Məhkəmə qərarları › İş №2(103)-2955/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2955/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2955/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın cavabdehlər Cavabdeh və Zamin Hüseyin qızına qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin Hüseyin qızına qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6196/2022 saylı 04 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Zamin Hüseyin qızı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə Cavabdeh 5 il müddətinə 1 il güzəşt müddəti edilməklə, illik 1% dərəcəsi ilə 4.330 manat məbləğində kredit verməyi, Cavabdeh isə borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 4.328,51 manat əsas borcu, 101,95 manat faiz borcu və 0,07 manat cərimə borcu yaranmışdır.

2. Həmçinin cavabdeh-borc alanın xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası eyni tarixli zaminlik ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh – Zamin Hüseyin qızı borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir.

Birinci instansiya məhkəməsində icraat

3. LPO İddiaçı ASC cavabdehlər Cavabdeh və Zamin Hüseyin qızına qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 096NFPK kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 4.328,51 manat əsas borc, 101,95 manat faiz borcu, 0,07 manat cərimə olmaqla, cəmi 4.430,53 manat məbləğində borcun və 65 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 096NFPK saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014cü il tarixli, 4154NFNF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 4330 manat məbləğində kredit verilmişdir. Zamin Hüseyin qızı ilə bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsiin 1.1-cı bəndinə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciət olunmasına, xx.xx.2022-ci il tarixli, **********1377 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6196/2022 nömrəli, 04 noyabr 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş, bununla da iddiaçının hüququnu pozmuşdur.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 470.1, 472.2 və 421.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

8. Cavabdeh Zamin Hüseyin qızı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6196/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqavilənin qüvvədə olduğu müddət ərzində müəyyən ödənişlər edilmiş və öhdəliyin icrasından boyun qaçırılmamışdır. Belə ki, ödəniş çeklərindən də aydın olur ki, borc üzrə 1081 manat ödəniş edilmişdir. Amma buna baxmayaraq ədalət mühakiməsini həyata keçirən məhkəmə yekun akt qəbul edərkən bu faktı nəzərə almamış, maddi norma yanlış tətbiq olunaraq onun hüquqlarının kobud şəkildə pozulması və qanunsuz qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Müqavilənin dəyişdrilməsi və ya ləğv edilməsi barədə ona heç bir məlumat verilməmiş və təklif göndərilməmişdir. Belə ki, iddiaçı tərəfindən onlara restrukturizasiya ilə əlaqədar olaraq yeni qrafikin veriləcəyi bildirilmiş, yeni qrafiklər də onlara təqdim edilməmişdir. Odur ki, birbaşa məhkəməyə müraciət olunaraq onun hüquqları kobud şəkildə pozulmuşdur və bu normanın yanlış tətbiq olunması səbəbilə ədalətsiz qətnamə məhkəmə tərəfindən qət edilmişdir. Ədalət mühakiməsini həyata keçirən məhkəmə iş üzrə iddiaçı LPO ”AtaBank” ASC-nin təqdim etdiyi məlumatlara əsaslanmış və digər sübutlara diqqət yetirməmişdir. Belə ki, cavabdehə özünü müdafiə etmək və sübutlarını təqdim etmək imkanı verilməmişdir və işin mahiyyəti yetərincə dolğun şəkildə araşdırılmamışdır. Həmçinin, müvafiq maddədən də aydın olur ki, sübut qismində dəyərləndirilən hallardan biri də ekspert rəyidir. Məhkəmə faiz borcunun doğru hesablanması üçün ekspertiza keçirilməsi barədə qərardad qəbul etməli idi. Amma onun hüquqları pozularaq iddiaçı ”AtaBank” ASC tərəfindən müəyyən edilmiş101.95 manat şəklində faiz borcunun yəni hüquqları pozularaq yüksək hesablanmış olan borcun dəqiq hesablanması üçün məhkəmə bu barədə ekspertiza keçirməmişdir. Halbuki, bu miqdar düzgün hesablanmamışdır və məhkəmə ədalətli qətnamə qət etmək üçün ekspertiza keçirilməsi və faiz borcunun ekspertiza vasitəsilə hesablanması barədə qərardad qəbul etməli idi. Buna baxmayaraq, ədalət mühakiməsini həyata keçirən məhkəmə işi yetəri qədər araşdırmamış, həmçinin ekspertiza təyin etməyərək yalnızca iddiaçı ”AtaBank” ASC-nin təqdim etdiyi məlumatlara əsaslanaraq onun və digər cavabdehin hüquqlarını kobud şəkildə pozaraq ədalətsiz qətnamə qət etmişdir. Həmçinin qeyd etmişdir ki, faiz borcunun hansı səbəbdən yüksək miqdarda təyin olunmasını müəyyən etmək üçün və faiz borcunun hesablanması xüsusi bilik tələb etdiyindən məhkəmə işlə bağlı ekspertiza keçirməyə borclu idi. Lakin məhkəmə yalnızca iddiaçının mövqeyindən çıxış edərək onun verdiyi məlumatlara əsaslanaraq qətnamə qət etmişdir. Belə ki, faiz borcu iddiaçı ”AtaBank”ASC tərəfindən hesablanmış və məhkəməyə doğru olmayan məlumat verilmişdir. Ədalət mühakiməsini həyata keçirən məhkəmə faiz borcunun doğru hesablanması və ədalətli qətnamə qət etməsi üçün ekspertizanın keçirilməsi zəruri hal idi. Lakin, məhkəmə ekspertiza təyin etməmiş və iddiaçının hüquqlarını yüksək tutaraq yalnızca onun verdiyi məlumatlara əsaslanmış və mənim hüquqlarımı pozaraq ədalətsiz qətnamə qət etmişdir.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini əsassız hesab etdiyini, iddia tələbini müdafiə etdiyini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6196/2022 saylı 04 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdehə hesablanmış faiz borcunun məbləği azdır – 101,95 manatdır. Bu 2019-cu ildən 2022-ci ilin may ayına kimi hesablanmış faiz borcudur. Ekspertiza təyin olunacağı təqdirdə faiz borcunun məbləği daha çox hesablanacaqdır. 12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Zamin Hüseyin qızı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin apellyatora münasibətdə bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

17.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

18.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

19.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 20.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

21. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 24.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

26. 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür

28. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 29.474.1-ci maddəsinin tələblərinə görə, əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 30.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

31.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 32.Belə ki, cavabdeh Zamin verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməni işin faktiki hallarını nəzərə almadan və iş üzrə hərtərfli araşdırma aparmadan qəbul etdiyinə istinadən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6196/2022 saylı 04 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. 33.Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilmiş, o, həmçinin bu barədə kredit müqaviləsində göstərilən telefon nömrəsinə ünvanlanmış SMS-bildirişi vasitəsilə məlumatlandırılmış, xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmişdir. 34.Bundan başqa iş materiallarından görünür ki, məhkəmə hazırlıq və baxış iclaslarını dəfələrlə təxirə salmış, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə uyğun şəkildə iş üçün əhəmiyyət kəsb etdiyi bütün halları araşdırmış, iddiaçı isə iştirak etdiyi məhkəmə hazırlıq iclasında ödənilməsi tələb edilən faiz borcunun düzgün hesablanıbhesablanmaması ilə bağlı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair vəsatət verməmişdir. 35.17.05.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 4.328,51 manat əsas borc, 101,95 manat faiz borcu, 0,07 manat cərimə borcu, cəmi 4.430,53 manat borcunun olması müəyyən edilmişdir. 36.Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında güzəştli şərtlərlə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən müqavilənin bağlandığı tarixdən maliyyə arayışının tərtib edildiyi tarixədək cəmi 101,95 manat faiz borcunun hesablanması ağlabatandır. Apellyatorun şikayətinə əlavə etdiyi ödəniş qəbzlərindən isə görünür ki, qəbzlərə əsasən edilməsi təsdiq olunan ödənişlərin həyata keçirilməsi tarixi hazırda mübahisə predmeti olan müqavilənin bağlanılması tarixindən əvvələ təsadüf edir. 37.Beləliklə iş materiallarından göründüyü kimi cavabdeh-borcalan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh-zaminə qarşı da tələb hüququ yaranmışdır.

38. LPO İddiaçı ASC tərəfindən borclulara xx.xx.2022-ci il tarixdə faktiki məskunlaşdıqları ünvana göndərilən xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh və Zamin Hüseyin qızı borcu ödəməli olduqları barədə bank tərəfindən xəbərdar olunmuşlar. 39.Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 40.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 41.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın qiyməti 4.430,53 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6196/2022 nömrəli, 04 noyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar