Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2966/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4632/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 arasında bağlanmış 04.10.2018-ci il tarixli 009A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC–nin xeyrinə 2718,23 manat məbləğində kredit borcu, 223,53 manat məbləğində faiz borcu və 1056,34 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3998,10 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4632/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04.10.2018-ci il tarixli 009A********** saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc məbləği kimi 2718,23 manat, faiz borcu kimi 223,53 manat, cərimə borcu kimi 200 manat olmaqla, ümumilikdə 3141 (üç min yüz qırx bir) manat 76 (yetmiş altı) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat pul məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı və Cavabdeh1 qətnaməni mübahisələndirməmişlər. Apellyasiya şikayəti və onun dəlili: Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmadığını qeyd etmişdir. Həmçinin o bildirmişdir ki, Cavabdeh1 onu krediti vaxtı-vaxtında ödəyəcəyinə dair əmin etmiş, lakin hazırda artıq onunla heç bir əlaqəsi qalmamışdır. Beləliklə, məhkəmənin kredit borcunun cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul etməsini əsassız hesab edərək, qətnamənin ləğv edilərək, iddia tələbinin ona aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçı QSC ilə Cavabdeh1 arasında 04.10.2018-ci il tarixli 009A********** saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 24 ay müddətinə, 5000 manat məbləğində kredit xətti açmışdır. Mülki iş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh1 009A********** saylı 04.10.2018-ci il tarixli kredit razılaşması üzrə 2718,23 manat əsas məbləğ üzrə borc, 223,53 manat faiz üzrə borc, 1056,34 manat cərimə borcu, gecikdirilən günlərin sayı 164 gün, cəmi 3998,1 manat borc təşkil edir. 04.10.2018-ci il tarixli 009G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı QSCnın “Azadlıq” filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, müqavilənin müddəti 24 aydır, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 04.10.2018-ci il tarixli 009G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı QSCnın “Azadlıq” filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, müqavilənin müddəti 24 aydır, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 30.04.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər. 24.06.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 şikayətinə əsasən ona aid hissədə tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müəyyən olunmuşdur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 5000 manat kredit verilməsini nəzərdə tutan 04.10.2018-ci il tarixli, 009A********** saylı kredit müqaviləsi imzalanmış, Cavabdeh2 tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində zamin durmuş, Cavabdeh1 müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri 19.11.2019-cu il tarixdən banka qaytarmamış, beləliklə, Cavabdeh1 banka 2718,23 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1, 471, 472.1 və 472.2-ci maddələrinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminlik çıxış edir. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Beləliklə, Kollegiya qeyd edir ki, hazırkı halda Cavabdeh2 04.10.2018-ci il tarixli, 009A********** saylı kredit müqaviləsi üzrə digər Cavabdeh1 zamin durmuş və Cavabdeh1 bank qarşısında icra etmədiyi öhdəlikləri üçün zamin kimi onunla eyni həcmdə məsuliyyət daşıyır. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə düzgün qənaətə gəlmişdir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh2 özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4632/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh2 özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2966/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2966/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver