Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2970/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-33/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 2324-cü məhəllə, bina 39F, 48 saylı mənzilin mülkiyyətçisidir. Həmin mənzil binanın 11-ci mərtəbəsində yerləşir. Həmin binanın 13-cü mərtəbəsində yerləşən 58 saylı mənzil isə cavabdehin mülkiyyətindədir.
2. "xxxx" MMMC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlarına əsasən cavabdehə məxsus 58 saylı mənzildən sızan su nəticəsində iddiaçıya məxsus 48 saylı mənzilə zərər dəymişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən ona dəymiş maddi ziyana görə 4.500 manat pulun, həmçinin mənəvi zərərə görə 400 manat məbləğin, o cümlədən 70 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 2324-cü məhəllə, bina 39F, 11-ci mərtəbə, mənzil 48 tam mülkiyyət hüququ üzrə iddiaçının adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda iddiaçının mülkiyyətindədir. İddiaçı 2017ci ildən etibarən ailə üzvləri ilə birlikdə göstərilən ünvanda yaşayır. Həmin mənzil satın alındıqdan sonra böyük məbləğdə vəsait xərclənərək təmir edilmişdir. İstər təmirdən sonra, istərsə də təmirdən əvvəl evin divarlarında nəmişlik olmamışdır. Lakin sonradan 13cü mərtəbədə qonşu olaraq yaşayan cavabdeh özünə məxsus 58 saylı mənzildə yaşamağa başladıqdan sonra dəfələrlə onun mənzilindən suyun sızması nəticəsində iddiaçının yaşadığı mənzil yararsız hala düşmüşdür. Cavabdehin mənzilindən suyun axıdılması və zərərin meydana gəlməsi barədə iddiaçı cavabdehə dəfələrlə narazılığını bildirsə də, suyun axıdılması davam etmişdir. Belə ki, cavabdehin təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində neçə illərdir ki, iddiaçının yaşadığı mənzilin sanitar qovşağına, dəhlizinə, tavanına cavabdeh tərəfindən su sızması nəticəsində evi su başmaqdadır, əşyalar və döşəmələr islanmış, divar boyaları qopmuşdur, mənzilin dəhliz, hamam və mətbəx hissələrində divarlar korlanmış, döşəmələr çürümüş, mənzildə olan xalçalar yararsız hala düşmüşdür. Həmçinin, suyun sızması nəticəsində mənzilin işıq sistemi sıradan çıxmış, mənzildə olan elektrik naqillərində qısaqapanma baş verməsi nəticəsində elektrik naqilləri yararsız vəziyyətə düşmüşdür. Cavabdeh, mənzilin mülkiyyətçisi kimi qonşuların hüquqlarına və qanuni mənafelərinə, eləcə də yaşayış sahəsindən istifadə qaydalarına riayət etməyə borclu olduğu halda, buna lazımınca əməl etməmiş və nəticədə onun təqsiri nəticəsində iddiaçıya 4.500 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, mənzilə dəymiş zərərin aradan qaldırılması üçün, divarların yenidən suvanması, parket döşəmənin müəyyən hissələrinin yenidən qurulması, elektrik və rəng-yağ işlərinin görülməsi zərurəti yaranmışdır, bunun üçün də 4.500 manat pul vəsaiti gərəkdir. Həmin pul vəsaiti qanunsuz hərəkətləri ilə vurduğu zərərə görə cavabdeh tərəfindən ödənilməlidir. Bundan başqa, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənzilinin divarları nəm çəkmiş, evin abu-havası korlanaraq mənzildə nəmişlik və rütubət yaranmışdır. Evdə yaranmış rütubət iddiaçının səhhətinə ciddi təsir göstərmiş, iddiaçının xəstəliyi daha da kəsinləşmişdir. Eyni zamanda, binada yaşayan qonşuların şahidliyi və "xxxx" MMC-nin direktorunun imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlarda iddiaçının mənzilinə (binanın 11-ci mərtəbəsində) cavabdehin yerləşdiyi 13-cü mərtəbədəki mənzilindən suyun 12-ci mərtəbəyə, oradan da iddiaçıya məxsus mənzilə suyun sızdırılması nəticəsində zərərin dəyməsi öz əksini tapmışdır.
5. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tələbinin maddi ziyan hissəsinin “cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş maddi ziyana görə 4.459 manat pulun, o cümlədən 70 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması” kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)- 6662/2022 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən 48 saylı mənzilin mətbəx və dəhliz tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 2324-cü məhəllədə inşa edilmiş 39F saylı binanın, 11-ci mərtəbəsində yerləşən 48 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 58 saylı mənzildən su axıdıldığı və nəticədə 48 saylı mənzilin mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 58 saylı mənzilin qapısı bağlı olduğundan 48 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 48 saylı mənzilə su sızması 58 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 2324-cü məhəllədə inşa edilmiş 39F saylı binanın, 11-ci mərtəbəsində yerləşən 48 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4.459 manat məbləğində müəyyən olunmuşdur.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 331/2023 nömrəli qərardadı ilə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, hazırki iş üzrə təyin edilmiş ilkin ekspertizanın aparılması zamanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 2324-cü məhəllə, bina 39F 53 və 58 saylı mənzillərə baxış keçirilməsi mümkün olmadığından təqdim edilmiş iş materiallarında olan məlumatlar ("xxxx" MMC-nin əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il tarixli akt) əsasında nəticə verilmişdir. İş üzrə təyin edilmiş əlavə ekspertiza zamanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 2324-cü məhəllə, bina 39F 58 saylı mənzilə baxış zamanı su sızmasını özündə əks etdirən faktiki hallar, yəni su-kanalizasiya xətləri üzərində hər hansı qüsur aşkar edilməmişdir. Həmin ünvanda yerləşən 53 və 63 saylı mənzillərin qapıları bağlı olduğundan mənzillərə baxış keçirməklə iş üçün əhəmiyyət kəsb edən məlumatların əldə edilməsi, bu səbəbdən dəymiş 48 saylı mənzilə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi mümkün olmamışdır.
10. Məhkəmə tərəfindən sözügedən ünvandakı mənzillər yerində müəyyinə edilmiş, iddiaçının evinə su sızma nəticəsində ziyanın dəydiyi aşkar edilmişdir. Yerində müayinə zamanı 13-cü mərtəbədə yerləşən cavabdehə məxsus 58 saylı mənzilə baxış keçirmiş, mənzilin dəhlizinə və mətbəxinə 14-cü mərtəbədən su sızma izlərinin olubolmaması araşdırılarkən müəyyən edilmişdir ki, dəhlizin divarının tavan hissəsindən axan su izi aşkar edilməmiş, yalnız divarın ortasından döşəmə istiqamətində su sızma izlərinin olduğu müəyyən edilmişdir. Cavabdehə məxsus 58 saylı evin qonşuluğunda yerləşən mənzilə baxış keçirildikdə mənzildə yaşayan sakinlər cavabdehlə aralarında su sızma ilə bağlı hər hansı mübahisənin olmamasını, onların mənzilindən 1 dəfə mətbəx hissəsindən (hazırkı araşdırılan ərazinin tam əksi istiqamətində yerləşir) su axdığını, lakin tezliklə aradan qaldırıldığını bildirmişlər. Daha sonra məhkəmə tərəfindən iddiaçının mənzilinin üzərində və cavabdehin mənzilinin altında, yəni 12-ci mərtəbədə yerləşən 53 saylı mənzilə də baxış keçirilmiş, mənzilin həm dəhlizinə tavan hissəsindən döşəməyə qədər, həm də mətbəx hissəsində su sızma nəticəsində yarana biləcək izlərin (ziyanın) olduğu müşahidə edilmişdir. 12-ci mərtəbədə yerləşən digər qonşunun evinə baxış keçirilən zaman su sızma ilə bağlı hər hansı bir mübahisənin olub-olmaması müəyyənləşdirilmiş, 12-ci mərtəbədə yerləşən mənzilin mülkiyyətçisi tərəfindən su sızma ilə bağlı hər hansı problemin olmadığı müəyyən edilmişdir. Daha sonra məhkəmə tərəfindən 11-ci mərtəbədə yerləşən iddiaçıya məxsus 48 saylı mənzilə baxış keçirilmiş və mənzilin dəhliz (tavandan yerə qədər divarda) və mətbəx hissələrinə su sızmaya xarakterik olan izlər aşkar edilmişdir. Məhkəmə birinci ekspert rəyində ziyan dəyməsinə istinad olunan yerlərə baxış keçirərək mənzilin nə dəhlizinin, nə də mətbəxinin döşəməsində su sızma nəticəsində yarana biləcək hər-hansı zərər aşkar etməmişdir.
11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 33/2024 nömrəli qətnaməsi ilə (hakim A.N.Həsənova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərə görə 2.317 manat, mənəvi zərərə görə 50 manat və ödənilmiş 35.70 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 34.30 manatının iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin 50 manatının İddiaçı, qalan 50 manatının Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, keçirilmiş məhkəmə araşdırması zamanı həm ekspert rəyi ilə, həm məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı iddiaçının evinə su sızma nəticəsində ziyanın dəydiyi aşkar edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı iddiaçı izahatında döşəmənin çox hissəsində olan zərərin özü tərəfindən aradan qaldırıldığını bildirmiş, lakin iddiaçı mənzilinin döşəməsinə dəymiş zərərin və həmin zərərin aradan qaldırılmasına dair görülmüş işlərin nədən ibarət olmasını təsdiq edəcək hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə ekspert rəyini bu hissədə (yararsız hala düşmüş parketin sökülməsi və yenisinin vurulması, döşəməyə vurulmuş metlağın sökülməsi və yenisinin vurulması) mötəbər hesab etməmişdir.
13. Məhkəmə araşdırması zamanı izahatı alınmış bildirmişdir ki, iddiaçının mənzilinə ziyan dəymiş olsa da, tavanın bir hissəsinə dəymişdir ki, bunun da dəyəri ekspert rəyində göstərilən məbləği əks etdirmir. Cavabdeh iddiaçının mənzilinin tavanına dəymiş zərəri usta olaraq özü də aradan qaldıra bilər. Məhkəmə araşdırması zamanı tərəflərə mübahisəni məhkəmədənkənar barışıq yolu ilə tənzimləmək təklif edilmiş, lakin iddiaçı tərəf bundan imtina etmişdir. Odur ki, araşdırma zamanı iddiaçının evinin dəhlizinin və mətbəxinin divar və tavan hissəsinə ziyanın dəyməsi işin aşkar halıdır.
14. Məhkəmə, 27 aprel 2023-cü il tarixli ekspert rəyində təqdim edilmiş smetanın 1-ci, 2- ci, 5-ci və 6-cı bəndlərində aparılmış hesablamalarla razılaşaraq iddiaçıya dəymiş ziyanın smeta əsasında hesablanmasını zəruri hesab etmiş və iddia tələbinin qismən təmin edilərək 2.317 manat məbləğində maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasını qanunauyğun hesab etmişdir.
15. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab etmişdir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının mənzilinə cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi ziyan dəymişdir. Ziyan nəticəsində iddiaçı qorxmuş, həyəcan və sarsıntı keçirmiş, bu da onun mənəvi iztirab keçirməsinə, şüurunda və səhhətində mənfi psixoloji reaksiya yaranmasına səbəb olmuşdur.Məhkəmə vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 50 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab etmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”sına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert onun yaşadığı binanın 13-cü mərtəbəsində yerləşən mənzilinə və binanın 12-ci mərtəbəsində yerləşən mənzilə baxış keçirmədən, 11-ci mərtəbədə yerləşən mənzilə dair rəy vermişdir. Məhkəmə təkrar rəy verilməsi üçün təkrar ekspertiza keçirilməsini təmin etmiş, ekspertizanın keçirilməsi həmin ekspertə həvalə edilmişdir. Qeyd etmək lazımdır ki, məhkəmə təqdim edilmiş ekspert rəylərinin bir–biri ilə ziddiyyət təşkil etdiyi qənaətinə gələrək iş üzrə rəy vermiş ekspert İsa Eyvazzadəni məhkəmə iclasına dəvət etmiş, bundan sonra sözügedən ünvandakı mənzillərə yerli baxış keçirilməsi hallarının qətnamədə göstərilməsi anlaşılmazlıq yaradır. Nə vaxt baxış keçirilib rəy veriləndə sonra? Əgər ekspert İsa Eyvazzadə məhkəmə iclasına dəvət edilibsə hansı ifadəni verməsi məhkəmə qətnaməsindən bilinmir. Tərəfindən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gəirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyini pozan) əməl mövcud deyil. Belə ki, 58 saylı mənzildə nə baş verməsi və bunun nəticəsində 11-ci mərtəbəsdə yerləşən iddiaçının 48 saylı mənzilinə 12-ci mərtəbədə yerləşən mənzili yoxlamayaraq zərərin vurulması ilə səbəbli əlaqənin olması müəyyən edilməmişdir və bununla təqsiri sübut olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır. Belə ki, 11-ci mərtəbədə yerləşən iddiaçıya məxsus olan 48 saylı mənzil vurulmuş ziyanın məhz 13-cü mərtəbədə yerləşən, ona məxsus 58 saylı mənzildə xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən su-kanalizasiya xəttləri üzərində hər hansı qüsur aşkar edilməməsi halda, məhz binanın 11-ci mərtəbəsində yerləşən 48 saylı mənzilinə su sızması faktı sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, ona məxsus 58 saylı mənzil 13-cü mərtəbədə yerləşir. İddiaçıya məxsus 48 saylı mənzil 11-ci mərtəbədə yerləşir. Arada olan 12-ci mərtəbədə yerləşən mənzilə baxış keçirilməyib. Mənzildən istifadə edən şəxs müəyyən edilməyib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının evində 1 kv.m-dən az bir sahədə qaraltı var. Onun evi də həmin vəziyyətdədir. İddiaçının evinə ziyan vurmuş su axıntısı qonşunun mənzilindən baş verib.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ekspertin rəyində cavabdeh tərəfindən zərərin vurulmasına aid heç bir şey yoxdur. Belə ki, ekspertizanın vaxtı barədə onlara məlumat verilməmiş, 12-ci mərtəbədə yerləşən mənzilə baxış keçirilməmişdir. Hesab edir ki, iş üzrə yenidən ekspertiza keçirilməlidir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, apellyasiya şikayətində 12-ci mərtəbə yaşayan sakinin işə cəlb edilməsi və onun evinə də baxış keçirilməsi ilə bağlı tələblər əsassızdır. Belə ki, həmin şəxsin cəlb edilməsi hansı hüquqi faktı müəyyən edilməsinə xidmət edir? Məhkəmə tərəfindən ekspertiza təyin olunarkən konkret suallar müəyyən edilmişdir və ekspert tərəfindən də baxış keçirilərək dəymiş zərərin miqdarı müəyyən olunmuşdur. Əlavə ekspertiza zamanı isə ona məlumat verilməmiş, iştirakı təmin olunmamışdır. Ekspert rəyləri ziddiyyətli olduğu üçün birinci instansiya məhkəməsi icraatı zamanı ekspert məhkəmə iclasına dəvət olunmuş, ziddiyyətin səbəbi soruşulmuşdur. Ekspert isə cavabında su sızması ilə ekspertiza baxışının keçirilməsi müddətləri arasında bir il vaxt olduğunu və sızmanın müəyyən edilməsinin yeganə şərti olaraq su sızma mənbəyinin ev sahibi tərəfindən təmir olunmamasını bildirmişdir. Daha sonra məhkəmə tərəfindən yerli baxış təyin edilmiş və 11,12 və 13-cü mərtəbələrə və qonşu mənzillərə də baxış keçirilmişdir. Ona verilmiş suala cavab olaraq bildirdi ki, iddia tələbinin həcminin azaldılması barədə ərizəsində mənəvi zərərin ödənilməsini tələb etməmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətinin məzmununda cavabdeh tərəfindən qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən mənəvi zərərə görə 50 manatın tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. İşdən görünür ki, məhkəmə iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mənzilindən suyun axıdılıb-axıdılmamasının, habelə suyun axıdılması nəticəsində dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı iki dəfə ekspertizanın təyin edilməsi ilə yanaşı binada yerləşən mənzillərin yerində müayinəsini də həyata keçirmişdir. Yerində müayinə zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin mənzilinin üst mərtəbəsində yerləşən mənzildən cavabdehin mənzilinə su sızmasına xarakterik izlər aşkar edilməmiş, lakin cavabdehin mənzilinin alt mərtəbəsində (iddiaçının mənzilinin üst mərtəbəsində) yerləşən mənzildə iddiaçının mənzilində aşkar edilmiş su sızmasına xarakterik izlər aşkar edilmişdir. O da qeyd edilməlidir ki, həmin izlər mənzillərin eyni hissələrində aşkar edilmişdir.
29. Bundan başqa, cavabdehin mənzilindən iddiaçının mənzilinə suyun sızması və bunun nəticəsində zərərin vurulması "xxxx" MMMC tərəfindən tərtib edilmiş aktlarda da qeyd edilmişdir.
30. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi cavabdehdən vurulmuş maddi zərərin əvəzinin tutulması hissəsində qismən əsaslıdır və həmin zərər ekspert rəyində göstərilən hesablamalar nəzərə alınmaqla yalnız mənzilin yerində müayinə zamanı aşkar edilmiş qüsurlara uyğun hesablanmalıdır.
31. Bununla belə, birinci instansiya məhkəməsi iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş “iddia tələbinin həcminin azaldılması barədə” ərizəni nəzərə almamış, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzinin tutulması barədə nəticəyə gəlmiş, bununla da prosessual hüquq normasının pozulmasına yol verərək iddia tələbindən kənara çıxmışdır.
32. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş həmin ərizədə tələbinin “cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş maddi ziyana görə 4.459 manat pulun, o cümlədən 70 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması” kimi qəbul edilməsi xahiş edilmişdir. Göründüyü kimi, iddiaçı iddia tələbinin həcmini azaldarkən mənəvi zərərin tutulması ilə bağlı tələbi olmamışdır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzinin tutulması hissəsində ləğv edilməlidir.
34. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın mübahisələndirilən hissədə qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-33/2024 nömrəli qətnaməsi qismən – cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzinin tutulması hissəsində ləğv edilsin. Qətnamədə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.