Məhkəmə qərarları › İş №2(103)-2956/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2956/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2956/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında notarial qaydada bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehə verdiyi 40000 manat məbləğində pul vəsaitinin ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhramzadə, iş № 2(003)-1446/20) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci ildə Bakı şəhəri 46 saylı notariat kontorunda formal kredit müqaviləsi bağlamış, lakin həmin kredit müqaviləsi üzrə cavabdeh ona heç bir vəsait verməmişdir. Cavabdehlə tanışlığı qardaşı X2 barəsində olan Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə əlaqədar olmuşdur. Qeyd edir ki, qardaşı Cinayət Məcəlləsinin 307.2-ci maddəsi ilə məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarına əsasən cəzasını çəkmiş hesab olunmuşdur. Qardaşı həbsdə olduğu müddətdə onun cavabdehə qarşı hər hansı pul öhdəliyinin olmamasına baxmayaraq, cavabdeh davamlı olaraq ona hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb etmişdir. Nəticədə qardaşı ilə bağlı olduğu üçün özünə məxsus əmlaklarını sataraq ona vermişdir. Hədə-qorxu təsiri altında həmçinin onun gələcəkdə qardaşına qarşı hər hansı şikayəti və tələbinin olmaması müqabilində ondan heç bir vəsait almadan adıçəkilən kredit müqaviləsini bağlamağa məcbur qalmış və sonradan əlavə olaraq cavabdehə 40000 manat məbləğində pul ödəmişdir. Cinayət işinin materiallarına əsasən cavabdeh qardaşı tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini öz ərizəsi ilə təsdiqləmişdir. Digər tərəfdən həmin cinayət işi materiallarına və qanuni qüvvəyə minmiş hökmə əsasən qardaşı dələduzluqla deyil, törədilmiş cinayət barədə xəbər verməməyə görə məhkum olunmuşdur. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında notarial qaydada bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehə verdiyi 40000 manat və 277000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 317030 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh qardaşı Məhərrəmov Fəhrada da hədə-qorxu gələrək pul tələb etmiş, qardaşı cavabdehə pul vermək məqsədilə xx xxxxxxxx 2015-ci il tarixli əmlakın dəyəri 77.000 manat və xx xxxxxxxx 2015-ci il tarixli əmlakın dəyəri 200.000 manat alqı-satqı müqavilələri bağlayaraq əmlaklarını satmağa məcbur olmuşdur. Bundan sonra cavabdeh 2 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat kontorunda qardaşı Tağıyev Fəhradın ona 320.000 ABŞ dolları məbləğində pul vəsaiti verməsini və qardaşına qarşı hər hansı iddia və tələbinin olmamasını xx xxxxxxxx 2015-ci il tarixli ərizəsi ilə təsdiq etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən notarial ərizənin verilmə tarixi onun əmlaklarının satılması ilə eyni vaxta təsadüf edir. Yəni, cavabdeh tərəfindən verilən notarial ərizənin faktiki əsasının əsas hissəsini onun əmlaklarının hesabına ona ödənilən və əsassız varlanmasına şərait yaradan pul vəsaitləri təşkil etmişdir. Lakin bütün bunlar kifayət etməmiş, bundan sonra da cavabdeh yaranmış ağır vəziyyətdən sui-istifadə edərək ona qarşı olan təzyiqlərini dayandırmamış, yenidən hədə ilə ondan külli miqdarda pul tələb etmişdir. Nəticədə x xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq əmlakını satıb cavabdehə yenidən pul verməyə məcbur olmuşdur. Daha sonra, cavabdeh ilə xx xxxxxx 2017-ci ildə Bakı şəhəri 46 saylı notariat kontorunda hədə-qorxu təsiri altında cavabdehin gələcəkdə qardaşına qarşı hər hansı şikayəti və tələbinin olmaması müqabilində ondan heç bir vəsait almadan formal kredit müqaviləsi bağlamağa məcbur qalmışdır. Bunun müqabilində isə cavabdeh, ondan pulu tələb etməyəcəyini və qardaşı barəsində şikayət verməyəcəyini vəd etmişdir. Lakin həmin vaxt aralarında hər hansı borc münasibəti olmamışdır. Sadəcə görüntü üçün aralarında müqavilə bağlanmışdır. Müqavilənin bağlanmağına isə məcburiyyət qarşısında qalaraq razılıq vermişdir. Çünki həmin dövrdə onun üçün əsas olan törətmədiyi cinayətə görə ittiham olunan qardaşını xilas etmək olmuşdur. Həmin kredit müqaviləsinin sadəcə görüntü üçün bağlandığını sübut edən hallardan biri də ondan ibarətdir ki, eyni notariat ofisində eyni tarixdə cavabdeh tərəfindən qardaşına qarşı hər hansı şikayətinin olmaması barədə ərizə verilmişdir. Həmin dövrdə kimliyindən asılı olmayaraq istənilən sənədə qol çəkə və istənilən əmlakını qardaşına görə verməyə hazır olmuşdur. Proses bununla da yekunlaşmamış, sonradan əlavə olaraq cavabdehə hədə qorxu təsiri altında 40000 manat məbləğində də pul vermişdir. Lakin cinayət işinin materiallarına əsasən cavabdeh əvvəldən də qardaşı tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini öz ərizəsi ilə təsdiqləmişdir. Digər tərəfdən həmin cinayət işi materiallarına və qanuni qüvvəyə minmiş hökmə əsasən qardaşı dələduzluğa görə deyil, törədilmiş cinayət barədə xəbər verməməyə görə məhkum olunmuşdur. Həmin cinayət isə ədalət mühakiməsi əleyhinə olan cinayətlər fəslində yer almışdır. Yəni, dolayı yolla həmin cinayətin obyekti ədalət mühakiməsi ilə bağlı olan ictimai münasibətlərdir, hər hansı şəxsin əmlakı ilə bağlı münasibətlər deyil. Bundan sonra da, cavabdehin təzyiqi altında x xxxxxxxx 2018-ci il tarixli (əmlakların dəyəri 5.000 manat, 5.000 manat və 20.000 manat üç alqı-satqı müqaviləsi bağlayaraq əmlaklarını satıb cavabdehə verməyə məcbur olmuşdur. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, bir neçə şəxs tərəfindən dələduzluq yolu ilə onun külli miqdarda pulu əlindən alınmış və bu barədə həmin şəxslərə qarşı cinayət işi açılmışdır. Həmin şəxslərdən də biri İddiaçı qardaşı Fərhad Tağıyev olmuşdur. Həmin cinayət nəticəsində iddiaçının qardaşı tərəfindən ona ümumilikdə 500000 ABŞ dolları məbləğində ziyan vurulmuş, bu barədə iddiaçının qardaşı Fərhad Tağıyev özü istintaq zamanı etiraf etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı həmin puldan 160000 ABŞ dolları məbləğində hissəsi qaytarılmışdır. Həmin zaman artıq İddiaçılə tanış olmuşlar və aralarında münasibət yaranmışdır. İddiaçının qardaşı Fərhad Tağıyevin ev dustaqlığına buraxılması üçün ona dəymiş ziyanın tam ödənilməsi tələb olduğundan iddiaçıya məxsus Bakıxanov qəsəbəsində yerləşən 2 mərtəbəli evlə bağlı 200000 manat məbləğində satılmasına dair arvadı ilə Fərhad Tağıyev arasında alqı-satqı müqaviləsi bağlanmış, digər Nərimanov rayonunda yerləşən mənzillə bağlı isə onunla alqısatqı müqaviləsi bağlanmışdır. Lakin o, həmin mənzilləri öz adına rəsmiləşdirməmişdir. Bundan sonra o, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda xx.xx.2015ci il tarixdə X1 ona borclu olduğu 320000 ABŞ dolları məbləğində pul vəsaitini tam şəkildə qaytarılması barədə ərizə vermiş və bundan sonra iddiaçının qardaşı ev dustaqlığına buraxılmışdır. Həmin mənzillər ona verilən zaman o, sadəcə onları girov kimi qəbul etmiş və gələcəkdə həmin mənzilləri iddiaçı tərəfindən satılaraq ona dəymiş ziyanın ödənilməsini istəmişdir. Bu səbəbdən də həmin mənzillərin alqı-satqısı formal olaraq bağlanmış və heç bir məbləğdə pul verilməmişdir. Daha sonra o, Nərimanov rayonunda yerləşən mənzili Tağıyev Fərhadın özünə qaytarmış və Tağıyev Fərhad tərəfindən həmin mənzil satılmış və əldə edilmiş 100000 manat məbləğində pul dəymiş ziyanın bir hissəsinin qaytarılması kimi ona verilmiş, Bakıxanov qəsəbəsində yerləşən 2 mərtəbəli evə dair onun arvadı ilə alqı-satqı müqaviləsi bağlanılmasına baxmayaraq, həmin mənzil də iddiaçının özü tərəfindən 126000 manata satılmış və əldə edilən pul dəymiş zərərin ödənilməsi məqsədilə ona verilmişdir. Daha sonra iddiaçının qardaşının cinayət işi üzrə məhkəmə istintaqı zamanı iddiaçı ona qardaşının cinayət işi üzrə başqa səbəblərə görə 90000 manat məbləğində pul lazım olduğunu bildirmiş və həmin məbləğdə ondan borca pul istəmişdir. O, iddiaçı ilə aralarında yaxşı münasibət yarandığından, hətta qardaşı Fərhad ilə də münasibətləri yaxşılaşdığından, onlara kömək etmək istəmiş, bu səbəbdən də iddiaçıya 90000 manat məbləğində pul borc vermiş, pulu iddiaçının özünə vermiş və bu barədə aralarında kredit müqaviləsi də bağlanmışdır. Həmin pulun ona qaytarılması məqsədilə sonralar notariat orqanı tərəfindən Beyləqan rayon İcra şöbəsinə icra qeydi göndərilmişdir. Bununla bağlı iddiaçı Beyləqan rayon İcra şöbəsinə dəvət olunanda onunla əlaqə saxlamış və icra qeydini ləğv etdirməsini xahiş etmişdir. O da etiraz etməmiş və icra qeydi geri qaytarılmışdır. Bundan sonra İddiaçı həmin borcdan ona cəmi 40000 manat məbləğində pul qaytarmışdır. Borcun qalan hissəsini qaytarmadığına görə məcbur olub qalan hissəsinin, yəni 50000 manat məbləğində pulun ona qaytarılması ilə bağlı Beyləqan Rayon Məhkəməsinə müvafiq iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda da həmin iş üzrə icraat, hazırkı işə görə dayandırılmışdır. Həmçinin onu da qeyd etmişdir ki, iddiaçının qardaşı ilə bağlı cinayət işi üzrə qardaşı tərəfindən dəymiş ziyanın ödənilməsi ilə bağlı verilən bütün pullar istintaq zamanı verilmiş, o isə müvafiq sənədlərə imza etməklə həmin pulları istintaq orqanından almışdır. Ona dəymiş ziyanın qaytarılması ilə bağlı o, nə iddiaçının özündən, nə də onun qardaşından pul almamışdır. xx.xx.2017-ci il tarixli ərizəni isə məhkəmə istintaqı zamanı tələb olunduğundan yazmışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, qardaşı Malik ilə Tofiq arasında bağlanmış 90000 manata dair kredit müqaviləsi formal bağlanmış və qardaşı tərəfindən Tofiqə həmin məbləğdə pul verilməmişdir. Həmin kredit müqaviləsi bağlanan zamanı o da qardaşı Malik və Tofiqlə birlikdə notariusa getmiş, lakin özünü pis hiss etdiyindən avtomobildə gözləmiş və qardaşı Malik geri qayıdan zamanı əlində pul olmamış, həmin zaman isə Malik ona Tofiq tərəfindən şikayətinin olmaması səbəbindən həmin müqavilənin bağladığını bildirmişdir. Cavabdeh dəymiş ziyan tam şəkildə onun qardaşı Malik tərəfindən ödənilmiş, həmin müqavilə isə məhz Tofiq tərəfindən onun tutdurulması ilə bağlı sonradan hədə-qorxu olduğundan bağlanmış və həmin kredit müqaviləsinin ona ittiham edilmiş cinayət işi ilə əlaqədar dəymiş ziyanla bağlı əlaqəsi olmamışdır. Həmçinin bildirmişdir ki, onun barəsində olmuş cinayət işinin ibtidai istintaqı zamanı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına əvəz olunmasına səbəb onun tərəfindən dəymiş ziyanın qardaşı tərəfindən ödənilməsi olmuşdur. Onu da qeyd etmişdir ki, barəsində olan cinayət işinin gedişatı zamanı nə onun nə də qardaşı Malikin Cavabdehla münasibətləri pis olmamış, hətta Cavabdeh ona avtomobil və iş vəd etmiş, onun tutdurulması ilə bağlı hədə-qorxular sonradan olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, onun oğlu da Cavabdeh qarşı törədilmiş cinayətdə iştirak etmiş və onun oğlu tərəfindən Cavabdeh 100000 manat məbləğində ziyan yetirilmişdir. Həmin cinayət işinin ibtidai istintaqı zaman 50000 manat məbləğində istintaqda vermiş, qalan pulun ödənilməsi üçün isə Tofiqdən borca 50000 manat məbləğində pul almış və onunla borc müqaviləsi bağlamışdır. Belə ki, oğlunun ev dustaqlığına buraxılması üçün dəymiş ziyanın tam ödənilməsi tələb olunduğundan onda isə həmin məbləğ olmadığından, Tofiq ilə isə münasibətləri yarandığından Tofiqdən borc almışdır. Daha sonra isə özünə məxsus evi satandan sonra Tofiqə olan borcunu tam bağlamışdır. Cavabdeh tərəfindən ona qarşı heç bir hədə-qorxu olmamış, İddiaçı də hədə-qorxu etdiyini görməmiş və bilməmiş, əksinə münasibətləri yaxşı olmuş, Malik ona və Tofiqə nar gətirmişdir. Belə ki, Tofiqin pulun əldə edilməsi ilə bağlı cinayət işinin gedişatı zamanı o, Maliklə də tanış olmuş, ibtidai və məhkəmə istintaqı zamanı birlikdə olmuşlar. Bildiyinə görə Tofiq ilə Malik arasında da borc müqaviləsi bağlanmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətini əsaslandırarkən göstərmişdir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını, tərəflər arasında faktiki münasibətlərin xarakterini nəzərə almamış, işin müəyyən edilmiş həqiqi hallarına uyğun gəlməyən qərar qəbul etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərəkj onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili E.Abbasov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 90000 manat məbləğində pulu borc vermiş və İddiaçı həmin borcu xx.xx.2019-cu il tarixədək hər ilin noyabr ayında 30000 manat olmaqla borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən Bakı şəhəri 46 saylı Notariat Kontoru tərəfindən borclu İddiaçı 90000 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsinə dair xx.xx.2019-cu il tarixli icra sənədi verilmiş və Beyləqan rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə həmin icra sənədi üzrə icraata başlanılması haqqında qərar qəbul edilmişdir. İddiaçı kredit müqaviləsinin görünüş üçün bağlandığını bildirərək xx.xx.2020-ci il tarixdə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Onun tələbi xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması barədədir. Tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad olunmuşdur. Həmin maddəyə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və qənaətini mübahisələndirilən kredit müqaviləsinin etibarlılığını şübhə altına alan halların müəyyən edilməməsi ilə əsaslandırmışdır. Məhkəmənin qənaətinə görə tərəflər arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Məhkəmə həmçinin hesab etmişdir ki, istinad olunan alqı-satqı müqavilələrinin predmetini təşkil edən daşınmaz əmlakların iddiaçıya hər hansı aidiyyəti olmadığından, həmin əmlakların mülkiyyətçisi başqa şəxslər olduğundan və cavabdehin zərərçəkmiş kimi keçdiyi cinayət işi üzrə yazdığı ərizənin hazırkı mülki iş üzrə tərəflər arasındakı mübahisəli hüquq münasibətinə hər hansı təsiri müəyyən edilmədiyindən iddia pul tələbinə dair hissədə də əsassız sayılmalı və rədd edilməlidir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331, 337, 339, 740-cı və s. maddələri ilə əsaslandırmışdır. İddiaçının apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının nəzərə alınmaması və bu baxımdan sübutların düzgün qiymətləndirilməməsi barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2ci maddəsi ilə nəzərdə tutulmuş kəsici müddətin buraxıldığını da nəzərə alır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar