini təşkil edir.

14. Cavabdeh İcra şöbəsində verdiyi xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, o, icra sənədi barədə məlumatlı olduğunu, maddi imkanın yaxşı olmadığını, əslində İlqar Musayevə olan borcu üzrə tam ödəniş etdiyini, “Access bank”a olan borcu üzrə isə 3000 ABŞ dolları ödədiyini və 1 aya borcunun öz həllini tapacağını bildirmişdir.

15. Cavabdeh İcra şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, o bildirmişdir ki, X7 olan borcunu xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilə kimi mənzil və pulları nağd olaraq qaytarmışdır. Ümumi 236800 ABŞ dolları ödəmişdir. Hazırki icra sənədi üzrə hər hansı ödəniş edilməyib. X9 qeyri-rəsmi olaraq ondan aldığı pulları geri qaytarsa, icra sənədi üzrə tələbi tam şəkildə icra edəcəkdir.

16. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış xx.xx.2024-cü il tarixli, HK-1/4535 sayla qeyd edilmiş təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaşa mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah edilmişdir.

17. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3336/2024 saylı, xx.xx.2024- cü il tarixli qərarından görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir.

18. X9 tərəfindən Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Ruslanın dostu Bakir tərəfindən ona 85000 ABŞ dolları pul ödənildiyini qeyd etmiş və Ruslanın borcundan qalan 50000 ABŞ dolları pulun alınmasına köməklik göstərilməsini xahiş etmişdir.

19. Rayon məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X10 öz ifadəsində bildirmişdir ki, o 20 ildir Bakirlə dostdur. "xxxx" MTK-nın sədridir. 2014-2015-ci illər olardı, o, Bakirlə parkda gəzən zaman ona zəng gəldi və “Tonqal” restoranına getdilər. Onlar ora çatanda puldan danışırdılar, əvvəlki söhbəti bilmir. Ruslan da orada idi. Məlum oldu ki, Ruslanın İlqara 230000 borcu var. Ruslan dedi ki, 3-4 ay vaxt versinlər, qaytaracaq. İlqar ona inanmadığını bildirərək Bakirdən zamin durmasını istədi. Bakir isə zamin duraraq dedi ki, 2-3 ay vaxt verin, ödəməsə o ödəyəcək. Məbləğ olaraq 80000- 90000 dollara zamin durmuşdu. Daha sonra deyildi ki, “Bakir müəllim siz zamin durmusunuz, lakin Ruslan borcu ödəmir”. Bakir ona zamin durmuşdu deyə, 50000 dolları hissə-hissə ödədi. İkinci dəfə devalvasiya olanda nağd verməyə imkanı çatmadı, 35000 hissəsinə isə İlqarla razılıq oldu və ona mənzil verildi. Mənzil Bakirin MTK-da olan payından biri idi. Tətbiq edilən maddi hüquq normaları:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiaadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Tətbiq edilən prosessual hüquq normaları:

21. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə: 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

22. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır.

23. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

24. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməlidir.

25. Cavabdeh apellyasiya şikayətində rayon məhkəməsinin qətnaməsini əsasən iki hala görə əsassız olduğunu bildirmişdir. Birincisi, cavabdeh bildirir ki, rayon məhkəməsi tərəfindən iddiaçının istinad etdiyi X9 ilə İddiaçı arasında bağlanmış “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” xx.xx.2017-ci il tarixli müqavilənin uydurma əqd olmasına düzgün qiymət verilməməsi, ikincisi isə iddia müddətinin tətbiqində maddi hüquq normasının səhv tətbiq edilməsi.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Göstərilən Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

29. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

30. Rayon məhkəməsində izahat verən üçüncü şəxs İ.Müsayev xx.xx.2017-ci il tarixli müqavilənin tərəfi kimi cavabdehin ona olan borcundan İddiaçı tərəfində ona 85.000 ABŞ dolları məbləğində ödənişin edildiyini təsdiq etmişdir. Bu faktı rayon məhkəməsində dindirilmiş, tərəflərlə eyni münasibətdə olan şahid X10 öz ifadəsində təsdiq etmişdir.

31. Məhkəmə xüsusi olaraq qeyd edir ki, mövcud icra sənədi üzrə cavabdeh R. Bilalzadədən həmin pul tələb etmək hüququ və imkanı olan İ.Müsayevin görünüş üçün belə bir müqavilə bağlamsı anaşılan sayıla bilməz, çünki bu halda o icrada olan icra sənədinə əsasən 85.000 ABŞ dolları məbləğində tələb hüququnu irirmiş, demək ki, həm də həmin həcdə alacağını itirmiş olur. Bu isə nə məntiqli, nə də ağalqabatan görünmür.

32. Bu baxımdan yanaşıldıqda iddiaçı ilə üçüncü şəxs İlqar Müsayev arasında bağlanmış “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” xx.xx.2017-ci il tarixli müqavilənin uydurma əqd olmasına qənaətinə gəlmək üçün yetərli əsasslar müəyyən olunmur.

33. Bunula belə, Məhkəmə hesab edir ki,rayon məhkəməsinin hazırkı iş üzrə iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi üzrə gəldiyi qənaət əsaslı olmamışdır.

34. Belə ki, rayon məhkəməsi yanlış olara belə hesab etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından və tələb də müqavilə öhdəlikləri ilə bağlı olmadığından, mübahisəyə müqavilədən irəli gələn öhdəliklərə dair müəyyənləşdirilmiş iddia müddəti deyil, ümumi müddət olaraq 10 illik müddət tətbiq edilməlidir, 2017-ci ildən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixindən isə 10 illki müddət ötürülməmişdir.

35. Halbuki işdən də məlum olduğu kimi iddiaçının hazırkı tələbinin əsasını onunla üçüncü şəxs İ.Müsayev arasında xx.xx.2017-ci il tarixində bağlanmış “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” müqavilə təşkil edir. MM-in 431-ci maddəsinə görə də borclunu əvəzinə öhdəliyi üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Demək ki, İddiaçı hazırkı tələbi aşkar müqavilə öhdəlikləri ilə bağlı olmuşdur və həmin tələb MM-in 373.2-ci maddəsində müqavilə tələbləri ilə bağlı olan iddia müddəti tətbiq edilməlidir. MM-in 376-cı maddəsinin tələbinə görə isə tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də müddət keçmiş olur.

36. Cavabdeh MM-in 375.2-ci maddəsinin tələbinə əsasən rayonm məhkəməsində iş baxılarkən iddia müttətinin tətbiqinə dair yazılı ərizə vermişdir. MM-in 377- ci maddəsində iddia müddətinin başlanmasının müəyyənləşdirilməsi qaydası müəyyən edilmişdir. Hazırkı halda iddiaçı tərəf xx.xx.2017-ci il tarixində bağlanmış “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” müqaviləyə əsasən borcu R. Bilalzadədən pulunu dəqiq olaraq hansı tarixdə- ay və gün olara deyə bilməmiş, lakin hər bir halda 2017-ci ilin sonuda gec olmayaraq cavabdehdən öhdıliyinin icrasını tələb edildiyini bildirmişdir. Belə olan hald isə MM-in 371.3-cü maddəsinin dispiozitiv şərtinə əsasən müəyyən olunur ki, İddiaçı hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı 01.01. 2018- ci ildən başlamışdır. İddiaçı tərəf iddia müddətinin axımının kəsilməsinə səbəb olan hallara dair də məhkəməyə hər hansı sübut verməmişdir. İddiaçının hazırkı tələbi üzrə iddia müddətinin dayandırılması halı da müəyyən olunmur. İddiaçı iddia müddətinin bərpasına dair ərizə verməmişdir.

37. Belə olan halda Məhkəmə hesab edir ki, MM-in 375.2-ci maddəsinin tələbinə əsasən iddia müddəti tətbiq edilməklə iddia tələblərinin təminindən imtina edilməlidir. Nəticə:

38. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddia müddətinin tətbiqi üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Bu səbəbdən rayon məhkəməsinin qətnamə əsassız olduğundan apellyasiya şikayəti təmin edilməli, rayon məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsinə dair yeni qətnamə qəbu olunmalıdır.

39. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən idianın verilməsi üçün ödənilmiş dövlət rüsusmu iddiaçıya aid edilməli, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu apellyasiya şikayəti təmin olunduğu üçün iddiaçıydan alınaraq cavabdehə ödənilməlidir.

40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-407/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilərək İddiaçı iddiası təmin edilməsin. İddia ərizəsinin verilıməsi üçün ödənilmiş dövlət rüsusmi iddiaçının özünə aid edilsin, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 242,55 (iki yüz qırx iki manat əlli qəpik) dövlət rüsumu iddiaçıdan alınaraq Cavabdeh xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar