Məhkəmə qərarları › İş №2(103)-2958/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2958/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2958/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-508/2024 nömrəli 10 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 04/5106 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.

2. “Təbii X2 pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli akta görə sayğacdan kənar qoşulduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması və kənar xəttin ləğv olunması tələb edilmişdir.

3. “Təbii X2 pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, sayğacın hesablanma mexanizmi keçən qazın həcmini qeyd etmir, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir.

4. Abonent saldosuna görə 2023-ci ilin sentyabr ayının sonu üçün 1947.45 manat məbləğində borc mövcuddur. Qeyd edilən borcun 1 manat olan hissəsi 2020-ci ilin sonu üçün hesablanmış sərfiyyat borcu, 291.10 manat olan hissəsi 2021-ci ilin sonu üçün hesablanmış sərfiyyat borcu, 7.10 manat olan hissəsi həmin ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaqədar borc, 681.07 manat olan hissəsi 2022-ci ilin sonu üçün hesablanmış sərfiyyat borcu, 56.93 manat olan hissəsi həmin ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaqədar borc, 170.16 manat olan hissəsi 2023-cü ilin sentyabr ayının sonu üçün hesablanmış sərfiyyat borcu, 17.44 manat olan hissəsi həmin ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaqədar borcdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən İB-yə vurulmuş 829,45 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1118 manat və 39,48 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1986.93 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İBnın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə abonent arasında xx.xx.2023-cü il tarixində 04/5106 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 675,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat, cəmi 1064 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 675,20 manat zərərdən 234,55 manat ödəniş etmişdir. Belə ki, cavabdehin cəmi 829,45 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin dekabr ayı üzrə 1 manat sərfiyyat borcu, 2021-ci ilin yanvardekabr ayları üzrə 291,10 manat sərfiyyat borcu və limitdən əlavə 7,10 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 681,07 manat sərfiyyat borcu və limitdən əlavə 56,93 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfinin 43,20 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-fevral ayları üzrə 170,16 manat sərfiyyat borcu və limitdən əlavə 17,44 manat sərfiyyat borcu, cəmi 1268 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin dekabr ayından 2023-cü ilin sentyabr ayına qədər cavabdeh 150 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1118 manat borcu (debitor borc) da qalmışdır.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 yanvar 2024-cü il tarixli 2(008)-508/2024 nömrəli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 103.05 manat dəymiş ziyan, 1074.80 manat sərfiyyat borcu və 32 manat məbləğində dövlət rüsumunun İddiaçı İB-nin xeyrinə tutulması, tutulmuş məbləğin İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktla müəyyən olunmuş sayğacda yaranan nasazlıqla əlaqədar hesablanmış cərimə hissəsinə göstərmişdir ki, sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini iddia tələbi bu hissəsədə təmin oluna bilməz.

9. Məhkəmə iddia tələbinin xx.xx.2017-ci il tarixli ******* saylı aktına əsasən hesablanmış 675.20 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, qeyd olunan aktda itirilmiş qazın həcminin 3376 olduğu müəyyyən olunmuşdur. 3376 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 337.6 manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 337.6 manat hissədə əsaslı sayır. Lakin iddia ərizəsindən də görünür ki, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə yazılmış cərimədən 234.55 manat ödəniş olunmuşdur. Belə olan halda xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 337.6 manat cərimədən 234.55 manat olan hissə çıxılmalı, yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (337.6- 234.55=103.05).

10. Məhkəmə iddia tələbinin 2022-ci ilin yanvar-dekabr ayları üzrə 681,07 manat sərfiyyat borcu və limitdən əlavə 56,93 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfinin 43,20 manat sərfiyyat borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, qeyd edilən borcu hansı əsasla yazılmış olduğu müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.

11. Məhkəmə sərfiyyat borcunun tutulması hissəsində göstərmişdir ki, cavabdehə məxsus saldodan 2020-ci ilin dekabr ayı üzrə 1 manat sərfiyyat borcu, 2021-ci ilin yanvardekabr ayları üzrə 291,10 manat sərfiyyat borcu və limitdən əlavə 7,10 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 681,07 manat sərfiyyat borcu və limitdən əlavə 56,93 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-fevral ayları üzrə 170,16 manat sərfiyyat borcu və limitdən əlavə 17,44 manat sərfiyyat borcu, cəmi 1224.8 manat sərfiyyat borcunun olması müəyyən edilir. İddia ərizəsinin məzmunundan da görünür ki, cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayından 2023-cü ilin sentyabr ayına qədər cavabdeh 150 manat məbləğində ödəniş etmişdir. Belə olan halda ümumi sərfiyyat borcundan ödəniş çıxılmalı, yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir (1224.80-150=1074.80).

12. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Qanuna, Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Mülki Prosessual Məcəllənin 14.2, 88, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi,yəni qeyri-qanuni şəkildə təbii qazı talaması, həmçinin də sayğaca müdaxilə etməsi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədi ilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aklarla rəsmiləşdirilmiş, şəkilləri çəkilmiç və qeyri-qanuni xətt ləğv edilmişdir. İddia qaldırılan tarixə cavabdehin sayğac vasitəsi ilə təbii qazdan istifadəyə görə 1118 manat borcunun olması iş materiallarına əlavə edilmiş abonent saldosu ilə təsdiq edilir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

25. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

26. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

27. Maddə 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

28. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

29. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Qətnamə yalnız iddiaçının apellyasiya şikayətinə münasibətdə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən (iddia tələbinin təmin edilməyən) hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Sayğaca müdaxilə faktı əsasında cavabdeh barəsində 2 akt tərtib edilmişdir, 2017-ci il tarixli akta görə sayğacdan kənar qoşulma baş vermiş, 2021-ci il tarixli akta görə isə sayğacın hesablanma mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir.

40. Birinci akta əsasən 3376 kubmetr itirilmiş qazın həcmi hesablanmış, məhkəmə də haqlı olaraq tərəflər arasında bağlanmış müqaviləyə istinadən 0,10 qəpikdən hesablamaqla 337,6 manat ziyan müəyyən etmişdir. Cavabdeh tərəfindən ödənilmiş 234,55 manat nəzərə alındıqda sonuncunun həmin akt üzrə borcu 103,05 manat qalmışdır. İddiaçının həmin akt üzrə 675,2 manat dəymiş ziyan hesablaması əsassız olmuşdur.

41. Digər akta münasibətdə isə sayğaca müdaxilənin cavabdehin təqsiri nəticəsində edilməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir.

42. Belə olan halda, qeyd olunmuş aktda aşkar edilmiş qüsura görə istehlakçının təqsirinə dair iddiaçı tərəfindən sübut təqdim edilmədiyinə görə cavabdeh məsuliyyət daşımır və həmin akt əsasında hesablanmış məbləğ cavabdehdən tutula bilməz.

43. Debitor borcuna münasibətdə də Kollegiya qeyd edir ki, məhkəmə əsaslı nəticəyə gəlmişdir.

44. Kollegiya hesab edir ki, məhkəmənin qalan hissədə iddia tələbinin rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.

45. Apellyasiya şikayəti əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas vermir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-508/2024 nömrəli 10 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar