Məhkəmə qərarları › İş №2(103)-2974/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2974/2024

10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2974/2024 10.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borcun etirafı, borcun ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh xx.xx.2023-cü il tarixdə imzaladığı iltizamda İddiaçı 4000 manat borcu olduğunu, xx.xx.2023-cü il tarixinə qədər 300 manat ödəyəcəyini, qalan 3700 manatı isə 4 ay müddətində qaytaracağını, verdiyi sözə əməl etməsə cinayət məsuliyyəti daşımağa hazır olduğunu bildirmişdir.

2. Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda göstərmişdir ki, onun PŞ-nə verdiyi ərizə araşdırılmışdır, mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunur.

3. Xətai RPİ-nin 34-cü PŞ-də araşdırma aparıldığı dövrdə Cavabdeh İddiaçı 50 manat ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 4000 manat borcun və 60 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, təxminən 2021-ci ilin oktyabr ayının ortalarında cavabdehə evində uşaq mebelinin yığılması müqabilində 2000 manat məbləğində pul vermiş, mebelin yığılması 1000 manata başa gəldiyindən cavabdeh 1000 manatı ona geri qaytarmış, əvvəllərdən tanıdığı cavabdeh bir müddət sonra ona müraciət edərək, mebel işi ilə əlaqədar biznesinin dövriyyəsi üçün ona pul lazım olduğunu və 2 ay ərzində biznes dövriyyəsini artırıb ona geri qaytarmaq şərti ilə borc pul verməyini xahiş etmiş, cavabdehə 4000 manat borc vermişdir. Bu günə qədər cavabdeh onu aldadır və müxtəlif yalanlar deməklə borcunu verməkdən imtina edir.

6. Cavabdehin məlum olan ünvanına göndərilmiş bildiriş “köçüb” qeydi yazılmaqla geri qaytarılsa da, ona SMS məlumat çatdırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmişdir.

7. Birinci instansiya məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 3950 manat məbləğində borcun və 60 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

8. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

8.1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə sadə yazılı formada müqavilə bağlanılmış, müqaviləyə əsasən cavabdeh iddiaçıdan aldığı 4000 manat məbləğində borc puldan 300 manatını xx.xx.2023-cü il tarixədək, qalan 3700 manat pulu isə 4 ay müddətində ödəyəcəyi barədə yazılı öhdəlik götürmüş, müqavilədə borcun məbləğini (4000 manat), borcun qaytarılması şərtlərini, müddəti açıq formada göstərmişdir. Göründüyü kimi, bu müqavilə iddiaçını borcun cavabdeh tərəfindən alınmasını sübut etmək vəzifəsindən azad edir. 8.2. Qanunla nəzərdə tutulmuş yazılı müqavilənin formasına dair tələblərə tam cavab verməsə də, tərəflər aralarındakı münasibətin nə ilə bağlı yarandığını göstərən sadə yazılı formada tərtib etdiyi hər hansı bir sənəd yazılı borc müqaviləsi kimi qəbul oluna bilər. 8.3. İddiaçı məhkəmə baxışı zamanı polis bölməsinə müraciət etdikdən sonra cavabdehin 50 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Bu halın iddiaçı tərəfindən etiraf edilməsi artıq cavabdehi 50 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarması ilə bağlı faktı sübutetmək vəzifəsindən azad edir. 8.4. Məhkəmə həmçinin hesab edir ki, 60 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

9. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 442-ci, 739.1-ci, 740.1-ci, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 76-cı, 77.1-ci maddələrinə istinad etmişdir.

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxılması, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığı arqumentləri ilə əsaslandırmaqla, iddiaçıdan borc almadığını, onunla şərikli biznes fəaliyyəti göstərmək üçün sövdələşdiklərini, iddiaçının verdiyi 4000 manatla müxtəlif avadanlıqlar aldıqlarını, lakin sonradan iddiaçının pul ayrırmaması səbəbindən işbirliklərini davam etdirə bilmədiklərini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

12. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmənin çağrı mərkəzinə zəng edərək Bakı şəhərində olmayacağı səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, iddiaçı da məhkəməyə gəlməmişdir.

13. İşin halları və şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

15. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

19. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

23. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

24. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

31. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia tələbi qismən təmin edilsə də, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Başqa sözlə, qətnamənin iddianın qismən təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

35. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

36. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

37. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, cavabdehə 4000 manat borc verdiyini, lakin cavabdehin borcun 3950 manat hissəsini qaytarmadığını irəli sürür; cavabdeh isə apellyasiya şikayətində iddiaçıdan pul aldığını inkar etməməklə yanaşı, həmin pul məbləğini iddiaçı ilə şərikli biznesə yönəltdiyini, lakin iddiaçının əlavə pul verməməsi səbəbindən işlərin alınmadığını bildirməklə iddiaya etiraz edir.

38. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh, yazdığı iltizamda iddiaçıya 4000 manat borcunun olduğunu, xx.xx.2023-cü il tarixinə qədər 300 manat ödəyəcəyini, qalan 3700 manatı isə 4 ay müddətində qaytaracağını bildirmişdir.

39. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc və borcun etirafı müqavilələri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; bununla yanaşı, cavabdehin iddiaya etirazının dəlilləri kontekstində ilk növbədə həmin borcun şərikli biznes fəaliyyətinə yönəldilibyönəldilmədiyi və həmin fəaliyyətdən əldə olunacaq gəlir hesabına ödənilməli olubolmadığı məsələsinə qiymət verilməlidir.

40. Cavabdeh iddiaya etiraz olaraq irəli sürdüyü həmin halı mötəbər və biridigərini tamamlayan sübutlarla təsdiq edə bilməmişdir və işdəki sübutlar, ağlabatan mühakimə əsasında onun iddiaçıya borclu olduğu qənaətinə gəlməyə imkan verir.

41. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti işin hallarına uyğundur və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin dürüst olmadığının təzahürüdür.

42. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

43. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

44. Oxşar mövqe X2 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

45. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1143/2024 saylı iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar