Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2971/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-806/2018 saylı, 21.02.2022-ci il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 23 noyabr 2017- ci il tarixli öhdəçilik müqaviləsinə bir tərəfli qaydada xitam verilməsi, həmin müqavilə üzrə ödədiyi 22.000 (iyirmi iki min) manat məbləğində pulun, adi mülki dövriyyə şəraitində həmin pulla əldə edəcəyi və cavabdehin təqsiri ucbatından məhrum olduğu 5.000 (beş min) manat məbləğində əldən çıxmış fayda qismində zərərin və iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus “VAZ 2121” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı və “Subaru” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, həmin avtomobillərin cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 30.01.2018-ci il tarixli 2(005)-806/2018 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh məxsus “VAZ 2121” markalı, 09- BF-852 dövlət qeydiyyat nişanlı və “Subaru” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Nərimanov Rayon Məhkəməsinin 30.01.2018-ci il tarixli 2(005)-806/2018 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2017-ci il tarixli öhdəlik müqaviləsinə xitam verilmiş, Cavabdeh 22.000 (iyirmi iki min) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Borclu Cavabdeh 04.02.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 30.01.2018-ci il tarixli 2(005)- 806/2018 nömrəli qərardadı ilə onun mülkiyyətində olan “Subaru” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun İddiaçı olan 22000 manat məbləğində borcunun gələcəkdə icrasını təmin etmək məqsədi ilə qoyulmuşdur. Həmin tarixdə qətnamə də çıxarılmış, daha sonra icra qurumunun təşəbbüsü ilə mülkiyyətində olan Bərdə rayonu, Dəymədağıldı kəndi, 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, ev hərraca çıxarılmış və borcun 17010 manat hissəsinin əvəzi olaraq alıcı İddiaçı mülkiyyətinə keçmişdir. Nəticədə tələbkara 4990 manat borc qalmışdır. Qalıq borca görə 2 nəqliyyat vasitəsinin üzərində hələ də həbsin qalması onun mülkiyyət hüquqlarını pozur. Sahiblik və sərəncam vermək hüququnu həyata keçirə bilmir. Evini itirmişdir. Nəqliyyat vasitəsinin hər ikisinin üzərində həbsin qalmasına artiq ehtiyac yoxdur. Bu səbəbdən hesab edir ki, “Subaru mirik” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-806/2022 saylı, 21.02.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 30.01.2018-ci il tarixli 2(005)-806/2018 nömrəli qərardadına əsasən Cavabdeh məxsus “Subaru” markalı, **- NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Tələbkar tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, 28 fevral 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməli, borclunun “Subaru” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, iddiaçı şikayətini bununla əsaslandırmışdır ki, qüvvəyə minmiş qətnamə tam icra edilməmiş, cavabdehin ona 4990 manat borcu qalmışdır. Buna baxmayaraq, rayon məhkəməsi qərəzli mövqe tutaraq “Subaru” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsi götürmüşdür. Bu isə qətnamənin 4990 manat borca münasibətdə icra edilməsini şübhə altına alır. Belə ki, üzərində həbs olan “Vaz2121” markalı avtomobil 1979-cu il istehsalıdır və hazırda bazar dəyəri 500-600 manat təşkil edir. Ancaq “Subaru” markalı, 2004-cü il istehsallı avtomobilin bazar qiyməti təxminən 5000-6000 manatdır. “İcra haqqında” qanunun 43.1.1. madddəsinə əsasən məcburi icra tədbirlərindən biri kimi borclunun əmlakının üzərinə həbs qoyulması və onu satmaq yolu ilə borcun əmlaka yönəldilməsi çıxış edir. Bu qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35). Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.). Beləliklə, hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 30.01.2018-ci il tarixli 2(005)-806/2018 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqinə əsasən tələbkara 4990 manat borcun qaldığı mübahisəsizdir. Həmçinin üzərində həbs olan “VAZ 2121” markalı avtomobil 1979-cu il istehsalıdır. Belə olan halda, rayon məhkəməsi tərəfindən borclunun ərizəsinin təmin edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını şübhə altına almaqla, əsaslı olmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tələbkarın şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iş üzrə yeni qərardad qəbul edilməli, borclunun “Subaru” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-806/2018 saylı, 21.02.2022-ci il tarixli qərardadı ləğv olunsun, iş ürə yeni qərardad qəbul edilsin. Borclu Cavabdeh “Subaru” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2971/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2971/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver