Məhkəmə qərarları › İş №2(103)-2944/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2944/2020

16.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2944/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı, Tərcüməçi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və «xxxxxxxxxxxxxxxxx» MMC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair 2(002)- 1800/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və «xxxxxxxxxxxxxxxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 7195 manat, dayanacağa ödədiyi 205 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7430 manat pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş zərərə görə 5295 manat, dayanacaqdan istifadə olunması üçün ödənilmiş 205 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5530 manat cavabdehlər Cavabdeh2 və “xxxxxxxxxxxxxxxxxx” MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 120 manatın cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini təmin etməsinin əsası olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin ekspert rəyini qeyd edərək, dəymiş ziyan məbləğini əsassız olaraq 10270 manat müəyyən etmişdir. İlkin olaraq qeyd etmək istəyir ki, iddiaçının avtomaşınına hadisə nəticəsində heç 5000 manat da ziyan dəyməmişdir. Onun tələb etdiyi məbləğ süni şəkildə şişirdilmişdir. O, hadisə baş verəndən sonra da, əlavə 7000 manat tələb edirdi. İddiaçı özü də reallıqda avtomaşınına iddiada, həmçinin məhkəmə qətnaməsində qəl edilmiş məbləğ qədər zərər dəymədiyini bilir. İş üzrə tərəf olaraq, nə avtomaşına ilkin baxış zamanı, nə də ki, ekspertiza zamanı baxışda iştirak elməmişdir. Ekspert də, "Dədəmin” avto-servisin yazdığı məlumatlar əsasında rəy vermişdir. Hesab edir ki, iş üzrə əlavə və ya təkrar ekspertiza təyin edilməklə, işin real halları araşdırılmalıdır. Məhkəmə proseslərində də, iştirak etməmiş. Məhkəmə bu hissədə də, mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə bu əsas halı və müddəanı nəzərə almamış, nəticədə düzgün olmayan, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxaran qətnamə qəbul elmişdir. xx xxxxxx 2005-ci il tarixli 4 №-li “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 1-ci hissəsinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarın 2.4-cü hissəsinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəli nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razı olmayaraq izahatında bildirdi ki, onun avtomobili yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə düşmüş, qüsur aktında qeyd edilən məbləğdə ziyan dəymişdir. İş üzrə keçirilmiş ekspertizanın nəticəsinə dair rəydə ziyan məbləği bir qədər az qeyd edilsədə o, rəyə etiraz etmir. Cavabdehlər zərərin ödənilməsi üçün heç bir cəhd belə göstərməmişlər. Cavabdehin apelyasiya şikayətini verməkdə məqsədi ona dəymiş ziyanın ödənilməsini uzatmaqdır. Odur ki, apelyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Cavabdeh2 apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulan məbləğlə razı olmadığını, həmin məbləğin şişirdildiyini bildirərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş və mübahisəsiz halları bunlardır ki, xx.xx.2019-cu il tarixdə Salyan yolunda İddiaçı idarə etdiyi “Mercedes Benz” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh2 idarə etdiyi “DAF” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşmuşdur. Cavabdeh2 barəsində Səbail rayon DYPŞ tərəfindən xx.xx.2019-cu il tarixdə TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. Azərbaycan Respublikası Dövlət X3 tərəfindən İddiaçı xx.xx.2019cu il tarixdə 4975 manat icbari sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ziyan aktına əsasən, İddiaçı idarə etdiyi “Mercedes Benz” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına və görüləcək işlərə cəmi 12170 manat vəsait tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli 23836 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, təqdim edilən “Dədəmin” avtoservisi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli məlumatlara əsasən, təzə avtohissələrin qiyməti nəzərə alınaraq, 2002-ci il buraxılışlı, “Mercedes Benz” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 10270 manat müəyyən edilmişdir. Həmçinin, iddiaçı qeyd edilən yol nəqliyyat hadisəsindən sonra avtomobilini dayanacaqda yerləşdirilməsinə görə 205 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2 və 1097.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, mülki hüququ pozuntusu (delikt) nəticəsində dəymiş ziyan məbləği iddiaçının xeyrinə ödənilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin adı çəkilən maddəyə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərər çəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını cozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından qətnamənin ləğvi üçün əsas təşkil etmir. Cavabdeh2 dəymiş ziyanın məbləğinin süni şəkildə şişirdilməsi, qətnamə ilə tutulması qət edilmiş məbləğdə ziyan dəymədiyi barədə dəlillərini təsdiq edən hər hansı sübut təqdim etməmiş, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə dəymiş zərərin məbləği müəyyən edilmişdir. Ekspertiza rəyinin əsassız olması barədə dəlili də əsassız olmaqla, buna dair hər hansı sübut təqdim edilməmişdir. Ekspert rəyi kifayət qədər əsaslandırılmış və rəyi şübhə altına almaq üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1800/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)- 1800/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi olaraq verildiyi vaxtdan 2 ay müddətində kassasiya şikayəti verilmədiyi halda qanuni qüvvəyə minir və ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Emin Mehdiyev Hakimlər imzalar: Şərafət Məmmədova Xəyal Sarıyev Əsli ilə düzdür: Hakim Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar