Məhkəmə qərarları › İş №2(103)-2964/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2964/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2964/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 ASC, Sumqayıt şəhər 3 saylı Notariat ofisi və Sumqayıt şəhər 1 saylı notariat ofisinə qarşı (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı2 vəkili və nümayəndəsi X5, Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 ASC, Sumqayıt şəhər 3 saylı Notariat ofisi və Sumqayıt şəhər 1 saylı notariat ofisinə qarşı icra qeydlərinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-302/2023 nömrəli qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh2 ASC ilə borcalan X6, zaminlər İddiaçı2 və X7 arasında xx.xx.2014-cü il tarixində kredit sazişi bağlanmışdır. Həmin sazişə əsasən borcalana 48 ay müddətinə, illik 26% olmaqla 14.900 ABŞ dolları məbləğində kredit verilmiş və borcalanın kredit öhdəliyi zaminliklə təmin edilmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-7768/2015 saylı qətnaməsi ilə kredit borcunun və ona hesablanmış faizlərin X1 tutulması qət edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilmiş, cavabdeh öldüyündən mülki iş üzrə icraata xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 ASC-yə qarşı (Sumqayıt şəhər 1 saylı Notariat ofisi və Sumqayıt şəhər 3 saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat ofisində 8i-1183 nömrəli, xx.xx.2022-ci il tarixli və Sumqayıt şəhər 3 saylı Notariat ofisində 8İ-11111 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydlərinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 1 saylı Notariat ofisində 8i-1183 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə İddiaçı1, Sumqayıt şəhər 3 saylı Notariat ofisində 8İ-111111 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə İddiaçı2 cəmi 15.183,93 ABŞ dolları məbləğində borc pulun, 106,97 ABŞ dolları məbləğində cərimə və 25 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar Cavabdeh2 ASC-nin hesabına tutulması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə icra qeydinin surətini almışlar. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(105)-576/2016 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 ASC-nin cavabdeh (əsas borclu) X3 qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Əsas borclu X6 və Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsas borclunun öhdəlikləri üzrə xitam verilmiş, zaminliklə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün nəzərdə tutulan 1 illik iddia müddəti Cavabdeh2 ASC tərəfindən ötürülmüşdür. Buna görə də göstərilən icra qeydləri ilə razı deyillər

6. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsinə uyğun olaraq, Sumqayıt şəhər 1 saylı Notariat ofisi və Sumqayıt şəhər 3 saylı Notariat ofisi cavabdehlər qismində cəlb edilmişlər.

7. Cavabdeh2 ASC iddiaya etiraz verərək göstərmişdir ki, icra qeydinin ləğvi banka qarşı kredit müqaviləsinin və ya kredit borcunun mübahisələndirilməsi ilə bağlı iddia tələbləri ilə əlaqədar və həmin tələblərlə birlikdə mümkün ola bilər. Yəni, borclu hesab edirsə ki, onunla bank arasında bağlanmış kredit müqaviləsi etibarsız sayılmalı və ya ləğv edilməli, yaxud müqavilə düzgün olsa da, borc artıq hesablanmış və sair, onda icra qeydinin ləğvini tələb etməkdə haqlı ola bilər. İddiaçı real tələbini müəyyən edib banka qarşı iddia verməlidir. Göründüyü kimi, bu kimi tələblər sırf banka qarşı olub notariusa və onun icra qeydinə aidiyyatı yoxdur. Əgər onun maddi hüquqi tələbi təmin edilərsə, onda nəticə etibarı ilə icra qeydi də ləğv edilə bilər. Lakin borclu banka qarşı maddi hüquqi tələb irəli sürmədən sadəcə notarius tərəfindən icra qeydinin aparılması zamanı hüquqi texniki şərtlərin pozulmasını əsas gətirirsə, həmin əsaslarla icra qeydi ləğv edilə bilməz. Həmçinin, zaminlərə qarşı tələb irəli sürülməsi üçün müddət otürülməmişdir. Cavabdeh2 ASC ilə cavabdehlər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit sazişinin ayrılmaz tərkib hissəsi sayılan Cavabdeh2 ASC-nin xx.xx.2014-cü il tarixli Müştərilərinin Kreditləşmə və Xidmət Şərtlərinin 9-cu maddəsinə əsasən “Xidmət Şərtlər”i tərəflər arasında gələcəkdə bağlanacaq kredit sazişlərinin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. “Xidmət Şərtlər”i istehlak kredit sahəsində tərəflər arasında gələcəkdə bağlanacaq kredit sazişləri üzrə tətbiq ediləcəyindən qeyri-müəyyən müddətdə qüvvədədir. Həmin “Şərtlər”in 9.3-cü bəndinə əsasən kredit sazişləri tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. Bankın borclulara qarşı tələb irəli sürməsi əsaslı və qanunidir. Kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmişdir.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 302/2023 nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddia qismən təmin edilmiş, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin 8i-1183 nömrəli, xx.xx.2022-ci il tarixli və Sumqayıt şəhər 3 saylı Notariat ofisinin 8İ-111111 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydlərinin ləğv edilməsi, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlər Sumqayıt şəhər 1 saylı Notariat ofisi, Sumqayıt şəhər 3 saylı Notariat ofisi və Cavabdeh2 ASC-dən müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu və iddia müddətlərinin keçmədiyi müəyyən edilərsə aparılır. Notariat ofisi isə qanunvericiliyin müvafiq tələblərinə əməl etmədən tələbin yönəldilməsi üçün müddətin keçib-keçmədiyini araşdırmadan icra qeydləri vermişdir.

10. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə icra qeydlərinin Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda verilməsi imkanı müəyyən edilsə də, kəsici müddətlərin nəzərə alınmaması hüquqlardan sui-istifadə ilə yanaşı, oxşar vəziyyətdə olan şəxslər barəsində fərqli münasibətə səbəb ola bilər. Belə ki, hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə hüquqlardan qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə istifadə edilməsini ehtiva edir. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk öncə şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır.

11. Məhkəmə iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyini əsas gətirərək həm kəsici, həm iddia müddətlərinin şəxsin subyektiv hüquqlarının həyata keçirilməsinə mane olan müddətlər kimi çıxış etdiyi qeyd etmişdir.

12. Məhkəmə iddianın “işə mahiyyəti üzrə baxılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin tələb icra qeydinin ləğvindən ibarət olduğundan icra qeydi verilərkən qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsi məsələsi mahiyyəti üzrə araşdırılmışdır və digər məsələlərlə əlaqədar yeni iddia ərizəsi vermək yolu ilə məhkəmədə iş başlana bilər. Məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qeyri-müəyyən olduğundan təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 472.2, 477.0.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə xx.xx.2020-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən Cavabdeh2 ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu öhdəliklərini yerinə yetirmədiyi üçün banka borcu yaranmışdır. Belə olan halda öhdəliklər tam icra edilənədək zaminlik müqaviləsi qüvvədədir. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit sazişinin ayrılmaz tərkib hissəsi sayılan Cavabdeh2 ASC-nin xx.xx.2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtlərinin 9-cu maddəsinə əsasən “Xidmət Şərtlər”i tərəflər arasında gələcəkdə bağlanacaq kredit sazişlərinin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. Müştəri bu şərtləri imzalamaqla onlarla tanış olduğunu və gələcəkdə bağlanacaq kredit sazişləri üzrə də onun hüquq və vəzifələrinin bu “şərtlər”lə müəyyən edildiyini qəbul edir. Həmin “şərtlər”in 9.3-cü bəndinə əsasən kredit sazişləri tərəflərin imzaları ilə təsdiq edildiyi andan qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. Beləliklə də, bankın borclulara qarşı tələb irəli sürməsi əsaslı və qanunidir. Zaminliklə bağlı qanunvericilikdə nəzərdə tutulmuş heç bir müddət ötürülməmişdir. İş materiallarında olan bank tərəfindən təqdim edilmiş sənədlərdən də göründüyü kimi, icra qeydi “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə uyğun olaraq çıxarılmış, lazımi sənədlər vaxtında və dəqiqliklə göndərilmişdir. Hazırki iş üzrə zaminliyə xitam verilməsi əsası ilə iddia tələbinin təmin edilməsi qanusuzdur. Eyni zamanda, hazırki iş üzrə iddia müddətinin tədbiq edilməsi barədə ərizə də təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçılar iddia ərizəsində icra qeydlərinin ləğv edilməsinə səbəb ola biləcək heç bir əsas göstərməmişlər. İddiaçının mübahisələndirdiyi məqam borcun məbləğidir. Borc və borcun məbləği ayrı-ayrı anlayışdardır. Borcun olmasını iddiaçı öz iddia ərizəsi ilə artıq etiraf etmişdir. Bundan başqa, iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəni xx.xx.2022-ci il tarixli məhkəmə iclasında təqdim etmişdir. Sumqayıt şəhəri 3 və 1 saylı notariat ofisləri cavabdeh olaraq prosesə cəlb edilmişdir. Halbuki, belə ərizə məhkəmə baxış iclasına qədər verilməlidir. Məhkəmə həmin ərizəni qəbul etməklə prosessual hüquq normalarını pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı2 vəkili və nümayəndəsi apellyasiya şikayətinə dair etiraz göndərərək göstərmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 161-ci hissəsinə görə borclunun olduğu yer üzrə natarius borcludan pul məbləğlərini tutmaq üçün “Notariat haqqında” qanunun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə borcu müəyyən edən sənədlərlə 1 iş günü müddətində icra qeydi aparır və icra olunması üçün elektron notariat informasiya sistemi vasitəsi ilə elektron icra informasiya sisteminə göndərir. Həmin Təlimatın 162-ci hissəsinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: Əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; Tələb etmək hüququnun yardığı gündən Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçməmişdirsə. Hazırki iş materiallarından da görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti bitdikdən 6 il sonra, xx.xx.2022-ci il tarixdə icra qeydləri verilmişdir. Halbuki, mövcud qanunvericilik aktlarında icra qeydinin iddia müddətləri keçəndən sonra verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsi hallan müəyyən edilmişdir.Həmin məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqavilsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Ona görə də, Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək etirazda göstərilənlərə uyğun izahat verdi və şikayətin təmin edilməməsini xahiş etdi.

19. Digər cavabdehlər məhkəməyə məktub göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər.

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı1 ya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Maddə 367.3. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir.

22. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Maddə 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Cavabdeh2 ASC apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan müəyyən olunur ki, cavabdeh qətnamənin iddianın təmin olunan hissəsini mübahisələndirir. Odur ki, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına tərəflər arasında kredit sazişi xx.xx.2014-cü il tarixində 48 ay müddətinə bağlanmış, Sumqayıt şəhər 1 saylı və Sumqayıt şəhər 3 saylı Notariat Ofisləri kredit borcunun zaminlərdən tutulması barədə icra qeydlərini xx.xx.2022-ci il tarixində vermişlər.

29. Göründüyü kimi, mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətinin axımı xx.xx.2018-ci il tarixində başlamış, lakin icra qeydləri həmin müddət keçdikdən sonra verilmiş, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin, icra qeydi verilərkən borclu tərəfindən iddia müddətinin tədbiqi barədə ərizənin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin istinad etdiyi Cavabdeh2 ASC-nin xx.xx.2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtlərində və tərəflər arasında bağlanmış kredit sazişində zaminliyin verilmə müddəti (təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan hadisə) göstərilməmişdir.

31. “Kredit sazişləri tərəflərin imzaları ilə təsdiq edildiyi andan qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür” şərti “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz.

32. Çünki mülki qanunvericilikdə əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər.

33. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı xx.xx.2018-ci il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürməmişdir.

34. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən artıq zaminliyə də xitam verilmişdir və belə olan halda da icra qeydinin verilməsi mülki qanunvericiliyin tələblərinə ziddir.

35. Başqa cavabdehlərin məhkəmə baxışı zamanı cəlb edilməsinə mülkiprosessual qanunvericiliyin tələblərinə əsasən yol verildiyindən məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 ASC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 302/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar