Məhkəmə qərarları › İş №2(103)-2952/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2952/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2952/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Musayev Firudin İmamverdi oğlunun iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh Hümmətov Yaşar Müzəffər oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(003)-1284/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdeh Hümmətov Yaşar Müzəffər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12364 manat əsas borcun, vurulmuş zərərin əvəzi kimi Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 4224,37 manat pulun, cəmi 16580,37 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Hümbətov Yaşar Müzəffər oğlundan alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə “xxxx” ASC arasında bağlanmış 23.02.2016-cı il tarixli 17 saylı müqaviləyə uyğun olaraq 25.02.2016-cı il tarixdə ümumi dəyəri 12864 manat olan 38 ədəd məişət soyuducusu satmaq üçün cavabdehə təhvil verilmişdir. 14.05.2019-cu il tarixdə borcun ödənilməsinə dair cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh Y.Hümbətov 19.08.2019-cu il tarixdə borclu olduğu məbləğdən yalnız 500 manatı ödəmiş, qalan məbləği müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(003)-1284/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Hümbətov Yaşar Müzəffər oğlundan 12364 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 12394 manat pulun alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onunla iddiaçı arasında bağlanmış müqavilədə ona verilməsi nəzərdə tutulan soyuducular əks olunsa da, faktiki olaraq qaiməfakturada öz əksini tapmamışdır. Bundan başqa, o, borcun çox hissəsini ödəmiş, ödənilməyən məbləğ təxminən 4200 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(003)- 1284/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan satıcı «xxxx» ASC 23.02.2016-cı il tarixli 17 saylı müqaviləyə əsasən dəyəri 362 manat olan 100 ədəd “Çinar-111 metal”, dəyəri 352 manat olan 100 ədəd “Çinar-111”, dəyəri 302 manat olan 100 ədəd “Çinar-427 metal”, dəyəri 292 manat olan 100 ədəd “Çinar 427”, dəyəri 340 manat olan 100 ədəd “Çinar 7ms metal”, dəyəri 330 manat olan 100 ədəd “Çinar 7ms” Hümbətov Yaşar Müzəffər oğluna verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qaimə-fakturadan görünür ki, 352 manat olan 7 ədəd “Çinar111”, dəyəri 362 manat olan 8 ədəd “Çinar-111 metal”, dəyəri 292 manat olan 5 ədəd “Çinar 427”, dəyəri 302 manat olan 4 ədəd “Çinar-427 metal”, dəyəri 332 manat olan 6 ədəd “Çinar 7ms”, dəyəri 342 manat olan 7 ədəd “Çinar 7ms”, dəyəri 450 manat olan 1 ədəd “Çinar 7ms metal”, ümumi dəyəri 12864 manat olan soyuducular Hümmətov Yaşar Müzəffər oğluna təhvil verilmişdir. İş materiallarında olan 19 avqust 2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Hümmətov Yaşar Müzəffər oğlu soyuducu satışına görə «xxxx» ASC-yə 500 manat ödəniş etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 01.09.2020-ci il tarixə 12364 manat ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri, satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilələrdə nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh Yaşar Hümmətov iddiaçıya olan borcunun xeyli hissəsini ödədiyini, iddiaçıya təxminən 4200 manat məbləğində borclu olmasını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, əksinə birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh izahatında iddiaçı təşkilata cəmi 500 manat pul ödədiyini və 12364 manat məbləğində borclu olmasını bildirmişdir. (i.v.61) Cavabdehə təhvil verilmiş soyuducuların qaimə-fakturada əksini tapmaması barədə apellyasiya şikayətinin dəlili əsassızdır. İş materiallarında belə bir qaimə-faktura mövcuddur. (i.v.7) Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Hümmətov Yaşar Müzəffər oğlunun apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(003)-1284/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar