Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2975/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər X5 və Cavabdeh nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X8 və 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə, habelə vəkil xidmətinə görə ödənilmiş pulun və dövlət rüsumunun tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2381/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pasport qeydiyyatında olduğu Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evinə köçürülməsi və istifadə hüququnun tanınması, habelə vəkil xidmətinə görə ödənilmiş 150 manat pulun və 20 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx xxxxxx 1979-cu il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx xxxx 1982-ci il tarixdə X11 və xx.xx.1984-cü il tarixdə X15 doğulmuşdur. Cavabdeh ilə son zamanlar ailə münasibətləri pozulmağa başlamışdır. Buna səbəb cavabdehin digər qadınla nikahdan kənar münasibətdə olması olmuşdur. Bununla bağlı cavabdeh müxtəlif bəhanələrlə ailə daxili münaqişələr yaratmağa başlamış, onu mütəmadi olaraq təhqir ermiş və döymüşdür. Buna görə o, məcburiyyət qarşısında qalaraq, qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Goradil qəsəbəsi, 1060 nömrəli evi xx xxxxxx 2019-cu il tarixdə tərk edərək, 90 yaşlı atasının himayəsinə sığınmışdır. Onlar əvvəllər Bakı şəhəri, Azadlıq prospekti 142, 33 saylı mənzildə yaşamışlar, lakin sonradan cavabdeh onun sadəlövlüyündən sui-istifadə edərək, həmin mənzili satmışdr. Buna görə də, 2014-cü ildən xx xxxxxx 2019-cu il tarixədək həmin baş evində yaşamış və hazırda bu evdə pasport qeydiyyatında olsa da, cavabdeh onu yaşamaq üçün həmin evə buraxmır. Hazırda yaşadığı və atasına məxsus olan mənzil də mübahisəli olduğundan həmin evdən də çıxmaq məcburiyyətindədir. Dəfələrlə qeydiyyatda olduğu və yaşadığı evə qayıtmaq istəsə də, cavabdehin zorakı hərəkətləri nəticəsində qayıda bilməmişdir. O, uzun müddət cavabdehlə birlikdə həmin bağ evində yaşamış və onunla birgə təsərrufat aparmış, komunal xərclərin ödənilməsində iştirak etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək və Quliyeva Peykər Həmid qızını, habelə 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisini də cavabdeh qismində işə cəlb edərək, “Mənzilə istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülmə” tələbini Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evinə dair cavabdehlər Cavabdeh ilə X12 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisi tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, onun Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi tələbi ilə əvəz edilməsi, habelə iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2381/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Fuad Abdıyev). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2381/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 24.08 1979-cu il tarixdə rəsmi olaraq nikaha daxil olmuş və nigahı xx.xx.1979-cu ildə Bakı Nigah Evində akt qeydləri kitabında 3611 nömrəli qeyd ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.1982 ci il təvəllüdlü Xəyalə və xx.xx.1984-cü il təvəllüdlü Ramın adlı övladları doğulmuşdur. Cavabdeh ilə son zamanlar münasibətləri pozulmağa başalamışdır. Münasibətlərinin pozulmasına səbəb cavabdehin bir qadınla nigahdan kənar münasibətdə olması olmuşdur. Həmin qadın onun həyatında tapılandan sonra cavabdeh yalandan bəhanələr gətirərək ailə daxili konfliktlər yaradır və nəticə etibarı ilə iddiaçını mütəmadi olaraq təhqir edib və döyürüdü. Buna görə də, iddiaçı məcburiyyət qarşısında qalıb qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri Binəqədi rayonu, Goradil qəsəbəsi 060 nömrəli evi 2019-cu ilin yanvar ayının 14-də tərk edərək 90 yaşlı atasının himayəsinə sığınmışdır. İddiaçı cavabdeh ilə əvvəllər ünvan 1 ünvanında yaşamış və sonradan cavabdeh iddiaçının sadəlövlüyündən sui-istiladə edərək həmin mənzili satmışdır. Buna görə də, 2014-cü ildən 2019-cu ilin yanvar ayının 14-dək Bakı şəhəri Binəqədi rayonu Goradil qəsəbəsi 1060 nömrəli evdə yaşamış və hal-hazırda sonuncu ünvanda pasport qeydiyyatında olsa da, cavabdeh iddiaçını yaşamaq üçün həmin evə buraxmır. Buna görə də, iddiaçı "Mənzilə köçürülmə” tələbi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmiş və məhkəmə icraatı zamanı iddiaçıya məlum olmuşdur ki, mübahisəli bağ evi cavabdeh tərəfindən anasının adına heç bir razılıq almadan özgəninləşdirmişdir (bağışlanmışdır). Bu səbəbdən iddiaçı iddia tələbinin həcmini artıraraq bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini və cavabdeh qismində cavabdehinj anası X9 və 1 saylı Bakı ASAN xidməti Mərkəzinin Notariat ofisini cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşı hazırkı "Mənzilə istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülmə tələbi”nə dair məhkəmədə iddia qaldırarkən iddiaçıya iddia tələbinin predmetini təşkil edən Bakı şəhəri Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli- bağ evinin cavabdeh tərəfindən qeyri-qanuni yolla 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat ofisinində cavabdeh ilə onun anası X12 arasında bağlanmış 4-Ə1742 nömrəli, xx.xx.2019-cu li tarixli, bağışlama müqaviləsi əsasında özgəninləşdirildiyi və nəticə etibarı ilə həmin ev mülkiyyətçisinin X12 olduğu haqqında məlumatı olmamışdır. İddiaçı və uşaqları Bakı şəhəri Binəqədi rayonu Goradil kəndi, 1060 nömrəli bağ evində qeydiyyatda olsalar da, cavabdehlər onları həmin evə buraxmırlar. Eyni zamanda iddiaçıya məlum olmuşdur ki, X12 tərəfindən iddiaçıya qarşı mübahisəli bağ evinə münasibətdə "Yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi ilə Binəqədi rayon Məhkəməsinə müraciət olunmuşdur (həmin mülki iş hakim Etibar Mustafayevin icraatındadır). 1 saylı Bakı ASAN xidməti Mərkəzinin Notariat ofisində bağlanan, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi mülki, mənzil qanunvericiliyinin və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin x xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli, Qərarının 49-cu bəndinin tələbləri pozulmaqla bağlandığına görə etibarsız hesab edilməlidir. Belə ki, cavabdehlər arasında sözü gedən bağışlama müqaviləsi həmin müqavilənin predrneti olan bağ evində pasport qeydiyyatında olan şəxslərin razılığı ilə bağlanıla bilərdi, lakin qanunvericiliyin bu tələbi cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur. Buna görə də, iddiaçı pasport qeydiyyatında olduğu bağ evinin saxta yolla başqa şəxsin adına keçirildiyindən əmin olub hazırkı iddia tələbinin həcmini artıtmaq yolu ilə həmin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi haqqında məhkəməyə əlavə müqraciət etmək qərarına gəlmişdir. Bu məsələnin araşdırılması üçün cavabdehin və uşaqlarının qeydiyyatda olduğu bağ evinin hansı mülki əqd əsasında kimin xeyrinə özgənınləşdirildiyinin öyrənilməsi barədə Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Həmin sorğuya alınmış cavab məktubundan yuxarıda göstərilən pasport qeydiyyatında olduğu bağ evinin həqiqətən də 4-Ə1742 nömrəli, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi əsasında X10 xeyrinə özgəninləşdirildiyi məlum olmuşdur. Belə ki, 1982-cı ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və s qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həlli müyyənləşdirmişdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və mgə şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasınd təsdiqlənməsi ilə şərtləndirir. Beləliklə, Mülki Məcəllənin göstərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi vacib saydığı halda, bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərə tutulmamışdır. Qeyd olunanalardan göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxsləri mənzildən istifadə etmək və mülkiyyət məsələlərinin hüquqi cəhətdən hərtərəfli həllinə təminat verir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehlər X5 və Cavabdeh nümayəndəsi və vəkili N.Ağayeva iddiaçının apellyasiya şikaytətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdeh 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinə lazımi qaydada məlumat verilməsinə bamayaraq həmin şəxs kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Azadlıq prospekti 142-də yerləşən 33 saylı mənzili X1. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən yaşayış sahəsini X8 hədiyyə etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ev X5 mülkiyyətindədir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 125-ci maddəsinin 7-ci bölməsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Kollegiya iş materiallarına əsasən müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1979cu il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan xx.xx.1982-ci il tarixdə X11 və xx.xx.1984-cü il tarixdə X15 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh X2 Kamal Yunis oğlunun anası, İddiaçı isə qaynanasıdır. Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evi Cavabdeh atası X7 mülkiyyətində olmuş və o, xx.xx.2008-ci il tarixdə bağ evini Cavabdeh bağışlamışdır. Bundan sonra sonuncu bağ evini xx.xx.2019-cu il tarixdə cavabdeh (anası) İddiaçı bağışlamış və hazırda ev sonuncunun mülkiyyətindədir. İddiaçı xx.xx.2018-ci il tarixdən bağ evində pasport qeydiyyatındadır. Hazırda İddiaçı bağışlama müqaviləsi barədə məlumatlı olmadığını, həmin evdə pasport qeydiyyatında olmasına baxmayaraq, bağışlama müqaviləsi bağlanarkən onun razılığının alınmamasını, bununla da həmin müqavilənin bu sahəni tənzimləyən qanunvericiliyin müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlandığını bildirir və bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Eyni zamanda, bağ evinin birgə nikah dövründə əldə edildiyini, 2014-cü ildən xx xxxxxx 2019-cu il tarixədək həmin evdə yaşadığını və iradəsinə zidd olaraq, evdən çıxarıldığını vurğulayır və bağ evindən istifadə hüququnun tanınmasını və evə köçürülməsini tələb edir. Kollegiya apellyasiya şikayətinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə, onu da qeyd edir ki, Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olunur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Sadalanan xüsusatlara əsasən, kollegiya qeyd edir ki, mübahisəli bağ evi ilk olaraq X7 mülkiyyətində olmuş, sonradan onun tərəfindən notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə Cavabdeh bağışlanmışdır. Cavabdeh isə aralarında bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən həmin evi cavabdeh (anası) X8 bağışlanmışdır. Mülki Məcəllənin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Müddət etibarı ilə həmin əmlak cavabdehin mülkiyyətinə onunla iddiaçının nikahda olduğu vaxt daxil olmuş, lakin bu əmlak ümumi gəlirlər hesabına əldə edilməmiş və cavabdehə atası tərəfindən bağışlanmışdır. Bu səbəbdən qeyd edilən əmlak tərəflərin ümumi birgə mülkiyyəti hesab edilə bilməz və cavabdehin ayrıca mülkiyyətini təşkil edir. Bu baxımdan, qeyd edilən əmlaka hər hansı formada sərəncam vermək üçün İddiaçı razılığı tələb edilmir. Onun həmin bağ evindən istifadə hüququnun olması da hüquqi baxımdan belə bir bağışlama müqaviləsinin bağlanmasına maneə yaratmır və onun istifadə hüququnun xitamına səbəb olmur. Bununla belə, bu müqavilə bağlanan zaman iddiaçıya münasibətdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamışdır. Bu səbəbdən kollegiya hesab edir ki, iddia tələbinin “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kollegiya yaşayış sahəsinə istifadə hüququnun tanınması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı ilə Cavabdeh ilk olaraq mübahisəli bağ evində deyil, Bakı şəhərində Azadlıq prospektində yerləşən mənzildə yaşamışdılar. Bu mənzil satıldıqdan sonra isə mübahisəli bağ evinə köçmüşlər və iddiaçı xx.xx.2019-cu il tarixədək orada yaşamışdır. Kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh nikahda olsalar da, iddiaçının cavabdehin ayrıca mülkiyyətində olan (ümumi birgə mülkiyyət olmayan) bütün yaşayış sahələrindən istifadə etmək hüququ yaranmış olmur. Bunun üçün Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından iki halın mövcud olması vacibdir. Birincisi – iddiaçı Cavabdeh ailə üzvü olmalı, ikincisi – yaşayış sahəsində köçürülməli və onunla birlikdə yaşamalıdır. Göründüyü kimi, hər iki hal mövcud olmuş və iddiaçı ailə üzvü olaraq cavabdeh (əri) Cavabdeh ayrıca mülkiyyətində olan bağ evinə köçmüş və orada xx.xx.2019-cu il tarixədək yaşamışdır. Bu baxımdan onun mübahisəli bağ evindən istifadə etmək hüququ yaranmışdır. Lakin tərəflər arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə məhkəmə qaydasında pozulmuş və onların ailə münasibətlərinə xitam verilmişdir. Bundan sonra iddiaçı cavabdehə münasibətdə “keçmiş ailə üzvü” statusu əldə etmiş və buna uyğun olaraq, bağ evindən istifadə etmək hüququnu itirmişdir. Həmin bağ evi hazırda cavabdeh X5 mülkiyyətindədir. İddiaçı onun ailə üzvü deyil, onun oğlu (cavabdeh) Cavabdeh keçmiş ailə üzvüdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009- cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. İddiaçı qeyd edilən Konstitusiya Məhkəməsinin plenum qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından evin hazırki mülkiyyətçisi olan cavabdeh X4 özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid edilmədiyindən ona münasibədə “digər qohum” statusu da daşımır. İddiaçı hazırda müliyyətçiyə münasibətdə “digər şəxs” statusu ilə çıxış edir. Bu baxımdan da onun həmin əmlakdan istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində təsbit edilmiş prosedura riayət edilməli idi. Lakin göründüyü kimi, iddiaçının mübahisəli evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla cavabdeh arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamışdır (bu maddə hazırda qüvvədədir və iddiaçının istifadə hüququnun əmələ gəlməsi üçün tərəflərin bu maddələrdə təsbit edilmiş prosedurdan istifadə edilməsinə hər hansı qadağa mövcud deyil. Xüsusilə də iddiaçının istifadə hüququnun yaranması üçün tələb olunan statusa malik olmadığı bir halda). Beləliklə, kollegiya vurğulayır ki, iddiaçının mübahisəli bağ evindən istifadə etmək hüququ yaransa da, sonradan ailə münasibətlərinə xitam verildiyindən o, bu hüququnu itirmişdir. Hazırda da onun belə bir hüququnun tanınması üçün hər hansı əsas mövcud deyil. Bu səbəbdən iddia tələbinin “yaşayış sahəsindən istifadə hüququnun tanınması” hissəsində əsassız hesab edilərək rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Kollegiya iddia tələbinin “yaşayış sahəsinə köçürülmə” hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, həmin tələb “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə münasibətdə törəmə tələb olduğundan, sonuncu tələbin təmin edilməməsini nəzərə alaraq, iddia tələbinin “yaşayış sahəsinə köçürülmə” hissəsində də təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kollegiya hesab edir ki, iddia tələbinin “vəkil xidmətinə görə ödənilmiş pulun və dövlət rüsumunun tutulması” hissəsində də rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2381/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2975/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2975/2021
02.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver