Məhkəmə qərarları › İş №2(103)-2961/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2961/2024

30.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2961/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X15 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), X23 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X15 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(005)-3095/2023 nömrəli qətnaməsindən cavabdeh X11 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən göndərilmiş 25 aprel 2014- cü il tarixli arxiv arayışdan görünür ki, Səbail RİH Başçısının 22 may 1995-ci il tarixli, 1514 saylı sərəncamı ilə X6 müvəqqəti yaşayış sahəsinin verilməsi qərara alınmışdır.

2. Bakı Şəhər Səbail Rayonu İcra Hakimiyyəti Başçısının 171 nömrəli, 19 iyun 2014-cü il tarixli sərəncamından görünür ki, ünvan 1 ünvanında yaşayan X31 veteranı, müharibə əlili X4 mənzil növbəliliyi bərpa edilmiş və o, 4 nəfər ailə tərkibində 1991-ci ildən mənzil növbəsində hesab edilmişdir;

3. Azərbaycan Respublikası Səbail Rayon Məhkəməsinin 2(009)-1670/2018 saylı, 07 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, X5 cavabdeh İddiaçı qarşı “ləyaqətsiz vərəsə hesab edilmə və vərəsəlik hüququndan məhrum edilməsi” tələblərinə dair iddiası təmin edilməmişdir.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 92A saylı evin 442 saylı mənzili (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti, 167, M3, m4) üzərində X5 mülkiyyət hüququ 31 may 2020-ci tarixdə qeydə alınmışdır.

5. 03 iyul 2020-ci il tarixli, 4Ə/219 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 92A saylı evin 442 saylı mənzili X12 tərəfindən 100000 manata X1.

6. 5 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinin 25 aprel 2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, 07 yanvar 2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəlik işi ilə ələqədar qızı İddiaçı müraciət etmiş, 04 fevral 2021-ci il tarixli V-54 reyestr nömrəli vərəsəlik işi açılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2417/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdehlər X19, X20, Bakı şəhər 11 saylı və Bakı şəhəri 14 saylı Notariat Ofislərinə qarşı “mənzilə dair anasının adından etibarnamə üzrə nümayəndə X21 və X24 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanan 4Ə/219 reyestr nömrəsi ilə qeydə alınmış alqısatqı müqaviləsinin və X24 ilə X28 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, 4Ə/1036 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11178/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti versə də, onun kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyasının sözügedən qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır; Həmin qərar ilə müəyyən olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 190 saylı sərəncamı ilə mərhum X7 verilmiş Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanındakı 442 saylı mənzil xx.xx.2020-ci il tarixdə onun adına ilkin qeydiyyatdan keçmiş, X21 mərhumun onun adına 5 il müddətinə verdiyi və bütün əmlakına dair bütün səlahiyyətləri özündə əks etdirən xx.xx.2020-ci il tarixli, 879535 saylı etibarnamə əsasında sözügedən mənzili 11 saylı notariat ofisində bağlamış 4Ə/219 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə X2, sonuncu isə xx.xx.2020ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında mənzili X3 və mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir;

8. Sabunçu RPİ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 mart 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı anası Ədilə Ağakişiyevaya məxsus Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, ev 92-də yerləşən 442 saylı mənzilin X29 tərəfindən qanunsuz satılaraq pulunun ələ keçirilməsi barədə şikayəti həmin idarədə araşdırılmış, bununla belə mübahisənin mülki xarakterli olduğu qənaətinə gəlinərək HK- 1/5569 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş və anası Ədilə Ağakişiyevaya məxsus Bakı şəhəri, Yasamal rayonu. H.B.Zərdabi prospekti, ev 92-də yerləşən 442 saylı mənzilin satılaraq pulunun sərf edilməsi ilə bağlı olaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu İddiaçı izah edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X7 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a saylı evin, 442 saylı mənzilinin 03 iyul 2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən satışından götürdüyü 100000 manat pulun və ödənilmiş 420 manat dövlət rüsumunun X8 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, X12 iddiaçının mərhum anasıdır, onu övladlığa götürmüşdür. X12 iddiaçının əsl anası X13 bacısı qızıdır və o, bir yaşında olanda X12 onu övladlığa götürmüşdür. İddiaçı mərhum anasının yaşadığı Bakı şəhəri, Səbail rayonu, A.Nəsirov küçəsi, ev 1, mənzil 24-də yaşamışdır. X5 övladları olmamış və ərindən də övladı olmadığına görə boşanmışdır. İddiaçı mərhum anasının evində böyümüş, məktəbə getmiş, ali məktəbə daxil olub ailə qurmuşdur. İddiaçının doğum haqqında şəhadətnaməsində ana qrafasında X12 qeyd edilmiş, bununla bağlı vərəsəlik işi açılmışdır. 2018-ci ilə qədər anası ilə mütəmadi əlaqə saxlamışdır. Onun Prezidentə müraciəti ilə əlaqədar 2015-ci ilin mayın 9-da Prezidentin Sərəncamına əsasən anasına, yəni X7 Bakı şəhər İcra Hakimiyyəti Başçısının 06 may 2015-ci il tarixli qərarı ilə Yasamal rayonu, H.B.ünvan 2, 5-ci giriş, 3-cü mərtəbədə sahəsi 64,8 kv.m olan 2 otaqlı 442-ci mənzil verilmişdir. Həmin mənzil təmirsiz olduğuna görə nə iddiaçı, nə də mərhum anası həmin mənzildə yaşamamışlar. 2019-cu ildə iddiaçı Ukrayna Respublikasında olmuş, sonra isə pandemiya ilə əlaqədar Bakıya qayıda bilməmişdir. 2021-ci ilin may ayında iddiaçı Bakıya qayıtdıqdan sonra öyrənmişdir ki, X29 adlı qadın Binəqədi rayonunda fəaliyyət göstərən Şahid adlı vəkilin köməkliyi ilə anasını qeydiyyatda olduğu evdən götürərək Balaxanı qəsəbəsi, Sabir küçəsi ev 61 ünvanına anası – X16 məxsus evə gətirmiş, həmin Vəfa anasına patronaj təyin edilmişdir. Vəfa adlı şəxs sosial şəbəkələrdə anasının şəklini paylaşaraq kimsəsiz, xəstə olduğunu qeyd etmiş və mədəni şəkildə dilənçilik etmişdir. Halbuki, dövlət tərəfindən ona İİ Dünya müharibəsi iştirakçısı olduğu, veteran olduğu üçün yüksək məbləğdə hər ay müavinət ayrılırdı. İddiaçının anası ilə əlaqə yaradılmasına hər bir vasitəsi ilə mane olmağa çalışırdılar. Anasından telefonu və eşitmə aparatı əlindən alınmışdır. 31 may 2020-ci ildə iddiaçının mərhum anasına verilən evə dair çıxarış almışdır. 29 iyun 2020-ci il tarixdə iddiaçının anası ona baxan Vəfa adlı qadının qızı X15 5 il müddətinə bütün əmlakına dair səlahiyyət verilməsi, hüquqlarından istifadə edilməsi barədə etibarnamə vermişdir. Etibarnamənin verilməsindən 4 gün sonra 03 iyul 2020-ci il tarixdə X21 11 saylı notariat ofisində iddiaçının anasının mənzilini ona verilən etibarnamə əsasında nənəsi X19 100000 manata satmışdır. Mənzilin yeni sahibi X24 54 gün sonra həmin mənzili yenidən 14 saylı notariat ofisində X20 eyni qiymətə satmışdır. İddiaçının mərhum anası bir neçə ay sonra dünyasını dəyişmişdir. Anasının ölməsi barədə iddiaçıya məlumat verilməmişdir. Yalnız mərhum anasını tez-tələsik dəfn etdikdən sonra iddiaçıya anasının ölməsi barədə məlumat vermişlər. Bununla bağlı iddiaçı anasının öldürülməsi şübhəsi ilə polisə müraciət etmiş, lakin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul olunmuşdur. İstintaq zamanı cavabdeh Həsənzadə (Əsədova) Fəridə Zaur qızı şöbəyə dəvət edilərək bildirmişdir ki, ailə qurana kimi anası, qardaşı, nənəsi Nailə ilə birlikdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 69–da yaşamışdır. X9 uzun illərdir ki, xəstə baxıcısı kimi işləyir, 2017-ci ildə anası növbəti xəstə X7 baxmağa başlasa da, sonradan onun mənzilində şəraitsizlik səbəbindən Səbail rayon İcra Hakimiyyətinə bu barədə məlumat vermiş, 2017-ci ilin oktyabr ayından da X5 özünün və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələrinin razılıqları ilə baxıb qulluq etməyi məqsədi ilə onu yaşadıqları evə gətirmişdir. X12 rəhmətə gedənə kimi onun heç bir ailə üzvü onunla maraqlanmamış, yalnız ara-sıra Naxçıvanda yaşayan Hikmət adlı bacısının oğlu maraqlanmışdır. X12 rəhmətə getməmişdən əvvəl dövlət tərəfindən ona verilmiş “Melissa park” yaşayış kompleksində olan mənzilini anasına bağışlayacağını demiş və özü könüllü olaraq 29 iyun 2020-ci ildə bütün əmlakına dair onun adına etibarnamə vermişdir. 03 iyul 2020-ci ildə artıq X5 adından Həsənzadə (Əsədova) Fəridə Zaur qızı çıxış edərək nənəsi Nailə ilə aralarında həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Bildiyinə görə nənəsi dayısı Sənanın özünə ev alması üçün yığdığı 100000 manat pulu olmuşdur ki, nənəsi də həmin pulu notariusun depozit hesabına qoymuş, alqısatqıdan sonra da, o həmin pulu “Muğanbank”ın xatırlamadığı filialından götürüb yenidən nənəsi Nailəyə vermişdir. Sonra həmin mənzil yenidən satışa qoyulmuş və X20 09 sentyabr 2020-ci il tarixdə satılmışdır. Mənzil 100000 manata həmin adama satılmış və həmin pulun konkret olaraq hara sərf edildiyini də o, bilməmişdir. Eyni məzmunlu izahatı Məmmədova Nailə və Həsənova Vəfa vermişlər. Cavabdehin etirafedici izahatından göründüyü kimi iddiaçının mərhum anasına məxsus etibarnamə əsasında satmış, pulu depozitdən çıxarmış lakin mərhuma deyil məhz yenidən alıcıya yəni, nənəsi Məmmədova Nailəyə vermişdir. Halbuki, həmin pulu o etibar edənə verməli idi. Çünki etibarnamədə əmlakın satışından əldə edilmiş pul barədə hər hansı bir səlahiyyət verilməmişdir. Digər tərəfdən müəmmalı odur ki, cavabdeh özü etiraf edir ki, evi mərhum X12 anası Hasənova Vəfaya bağışlamaq istəyirdi. Əgər həqiqətən belə idisə, bəs niyə etibarnaməni anasına deyil, cavabdehə vermişdir?! Çünki digər çirkin əməllərini pərdələmək istəyirdilər. Həmçinin, cavabdeh izahatında qeyd edir ki, guya nənəsində dayısına ev almaq üçün 100000 manat məbləğində pul var idi. Bəs nəyə görə məhz mərhum X5 evini almaq istədi, məgər başqa evlər yox idi ki?! Cavabdeh izahatında bildirir ki, mənzil ikinci dəfə satıldıqdan sonra pulun hara və necə xərclənməsi barədə məlumatı yoxdur, halbuki, etibar edilən şəxs kimi o pula görə məsuliyyət daşıyır və pulu götürdükdən sonra mərhum X7 verməli idi. Cavabdeh X7 pulun verilməsi barədə heç bir sübut, dəlil təqdim etməmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər X19, X20, Bakı şəhər 11 saylı və Bakı şəhəri 14 saylı Notariat Ofislərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Sabunçu Rayon Məhkəməsində iddia qaldırmış və mənzilə dair anasının adından etibarnamə üzrə nümayəndə X21 və X24 arasında 03 iyul 2020-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanan 4Ə/219 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin və X24 ilə X28 arasında 09 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanan, 4Ə/1036 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(008)-4391/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11178/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2( 102)-2417/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1178/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarları ilə və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuşdur ki, X12 29 iyun 2020-ci il tarixdə X17 5 il müddətli etibarnamə vermiş, etibarnamə ilə ona bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq, miras qəbul etmək və yaxud ondan imtina etmək və s. hüquqlarını həvalə etmiş, mübahisəsi gedən mənzil məhz həmin etibarnamə əsasında Ədilə Ağakişiyevanın adından çıxış edən Fəridə Həsənzadə tərəfindən Nailə Məmmədovaya satılmışdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlib ki, apellyatorun irəli sürdüyü faktiki hallar onun 03 iyul 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; belə ki, Ədilə Ağakişiyeva müvafiq etibarnamə ilə Fəridə Həsənzadəyə mənzil üzərində sərəncam vermək səlahiyyəti vermiş, müqavilə bağlanan zaman sözügedən etibarnamə qüvvədə olmuş, etibarnamə verilərkən Ədilə Ağakişiyevanın fəaliyyət qabiliyyətsiz olduğu isə sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə nəzərə çatdırıb ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə Ədilə Ağakişiyevanın fəaliyyət qabiliyyətli olduğu müəyyən edilmiş, həmin işə baxılarkən keçirilən ambulator psixiatrik ekspertiza tədqiqatı zamanı o, övladlığa götürdüyü qızının ona biganə münasibət göstərməsindən gileylənməklə ona başqalarının qulluq etdiyini demiş, bu tarixdən daha əvvəl (yəni fəaliyyət qabiliyyətli olması ilə bağlı ekspert rəyi verilməsindən əvvəl) isə İddiaçı ləyaqətsiz vərəsə sayılmalı olması barədə iddia qaldırmışdır. İşin bu halları belə qənaətə gəlməyə əsas verir ki, Ədilə Ağakişiyevanın iddiaçı ilə münasibəti normal olmamış və o, özünün sərbəst iradəsi ilə əmlakı üzərində sərəncam verməyi məhz ona qulluq göstərən şəxsə həvalə etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edib ki, mənzilin Fəridə Həsənzadə tərəfindən öz nənəsi Nailə Məmmədovaya satılmış olması da müvafiq müqavilənin etibarsızlığına əsas verən hal kimi, xüsusilə Mülki Məcəllənin 359.3-cü maddəsinin pozuntusu olaraq qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin həmin normasına əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz; Fəridə Həsənzadə isə mənzilə dair özü ilə əqd bağlamamış, mənzilin alqı-satqısı müqaviləsi üzrə alıcının ödədiyi vəsait notariusun bank hesabına, oradan isə Ədilə Ağakişiyevanın nümayəndəsi olaraq Fəridə Həsənzadənin depozit hesabına köçürülmüşdür. Qeyd olunmalıdır ki, təmsil edənin bağladığı əqd üzrə əldə etdiyini təmsil edilənə verməməsi həmin əqdin etibarsızlığı üçün deyil, təmsil edilənin əldə olunmuşların qaytarılması barədə iddia irəli sürməsi üçün əsas yarada bilər; həmçinin nəzərə alınmalıdır ki, X18 Həsənzadəyə verdiyi etibarnamədə “...əqdlər bağlamaq, ...bu əqdlər üzrə haqq-hesab aparmaq, ...əmlakı, pulu...almaq, bank hesabları üzərində sərəncam vernək" səlahiyyətləri nəzərdə tutulmuşdur.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(005)-3095/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Əsədova (Həsənzadə) Fəridə Zaur qızından 100000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 420 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Qətnamənin əsaslarına görə, iddiaçının anasına məxsus olmuş mənzilin onun adından çıxış edən cavabdeh tərəfindən 100000 manata satılaraq pulun məhz onun tərəfindən notariusun depozit hesabından götürülməsi işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Bu o deməkdir ki, iddiaçı iddia tələbini əsaslandırdığı həmin faktiki hallar üzrə sübutetmə vəzifəsindən azad olmaqla onun qeyd olunan vəsaiti geri tələb etmək hüququna sahib olub-olmadığı müəyyənləşdirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdehin yuxarıda göstərilən mövqeyinə görə, həmin pul vəsaiti onun anası Vəfa Həsənova tərəfindən mərhum Ədilə Ağakişiyevanın baxımına, dəfninə və baş daşı kimi xərclərinə sərf edilmişdir. Belə olan halda qeyd edilən xüsusatları – 100000 manat məbləğində pulun mərhum Ədilə Ağakişiyevanın baxımına, dəfninə və baş daşı kimi xərclərinə sərf edilməsini sübut etmək yükü cavabdeh Əsədova (Həsənzadə) Fəridə Zaur qızının üzərinə düşür. İş materiallarından aydın olur ki, cavabdeh Əsədova (Həsənzadə) Fəridə Zaur qızı bu halları təsdiq edən hər hansı mötəbər sübutu – yəni, pulun mərhum Ədilə Ağakişiyevanın özünə sərf edilməsinə dair sübutları təqdim etməmiş, arqumentlərini inandırıcı dəlillərlə sübuta yetirməmişdir. Əksinə cavabdehin istər hazırkı işdəki, istərsə də Sabunçu RPİ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının aid olduğu işin araşdırması zamanı verdiyi izahatlarından onun 4Ə/219 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən əldə olunan pulu yenidən nənəsi Nailə Məmmədovaya verdiyini, xx.xx.2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən əldə olunan eyni məbləğdə pulun isə konkret olaraq hara sərf edildiyini bilmədiyini qeyd etdiyi müəyyən edilir. Cavabdeh vəkalət alan kimi tapşırığın icrası nəticəsində əldə etdiklərinin hamısını vəkalət verənə verməyə borclu olduğu halda bunu etməmiş, həmin vəsaitin miras qoyana xərcləndiyini isə sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmə vəsaitin məbləğini, alğı-satqı müqaviləsinin bağlanması ilə miras qoyanın ölümü arasında keçən müddəti (5-6 ay), miras qoyanın yaşını, elə böyük məbləğin sərf ediləcəyi bir mənbənin olmadığını nəzərə alaraq, cavabdehin dəlillərini əsassız hesab edir. Eyni zamanda mübahisələndirilən əmlakın 100000 manata cavabdehin nənəsinə, daha sonra isə eyni qiymətə üçüncü şəxsə satılması da diqqətçəkən məqamdır. Hər hansı bir vəsiyyətnamənin olmadığı nəzərə alınarsa, cavabdehin miras kütləsinə daxil edilməli olan pul məbləğini mənimsəmək, götürmək, başqasına vermək kimi bir hüququ olmamışdır. Cavabdeh həmin pul vəsatini miras qoyana qaytarmaq öhdəliyi daşıdığından və bu öhdəlik davam etdiyindən, miras qoyanın isə o pulu tələb etmək hüququ olduğundan, hazırda miras qoyanın birinci növbə vərəsəsinin də həmin pulu tələb etmək haqqı vardır. Cavabdehin hüquqazidd hərəkəti nəticəsində vərəsə olan iddiaçının hüquqları pozulmuş, nəticə etibarı ilə miras əmlakdan mərhum olmuşdur. Bu zaman nəzərə alınmalıdır ki, miras qoyanın iddiaçının ləyaqətsiz vərəsə hesab olunması ilə bağlı iddiası, əsassız olduğundan təmin edilməmişdir. Göründüyü kimi, iddia tələbi onun qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və bu iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə haqlı olduğunu göstərir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 1151.1, 1159.1.1, 1159.1.2 -ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlillərinə görə, tapşırıq müqaviləsi bir şəxsin digər şəxsin vediyi tapşırıq əsasında əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırığı üzərinə götürən şəxs görmüş olduğu işə görə tapşırıq verən şəxsə daima hesabat veməli, işinin icrasını razılaşmaya uyğun olaraq vicdanla realizə etməlidir. Hüquqlarını müqafiə etdiyi cavabdeh iddiaçının övladlıq vəzifəsini icra etmədiyi mərhum anasının tapşırığı əsasında onun mülkiyyətində olan mənzil sahəsini özgəninkiləşdirilməsini həyata keçirmiş, bunun nəticəsində əldə edilən vəsaiti onun özünə şəxsən vermişdir. Bu isə tapşırıq müqaviləsi üzrə götürülən cavabdeh tərəfindən icra edildiyini ehtiva edir. Tapşırıq müqaviləsi üzrə öhdəliyin icra edilməməsi iddia edildikdə isə iddia edən şəxs tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təqdim edilmiş sübutlar cavabdehin öhdəliyin icra edilməməsi qənaətinə gəlinməsi üçün yetərli olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlar üzrə səthi araşdırma aparmış, həmin sübutlar üzrə məsələnin mahiyyətini aydınlaşdırmaq, əks arqumentlər üzrə dəyələndimə aparmaq əvəzinə sübutlarla təsdiq edilməyən iddiaçının ifadəsini əsas götürərək, iddia tələbini təmin etmişdir. Halbuki tələbin maddi hüquqi əsasına gəlməkdən ötrü ilk öncə prosessual nomalara əsasən tələbin sübut edilməsi aydınlaşdırılmalı, daha sonra tələbin maddi hüquqi əsasıtapılmalıdır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamaqla yanaşı, mübahisənin həlli üçün zəruri xüsusatlara lazımınca diqqət yetirməmiş və sübutları düzgün tədqiq etməmişdir. İddia tələbi üzrə dəyərləndirmə apararkən birinci instansiya məhkəməsi müqavilənin bağlanma, icra edilməsi, mərhumə Ə.Ağakişiyevanın şəxsiyyətini xarakterizə edən halları (müharibə veteranı, ictimai fəal qadın olmasını, iddiaçıya münasibətini və s.) və ölüm tarixini nəzərə almamışdır. Ə.X30 müharibəsi veteranı olmaqla, ictimai fəal qadın olmuş, bunun məntiqi nəticəsi olaraq onun müraciəti əsasında dövlət tərəfindən ev də verilmişdir. Mübahisə predmeti təşkil edən mənzilə dair müqavilə 03 iyul 2020-ci il tarixdə bağlanmış, Ə.Ağakişiyeva isə 07 yanvar 2021-ci il tarixdə, yəni müqavilə bağlanan tarixdən 06 aydan sonra rəhmətə getmişdir. İctimai fəal qadın, müvafiq müraciəti əsasında dövlət tərəfindən evlə təmin edilən bir insanı iddiaçının fikirincə aldadıldığını bildirmək və ya qənaətə gəlmək sadəlöhvlükdən başqa bir şey deyildir. Onu da qeyd edim ki, mərhumə Ə.Atakişiyevanın hüquqlarını müdafiə edən etibarnamə üzrə nümayəndəsi Şahid olmuşdur. O, qeyd edilən evin rəsmiləşdirilməsində,evin alqı-satqısında və pulun Ə.Ağakişiyevaya ödənilməsində iştirak etmişdir. Müqavilə üzrə pul ona ödənilməsəydi müqavilənin bağlandığı tarixdən keçən 6 ay müddətində ən azından hüquqlarını bilən biri kimi ictimai fəallığından və nüfuzundan istifadə edərək, hər hansı bir dövlət orqanına, o cümlədən hüquq mühafizə orqanlarına, onunla daima maraqlanan Bakı şəhəri Səbail rayon İcra hakimiyyətinin nümayəndələrinə və hüquqlarını müdafiqə edən vəkilə müraciət edə, həmçinin onunla maraqlanan Hikmət adlı qohumuna bu barədə aidiyyəti üzrə müracət etməsi üçün bildirə bilərdi. Lakin o, heç bir müraciət etməmişdir ki, bu da pulun mərhuma verilməsi qənaətini qaçılmazedir. Əksinə daima iddiaçıya qarşı müvafiq məhkəmə və digər orqanlara müraciətləri olmuşdur. Bu isə hazırda iddia irəli sürən iddiaçının tələbinin əsası kimi istinad etdiyi halların formal mülahizələrdən ibarət olmasını, tələbin əsası kimi istinad edilən halların digər əsaslı şübhə yaratmayan hər hansı sübutlarla təsdiq edilmədiyi qənaətini qaçılmaz edir. Lakin iddiaçı hüquqdan sui-istifadə edərək, ictimai fəal və hüquqlarını müdafiə etmək imkanına malik olan mərhumun razılaşdığı və sağlığında mübahisələndirmədiyi halı heç bir hüquqi əsas olmadan mübahisələndirərək, əsassız məhkəmə çəkişməsinin yaranmasına rəvac vemişdir. Bu xüsusatlar nə iddiaçı tərəfindən əsaslandırılmış, nə də ki, ədalətli məhkəmə araşdırılmasını təmin etməli olan məhkəmə tərəfindən aydınlaşdırılmamış və qiymət verilməmişdir. Halbuki məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır (Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayətiüzrə 13 iyul 2009-cu il tarixli Qərarı). Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımındanmühüməhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tamaraşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı vəaydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədərəsaslandırılmalıdır (Konstitusiya Məhkəməsinin Plenumunun “N.Hacıyevanın şikayəti üzrə 14 iyul 2020-ci il tarixli Qərarı). Birinci instansiya məhkəməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 mart 2023cü il tarixli qərara istinad etsə də, həmin qərarda əks etdirilən izahatın məhkəmə təhqiqatı zamanı digər sübutlarla birgə dəyərləndirilməklə təsdiq edilib-edilməməsinə heç bir hüquqi qiymət verməmiş, yuxarıda gəlinən nəticənin ədalətli məhkəmə araşdırmasının nəticəsi kimi qiymətləndirilməsindən ötrü aydınlaşdırılması üçün zəruri olan halları aydınlaşdırmamışdır. Halbuki məhkəmə yekun nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsi baxımından məhkəmə iclasında tədqiq edilmiş, biri digərini tamamlayan əsaslı şübhə yaratmayan sübuta istinad etməli idi. Çünki ədalətli məhkəmə araşdırması tələb edir ki, məhkəməşəxsin hüquqiməsuliyyəti iləəlaqədar məsələni daha dolğun və dəqiq həll etmək üçün vacib olan işin hallarını müəyyən etməyə borcludurlar və müəyyən olunmuş hallar barəsində sadəcə mülahizə əsasında qənaətə gəlməməlidir. Cavabdeh iddiaçının övladlıq vəzifəsini icra etmədiyi mərhum anasının tapşırığı əsasında onun mülkiyyətində olan mənzil sahəsini özgəninkiləşdirilməsini həyata keçirmiş, bunun nəticəsində əldə edilən vəsaiti onun özünə şəxsən vermişdir. Bu isə tapşırıq müqaviləsi üzrə götürülən cavabdeh tərəfindən icra edildiyini ehtiva edir. Tapşırıq müqaviləsi üzrə öhdəliyin icra edilməməsi iddia edildikdə isə iddia edən şəxs tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təqdim edilmiş sübutlar cavabdehin öhdəliyin icra edilməməsi qənaətinə gəlinməsi üçün yetərli olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlar üzrə səthi araşdırma aparmış, həmin sübutlar üzrə məsələnin mahiyyətini aydınlaşdırmaq, əks arqumentlər üzrə dəyələndimə aparmaq əvəzinə sübutlarla təsdiq edilməyən iddiaçının ifadəsini əsas götürərək, iddia tələbini təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

19. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2019-cu ilin aprel ayında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Xalidə xanım ona zəng edərək bildirmişdir ki, müharibə veteranı olan Ədilə Ağakişiyevanın hüquqlarının müdafiəsi ilə bağlı ona köməklik göstərilməlidir. O, razılaşdıqdan sonra Ədilə xanımın yaşadığı evə getmişdir. Həmin vaxt Ədilə xanıma patronaj təyin edilmiş Vəfa xanım da orada olmuşdur. Ədilə xanım ona demişdir ki, o vaxtlar övladı olmayıb, 60-cı illərdə bacısının nəvəsini övladlığa götürüb, İcra Hakimiyyəti bununla bağlı sərəncam verib, lakin sonradan uşağın anası qızını Ədilə xanıma övladlığa verməyib, özü saxlayıb, lakin sərəncam həmin vaxtdan etibarən qüvvədə qalıb. Həmçinin, bildirmişdir ki, övladlığa götürmək istədiyi şəxs – İradə xanım dəfələrlə onun adından Bakı şəhərində evlər və obyektlər alıb, lakin hazırda yaşadığı evdə də onu narahat edib, söyüb, döyüb, təhqir edib, evini əlindən almaq istəyib, ona görə də, xahiş etmişdir ki, bu məsələ ilə bağlı polis orqanlarına müraciət edilsin. Ona təqdim olunan 300 manat məbləğində xidmət haqqı müqabilində o, Ədilə xanıma hüquqlarının müdafiəsi bağlı köməklik göstərməyə başlamış, notariusa evə gəlmiş, Ədilə xanım tərəfindən bir sıra dövlət orqanlarında səlahiyyətlərinin icrası ilə bağlı ona etibarnamə verilmişdir. İlk işi, İddiaçı barəsində Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə şikayət ərizəsi yazmaqla bağlı olmuşdur. Belə ki, həmin ərizə Ədilə xanımın təhlükəsizliyinin təmin edilməsi və İradə xanımın məsuliyyətə cəlb edilməsi ilə bağlı olmuşdur. Həmin ərizə 21 may 2019-cu il tarixində yazılıb, ərizənin kserosurəti də hal-hazırda onda qalıb. Daha sonra, İradə xanım Polis Bölməsinə çağırılaraq, ondan izahatlar alınmış və ona Ədilə xanıma yaxınlaşıb, onu narahat etməməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. Daha sonra, o, Ədilə xanımın pensiya işləri ilə bağlı, həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsində aralarında olan məhkəmə mübahisələri - fəaliyyət qabiliyyətsiz hesab edilməsi, o cümlədən vərəsəlik işləri ilə bağlı sənədlərin toplanmasına köməklik göstərmişdir. Həmin vaxtlarda Ədilə xanım müharibə veteranı olduğu üçün ona Bakı şəhəri Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən mənzil verildiyini bildirmiş və həmin evin sənədləşdirilməsi ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. O, təxminən 1 ildən çox müddətə həmin evin sənədləşdirilməsi ilə məşğul olmuşdur. 2 aydan sonra artıq qış fəsli olduğu üçün və gedib-gəlməkdə çətinlik yarandığı üçün Vəfa xanım onu öz evinə aparmışdır. Həmin vaxtlarda Vəfa xanım Balaxanı qəsəbəsində yaşayırdı, Ədilə xanımı da həmin evə apararaq, orada yerləşdirərək, ona qulluq edirdi. Ədilə xanım ona zəng vurub demişdir ki, ona məxsus olan evi təcili sənədləşdirim ki, öldükdən sonra İradə xanıma qalmasın. Ədilə xanım istəyirdi ki, həmin ev Vəfa xanımın adına sənədləşdirilsin. Daha sonra, o, evin sənədləşmə işlərini həll etmiş, evin çıxarışını gətirib Ədilə xanımın özünə təqdim etmişdir. Ədilə xanım ona demişdir ki, evin Vəfa xanımın adına keçirilməsini istəyir, lakin evin birbaşa olaraq Vəfa xanımın adına keçirilməsi üçün hər hansı bir bağışlama müqaviləsi bağlamaq mümkün olmadığına görə evin satılması qərara alındı. Ona verilmiş etibarnaməyə əsasən alqı-satqı ilə bağlı səlahiyyətlər ötürülmədiyinə görə Ədilə xanım tərəfindən notariat ofisində Vəfa xanımın qızına etibarnamə verildi ki, alqı-satqı ilə bağlı səlahiyyətlər onun tərəfindən həyata keçirilsin. Həmin etibarnaməyə əsasən notariat ofisinə getdilər və onun da iştirakı ilə Fəridə xanımla Nailə xanım arasında alqı-satqı müqaviləsi bağlandı. Fəridə xanımla birlikdə pulu çıxarıb Vəfa xanıma təhvil vermiş, o da həmin pulu evə aparmışdır. 3-4 gün keçdikdən sonra Vəfa xanım ona zəng edib bildirmişdir ki, Ədilə xanım halallaşmaq istədiyi üçün onu çağırır. O, həmin vaxtdan 3-4 gün keçdikdən sonra ora getmiş, Ədilə xanım Vəfa xanımdan evin alqı-satqısından əldə olunan pulu gətirməsini istəmişdir. Vəfa xanım pulu tam şəkildə gətirmiş və Ədilə xanım həmin məbləğdən 3000 manat məbləğində pulu ayıraraq mükafat olaraq ona vermişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 325.3. Əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

23. Cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

25. Birinci instansiya məhkəməsi iddianın təmin olunması qənaətinə gəlməsinin əsası kimi ona istinad etmişdir ki, cavabdeh Əsədova (Həsənzadə) Fəridə Zaur qızı pulun mərhum Ədilə Ağakişiyevanın özünə sərf edilməsinə dair sübutları təqdim etməmiş, arqumentlərini inandırıcı dəlillərlə sübuta yetirməmişdir.

26. Konstitusiya Məhkəməsinin qərarlarında müqavilərlə bağlı mübahisələr üzrə hüquqi mövqe olaraq dəfələrlə vurğulanmışdır ki, iradə ifadəsi ilə bağlı nəticəyə gəlinərkən iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Hazırkı mübahisənin mahiyyətini hər hansı bir müqavilə təşkil etməsə də, məhkəmə evin alqı – satqsınndan əldə olunmuş pul vəsaiti üzərində mərhumun iradə ifadəsinin formalaşmasına təsir edən amillərin araşdırılmasını zəruri hesab edir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, qətnamədə iddiaçının mərhumun birinci dərəcəli vərəsəsi olaraq evin alqı – satqısından əldə olunan pul vəsaitini tələb etmək hüququnun olmasına istinad edilsə də, nəzərə alınmamışdır ki, Ədilə Ağakişiyeva tərəfindən Fəridə Həsənzadəyə bütün əmlakına dair bütün səlahiyyətləri verməsinə dair 29 iyun 2020-ci il tarixdə etibarnamə verilmiş, alqı – satqı müqaviləsi 03 iyul 2020-ci il tarixdə bağlanmış, müqavilə bağlandıqdan sonra 5 ay 4 gün sonra isə Ədilə Ağakişiyeva vəfat etmişdir. X22 vəfat etməsi müqavilənin bağlanmasından, pulun depozit hesabından çıxarılmasından dərhal sonra baş versə idi, bu zaman həmin pul vəsaitinin miras kütləsi olaraq məhz onun vərəsəsinə verilməli olduğu qənaətinə gəlmək olardı. Lakin işin halları ilə də təsdiq olunur ki, müqavilənin bağlandığı tarixdən Ədilə Ağakişiyevanın vəfat etdiyi günə qədər sonuncunun həmin pul vəsaiti üzərində sərəncam vermək hüququ olmuş və o, bu hüququnu həyata keçirmişdir.

28. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsindən də görünür ki, evin sənədləşdirilməsində köməklik göstərdiyinə görə mərhum onu evinə çağırmış, patronajı Vəfa xanımdan evin alqı-satqısından əldə olunan pulu gətirməsini istəmiş, pul tam şəkildə gətirilmiş və Ədilə Ağakişiyeva həmin məbləğdən 3000 manat məbləğində pulu ayıraraq mükafat olaraq ona vermişdir. Bu halın özü də onu təsdiq edir ki, Ədilə Ağakişiyeva vəfat edən günə kimi həmin pul vəsaiti üzərində sərəncam vermək iqtidarında olmuşdur. Yəni, həmin pul vəsaitinin bir hissəsi mərhum tərəfindən Şahid verildiyi kimi digər şəxslərə, o cümlədən patronajı Vəfa Həsənovaya, sonuncunun ailə üzvlərinə və digər şəxslərə də verilə bilərdi. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, alqı – satqı müqaviləsindən əldə olunan pulun mərhum Ədilə Ağakişiyevanın özünə sərf olunmasını sübut etmək vəzifəsinin cavabdeh Əsədova (Həsənzadə) Fəridə Zaur qızının üzərində olması və bu əsaslan iddianın təmin olunması qənatinə gəlinməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı hesab edilə bilməz.

29. Həmçinin, qeyd olunmalıdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə Ədilə Ağakişiyevanın fəaliyyət qabiliyyətli olduğu müəyyən edilmiş, həmin işə baxılarkən keçirilən ekspertiza zamanı o, övladlığa götürdüyü qızının ona biganə münasibət göstərməsindən gileylənməklə ona başqalarının qulluq etdiyini demiş, bundan əvvəl isə iddiaçının ləyaqətsiz vərəsə sayılmalı olduğu ilə bağlı iddia qaldırmışdır. Bu xüsusatlar belə qənaətə gəlməyə imkan verir ki, mərhumun iddiaçı ilə münasibətləri normal olmamış və o, özünün sərbəst iradəsi ilə əmlakı üzərində sərəncam verməyi məhz ona qulluq göstərilən şəxsə, həmin şəxsin ailə üzvlərinə həvalə etmişdir. Bir hala da diqqət yetirmək zəruridir ki, X14 Həsənzadəyə verdiyi etibarnamədə digər səlahiyyətlərlə yanaşı, əqdlər bağlamaq, bu əqdlər üzrə haqq – hesab aparmaq, əmlakı, pulu almaq, bank hesabları üzərində sərəncam vermək səlahiyyətləri də nəzərdə tutulmuşdur.

30. İddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehin ailə üzvləri onun anası ilə əlaqə yaradılmasına hər bir vasitə ilə mane olmağa çalışmış, 2019-cu ildə iddiaçı Ukrayna Respublikasında olmuş, sonra isə pandemiya ilə əlaqədar Bakıya qayıda bilməmiş, ev alqı – satqı olunmuş, anasının ölümü ilə bağlı ona sonradan məlumat verilmişdir. Məhkəmə bu xüsusatları inandırıcı hesab etmir. Belə ki, iddiaçı anasının digər şəxslərin himayəsində olması barədə uzun illər məlumatlı olsa da, həmin şəxslərin hər hansı bir qanunsuz hərəkəti, anası ilə ünsiyyətə maneələr yaradılması ilə bağlı məhkəməyə və digər orqana müraciət etməmişdir. Yəni, iddiaçı anasının ölümündən sonra məhkəmələrdə müxtəlif məzmunlu iddialar qaldırdığı kimi, qeyd olunan məsələlərlə bağlı hər hansı bir tələb irəli sürməmiş, məhz evin satıldığını və anasının vəfat etdiyini bildikdən sonra həmin evin, evin satışından əldə olunan pul vəsaitinin alınması üçün iddialar qaldırmışdır.

31. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(005)- 3095/2023 nömrəli qətnaməsindən cavabdeh X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(005)- 3095/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh X15 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar