Məhkəmə qərarları › İş №2(103)-2974/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2974/2023

10.05.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2974/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Açar sözlər:(mülkiyyət hüuqunun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(004)-467/2023 saylı qətnaməsindən İddiaçı qıız tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh1 İddiaçı və qız övladları X4 və X2 qarşı, “mənzildən çıxarılma tələbi barədə” iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən, onların ünvan 1 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmasının təmin olunmasını xahiş etmişdir. 2.Bakı şəhəri Yasamal Rayon Məhkəməsiin 2(004)-58/2021 saylı 16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuş və həmin qətnamə yuxarı instansiya məhkəmələrində mübahisələndirilsə də, birinci instansiya məhkəməsinin iş üzrə nəticəsi dəyişdirilmədən saxlanılıb. (Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 6971/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3213/2021 №-li, xx.xx.2022-ci il tarixli qərarı). 3.Hazırkı iş üzrə İddiaçı evin boşaldılması məqsədi ilə yır-yığış zamanı sözügedən ünvan 1 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilinə dair İH-nin Orderini tapdığını və həmin orderdə də iki nəfərin: Cavabdeh1 və iddiaçı-İddiaçı adları yazıldığının bildirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilinə mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş əri Cavabdeh1 (bundan sonra cavabdeh), ona və qız övladları X3 və X2 qarşı, “mənzildən çıxarılma tələbi barədə” iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən, onların ünvan 1 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmasının təmin olunmasını xahiş etmişdir. Yasamal rayon Məhkəməsiin 2(004)-58/2021 saylı 16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuşdur. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdehlərin çıxarılması tələb olunan mənzil, iddiaçının mülkiyyətindədir və onların mənzildən istifadəsi iddiaçının qanunla qorunan maraqlarına ziddir. Həmin 16 mart 2021-ci il tarixli qətnamə yuxarı instansiya məhkəmələrində mübahisələndirilsə də birinci instansiya məhkəməsinin iş üzrə nəticəsi dəyişdirilmədən saxlanılıb.(Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 6971/2021 №-li, xx.xx.2021-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 3213/2021 №-li, xx.xx.2022-ci il tarixli qərarı). Həmin məhkəmə mübahisələri zamanı daima mənzilin mülkiyyətçisi olmalı olduğunu iddia etsə də və bunumənzilin dəyərinin onun pulları hesabına ödənildiyini bildirsə də, bunun təsdiqi olaraq əlində, heç bir sübutu olmadığı üçün məhkəmələr onun bu iddiasını formal söz olaraq qəbul etmişdir. Lakin qısa müddət öncə evin boşaldılması məqsədi ilə yır-yığış zamanı sözügedən ünvan 1 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilinə dair İH-nin Orderini tapmışdır və həmin orderdə də iki nəfərin: Cavabdeh1 və iddiaçı-İddiaçı adları yazılıb. Məhz bu fakt onun mənzilə olan mülkiyyət hüququ iddiasında haqlı olduğunu təsdiq edir. 6.Lakin sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. 7.Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmiş, cavabdeh isə ərizənin baxılmamış saxlanılmasına etiraz etmişdir. 8.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən işə baxılmasını davam etmişdir. 9.Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, hazırkı iddianın məhkəmədə qaldırılmasında məqsəd iddia ərizəsində qeyd edilən icra mərhələsində olan icra sənədinin icrasını yubatmaq məqsədi daşıyır. 10.Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 15 fevral 2023-cü il tarixli, 2(004)-467/2023 saylı qətnaməsi ilə (hakim-Təhminə Xəlilova) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. 11.İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair Yasamal Rayon Məhkəməsinin qanuni qıvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsi və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı, X4 və X2 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 mart 2021-ci il tarixli 2(004)-58/2021 saylı qətnaməsindən görünür ki, işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilməmişdir. 12.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında ailə münasibətlərinə xx.xx.2002-ci il tarixdə nikahın pozulması ilə xitam verilmişdir. Mübahisəli mənzil isə Cavabdeh1 tərəfindən xx.xx.2006cı il tarixdə əldə edilmiş və İddiaçı 2007-ci ilin yanvar ayında həmin mənzildə yaşamağa başlamışdır. 13.Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə birgə qazancı hesabına əldə edilmədiyi müəyyən edildiyindən iddiaçının həmin mənzilə mülkiyyət hüququ tanına bilməz və iddia rədd edilməlidir. 14.Məhkəmə, həmçinin hesab etmişdir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 225-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməsini mübahisəli əmlakın birgə nikah dövründə əldə olunmayan əmlak olması ilə əsaslandırıb. Halbuki, əvvəla əmlak mənzil tikinti kooperativindən alınmış mənzil olmaqla, mənzilə dair orderdə onun adı yazılıb və mənziliə görə ödənilmiş pulların ödənilməsi iddiaçının vəsaiti hesabına olunduğu barədə tikinti kooperativinin müvafiq arayışı var. Yuxarıda sadalananlar onu deyir ki, mənzilə mülkiyyət hüququmun tanınması üçün onun cavabdehlə nikahda olmağı hər hansı əhəmiyyət kəsb etmir. İkincisi isə nikah, nikah şəhadətnaməsi ilə deyil tərəflərin birgə təsərrüfatı idarə etmələri ilə təsdiqlənir ki, burda da onunla cavabdeh arasında rəsmi nikah pozlmuş olsa da onlar bir ailə olaraq təsərrüfatı birgə idarə etmişlər və buna sübut kimi həmin dövrlərdə onun cavabdehlə münasibətlərindən iki övladı doğulmasıdır və onalr bir ailə olaraq bir mənzildə yaşamışla. Birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları demək olar ki, araşdırmamış, həqiqi halları müəyyən edə bilməmiş və yalnız, hazırkı iddiaya hər hansı təsirə malik olmasımümkün olmayan məhkəmə aktlarına və nikahda olmamaya əsaslanmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi mühüm əhəmiyyətə malik faktiki halların düzgün qiymətləndirilmədiyini göstərir. Birinci instansiya məhkəməsinin iddiamın rədd edilməsi barədə nəticəsi iş üçün əhəmiyyətli olan halların, (mənzilə dair orderin adına olması, kooperativə mənzil üçün ödənilən pulların ona məxsus olması və sair). Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsini tərəflərin rəsmi nikahda olmaması ilə əlaqələndirməsi iş üzrə nəticənin işin hallarına uyğun gəlməməsinin təsdiq edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır c)Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilməmişdir. Bu hal qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunur. 20.İddiaçı məhkəməyə gəlməmiş, sübutların təqdim olunması ilə bağlı işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının işin baxılmasının təxirə salınması ilə bağlı müraciətini əsassız hesab edərək, qeyd edir ki, iddiaçının nümayəndəsi Nümayəndə1 Faiş oğlu xx.xx.2023-cü ildə birinci instansiya məhkəməsinə ərizə göndərərək, təqdim olunmuş sübutlar əsasında onların iştirakları olmadan işə baxılmasını xahiş etmiş, məhkəmə hazırlıq iclasının xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə baxışı təyin edilmişdir. Buna görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 21.Həmçinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş "xxxx" MTK-nın nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 22.Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 23.Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 24.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 26.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 27.Məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsininləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 28.Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı, X4 və X2 qarşı mənzildən çıxarılma tələbinə dair iddiasına dair mülki iş üzrə qüvvədə olan məhkəmə qətnamələri ilə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikahları dövründə əldə edilməmişdir. 29.Belə ki, həmin qətnamələrlə müəyyən edilmişdir ki, tərəflər arasında ailə münasibətlərinə xx.xx.2002-ci il tarixdə nikahın pozulması ilə xitam verilmişdir. Mübahisəli mənzil isə Cavabdeh1 tərəfindən xx.xx.2006-cı il tarixdə əldə edilmiş və İddiaçı 2007-ci ilin yanvar ayında həmin mənzildə yaşamağa başlamışdır. 30.Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli mənzilin tərəflərin birgə nikah dövründə birgə qazancı hesabına əldə edilmədiyi müəyyən edilmiş, və buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının həmin mənzilə mülkiyyət hüququ tanına bilməz və iddia rədd edilməlidir. 31.Kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunan faktlara artıq qüvvədə olan məhkəmə qətnamələri ilə hüquqi münasibət bildirildiyindən və MPM-in 82.3-cü maddəsinə əsasən həmin faktların yenidən sübut edilməsinə yol verilmədiyindən iddia tələbi məhkəmə tərəfindən düzün olaraq təmin edilməmişdir. 32.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 33.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 34.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 35.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(004)-467/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar