Məhkəmə qərarları › İş №2(103)-2972/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2972/2025

20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2972/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə (İnfrastruktur Departamentinə) qarşı «qeyriyaşayış sahəsinin sökülməsinə görə maddi ziyanın, əldən çıxmış faydanın, icarəyə götürülmüş obyektin təmir və tikintisinə xərclənən vəsaitin tutulması» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "qeyri-yaşayış sahəsinin sökülməsinə görə maddi ziyanın, əldən çıxmış faydanın, icarəyə götürülmüş obyektin təmir və tikintisinə xərclənən vəsaitin tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-447/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh "xxxx" QSC yə (İnfrastruktur Departamentinə) qarşı «qeyriyaşayış sahəsinin sökülməsinə görə maddi ziyanın, əldən çıxmış faydanın, icarəyə götürülmüş obyektin təmir və tikintisinə xərclənən vəsaitin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 30.000 manat, əldən çıxmış faydaya görə 20.000 manat olmaqla, cəmi 50.000 manat pul vəsaitinin cavabdeh "xxxx" QSC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-447/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Vüsalə Musayeva) ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul etmişdir. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, iddia sübut olunmur, 20 il ərzində 32 manat vergi ödənişi olub, həmçinin həmin tikili təmir edilərək, hazırda da depo kimi istifadə edilir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Belə olan halda, Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi:

8. 05 sentyabr 1994-cü il tarixli məktubdan görünür ki, H.Z.Tağıyev stansiyasının rəisi Azərbaycan Dəmiryolu İdarəsinin rəisinin müavininə məktubla müraciət edərək, dəmiryolçulara və sərnişinlərə xidmət etmək üçün stansiya ərazisində özləri tikmək şərti ilə eni 5, uzunu 5 metr sahədə bufet-çayxana tikilməsinə icazə verilməsini xahiş etmişdir.

9. 05 sentyabr 1994-cü il tarixli məktubdan görünür ki, Xızı rayonu Yaşma stansiyası ərazisində yerləşən «Azəri M» kiçik müəssisəsinin direktoru M.A.Cəlilov Azərbaycan Dəmir Yolunun Maliyyə Xidmətinin rəisinə müraciət edərək, sərnişinlərə və dəmiryolçulara xidmət etmək məqsədi ilə stansiya ərazisində yerləşən 5-5 ölçüdə istifadə üçün gərəksiz olan və əsaslı təmirə ehtiyacı olan boş sahənin bufet-çayxana üçün həmin müəssisəyə verilməsini xahiş etmiş, icarə pulunun vaxtlı-vaxtında nağd pulla ödənilməsinə təminat verilmişdir.

10. X8 Azərbaycan Dəmir Yolunun Maliyyə Xidmətinin rəisi R.B.Abbasova yazdığı 01 sentyabr 1994-cü il tarixli ərizədən görünür ki, X1 işləməsi, analıq məzuniyyətində olmasını, ərinin heç bir yerdə işləməməsini nəzərə alaraq, atasının köməkliyi ilə eni 5, uzunu 5 metr olan bir sahədə bufet-çayxana tikilməsinə icazə verilməsini xahiş etmişdir. İcarə pulunun vaxtlı vaxtında nağd pulla ödənilməsinə təminat verilmişdir.

11. 01 yanvar 1995-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarədar qismində Maliyyə xidmətinin rəisi R.B.Abbasov tərəfindən Z.Tağıyev stansiyasında yerləşən 15 m2 yararlı sahəsi olan ərazi bufet kimi istifadə edilməsi üçün 1 m2 sahəyə görə illik 4.000 manat (həmin dövrdə istifadə olunan pul nominalına uyğun) icarə haqqı ödənilməklə bir il müddətinə icarəçi «Azəri» kiçik müəssisəsinə icarəyə verilmişdir.

12. 05.07.1996-cı il tarixli Sanitar müayinə aktından müəyyən edilir ki, Azərbaycan Dəmir yolları Bakı sanitar müfəttişliyinin nümayəndələri və çayxananın müdiri Ə.Şahbazovun iştirakı ilə H.Z.Tağıyev stansiyasında yerləşən bufet-çayxanaya baxış keçirilməklə müfəttişliyin qərarına əsasən çayxananın fəaliyyətinin dayandırılması qərara alınmış və çayxananın qapısı SES tərəfindən plomblanmışdır.

13. Təkliflər adlı sənəddən müəyyən edilir ki, Zeynalabdin Tağıyev stansiyası özəl çayxananın müdirəsi Ağayeva Xatirənin iştirakı ilə Mühafizə Xidmətinin yanğın profilaktikası üzrə təlimatçısı Mədəd Kazımov çayxanada xx.xx.2004-cü il tarixdə əsaslı müayinə aparmışdır.Müayinə əsasında yanğın təhlükəsizliyi ilə əlaqədar bir sıra təkliflər qeyd edilmişdir.

14. Ödəniş qəbzlərindən görünür ki, X12 tərəfindən sadələşdirilmiş vergi təyinatı ilə xx.xx.2003-cü il tarixdə 14.000 AZM, xx.xx.2003-cü il tarixdə 7.000 AZM, xx.xx.2004-cü il tarixdə 14.000 AZM, xx.xx.2004-cü il tarixdə 7.000 AZM, xx.xx.2004-cü il tarixdə 50.000 AZM, xx.xx.2005-ci il tarixdə 50.000 AZM, xx.xx.2011-ci il tarixdə isə ADY QSCDəmiryol və Tex.Tam Tikinti departamentinin hesabına icarə haqqı təyinatı ilə 15 manat (AZN) ödəniş edilmişdir.

15. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 1 saylı Ərazi Vergilər İdarəsinin 23 oktyabr 2002-ci il tarixli 14/01-26/09 saylı məktubundan görünür ki, X8 xx.xx.2002-ci il tarixli 26/1322 saylı ərizəsi yerində araşdırılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Z.Tağıyev stansiyası ərazisində yerləşən çayxana X8 atası X13 şəxsi mülkiyyətində deyil, Azərbaycan Dəmiryol İdarəsinin balansındadır. Azərbaycan Dəmiryol İdarəsi çayxananı işlətmək üçün müqavilə əsasında ünvan 1 ünvanda yaşayan X9 verilmişdir. R.R.Talıbov həmin çayxananı işlətmək məqsədi ilə təmir işlərinə başlamışdır. X8 şikayətindən sonra təmir işlərini yarımçıq saxlayaraq müqavilə pozulmuşdur. Halhazırda çayxana şikayətçi X8 istifadəsindədir. Məlumat üçün bildirilmişdir ki, araşdırma X.P.Ağayevanın iştirakı ilə aparılmışdır.

16. Azərbaycan Respublikası Dövlət Dəmiryolunun xx.xx.2002-ci il tarixli məktubundan görünür ki, X8 xx.xx.2002-ci il tarixli ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət X5 adına dəmiryolu stansiyası ərazisində yerləşən 50 m2 sahəsi olan çayxana "xxxx" MMM rəhbərliyi ilə Dəmiryolu stansiya rəisi T.Hümbətəliyevin razılıq dərkənarı və çayxananın sxemi əsasında xx.xx.2002-ci il tarixdən icarə müqaviləsi bağlanmışdır. Çayxana dəmiryolu stansiyası ərazisində heç bir əsası olmadan tikilmiş və dəmiryolu müəssisəsinin balansına götürülməmişdir. Bunları əsas tutaraq dəmir yolu stansiyasının "xxxx" MMM və "xxxx" X6 X7 Müəssisəsinin işçilərinin iştirakı ilə həmin müqavilənin ləğv edilməsi haqda akt tərtib olunmuş, xx.xx.2002-ci il tarixdə müqaviləyə xitam verilmişdir.

17. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi 95A ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında X3 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində 8 saylı reyestr kitabının 58 saylı vərəqində qeydiyyata alınmışdır.

18. X8 Azərbaycan Dəmir Yolu İdarəsinin NQÇ-nin rəisi Ç.Məmmədova yazdığı 12 avqust 2002-ci il tarixli ərizədən görünür ki, X12 H.Zeynalabdin stansiyası ərazisində yerləşən çayxananı işlətməyə icazə verilməsini xahiş etmişdir. İcarə pulunun vaxtlıvaxtında nağd pulla ödənilməsinə təminat verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, həmin çayxananı 1994-cü ildə atası X15 inşa etmişdir. Atası Azərbaycan Dövlət Dəmir Yolunun fəxri dəmiryolçusu olmuşdur. Müəyyən səbəblərdən çayxana işlədilməyib. Hal-hazırda özü dolanışığı ilə əlaqədar olaraq çayxananı işlətmək istəyir. Ərizəyə dərkənardan görünür ki, stansiya ərazisində olan çayxananın X12 tərəfindən təyinatı üzrə işlədilməsinə etiraz edilməmişdir.

19. X11 Su Cəmiyyəti SÖCİT və SSM su satışı üçün mədaxil qəbzlərindən görünür ki, Ağayeva Xatirə tərəfindən st.Tağıyev ünvanı üçün xx.xx.2002,xx.xx.2002, xx.xx.2003cü il tarixlərdə ödənişlər edilmişdir.

20. 06.01.2004-cü il tarixdə bağlanmış müqaviləyə əsasən təchizatçı "xxxx" MMC istehlakçı H.Z.Tağıyev qəsəbəsi, stansiya ərazisində yerləşən çayxananı elektrik enerjisi ilə təmin etməyi üzərinə götürmüşdür.

21. İstehlakçı qismində müqaviləni X12 imzalamışdır. Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC VÖEN 150091693- AXU №338576 kassa mədaxil orderinin qəbzindən görünür ki, Ağayeva Xatirə xx.xx.2004-cü il tarixdə Z.Tağıyev çayxanada enerji sərfi üçün 50.000 manat ödəniş etmişdir.

22. 31.01.2004-cü il tarixli H.Z.Tağıyev qəsəbəsində yerləşən ictimai iaşə obyektinə 000668320№li hesab ödəniş vərəqinə əsasən yanvar ayı istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün vergi-hesab fakturası tərtib edilmişdir.

23. 2 saylı ərazi vergilər idarəsinin vergi ödəyicisinin uçota alınması haqqında FŞ309007129 nömrəli şəhadətnamə adlı sənəddən görünür ki, X12 xx.xx.2003-cü il tarixdə H.Z.Tağıyev D/Y stansiyası ev 95A ünvanında fəaliyyət növü ictimai iaşə, o cümlədən səyyarı qaydada olmaqla qeydiyyata alınmışdır.

24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 Saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi müəyyən edilmiş və ona miras əmlakdan tam pay müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2022-ci il tarixli 35 saylı arayışına əsasən təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə 1617.18(bir min altı yüz on yeddi manat on səkkiz qəpik) kompensasiya məbləğindən ibarətdir.

25. N nömrəli hərbi hissə komandirinin Sumqayıt Regional Asan Xidmətinin notariat ofisinə ünvanladığı məktubda göstərilmişdir ki, X12 xx.xx.2014-cü il tarixdən N nömrəli hərbi hissədə mülki işçi kimi mühasib vəzifəsində işləyib və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən mərhum X8 orta aylıq əmək haqqının üç misli miqdarında 1617,18 manat pul müavinəti hesablanmışdır. Hesablanmış pul müavinəti N nömrəli hərbi hissə tərəfindən nağd şəkildə vərəsəliklə təyin olunmuş şəxsə ödəniləcək.

26. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X13 əmək və digər fəaliyyəti barədə heç bir məlumat aşkarlanmamış, fəxri dəmiryolçular siyahısında da adı qeyd olunmamışdır.

27. "xxxx" MMC tərəfindən tərtib olunmuş 14 yanvar 2025-ci il tarixli QY 01-011/25 saylı hesabatdan görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yekun bazar dəyəri 28.300 manat təşkil edir.

28. 10 mart 2024-cü il tarixdə verilmiş M/V seriyalı 143375 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır.

29. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 09 yanvar 2025-ci il tarixli 3-21-2-9/2-4103/2025 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin vergi ödənişi barədə məlumat verilməsi haqqında xx.xx.2024-cü il tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, X8 (VÖEN: 2********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2003-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 36,0 manat vergi ödənişi olmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Xəzinədarlıq orqanlarından daxil olmuş ödəniş sənədlərinin saxlanma müddəti 5 il olduğu üçün ödəniş sənədlərinin təqdim edilməsi mümkün olmamışdır.

30. Təqdim edilmiş xx.xx.2019-cu il tarixli fotoşəkildən dəmiryol stansiyasının yaxınlığında yararsız vəziyyətdə olan tikili aydın olur.

31. Təqdim edilmiş elektron daşıyıcıda (yaddaş kartında) olan videogörüntüdə həmin tikilinin içərisinin vəziyyəti lentə alınmışdır.Tikilinin daxilində əhəmiyyətli hər hansı əmlak görünmür.

32. Təqdim edilmiş fotoşəkillərdən mübahisəli tikiliyə aid olması güman edilən sahənin içərisində bəzi əşyalar (masa, oturacaqlar, divarda xalçalar) olması aydın olur. Fotoşəkillərin hansı tarixə aid olması müəyyən edilmir.

33. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə dəymiş maddi ziyana dair akt (siyahı) təqdim etmişdir və həmin aktda qeyd olunmuşdur ki, iş üzrə maddi ziyanın hansı hissədə dəymiş olduğunu, yəni iddiaçıya məxsus iaşə obyektinin bir hissəsini sökülməsindən sonra onun təmiri ilə bağlı, təmir xərclərinin kompensasiyası üçün və eyni zamanda iş materiallarına əlavə edilmiş noyabr ayının 2023-cü il tarixinə aid foto və video materiallarından tədqiq edilmiş əşyaların siyahısının tərtib edilməsi zərurəti yaranmışdır. Siyahıda göstərilən əşyalar cavabdeh tərəfindən iddiaçıya məlumat verilmədən atılıb və məhv edilmişdir. İddiaçı hərbçi olduğundan siyahıda qeyd edilən əşyaların yarısının obyektdə olmamasını 2023-cü il tarixdə aşkar etmişdir. Ondan sonra fotoşəkillər çəkmişdir. Bir il ərzində isə cavabdeh qanunsuz olaraq digər əşyaları çıxartmış, razılıq olmadan özbaşına təmir və yenidənqurma işləri aparmışdır. Eyni zamanda obyektdə mühafizə təyin edilmişdir. Məlumat üçün bildirir ki, iddiaçıya aid olan iaşə obyekti cavabdeh tərəfindən qanunsuz şəkildə sökülənədək 1995-ci ildən 2021-ci ilədək icarə müqaviləsi əsasında 25 il müddətinə, ayda 300 manat icarə haqqı ödənilməklə istifadə edilirdi. Söküntü işlərindən sonra obyektin qeyri-işlək vəziyyətə düşməsi səbəbindən icarə verən, "xxxx" QSC icarə müqaviləsinə tam əsassız şəkildə icarə obyektində dəyişikliklər etmiş, obyektdə razılıq olmadan özbaşına təmir və yenidənqurma işləri apramışdır. Cavabdehin qanunsuz hərəkətlərini nəticəsində iddiaçıgil 3 ildir ki, çayxanadan gəlir ala bilməmişlər. Ona görə də, iddiaçı əldən çıxmış fayda kimi ötən müddət ərzində ala bilmədiyi gəlirin cavabdehdən tutulmasını tələb edir. Təqdim olunmuş icarə haqqı qəbzlərdən də görünür ki, icarə haqqı iddiaçının anası tərəfindən ödənilmişdir (məsələn 2003-cü il tarixdə anası cavabdehin bank hesabına 50.000 manat ödəmişdir). Bu isə 15 iyul 1992-ci il tarixli «Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında» Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli, 910 nömrəli Fərmanı ilə minimum aylıq əmək haqqının məbləği artırılaraq, mövcud 27.500 manatdan 2003-cü il sentyabrın 1-dən 45.000 manata, 2004-cü il yanvarın 1-dən isə 60.000 manata çatdırılmışdır. Bu isə o deməkdir ki, qəbzlərdə yer alan icarə haqqı 50.000 60.000 min manat bu günkü gündə 300-350 manatdır. Belə olan halda müəyyən etmək olar ki, iddiaçıgilin orta aylıq gəliri 25 il ərzində 1.000 manat təşkil edirdi. Cavabdehin isə qanunsuz olaraq çayxanaya ziyan vurması nəticəsində iddiaçı həmin çayxananı 3 ildir ki, işlədə bilməyəmiş və ya digər şəxslərə icarəyə verməmişdir. Ona görə də, iddiaçı əldən çıxmış fayda olaraq 20.000 manat tələb edir. İddiaçı hesab edir ki, məhkəmə tərəfindən qeyd edilən hallar tam, ədalətli və obyektiv araşdırmalı və cavabdeh "xxxx" QSC-dən iddiaçıya dəymiş maddi ziyana görə 30.000 manat, əldən çıxmış faydaya görə isə 20.000 manat tutulması barədə qətnamə çıxarılmalıdır. İddiaçı hesab edir ki, adları və sayları sadalanan əşyaların dəyərləri aşağıdakı kimidir: 1) 5 masa və 10 uzun oturacaq dəsti (sıra), 15 ədəd, 3.000 manat; 2) Mətbəx mebeli, 3 ədəd, 2.000 manat; 3) Xalça və örtüklər, 5 ədəd, 1.000 manat; 4) Soyuducu, 1 ədəd, 1.000 manat; 5) Qaz plitəsi, 1 ədəd, 500 manat; 6) Kombi (pyatiminutka isti su), 1 ədəd, 500 manat; 7) Moyka, 1 ədəd, 1.000 manat; 8) Vitrin, 1 ədəd, 1.000 manat; 9) Unitaz (moydadır), 1 ədəd, 500 manat; 10) Çaydan dəsti, 20 ədəd, 1.000 manat; 11) Kiçik hamam əşyaları, dəsmallar, 5 ədəd, 500 manat; 12) Mətbəx əşyaları (metal çörək dolabı, su qabı, qazan dəsti, külqabı və s.), 50 ədəd, 3.000 manat; 13) Hasar, 3.000 manat; 14) Sökülmüş divarlar, arakəsmələr, 10.000 manat; 15) Elektrik xətləri, 2.000 manat. Cəmi 30.000 manat. Tətbiq edilən maddi hüquq normaları:

34. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:

35. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

38. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

39. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

40. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

41. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

42. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

43. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

44. 704.1-cü maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.

45. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

46. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

47. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

48. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

49. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu

50. Maddə 7.1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.

2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi.

3. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər.

4. İcarəyə verilən əmlakın dəyəri faktik aşınma nəzərə alınmaqla bu əmlakın icarəyə verildiyi an ona qoyulan qiymət əsasında müqavilədə müəyyən edilir.

5. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.

51. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur:- törədilmiş əməlin hüquqa zidd olması– ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir;- əməlin təqsirli olaraq törədilməsi– təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;- törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması– qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır;- zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması– zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

55. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

56. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

57. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

58. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

59. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

60. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

61. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

62. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

63. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

64. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

65. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

66. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

67. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

68. İddiaçının dəlilləri mərhum anası və cavabdeh arasında cavabdehin balansında olan çayxana-bufetin anasına icarəyə verilməsindən irəli gələn icarə münasibətlərinin mövcudluğu, iddiaçının mərhum anasının vergi ödəyicisi kimi qeydiyyata alınaraq həmin çayxana-bufetdə sahibkarlıq fəaliyyəti göstərməsi, sonradan isə cavabdeh tərəfindən həmin tikilinin əsassız olaraq ələ keçirilməsi nəticəsində ona maddi ziyan dəyməsindən ibarətdir.

69. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının anası ilə həmin çayxana-bufet balansında olan QSC arasında bağlanmış icarə müqaviləsi təqdim edilməmişdir.

70. Onu da qeyd etmək lazımdır ki, icarə müqaviləsi müəyyən bir ərazidən müvəqqəti və əvəzli istifadəyə haqq verir. İddiaçının həmin obyektin ondan əsassız alınması barədə dəlili üzrə qeyd edilir ki, tikili iddiaçının anasının müvəqqəti istifadəsində olmuşdur. Hazırkı halda iddiaçı icarə müqaviləsinin ləğv edilməsinin qanuna uyğun olmamasına (MM 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.) istinad edə bilər. Hazırkı halda, icarə müqaviləsi təqdim edilmədiyindən və onun hansı müddətə bağlanması müəyyən edilmədiyindən qeyd edilən hal da müəyyən edilə bilmir.

71. İddiaçının anasının həmin obyekti hansı vaxta kimi işlətməsi də müəyyən edilmir.

72. Rayon məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçı anasının ölümünə qədər orada çayxana-bufet xidməti göstərilməsini iddia etsə də, eləcə də iş üzrə iddiaçının təqdim etdiyi şahid bu halları təsdiqləsə də, işin araşdırılmış digər halları ilə bu fakt nəinki təsdiqini tapmamış, əksinə, elə iddiaçının özünün anasının hərbi hissədə mühasib işləməsinə dair təqdim etdiyi sənədlə aşkar təkzib olunmuşdur.

73. Həmçinin mərhum Xatirə Ağayeva hələ 1995-ci ildən cavabdehin həmin dövrdə müvafiq səlahiyyətli idarəsinin rəhbərliyinin razılığı ilə Tağıyev stansiyasında olan tikilidə ictimai iaşə fəaliyyəti göstərməyə başlamışdır. Xatirə Ağayeva həmin ictimai iaşə obyekti üzrə su və elektrik enerjisi sərfiyyatına görə müəyyən illərdə ödənişlər də etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş müvafiq kommunal xidmət ödənişlərinin qəbzlərinə görə bu hal öz təsdiqini tapır. Məhz elə həmin kommunal xidmət haqlarının ödənilməsini təsdiq edən qəbzlərin sonuncusunun tarixini (Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC VÖEN 150091693- AXU №338576 kassa mədaxil orderinin qəbzi xx.xx.2004-cü il; X11 Su Cəmiyyəti SÖCİT və SSM su satışı üçün mədaxil qəbzi xx.xx.2003-cü il) nəzərə almaqla tərəflər arasında münasibətlərin hansı tarixədək davam etməsi ciddi sual doğurur.

74. Maddi zərərlə bağlı tələbində iddiaçı həmin tikilinin onlar tərəfindən tikilməsinə, cavabdeh tərəfindən sökülməsinə istinad etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Qeyd olunan halla bağlı isə cavabdehin nümayəndəsi bildirmişdir ki, həmin tikili nəinki sökülməmiş, əksinə təmir edilərək, hazırda da onlar tərəfindən depo kimi istifadə edildiyini bildirmişdir.

75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

76. Məhkəmə kollegiyasının bir daha diqqətə çatdırır ki, mübahisənin obyektiv və düzgün həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir

77. Məhkəmə kollegiyası iddia tələbinin əldən çıxmış faydaya görə 20.000 manat tutulması barədə hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb yuxarıda qeyd edilən digər tələbdən asılı olduğundan, iddia həmin hissədə əsassız olduğundan, əldən çıxmış fayda ilə bağlı iddia tələbi də təmin edilə bilməz.

78. Beləliklə iddiaçı öz iddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri ilə bağlı heç bir sübut təqdim etməyindən, Kollegiya rayon məhkəməsinin iddia tələbinin sübut edilməməsi əsası ilə təmin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşır. Nəticə:

79. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

80. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

81. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-447/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar