Məhkəmə qərarları › İş №2(103)-2964/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2964/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2964/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçınun Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi, iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-292/2023 nömrəli qətnaməsindən cavabdehin apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və Bakı şəhəri, 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh 600.000 ABŞ dolları məbləğində pulu notarius tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən borc vermişdir. “Borc alan” Cavabdeh krediti xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. Kredit müqaviləsində Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış qeyddən görünür ki, o, İddiaçı aldığı 600.000 ABŞ dolları məbləğində pulu xx.xx.2016-cı il tarixdə qaytarmamışdır və yaxın zamanlarda qaytarmağa söz verir.

3. Pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 600.000 ABŞ dolları məbləğdə pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla və ödənilmiş 1.300 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri, 14 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən onun tərəfindən borc alan cavabdehə 600.000 ABŞ dollarını xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə borc kimi vermişdir. Borc məbləği qaytarılmadığından xx.xx.2020-ci il tarixdə kredit müqaviləsinin arxa səhifəsində cavabdeh tərəfindən qeyd yazılaraq borc məbləğinin yaxın zamanda qaytarılacağı bildirilmişdir. Lakin hal-hazıra kimi heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehin ünvanına pretenziya göndərilsə də, məktub geri qayıtmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göründüyü kimi, cavabdeh onun pul vəsaitini vaxtında qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar o, əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Belə ki, həmin vəsait sahibkarlıq fəaliyyəti ilə müqayisə etmədən belə passiv gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının banklarından birinə depozit olaraq qoyulsaydı, bu müddət ərzində bankların müəyyən etdiyi faiz dərəcəsi ilə müəyyən məbləğdə gəlir əldə edə bilərdi. O cümlədən o, həmin pul vəsaiti ilə müəyyən sahibkarlıq fəaliyyəti həyata keçirsəydi gəlir əldə edə bilərdi.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 292/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia təmin edilmiş, cavabdehdən 600.000 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə 600.000 ABŞ dolları məbləğdə pulun müqavilədə göstərilən müddət ərzində iddiaçıya qaytarılması öhdəliyini üzərinə götürsə də, bu öhdəliyi icra etmədiyindən, irəli sürülmüş iddia tələbi əsaslıdır və təmin edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,442, 739.1, 740-cı maddələrinə istinad etməklə əsaslandırmışdır..

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(001)-450/2019 saylı qərarına əsasən, cavabdeh barəsində 31 may 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, həmin tarixdən o, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmış, hazırda isə Qaradağ rayonunda 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Birinci instansiya məhkəməsində cavabdehin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılması barədə məlumat olsa da, işin hərtərəfli və obyektiv araşdırılması üçün o iddia ilə, mülki iş materialları ilə tanış edilməmiş, ona hüquq və vəzifələri izah olunmamış, iddiaya qarşı etirazını verməyə, sübutlar, ərizələr, vəsatətlər təqdim etməyə şərait yaradılmamış, bununla da onun müdafiə hüququ pozulmuş və nəticədə iş üzrə qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsini iddiaçının təqdim etdiyi xx.xx.2016-cı il tarixli kredit müqaviləsi ilə əsaslandırmışdır. Həmin müqaviləyə görə “borc verən” iddiaçı “borc alan” cavabdehə 600.000 ABŞ dolları məbləğdə pulu borc vermişdir, “Borc alan” cavabdeh isə krediti xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilə etibarsız hesab edilməlidir. Belə ki, həmin müqavilə digər əqdi pərdələmək, digər öhdəlik üzrə təminat qismində imzalanmışdır. Əslində isə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi imzalanan zaman iddiaçı tərəfindən heç bir pul vəsaiti cavabdehə verilməmişdir. Həmin müqavilə cavabdehlə iddiaçının bacısı X1 ilə cavabdehin direktoru olduğu “MARS-M” firması arasında bağlanmış xx.xx.2012-ci il tarixli investisiya müqaviləsini pərdələmək məqsədi ilə, həmin müqavilənin təminatı kimi bağlanmışdır. Cavabdeh müqaviləni Leylan İbrahimovanın əri Mübariz İbrahimovun təkidi ilə bağlamışdır. Belə ki, Mübariz İbrahimov “MARS-M” firmasına 2012-ci ildə 650.000 ABŞ dollar məbləğində, yəni həmin dövrün məzənnəsi ilə 500.000 manatlıq mal-material vermiş, nağd pul verməmiş, həmin məbləğdə ona tikinti üçün material vermişdir. 2015-ci ildə cavabdeh həmin puldan 350.000 dollarını qaytarmışdır. Həmin mallar da məhz iddiaçının bacısı və eyni zamanda Mübariz İbrahimovun arvadı Leylan İbrahimova ilə cavabdehin direktoru olduğu “MARS-M” firması arasında bağlanmış xx.xx.2012-ci il tarixli investisiya müqaviləsi əsasında verilmişdir. Bu hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-206/2021 saylı hökmü ilə müəyyən edilmişdir. Hazırda isə Leylan İbrahimova ilə bağlanmış xx.xx.2012-ci il tarixli investisiya müqaviləsi üzrə iddiaçı cavabdehə qarşı tələblər irəli sürmüşdür. Halbuki, bu tələbi irəli sürməyə onun subyektiv hüququ yoxdur. Bundan başqa, kredit müqaviləsi real müqavilədir. Bu zaman borc verən borcalana pul vəsaitini verməlidir. Lakin xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanan zaman iddiaçı məhkəməyə cavabdehə 600.000 ABŞ dolları verməsini təsdiq edən sənəd, qəbz, bank sənədi təqdim etməmişdir. Bu da xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin yalan, etibarsız əqd olduğunu göstərir. Bundan başqa, birinci instansiya məhkəməsi qətnaməni kredit müqaviləsində cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış qeyd və həmin qeyddə onun aldığı 600.000 ABŞ dollarını yaxın zamanlarda qaytarmağa söz verməsi ilə əsaslandırmışdır. Həmin qeydi cavabdeh Bakı İstintaq Təcridxanasında olarkən iddiaçının və Mübariz İbrahimovun qanunsuz təhdidi ilə yazmışdır. Buna görə də, belə qeydin özü etibarsızdır. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi xx.xx.2016-cı il tarixdə imzalanmışdır. Lakin həmin tarixdən sonra iddiaçı guya borc verdiyi pulu geri istəməmiş, yalnız 2023-cü ildə məhkəmədə iddia qaldırmışdır. Bu da, bir tərəfdən əslində iddiaçının cavabdehə pul vermədiyini sübut edir, digər tərəfdən isə həmin müqavilə üzrə, hətta etibarlı sayılsa belə, iddia müddətinin ötdüyünü göstərir.

11. Cavabdehin vəkili xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətinə əlavə təqdim edərək, iddianın əsasını təşkil edən xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin MM-in 390.1-ci maddəsi baxımından uydurma əqd olduğundan, tərəflər əslində MARS-M firması ilə X2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin MARS-M firmasının təsisçisi Cavabdeh müqavilə öhdəlikləri üzrə tələb hüquqlarını güzəşti nəzərdə tutduğundan həmin münasibətlərə hüquqi qiymət verilərək etibarsız hesab edilməsi, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(009)-292/2023 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı Museyb oğlunun iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xaihş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsində Cavabdeh məhkəmə iclas zalında iştirak etməsə belə məhkəmədə qaldırılmış iddiadan məlumatlı olmuşdur. Belə ki, məhkəmə tərəfindən cəzaçəkmə müəssisəsinə iddia ərizəsi göndərilmiş, eyni zamanda cavabdehin qardaşı məhkəmə iclası zamanı iştirak edərək sənədlərin sürətlərini götürərək cavabdehə təqdim etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işin nömrəsinə istinad etmişdir. Yəni, cavabdehin iştirakının təmin edilməməsi və ya iştirak etməməsi onu ərizə vermək hüququndan məhrum etməmişdir. Cavabdeh bu hüquqdan istifadə etməmişdir. Bu halda apellyasiya şikayətində həmin iddia müddətinə istinad edilməsi əsassızdır. Cavabdehin qardaşı ilk iclasda nümayəndə olmuş, sonradan onun nümayəndə səlahiyyətlərinə xitam verilmiş, apellyasiya məhkəməsində yenidən həmin etibarnamə ilə nümayəndəliyi davam etdirmişdir. Bütün bu sadalananlar onu deməyə əsas verir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsi birinci instansiya məhkəməsində mümkün olduğu halda verməmişdir. Digər tərəfdən, etibarsız əqdlərlə bağlı qanunvericilikdə kəsici müddət mövcuddur. Həmin müddətin keçməsi məhkəmə tərəfindən müddətin tətbiqi üçün əsasdır. Hazırkı kredit müqaviləsi üzrə cavabdeh 12.02. 2020-ci il tarixdə öz xətti və imzası ilə qeyd apararaq möhlət istəmişdir. Bundan sonra 3 illik iddia müddəti yenidən başlanmış və müddət bitməmiş məhkəmədə iddia qaldırılmışdır. Məhz məhkəmədə 2023-cü ildə iddia qaldırılmasının səbəbi cavabdehin möhlət istəməsi olmuşdur.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3380/2023 nömrəli qətnaməsi ilə (hakimlər-F.H.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyev və P.A.Hüseynovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinin icraatına daxil olmuş, icraata götürüldükdən sonra cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsi, 49 saylı evin 02 saylı mənzilinə göndərilmiş, poçt - rabitə orqanı tərəfindən “ünvan düzgün deyil” qeydi aparılaraq məhkəməyə qaytarılmışdır. xx.xx.2023cü il tarixdə məhkəmənin hazırlıq iclası keçirilərək məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Bundan sonra cavabdeh məhkəməyə Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi barədə arayışı və həmin müəssisənin rəhbərliyi tərəfindən təsdiq olunmuş, Cavabdeh tərəfindən Nümayəndə adına verilmiş etibarnamə təqdim olunmuşdur. Həmçinin, iddia ərizəsinin surəti də cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasının keçirildiyi gün, yəni xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia ərizəsinin surəti və məhkəmə bildirişi 13 fevral 2023-cü il tarixdə cavabdehin cəza çəkdiyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Bundan sonra, cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçının ərizəsi barədə qardaşı Nümayəndə vasitəsilə telefonla məlumatlandırıldığını, sonuncunun bu münasibətlərdən xəbərsiz olduğunu, bu mübahisə ilə bağlı hər hansı səlahiyyət vermədiyini, iddia ərizəsinin onun saxlanıldığı cəzaçəkmə müəssisəsinə göndərilməsini tələb etdiyini, iddia ərizəsini rəsmi qaydada aldıqdan sonra etirazlarını məhkəməyə təqdim edəcəyini bildirmişdir. Eyni zamanda, Nümayəndə da xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cəzaçəkmə müəssisəsində saxlanılan cavabdehlə telefon əlaqəsi saxlayan zaman sonuncunun ona hər hansı bir səlahiyyət vermədiyini bildirmiş və iddia ərizəsinin surətini, əlavə olunmuş sənədləri və məhkəmə iclasında iştirak etmək üçün bildirişi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixdə nə cavabdehin, nə də onun nümayəndəsinin ərizələrinə hər hansı münasibət bildirilmədən işə xx.xx.2023-cü il tarixdə mahiyyəti üzrə baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmışdır. Halbuki, birinci instansiya məhkəməsi cavabdehin və onun nümayəndəsinin ərizələrini nəzərə alaraq MPM-nin 9.2-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasında iştirak etmək hüququnu təmin etməli, həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən iddia ərizəsi ilə birlikdə əlavə olunmuş sənədlərin surətinin də cavabdehə çatdırılmasını təmin etməli idi. Lakin qeyd olunan prosessual hüquqların təmin olunmaması nəticəsində cavabdeh özünün müdafiəsini təşkil etmək hüququndan məhrum olmuşdur.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində iş araşdırılarkən tərəflər arasında olan fikir ayrılığı ondan ibarət olmuşdur ki, iddia müddətini tətbiqi barədə ərizə birinci instansiya məhkəməsində verilməli olduğu halda apellyasiya mərhələsində verilmişdir və buna görə də iddia müddəti tətbiq oluna bilməz. Yuxarıda göstərildiyi kimi birinci instansiya məhkəməsi cavabdehin və nümayəndəsinin məhkəmə bildirişinin və əlavə olunmuş sənədlərin göndərilməsi barədə xahişi olsa da, bu prosessual hərəkətlərin edilməməsi mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri olan çəkişmə prinsipinin pozulması ilə nəticələnmiş və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsində verə bilməmişdir. Qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həmin ərizəyə bu mərhələdə araşdırılaraq hüquqi qiymət verilməlidir.

17. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, işdə olan mötəbər sübutların məcmusu ilə müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud olmuşdur. Belə ki, kredit müqaviləsi tərəflər arasında bağlanmışdır. Cavabdeh apellyasiya şikayətində hazırkı iddianın faktiki əsasını təşkil edən xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin etibarsızlığına, iddiaçının bacısı ilə cavabdehin direktoru olduğu “Mars-M” firması arasında bağlanmış xx.xx.2012-ci il tarixli investisiya müqaviləsini pərdələmək məqsədi ilə bağlandığına istinad etmişdir. Cavabdeh müqavilənin etibarsızlığını irəli sürsə də bu dəlilini təsdiq edən hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Belə ki, cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin xx.xx.2012-ci il tarixli investisiya müqaviləsini pərdələmək məqsədi ilə bağlandığını irəli sürür.

18. Lakin iş üzrə sadalanan hallarla bağlı hər hansı dəlil mövcud deyil. Əksinə, cavabdehin pərdələndiyini iddia etdiyi əqd, hazırkı əqddən 5 il qabaq, yəni xx.xx.2012-ci il tarixdə bağlanmışdır ki, bu da həmin əqdin 5 il sonra pərdələnməsinin ağlabatan olmamasını deməyə əsas verir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən kredit müqaviləsində cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış qeyddə o, iddiaçıdan aldığı 600.000 ABŞ dollarını xx.xx.2016-cı il tarixdə qaytarmadığını və yaxın zamanlarda qaytarmağa söz verdiyini bildirir. Cavabdeh bu qeydin də məcburiyyət altında yazıldığını qeyd etsə də, işin bu halı da sübut olunmur. Cavabdeh əqd bağlandıqdan sonra uzun müddət keçsə də həmin əqdi mübahisələndirməmiş, müqavilənin üzərində borcu qaytaracağı barədə qeyd aparmaqla mübahisə etmək hüququnu itirmişdir. Buna görə də məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir.

20. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən, iddia müddəti cavabdehin məhkəmə qərarı çıxarılana kimi verdiyi ərizə əsasında tətbiq oluna bilsə də, hazırkı iş üzrə cavabdehin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən, hazırkı ərizənin apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul edilməsi MPM-in 372.2-ci maddəsinin tələbi baxımından yolveriləndir. Qeyd olunan müqavilədən görünür ki, icra müddəti xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. İddiaçıya münasibətdə bu tarix öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün olmaqla, iddia müddətinin axımı da həmin tarixdə başlamış, müqavilədən irəli gələn tələblərə münasibətdə 3 illik iddia müddəti isə xx.xx.2019-cu il tarixdə bitmiş, iddiaçı isə hazırkı tələblə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, hazırkı tələb üzrə 3 illik iddia müddəti ötürülmüşdür.

21. Məhkəmə kollegiyası iddiaçı tərəfin kredit müqaviləsinə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə yazılmış etirafedici qeyd ilə iddia müddətinin kəsildiyi barədə dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, Mülki Məcəllənin iddia müddətini tənzimləyən normalarının müqayisəli təhlilindən görünür ki, qanunvericilikdə iddia müddətinin axımının başlama və bitmə anları dəqiq müəyyən edilmişdir. Müqavilə tələbləri üzrə iddia müddətinin axımının başlanması anı öhdəliklərin icrası müddətinin bitməsi, qurtarma anı isə həmin vaxtdan 3 il müəyyən olunmuşdur.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 380-cı maddəsində qeyd olunan “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir” müddəası onu göstərir ki, şəxsin borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi yalnız iddia müddəti daxilində baş verdikdə həmin müddətin axımının kəsilməsinə səbəb olur. Çünki müddət bitdikdən sonra həmin müddətin axımının kəsilməsi mümkün deyildir və məntiqə ziddir. Mülki Məcəllənin 383-cü maddəsinin adı (iddia müddəti bitdikdən sonra vəzifənin icrası) isə bu mübahisənin həllini bir daha konkretləşdirir, yəni, həmin maddədə iddia müddətinin keçdikdən sonra vəzifənin icrasının hüquqi nəticəsi əks olunur, həmin hüquqi nəticə isə yalnız borclunun iddia müddəti keçdikdən sonra borcu ödəmişsə icra etdiyini geri tələb edə bilməməsindən ibarətdir.

23. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur və qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd olunmalıdır.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 340.2, 372.1, 377.1, 380.1, 380.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir..

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-546/2024 tarixli qərarı ilə (hakim Ə.A.Əhmədovun məruzəsi ilə, hakimlər V.T.Həsənov və İ.Ə.Şəfiyevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(103)- 3380/2023 saylı qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.

27. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə, cavabdehin birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştirakı təmin edilmədiyinə görə, onun iddia müddətinin tətbiqi barədə ərizəsinin apellyasiya icraatı mərhələsində sübut kimi qəbul edilməsinin MPM-in 372.2-ci maddəsinin tələbi baxımından yolverilən olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.

28. Əvvəla, işdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan qardaşı Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edib və cavabdehin səlahiyyətli nümayəndəsi kimi tanınıb. Həmin məhkəmə iclasında məhkəmə bildirişinin və iddia ərizəsinin surəti rəsmi qaydada imza etdirilməklə cavabdehin nümayəndəsi Nümayəndə təqdim edilib və sonuncunun vəsatətinə əsasən iddia ərizəsi ilə tanış olmaq və sənədlərin surətini cavabdehə təqdim etmək üçün işə məhkəmə iclasında baxılması xx.xx.2023-cü il tarixə təxirə salınıb və bu barədə cavabdehə məhkəmə iclasının və vaxtı və yeri haqqında xx.xx.2023-cü il tarixli məhkəmə bildirişi göndərilib.

29. Digər tərəfdən, kassasiya şikayətinin dəlillərindən və işdən görünür ki, cavabdehə ünvanlanmış qeyd olunan məhkəmə bildirişi cavabdehin cəza çəkdiyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə daxil olub və cavabdeh həmin məhkəmə bildirişi ilə tanış olub. Bundan sonra, xx.xx.2023-cü il tarixdə cavabdeh, mülki işin nömrəsinə istinad etməklə məhkəməyə yazılı ərizə ünvanlayıb və ərizəsində məhkəmənin icraatında olan e-2-2(009)-292/2023 saylı mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin daxil olduğunu, bu iş üzrə qardaşı Nümayəndə onu telefon vasitəsi ilə məlumatlandırdığını, sonuncunu səlahiyyətli nümayəndə kimi tanımadığını bildirib və iddia ərizəsinin surətinin onun cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsinə rəsmi qaydada təqdim olunmasını tələb edib və bundan sonra iddia ərizəsinə qarşı etirazını məhkəməyə təqdim ediləcəyini bildirib.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallar üzrə lazımi araşdırma aparmayıb, cavabdehin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclası barədə məlumatlı olub-olmadığını tam, hərtərəfli və obyektiv araşdımayıb, habelə cavabdehin ilk gündən məhkəmədə ona qarşı irəli sürülmüş iddia tələbinin mahiyyəti barədə məlumatlı olduğunu, onu məhkəmə iclasında təmsil etmək üçün xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsi tərəfindən təsdiq edilməklə qardaşı Nümayəndə adına xx.xx.2024-cü il tarixli etibarnamə verməsini, xx.xx.2023-cü il tarixli ərizəsində sonuncunu səlahiyyətli nümayəndə kimi tanımadığını qeyd etsə də, ötən müddət ərzində həmin etibarnaməni ləğv etməməsini, əksinə Nümayəndə məhz həmin etibarnaməyə əsasən cavabdehi məhkəmə iclasında təmsil etmək, məhkəmə aktından şikayət vermək üçün Vəkil2 adına notarial qaydada təsdiq edilməklə xx.xx.2024-cü il tarixədək qüvvədə olan xx.xx.2023-cü il tarixli etibarnamə verməsini, başqa sözlə, eyni etibarnamə əsasında Nümayəndə apellyasiya instansiyası məhkəməsində də cavabdehin səlahiyyətli nümayəndəsi olmasını nəzərə almayıb.

31. Göründüyü kimi, qeyd olunan hallar açıq-aşkar cavabdehin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmaması nəticəsinə gəlməyə əsas vermir.

32. Eyni zamanda cavabdeh, nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasına göndərməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, MPM-in 185.1-ci maddəsinin mənasına görə, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcudurlar.

33. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərkən, əslində məhkəmə iclasının xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək təxirə salınması barədə məlumatlı olub. Belə olan halda cavabdehin ötən müddət ərzində məhkəməyə iddia müddətinin tətbiqi haqqında yazılı ərizə göndərməsi üçün kifayət qədər vaxtı və imkanı olub, lakin o, bu hüququndan istifadə etməyib və iddia müddətinin tətbiqi barədə ərizəni apellyasiya instansiyası məhkəməsinə verib.

34. Kassasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini qəbul edib, iddia müddətinin keçməsi əsasına görə iddianı rədd edərkən Mülki Məcəllənin 375-ci maddəsinin tələblərini pozub və həmin normanı düzgün təfsir etməyib.

35. Əvvəla, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə qeyd edilməlidir ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (Mülki Məcəllənin 375.1-ci maddəsi). İkinci hüquq iddia tələbinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (Mülki Məcəllənin 375.2-ci maddəsi).

36. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

37. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə də məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını, subyektiv hüququn pozulub-pozulmadığını, cavabdehin bu pozuntunu edib-etmədiyi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil.

38. Nəzərə alınmalıdır ki, iddia müddətinin və onun müəyyənləşdirilməsinin qaydasını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllənin 375.2-ci maddəsi). Bu isə o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq tərəflər arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.

39. İddia müddətinin tətbiqi barədə ərizə yazılı formada məhkəmə qərarı çıxarılanadək bilavasitə birinci instansiya məhkəməsinə verilməlidir və belə bir ərizə apellyasiya instansiyası məhkəməsinə o, halda verilə və ərizə o, halda qəbul edilə bilər ki, mübahisə tərəfinin həqiqətən birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasında iştirakı təmin edilməsin və ya tərəf həmin ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın və bu barədə məhkəməyə lazımi sübutlar təqdim etsin. Həmçinin sözügedən ərizə iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

40. Mülki Məcəllənin 375.2-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

41. Normanın mənasına görə, iddia müddəti- yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin, qanunverici Mülki Məcəllənin 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməyib.

42. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddihüquq tələbidir. Maddi-hüquqi tələb isə mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Ona görə də, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur.

43. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan normaların, habelə MPM-in 78.1 və 372.2-ci maddələrinin tələblərini pozaraq, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsinə təqdim edə bilməməsinin səbəblərini və bunun cavabdehdən asılı olmayan hansı səbəblərə görə mümkün olmadığını kifayət qədər araşdırmayıb.

44. Nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında tərəflərin prosessual hüquqlarının həcmi, o cümlədən məhkəmənin malik olduğu səlahiyyətlərin dairəsi birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin təbiətinə uyğun olaraq fərqləndirilir. Belə ki, sözügedən normaların mənasına görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

45. Qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.

46. Göstərilənlərə əsasən, cavabdehin birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatlı olmaması və bu səbəbdən də iddia müddətinin tətbiqi haqqında ərizəni birinci instansiya məhkəməsinə təqdim edə bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

Proses iştirakçılarının izahatları

47. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətinin və şikayətə əlavənin məzmununa uyğun izahat verəərk təmin edilməsini xahiş etdi.

48. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

49. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

53. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası proses iştirakçılaırnı dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq, habelə hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.

56. İşdə olan sənədlərdən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmış, müqavilə üzrə Cavabdeh 600.000 ABŞ dolları məbləğində borc verilmiş, cavabdeh krediti xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.

57. Apellyasiya şikayətində cavabdeh həmin kredit müqaviləsinin etibarsızlığına, iddiaçının bacısı ilə cavabdehin direktoru olduğu “Mars-M” firması arasında bağlanmış xx.xx.2012-ci il tarixli investisiya müqaviləsini pərdələmək məqsədi ilə bağlandığına istinad etmiş, lakin bu dəlilini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

58. Kollegiya qeyd edir ki, hazırki iş üzrə cavabdehin pərdələndiyini iddia etdiyi əqd, hazırkı əqddən bir neçə il öncə bağlanmışdır. Belə olan halda, həmin əqdin uzun müddət keçdikdən sonra pərdələnməsi ağlabatan deyil.

59. Bundan başqa, cavabdeh iddiaçıdan aldığı 600.000 ABŞ dollarını xx.xx.2016cı il tarixdə qaytarmadığını və yaxın zamanlarda qaytarmağa söz verdiyi ilə bağlı xx.xx.2020-ci il tarixdə yazılmış qeydin Bakı İstintaq Təcridxanasında olarkən iddiaçının və Mübariz İbrahimovun qanunsuz təhdidi ilə yazdığını bildirsə də, məhkəmə kollegiyası bu dəlili ağlabatan və inandırıcı hesab etmir. Bundan başqa, cavabdeh bununla bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmiş, qeyd olunan müqaviləni və onun üzərindəki qeydi özü mübahisələndirməmişdir.

60. Cavabdeh apellyasiya şikayətində həmçinin bildirir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanan zaman iddiaçı məhkəməyə cavabdehə 600.000 ABŞ dolları verməsini təsdiq edən sənəd, qəbz, bank sənədi təqdim etməmişdir. Məhkəmə kollegiyası bu dəlil ilə bağlı da qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı 600.000 ABŞ dollarını yaxın zamanlarda qaytarmağa söz verməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə yazılmış qeyd ilə borcun alındığını təsdiq etmişdir.

61. Məhkəmə kollegiyası hazırki iş üzrə iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə yazılı formada məhkəmə qərarı çıxarılanadək bilavasitə birinci instansiya məhkəməsinə verilməlidir və belə bir ərizə apellyasiya instansiyası məhkəməsinə o, halda verilə və ərizə o, halda qəbul edilə bilər ki, mübahisə tərəfinin həqiqətən birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasında iştirakı təmin edilməsin və ya tərəf həmin ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın və bu barədə məhkəməyə lazımi sübutlar təqdim etsin.

62. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan qardaşı Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və cavabdehin səlahiyyətli nümayəndəsi kimi tanınmış, həmin məhkəmə iclasında məhkəmə bildirişinin və iddia ərizəsinin surəti rəsmi qaydada imza etdirilməklə cavabdehin nümayəndəsi Nümayəndə təqdim edilmiş və sonuncunun vəsatətinə əsasən iddia ərizəsi ilə tanış olmaq və sənədlərin surətini cavabdehə təqdim etmək üçün işə məhkəmə iclasında baxılması xx.xx.2023-cü il tarixə təxirə salınmış və bu barədə cavabdehə məhkəmə iclasının və vaxtı və yeri haqqında xx.xx.2023-cü il tarixli məhkəmə bildirişi göndərilmişdir.

63. Digər tərəfdən, cavabdehə ünvanlanmış qeyd olunan məhkəmə bildirişi cavabdehin cəza çəkdiyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə daxil olmuş və cavabdeh həmin məhkəmə bildirişi ilə tanış olmuş, bundan sonra xx.xx.2023-cü il tarixdə o, mülki işin nömrəsinə istinad etməklə məhkəməyə yazılı ərizə ünvanlamış və ərizəsində məhkəmənin icraatında olan E2-2(009)-292/2023 saylı mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin daxil olduğunu, bu iş üzrə qardaşı Nümayəndə onu telefon vasitəsi ilə məlumatlandırdığını, sonuncunu səlahiyyətli nümayəndə kimi tanımadığını bildirmiş və iddia ərizəsinin surətinin onun cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsinə rəsmi qaydada təqdim olunmasını tələb etmiş və bundan sonra iddia ərizəsinə qarşı etirazını məhkəməyə təqdim ediləcəyini bildirmişdir.

64. Lakin cavabdeh ötən müddət ərzində həmin etibarnaməni ləğv etməmiş, əksinə Nümayəndə məhz həmin etibarnaməyə əsasən cavabdehi məhkəmə iclasında təmsil etmək, məhkəmə aktından şikayət vermək üçün Vəkil2 adına notarial qaydada təsdiq edilməklə xx.xx.2024-cü il tarixədək qüvvədə olan xx.xx.2023-cü il tarixli etibarnamə vermiş, başqa sözlə, eyni etibarnamə əsasında Nümayəndə apellyasiya instansiyası məhkəməsində də cavabdehin səlahiyyətli nümayəndəsi olmuşdur.

65. O da qeyd edilməlidir ki, cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərkən, əslində məhkəmə iclasının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək təxirə salınması barədə məlumatlı olmuşdur. Belə olan halda cavabdehin ötən müddət ərzində məhkəməyə iddia müddətinin tətbiqi haqqında yazılı ərizə göndərməsi üçün kifayət qədər vaxtı və imkan olmuş, lakin o, bu hüququndan istifadə etməmiş, iddia müddətinin tətbiqi barədə ərizəni apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir.

66. Eyni zamanda, cavabdeh, nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasına göndərməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin mənasına görə, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcudurlar.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin . Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-292/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar