Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2967/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 05 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Cavabdeh1 qarşı “ortaq iş görmək (maldarlıqla məşğul olmaq) üçün ödədiyi 55500 manat və 800 ABŞ dollarının, həmçinin əldə olunan qazancdan ona çatası 9400 manat maddi ziyanın, 10000 manat mənəvi ziyanın ödənilməsi” barədə iddiasına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılaraq Məhkəmənin 2(005)-2060/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddianın rədd olunması qət edilmiş, sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5431/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır;
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2925/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində yerləşən 0,24 ha torpaq sahəsində inşa edilmiş ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və qolştin cinsli 33 baş inəyə 1/3 hissədə pay hüququ müəyyən edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7.400 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmiş, sözügedən qətnamə qanuni qüvvəyə minmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3421/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən olunur ki, Cavabdeh1 İddiaçı qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq birgə fəaliyyət ilə bağlı xərclərin 1/3 hissəsinə uyğun pul məbləğinin (cəmi 23627,35 manatın) tutulmasını istəmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-3260/2017 saylı qətnaməsi ilə həmin iddia təmin edilməsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3149/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv olunmuş və iddianın qismən təmin edilməsi, İddiaçı 10999,69 manat pulun alınaraq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Kassasiya instansiyası məhkəməsi həmin qətnaməni dəyişdirilmədən saxlamışdır.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli həmin qətnaməsindən görünür ki, İddiaçı inəklərin Cavabdeh1 tərəfindən satılması, münasibətlərinin 2013-cü il oktyabr ayından kəsilməsi və bu səbəblərə görə inəklərin saxlanmasına görə xərcin ondan tələb edilməsinin mümkünsüz (əsassız) olması arqumentləri ilə iddiaya etiraz etmişdir;
5. Qətnamə icraya yönəldilmiş, icra hərəkətləri həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. Hazırkı işdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 461000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər həmin inəkləri satmış və pulunu ona ödəməmişlər. Kənd Təsərrüfatı Nazirliyinin məktubunda göstərildiyi kimi 11 inək hər il 8-12 bala verir və 20 il yaşayır. Ekspert rəyi ilə müəyyən edilmiş keçən 11 il ərzində inəklərin 8-12 bala verməsini və sonrakı 3 ildən sonra isə balaların da 8-12 bala verməsini, eyni zamanda 10% itkiləri nəzərə alındıqda, ana inəklərin sayı 129, bala inəklərin sayı isə 277 baş edir. Hazırda bir baş ana inəyin qiyməti bazarda 2.500 manat təşkil edir və 322.500 manat ziyan əmələ gəlir. Bir baş bala inəyin qiyməti isə bazarda 500 manat təşkil edir və 138.500 manat ziyan əmələ gəlir. Beləliklə cavabdehlər ona ümumilikdə 461.000 manat ziyan vurmuşlar.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(005)-63/2024) iddia qismən təmin edilərək, cavabdehlərdən 27500 manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 820,25 manat pulun 172,5 manat hissəsinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 60 (altmış) manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı əvvəlki mülki işlər üzrə qəbul edilmiş məhkəmə aktları ilə onların şərikli fermer təsərrüfatı yaradaraq birgə maldarlıqla məşğul olduqları öz təsdiqini tapmış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2925/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Abşeron rayonu, Məhəmmədi kəndində inşa edilmiş ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və qolştin cinsli 33 baş inəyin 1/3 hissəsinə iddiaçının pay hüququ müəyyən edilmişdir. Tərəflər Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2925/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının 1/3 hissədə pay hüququnun tanındığı 33 baş Holşteyn-friz cinsli inəklərin satıldığını və inəklərin satılmasından əldə edilən puldan iddiaçının payına düşən hissənin ona ödənilmədiyini mübahisələndirmirlər. Cavabdeh1 işin qeyd edilən halını etiraf etmiş (istər icra işində, istərsə də hazırkı işə baxılarkən), iddiaçı isə işin məhz həmin halına istinadən hazırkı iddianı qaldırmışdır. Tərəflər arasındakı mübahisə inəklərin dəyəri ilə bağlıdır. İddiaçı iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəylərinə əsaslanmaqla Holşteyn-friz cinsli 1 baş inəyin hazırkı bazar dəyərinin 2500 manat olaraq nəzərə alınmalı olduğunu bildirdiyi halda, Cavabdeh1 mövqeyinə görə inəkləri qısır olmaları səbəbindən 2015-ci ildə satmışdır və buna görə qiymət inəklərin qısır olmaları nəzərə alınmaqla 2015-ci il üçün müəyyən edilməlidir. Məhkəmə Cavabdeh1 qeyd edilən arqumentlərini əsassız hesab edir. Belə ki, iddiaya etirazının əsası kimi istinad etdiyi halları (inəklərin qısır olduqlarını) sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşsə də, o, istinad etdiyi həmin halı biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməmişdir; hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə onun həmin dəlillərini əsaslı hesab etmək mümkün deyildir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, Mülki Məcəllənin 213, 215.4, 215.5-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişlər.
12. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin inəklərin cavabdehlər tərəfindən satılması, fermanın fəaliyyətinin isə dayandırmasına görə inəklərdən balaların (buzovların), gəlirin əldə edilməsinin qeyri-mümkün olması barədə dəlili əsassızdır. Əvvəla, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Abşeron rayonu, Məhəmmədi kəndində inşa edilmiş ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və qolştin cinsli 33 baş inəyin 1/3 hissəsinə iddiaçının pay hüququ müəyyən edilmişdir. Artıq bu qətnamə hazırki mübahisə üçün preyudisial əhəmiyyət kəsb edir. Yəni Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası faktiki olaraq mövcud olan inəklər üzərində pay hüququnu müəyyən etmişdir ki, Nərimanov rayon Məhkəməsi inəklərin satılması qərarına gələ bilməz. İnəklərin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən sonra satılması isə birbaşa iddiaçının hüququnun pozulmasıdır və bu qanun pozuntusu onun gələcəkdə gəlir əldə etmək hüququndan məhrum etmişdir. Digər tərəfdən əldən çıxmış fayda şəxslərin əmlak hüquqlarından məhrum olmasına görə ondan gələcəkdə gəlir əldə etmək, bəhər götürmək və digər formada faydalanmaq hüququndan məhrum olmasıdır. Yəni hevyanların satılmaqla iddiaçının əmlak hüququndan məhrum olması əldən çıxmış faydanın əvəzini tələb etməyə əsas verir. Bu baxımdan heyvanların satılmaqla iddiaçının əmlak hüququndan məhrum olması onun əldən çıxmış faydanı tələb etməsinə maneə ola bilməz. Əvvəla iddiaçının gəlir əldə etməsinə dair ilkin sübut bundan ibarətdir ki, o və cavabdehlər şərikli heyvandarlıqla məşğul olmaları barədə razılıq əldə etmişdirlər. Cavabdehlər iddiaçıya qarşı mülki hüquq pozuntusu törətmişdir. Cavabdehlərin yol verdiyi pozuntu nəticəsində iddiaçının maddi itkilərə məruz qaldığı, bu itkilərin heyvanların təhvil verilməməsi nəticəsində ondan istifadə etmək və faydalanmaq hüquqlarından məhrum olmasından qaynaqlandığı şübhəsizdir. İddiaçı məhkəmə qətnaməsi ilə heyvanların üzərində pay hüququ müəyyən edildiyi vaxtdan etibarən əmlakından fayda götürmənin hüquqi cəhətdən təmin edilmiş imkanlarından məhrum olduğundan, bu tarixdən əldən çıxmış fayda ödənilməlidir. Göründüyü kimi cavabdehlərin inəkləri iddiaçıya qaytarmaması tam şəkildə sübut olunur. Bununla da cavabdeh maddi ziyana məruz qalmışdır ki, bunu da əlavə sübutlarla isbat etməyə zərurət yoxdur.
14. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən inəklərin məhsuldarlığının maksimum azaldığı yaşa gəlib çatmalarının əsas səbəbkarı cavabdehlər deyildirlər. Belə ki, qanuni qüvvəyə mindikdən sonra qətnamənin icra edilməməsi, yəni inəklərin alınıb-verilməsi, məhz iddiaçının inəklərin saxlamağa imkanının olmaması əsası ilə imtina etməsi nəticəsində başvermişdir. Həmçinin qeyd edilənlərdən görünür ki, birinci instansiya məhkəməsinin iddiaçını 11 baş inəyə münasibətdə onların mülkiyyətçisi adlandırmasının da əsası yoxdur. Belə ki, yuxarıda istinad olunan Lizinq müqaviləsi açıqaydın bir şəkildə inəklərin mülkiyyətçisinin mülki işə birinci instansiya məhkəməsində baxıldığı ərəfədə də məhz Lizinq verən "xxxx" ASC olduğunu bəyan edir. Bu baxımdan qanuni qüvvədə olan məhkəmə aktı ilə iddiaçının 11 baş inəyə pay hüququnun müəyyən edilməsi iddiaçının həmin inəklər üzərində mülkiyyət hüququnun müəyyən edilməsi, yaxud həmin inəklər üzərində mülkiyyət hüququnun yaranması kimi şərh edilməməlidir. Doğrudur, mülki işə əlavə edilmiş qanuni qüvvədə olan məhkəmə aktları ilə tərəflərin şərikli fermer təsərrüfatı yaradaraq birgə maldarlıqla məşğul olduqları öz təsdiqini tapmışdır. Lakin bu hal tərəflər arasında hər hansı yazılı müqavilənin bağlanmamış olduğu vəziyyətini dəyişdirmir. Bu isə o deməkdir ki, iddiaçı ilə cavabdehlər arasında şərikli fermer təsərrüfatı yaradaraq birgə maldarlıqla məşğul olma münasibətləri yalnız şifahi razılaşmalar, başqa sözlə əhəmiyyətsiz əqdlər əsasında mövcud olmuşdur. 33 baş inəyin satıldığı 2015-ci ilin dekabr ayında iddiaçının 11 baş inəyə pay hüququ hələ müəyyən edilməmişdi. Satınalma ərəfəsində inəklər hələ də Lizinq verənin mülkiyyətində olduğundan Lizinq alan Cavabdeh1 da mülkiyyətində deyildi. Bu mənada iddiaçının 11 baş inəyə münasibətdə məhkəmə tərəfindən tanınmış pay hüququ, bu tanınmaya qədər artıq satılmış olan, digər tərəfdən də, hələ də Lizinq verənin mülkiyyətində olan inəklərin özləri üzərində deyil, onların satışından əldə edilmiş vəsait üzərində tanına bilərdi və bu, belə də olmuşdur. Başqa cür yanaşma Lizin verənin mülkiyyət hüququnun pozulması olardı. Nə qədər ki, 11 baş inək heç vaxt iddiaçının mülkiyyətində olmamışdır və məhkəmələr tərəfindən də iddiaçının 11 baş inəyə mülkiyyət hüququ deyil, 33 baş inəyə münasibətdə 1/3 hissədə pay hüququ müəyyən edilmişdir, iddia tələbinin inəklərin bala verməsi və həmin balaların, bəhər olaraq, satışından əldə oluna biləcək vəsaitin də iddiaçı tərəfindən tələb edilməsi əsassızdır. İddiaçı pay hüququ müəyyən edilmiş, lakin buna qədər satılmış, digər tərəfdən də satıldığı vaxt hələ də Lizinq verənin mülkiyyətində olan 11 baş inəyin dəyərinin, nə qədər ki, 11 baş inəyə pay hüququ müəyyən edilmişdir, ona ödənilməsini tələb edə bilərdi. Lakin yuxarıda istinad edilən sübutlardan görünür ki, inəklərin alınıb ona verilməsini, Lakin yuxarıda istinad edilən sübutlardan görünür ki, inəklərin alınıb ona verilməsini, yaxud da dəyərinin ona ödənilməsini məhz iddiaçı istəməmişdir. İddia müddəti ilə bağlı hesab edir ki, mübahisəyə əvvəla Mülki Məcəllənin 354.1-ci maddəsi tətbiq edilməli idi. Yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında olmuş bütün münasibətlərin məhz əhəmiyyətsiz əqd/əqdlər əsasında baş verdiyi müəyyən edilmişdir. İddiaçı inəklərin satılmış olduğunu ən geci 2017-ci ildə, inəklərin Lizin verənin mülkiyyətində olduğunu, lizinq müqaviləsinin də Cavabdeh1la bağlandığını, lizinq pulunun əvvəla yarısının ödənilmədiyini, ödənilmiş yarısının isə Cavabdeh1 tərəfindənvə sonuncunun öz adından ödənildiyini lap əvvəldən, yəni 2013-cü ildən bilmişdir. İnəklərin süni mayalandırmasını həyata keçirmiştexnik X3 məhkəmədə şahid qismində dindirilməsi, onun həmin dövrdə xəstə olması səbəbindən mümkün olmamışdır. Bu əsasla həmin texnikin ifadəsinin inəklərin qısır olub-olmadıqları halının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilməsini vacib hesab edir. Lizinq müqaviləsi üzrə qalan borcun Cavabdeh1 tərəfindən ödənildiyini təsdiq edən qəbzlər, ödəniş tapşırığı. Bu ödənişlər işə birinci instansiya məhkəməsində baxıldıqdan sonra edildiyindən ödənişin edildiyini təsdiq edən sənədlərin həmin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh1 və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Onlar eyni zamanda iddiaçının apellyasiya şikayətini qəbul etmədiklərini bildirdilər.
18. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki qanunvericiliyə görə, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı və digər Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın təmin olumayan və Cavabdeh1 qarşı tələbin təmin olunmuş hissəsində yoxlanılır. Belə ki, digər cavabdeh qətnaməni iddianın ona aid təmin olunan hissəsində mübahisələndirməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Belə ki, tərəflər arasındakı əvvəlki mülki işlər üzrə qəbul edilmiş və qüvvədə olan məhkəmə aktları ilə onların şərikli fermer təsərrüfatı yaradaraq birgə maldarlıqla məşğul olduqları öz təsdiqini tapmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Abşeron rayonu, Məhəmmədi kəndində inşa edilmiş ferma kompleksinə, fermada istifadə olunan avadanlıqlara və qolştin cinsli 33 baş inəyin 1/3 hissəsinə iddiaçının pay hüququ müəyyən edilmişdir.
25. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
26. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
27. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.
28. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
29. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktları ilə tərəflərin şərikli fermer təsərrüfatı yaradaraq birgə maldarlıqla məşğul olması ilə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.
30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
31. Tərəflər arasında mübahisə inəklərin dəyəri ilə bağlıdır.
32. İddiaçı iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəylərinə əsaslanmaqla Holşteynfriz cinsli 1 baş inəyin hazırkı bazar dəyərinin 2500 manat olduğunu bildirir.
33. Cavabdeh1 isə inəkləri qısır olmaları səbəbindən 2015-ci ildə satdığını və buna görə qiymətin inəklərin qısır olmaları nəzərə alınmaqla 2015-ci il üçün müəyyən edilməli olduğunu bildirir
34. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
36. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları həmin hissədə sübut edə bilməmişdir.
37. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6424 saylı rəyində Holşteyn-friz cinsindən olan inəklərin bazar qiymətinin onun məhsuldarlığından və digər xüsusiyyətlərindən asılı olaraq 2500-3500 manat civarında olduğu göstərilmişdir.
38. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisə mövzusu olan inəklər hazırda mövcud olsa idi, təxminən 12 yaşları olacaqdı və müvafiq rəylərlə müəyyən edilir ki, bu yaşda inəklərin süd vermə qabiliyyəti aşağı düşdüyü və təsərrüfat yararlılığını itirdiyi üçün adətən ətlik məqsədilə satılırlar. Göstərilən səbəbdən, habelə iddiaçının mövqeyinin də bu yöndə olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, qiymətin minimum müəyyənləşdirilməsi daha ədalətlidir. Həmçinin, cavabdehin bu yaşda heyvanın yalnız ətlik məqsədilə satılmasının mümkünlüyü, bu səbəbdən dəyərinin 1 kq çəkisinin qiymətinə uyğun hesablanmalı olduğu dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən inəklərin məhsuldarlığının maksimum azaldığı yaşa gəlib çatmalarının əsas səbəbkarları cavabdehlərdir. Belə ki, qanuni qüvvəyə mindikdən sonra qəynamə icra edilərək iddiaçıya müvafiq inəklər təqdim edilsəydi, o, həmin inəkləri daha yüksək qiymətə satmaq imkanına malik ola bilərdi. Bu səbəbdən, cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində inəklərin dəyərinin azalması mülkiyyətçinin ziyanına şərh edilə bilməz.
39. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 05 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində İddiaçı və Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.