Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2973/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: «kredit borcunun qaytarılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-419/2023 saylı, 02 fevral 2023cü il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. xx.xx.2015-ci il tarixli 1xx/xx/113546/15 saylı kredit müqaviləsinə əsasən Ləğv prosesində olan "xxxx" X5 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 24 faizlə 7500 manat kredit verilmişdir.
2. xx.xx.2022-ci il tarixli bildirişlə Cavabdeh1 borcunu ödəməyəcəyi təqdirdə 3 (üç) gün müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5918,37 manat əsas, 4971,04 manat faiz borcu, 4381,73 manat cərimə borcu, 1270,18 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 16541,32 manatın, 139,63 manat dövlət rüsumu əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiada göstərilir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcu yaranmışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-419/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi (hakim Təhminə Xəlilova) ilə iddianın təmin edilməməsi və iddiaçı tərəfindən ödənilmiş 139,63 manat məbləğində dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, kreditin icrası müddəti xx.xx.2018-cı il tarixdə bitmiş, yəni kreditin qaytarılmasının son günü xx.xx.2018-ci il tarixi olmuş, lakin həmin tarixədək kredit qaytarılmamış və iddiaçı hüquqlarının həmin tarixdən pozulduğunu bildiyi halda həmin tarixdən üç il müddətində məhkəməyə müraciət etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 4 il ötdükdən sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş edib şikayətində göstərir ki, 25 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2021-ci il tarixdə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Lakin Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(011)- 7906/2021 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Bank tərəfindən həmin qərardaddan şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11516/2021 saylı qərardadı ilə Bankın şikayəti təmin edilməmişdir. Son olaraq bildirilir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən 25 iyun 2015-ci il tarixli 1xx/xx/113546/15 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də 25 iyun 2015-ci il tarixli 1xx/xx/113546/15 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Həmçinin 25 iyun 2015-ci il tarixli 1xx/xx/113546/15 saylı kredit müqaviləsi 36 ay müddətinə bağlanaraq, xx.xx.2018-ci il tarixi kreditin ödənilməli olduğu son tarixdir. Məhkəmə iş materiallarında həmin hissəyə istinad edərək iddia müddətinin 3 il olmasını göstərərək, iddia müddətinin tətbiq olunmasını qeyd etmişdir. Mülki Məcəllənin 374.1-ci maddəsində isə qeyd edilmişdir ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Lakin cavabdeh ilə bağlanılan 25 iyun 2015-ci il tarixli 1xx/xx/113546/15 saylı kredit müqaviləsinin 10.1-ci bəndində qeyd edilmişdir ki, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yətirməsinə qədər qüvvədədir. Yəni, qanunvericiliyin bu tələbindən aydın olur ki, tərəflər arasında bağlanmış müqavilədə iddia müddətləri və onların hesablanması qaydası ilə bağlı başqa hal nəzərdə tutulmadığı təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddəsi tətbiq edilir. Hətta bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında da qeyd edilmişdir. Belə ki, qeyd edilən qərarın nəticə hissəsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır” cümləsi qeyd edilmişdir. Bu qərardan da aydın görünür ki, Konstitusiya Məhkəməsi tərəflərin qanunvericiliklə onlara tanınmış müqavilə azadlıqlarına böyük əhəmiyyət verir. Hazırki iş üzrə məhkəmə, tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Belə olan halda artıq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsinin tələbləri hazırki mübahisəyə tətbiq edilərək, məhkəmənin qətnaməsi ləğv olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 378. Öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) iddia müddətinin keçməsi ilə əlaqədar tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.)
20. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nədə mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı).
21. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
22. Apellyasiya şikayətində qeyd edilən hallar, geniş işçi resurslarına və orqanlara malik hüquqi şəxs olan iddiaçı təşiklata müddətin ötürülüməsinin üzrlü hesab edilməsi üçün əsas verən hallar deyildir.
23. Kredit müqaviləsi üzrə öhdəliklərin icra edilənədək müqavilənin qüvvədə olması ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
24. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı”nda ifadə edilmiş hüquqi mövqeyə görə, “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”.
25. Göründüyü kimi, kredit müqaviləsi üzrə münasibətlərə üç illik müddət tədiq edilir və bu müddətin axmının başlanması müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
26. Baxılan işdə isə kredit müqaviləsinin icra müddəti xx.xx.2018-ci il tarixdə bitmiş, üç illik müddətin axımı həmin vaxtdan başlanmışdır. Şikayətdə göstərilən, yəni iddiaçı tərəfin 2021-ci ilin sentyabr ayında eyni tələblə məhkəməyə müraciət etməsi və iddia ərizəsinin geri qaytarılması da hazırki iş üzrə iddia müddətinin axımının kəsilməsi demək deyil. Çünki, həmin vaxt da, yəni 2021-ci ilin sentyabr ayındada artıq 3 illik iddia müddəti keçmişdir.
27. Ona görə də, öhdəliklərin icra edilənədək müqavilənin qeyri-müəyyən tarixədək qüvvədə olması barədə yanaşma Mülki Məcəllənin iddia müddəti ilə bağlı normalarına və Plenumun istinad edilən qərarlarındakı hüquqi mövqelərə, eyni zamanda iddia müddəti instutunun mahiyyətinə ziddir.
28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 419/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-419/2023 saylı, 02 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.