Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2953/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Balaqardaşeviçə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 17 noyabr 2020-ci il tarixli qətnamədən iddiaçı Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə, Birliyin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Birlik, təbii qazdan qanunsuz istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 2.954,58 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona (Birliyə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqomayev küçəsi, döngə 1-də yerləşən 16 №-li evdə yaşayan cavabdeh ilə iddiaçı Birlik arasında 13.12.2017-ci il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” AKX-2/323 nömrəli müqaviləyə əsasən Birlik cavabdehə məxsus həmin yaşayış sahəsini təbii qazla təchiz etmişdir. Bununla əlaqədar olaraq cavabdehə **********00140 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində G-6T markalı, 28193473 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı Birliyin əməkdaşları cavabdehə məxsus ünvana aid qaz xəttinə və qaz sayğacına 30.04.2018-ci il tarixdə baxış keçirən zaman müəyyən etmişlər ki, qaz sayğacının qoruyucu plombu yerində yoxdur və kənar təsir nəticəsində sayğaca müdaxilə olunmuşdur. Birliyin əməkdaşları müvafiq akt tərtib edərək sayğacı yerindən çıxarmış və İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin laboratoriyasına göndərilmişdir. Laboratoriyada sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, müdaxilə nəticəsində sayğac yararsız vəziyyətə düşmüşdür. Bu barədə müvafiq akt tərtib edilmişdir. Aşkar edilmiş fakt əsasında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10.05.2018-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və hesablanmışdır ki, cavabdeh tərəfindən qeyri-qanuni təbii qazdan istifadəyə görə Birliyə 2.136 manat məbləğində ziyan dəymişdir. Birlik həmin məbləğin ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh Birliyə vurduğu zərəri ödəməmişdir. Bu səbəbdən də, Birlik, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Birlik hesab edir ki, cavabdeh onunla bağladığı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilənin” şərtlərini bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də, cavabdeh Birliyə vurduğu zərərin əvəzini ödəməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.11.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, təbii qazdan istifadəyə görə 818,58 manat və ödənilmiş dövlət rüsumun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə natamam və birtərəfli araşdırma aparmış, nəticədə isə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, təbii qazdan qanunsuz istifadə etmək məqsədi ilə cavabdehin qaz sayğacına müdaxilə etməsi işdə olan sənədlər ilə təsdiq edilir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamış, iddia tələbinin bir qismini qanunsuz olaraq təmin etməmişdir. İddiaçı Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia tələbinin bir qismi təmin edilsə də, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş, bu barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmışdır. İddiaçı Birlik isə Rayon Məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirir. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Birlik ilə cavabdeh arasında 13.12.2017-ci il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilədən və işdə olan digər sənədlərdən görünür ki, həmin müqaviləyə əsasən Birlik cavabdehin yaşadığı yaşayış sahəsini təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı Birlik tərəfindən ona ötürülən təbii qazın dəyərini Birliyə ödəməyi öhdələrinə götürmüşlər. Bununla əlaqədar olaraq cavabdehə **********00140 nömrəli abonent kodu verilmiş və qeyd olunan ünvanı təbii qazla təchiz edən qaz xəttinin üzərində G-6 markalı, 28193473 nömrəli qaz sayğacı quraşdırılmışdır. İstifadə olunmuş təbii qazın həcmi həmin qaz sayğacı vasitəsi ilə hesablanır. Birliyin əməkdaşları tərəfindən 30.04.2018-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, onla, cavabdehə məxsus ünvana aid qaz xəttinə və qaz sayğacına həmin tarixdə baxış keçirən zaman müəyyən etmişlər ki, qaz sayğacının qoruyucu plombu yerində yoxdur və kənar təsir nəticəsində sayğaca müdaxilə olunmuşdur. Bununla əlaqədar olaraq qaz sayğacı, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin laboratoriyasına göndərilməsi üçün yerindən çıxarıldı. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin laboratoriyası tərəfindən tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus ünvandan götürülmüş və yaoxlanılması üçün laboratoriyaya təqdim edilmiş sayğacın qoruyucu plombu yerində yoxdur, sayğac ona edilmiş müdaxilə nəticəsində istismara yararsız vəziyyətə düşmüşdür. İşdə olan sənədlərdən görünür ki, yuxarıda aşkar edilmiş faktla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10.05.2018-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Adıçəkilən akt əsasında hesablanmış zərər 2.136 manat təşkil edir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı Birliyin əməkdaşlarının cavabdehə məxsus yaşayış sahəsində quraşdırılmış qaz xətlərinə və qaz sayğacına baxış keçirən zaman aşkar edilmiş faktla əlaqədar tərtib etdikləri “Akt” qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməmiş, “Aktın” tərtib olunmasında hal şahidlərinin iştirakını təmin etməmişdir. Buna görə də Məhkəmə hesab edir ki, “Aktda” göstərilən müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun iddiaçı Birlik tərəfindən məhkəmələrə təqdim edilməməsi “Aktın” etibarlı hesab edilməsini və “Aktda” əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2 maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 17 noyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birliyinin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2953/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2953/2021
09.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver