Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2947/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İlkin iddia üzrə İddiaçı, İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)-4326/2019 saylı qətnaməsindən ilk iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən qaytarılmamış 6000 manat məbləğində əsas borcun və mənəvi zərər kimi 1500 manat, dövlət rüsumu kimi 30 manat olmaqla, cəmi 7530 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlə aralarındakı Bakı şəhəri 10 saylı notariat kontorunda təsdiq edilmiş və 3M-98 reyestrdə qeydə alınmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)- 4326/2019 saylı qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilərək, ilk iddia üzrə Cavabdeh 6000 (altı min) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6030 (altı min otuz) manat pul vəsaitinin tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, qarşılıqlı iddia ərizəsinin isə təmin olunmaması qət edilmişdir. İlk iddia tələbi üzrə Cavabdeh apelyasiya şikayəti verərək, qeyd olunan qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tanımamış və onunla heç bir ünsiyyəti olmamışdır. Vüqar adlı qohumundan eşitmişdir ki, yaşlı bir şəxs “Kamaz” markalı avtomaşınını ucuz qiymətə satmaq və ya icarə vermək fikrindədir. O, həmin avtomaşını atasına almaq məqsədilə yaşlı adamla görüşmüş, həmin şəxs Ehtibar adlı qohumunun onun adından bu məsələ ilə məşğul olacağını bildirmiş, bundan sonra o, Ehtibar ilə görüşmüşdür. İddiaçı ondan beh kimi 5000 manat pul tələb etmiş, bunu onunla izah etmişdir ki, onların avtomaşını Zaqatala rayonunda icarədədir. Beh verəcəyi halda, onun tərəfindən avtomaşını alacağına inanacaq və biləcəkdir ki, avtomaşını geri aldıqda onu dərhal satacaq. O, avtomaşını görmədiyi və əldə etmədiyi halda, ona bu qədər pul verməyəcəyini bildirmiş, bundan sonra Ehtibar ona təklif etmişdir ki, aralarında 6000 manat borc müqaviləsi bağlasınlar ki, guya Fərid ondan bu məbləğdə borc pul götürmüşdür. O, isə iddiaçının təklifi ilə razılaşmışdır. Odur ki, hər iki tərəf borc müqaviləsinə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün xx.xx.2018-ci il tarixdə borc müqaviləsini bağlamışlar. İddiaçı müqaviləni bağlamaqda məqsədi gələcəkdə yaranacağı istisna edilməyən əlverişsiz şəraitdən qanunsuz yolla çıxmaq niyyəti ilə uydurulmuşdur. Hesab edir ki, tərəflər arasında müqavilə bağlanarkən, pulun həqiqi borc verilməsi baş verməmişdir. Çünki, bu əqdlər göstərilən hüquqi nəticə yaratmaq məqsədi ilə deyil, ancaq görünüş üçün bağlanmış uydurma əqddir və Mülki Məcəllənin 340.1-ci maddəsinə görə bu əqd heç bir hüquqi nəticə yaratmır. Bundan başqa, İddiaçı tərəfindən aldadılaraq uydurma borc müqaviləsi bağladıqdan 1 ay sonra özünü öldürmə məqsədi ilə zəhərləyərək, 3 aya yaxın müddətdə Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında stasionar qaydada müalicə almış, hospitalın nevroloji şöbəsində yatarkən çarpayıya bağlı vəziyyətdə olmaqla, hətta valideynləri ilə görüşünə icazə verilməmişdir. Xəstəxanadan çıxandan 1 həftə sonra AR CM-nin 312.2-ci maddəsi ilə cinayət işi başlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıradək həbsdədir. Bu müddət ərzində cavabdeh bir dəfə də olsun onunla görüşməmişdir. Buna baxmayaraq iddia ərizəsində göstərir ki, 11 ay ərzində pulun tələb etsə də, Fərid pulu ona qaytarmaqdan imtina etmişdir. Hesab edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün hallar araşdırılmamış, işin hallarına uyğun olmayan qətnamə qəbul edilmiş, qətnamə maddi və prosessual qanunların kobud pozulması ilə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ilkin iddia üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının izahatını, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının ilk iddianın təmin olunan və qarşılıqlı iddianın rədd olunan hissələrində yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 10 saylı notariat kontorunda 3M-98 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı xx.xx.2019-cu il tarixədək qaytarmaq şərtilə Cavabdeh faizsiz 6000 manat məbləğində borc pul vermişdir. Borcalan tərəfində qeyd olunan pul vəsaiti qaytarılmadığına görə, borcverən İddiaçı tərəfindən hazırki iddia tələbi ilə xx.xx.2019-cu ildə iddia ərizəsi ilə müraciət olunmuşdur. İlk iddia tələbinə münasibətdə məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 385.1, 442, 739.1 və 739.2-ci maddələrini tətbiq etməklə düzgün olaraq belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik borcalan tərəfindən yerinə yetirilməmiş, ilk iddia üzrə cavabdeh tərəfindən borc qaytarılmamışdır. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia tələbi borcun qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən qarşılıqlı iddia üzrə iddiaçının kredit müqaviləsinin etibarsızlığı ilə bağlı tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qarşılıqlı iddiaçı borc müqaviləsinin formal olaraq bağlandığını, ilkin iddiaçı tərəfindən ona heç bir pul məbləği verilmədiyini bildirsə də bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1 və 80-ci maddələrinin tələblərinə uyğun olaraq əsaslandırmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddianın təmin edilməsi üçün hər hansı əsas mövcud olmadığından birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini rədd etməklə haqlı nəticəyə gəlmişdir. Apelyator şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirsədə, bu barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, eləcə də qeyd olunan hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İlk iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(010)- 4326/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-2947/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2947/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver