Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2953/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərinin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(008)-488/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə AKX-0526986/032023 nömrəli müqavilə bağlanmışdır.
2. İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4147,20 manat məbləğində ziyan hesablanmışdır.
3. Abonentin saldosuna əsasən 2023-cü ilin sentyabr ayının sonu üçün cavabdehin borcu 4075.4 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əliabbas qızı tərəfindən İddiaçı İB-yə vurulmuş 4075,40 manat məbləğində zərərin və 60,76 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4136,16 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh Əliabbas qızı arasında xx.xx.2023-cü il tarixində AKX-05269xx/xx-2023 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********20050 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 4.147,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 71,80 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin SALDO üzrə ümumi 4.075,40 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 488/2024 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 172.8 manat dəymiş ziyanın və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı İB-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Abonent Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində iddiaçıya xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminin 34560 kubmetr olduğu müəyyyən olunsa da, sərfiyyatın şişirdilmiş olduğu müəyyən edilir. Belə ki, qaz sayğacının nominal qaz sərfi orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 360 gün deyil, 30 gün olmaqla, 4x12x30= 1440 kub metr qaz sərfiyyatı tərəflər arasında bağlanan “Qaz alqısatqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.12 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 172.8 manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 172.8 manat həcmində təmin etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “X2nın” 6.5-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 88, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Cavabdehə məxsus ünvanda qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” Aktla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmiş, həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə İddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək səhv nəticəyə gəlmiş, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəfimizdən əlavə edilmiş sübutlar iddia tələbimizin tam əsaslı olduğunu sübut edir. Birinci instansiya məhkəməsinin qətnaməsindən məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə İddiaçıya vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlməklə iddiaçının qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Hesab edirlər ki, Cavabdehin qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktı birinci instansiya məhkəməsi tərəfindən qəbul edildiyi üçün İddiaçıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktı abonentin imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlar tərəfindən akt tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıqaşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Lakin birinci instansiya məhkəməsi qeyd olunan prosessual normanın tələblərini işə düzgün tətbiq etməmiş və sübutları düzgün qiymətləndirməmişdir. Cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırki işdə iddia qismən təmin olunduğundan və iddiaçı apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. İşdən görünür ki, xx.xx.2023-cü il tarixli təbii X2nın pozulması haqqında ******* nömrəli akta əsasən sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbindən cavabdehdən dəymiş ziyanın əvəzi olaraq 4147,20 manat məbləğində borc tələb edilmişdir. Abonentin saldosuna əsasən 2023-cü ilin sentyabr ayının sonu üçün cavabdehin borcu 4075.4 manat təşkil etmişdir.
21. Yuxarıda istinad olunan qanunvericiliyin imperativ tələblərinə uyğun olaraq iddiaçı sayğaca müdaxilə, habelə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
22. Lakin iddiaçı cavabdehin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmasını, yəni təqsirini sübuta yetirmədən sonuncudan vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmiş, həmin zərərin məbləğini abonentin hesabına daxil etmişdir.
23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas deyil.
24. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 488/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov