Məhkəmə qərarları › İş №2(103)-2978/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2978/2024

14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2978/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 dekabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil1 və İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan və ünvan 1 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən 156 nömrəli qeyri-yaşayış sahəsinə cavabdehin təqsirli hərəkəti nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 6.098 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 83,98 manat, vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün mütəxəssisə ödədiyi haqqın əvəzi olaraq 300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2007-ci il tarixdə "xxxx" Təchizat Şirkəti ilə bağladığı “Kooperativ binada qeyri-yaşayış sahəsi tikintisi haqqında müqaviləyə” əsasən iddia ərizəsində göstərilən qeyri-yaşayış sahəsini həmin Şirkətdən almış və orada gözəllik salonu kimi fəaliyyətə başlamışdır. Cavabdehə məxsus 2 saylı mənzil iddiaçıya məxsus gözəllik salonunun üstündə, binanın ikinci mərtəbəsində yerləşir. Cavabdehin mənzilində xx.xx.2021-ci il tarixdə, saat 19:30 radələrində isti su xətti deşilmiş və cavabdehin mənzilindən iddiaçıya məxsus salona su axıdılmışdır. Suyun axması nəticəsində salonun tavanında quraşdırılmış alçipan panellərin bir hissəsi qopub tökülmüşdür. Tavan yararsız hala düşmüşdür. Divarların bir hissəsi islanmışdır. Bəzi əşyaların üzərinə su tökülmüşdür. Döşəmənin üzərində su qatı əmələ gəlmişdir. Təzə təmirdən çıxmış salon yararsız hala düşmüşdür. Qeyd edilən hadisə ilə bağlı salonun yerləşdiyi binaya xidmət göstərən "xxxx" MMMC-nin komendantı İsa Talıblı, binadakı su anbarına və nasosxanaya xidmət edən Vurğun Rəsulov və qonşu qeyri-yaşayış sahəsinin sahibi İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə akt tərtib edilmişdir. Suyun axıdılması nəticəsində iddiaçıya məxsus salonda yaranmış qüsurlar həmin aktda təsvir edilmişdir. İddiaçı, ona dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-yə müraciət etmişdir. MMC-nin mütəxəssisləri tərəfindən iddiaçıya məxsus salona baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdehin mənzilindən iddiaçıya məxsus salona suyun axıdılması nəticəsində salonda yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmirtikinti işlərinin xərci 6.098 manat təşkil edir. Bu barədə MMC tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi verilmişdir. MMC-nin mütəxəssisləri tərəfindən aparılmış qiymətləndirmə işlərinə görə iddiaçı tərəfindən MMC-yə 300 manat ödənilmişdir. Cavabdeh iddiaçıya vurduğu zərəri ödəməkdən yayınır. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilmişi üçün 83,98 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı verdiyi etiraz barədə məlumat

3. Cavabdeh Rayon Məhkəməsinə yazılı etiraz verərək, bildirmişdir ki, iddiaçıya məxsus salona suyun axıdılmasında onun təqsiri olmadığından iddia tələbi əsassız hesab edilərək, rədd edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdə, axşam, binanın şaxtasında su borusu partlamış və bunun nəticəsində iddiaçıya məxsus salona su axmışdır. Bu hadisənin baş verməsində binanı inşa etmiş "xxxx" Şirkətinin təqsiri olmuşdur. Bu hal Fövqəladə Hallar Nazirliyinin verdiyi rəydə öz əksini tapmışdır. Həmin rəy onda var. Rəyi məhkəməyə təqdim edəcək. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçıya məxsus salonda yaranmış qüsurların aradan qaldırılması üçün ən çoxu 500 manat tələb olunur. Bu barədə də onda sübutlar var. Həmin sübutları məhkəməyə təqdim edəcək.

c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinə etiraz edən cavabdeh öz etirazının əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar isə iddia tələbinin əsaslı olmasını təsdiq edir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Əsasları iddiaya qarşı verilmiş etirazın əsasları ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, mötəbər olmayan sübutlara istinad etmiş, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

8. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, işdə olan sənədlərdən görünür ki, Ağdam rayonundan məcburi köçkün olan cavabdeh ailəsi ilə birlikdə ünvan 1 ünvanında, binanın 2-ci mərtəbəsində yerləşən 2 saylı mənzildə yaşayır. Həmin mənzilin altında, yəni binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi (gözəllik salonu) iddiaçıya məxsusdur.

12. İddiaçı bildirir ki, qonşusu olan cavabdehin yaşadığı mənzildən ona məxsus olan gözəllik salonuna xx.xx.2021-ci il tarixdə, saat 19:30 radələrində su axıdılmışdır. Bunun nəticəsində salonda qüsurlar əmələ gəlmiş, ona maddi zərər dəymişdir.

13. İddiaçının istinad etdiyi və Rayon Məhkəməsinə təqdim etdiyi, "xxxx" MMMC-nin komendantı İsa Talıblının, binadakı su anbarına və nasosxanaya xidmət edən Vurğun Rəsulovun və qonşu qeyri-yaşayış sahəsinin sahibi İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə tərtib etdiyi aktdan görünür ki, cavabdehin yaşadığı mənzilində xx.xx.2021-ci il tarixdə, saat 19:30 radələrində isti su xətti deşilmiş və cavabdehin mənzilindən iddiaçıya məxsus salona su axıdılmışdır. Suyun axması nəticəsində salonun tavanında quraşdırılmış alçipan panellərin bir hissəsi qopub tökülmüşdür. Tavan yararsız hala düşmüşdür. Divarların bir hissəsi islanmışdır. Bəzi əşyaların üzərinə su tökülmüşdür. Döşəmənin üzərində su qatı əmələ gəlmişdir.

14. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, iddiaçının salonuna su onun mənzilindən deyil, binanın şaxtasından axmışdır. Bu hadisənin baş verməsində binanı inşa etmiş "xxxx" Şirkətinin təqsiri olmuşdur. Bu hal Fövqəladə Hallar Nazirliyinin verdiyi rəydə öz əksini tapmışdır. Həmin rəy onda var. Rəyi məhkəməyə təqdim edəcək.

15. Cavabdeh istinad etdiyi həmin rəyi işə baxmış Rayon Məhkəməsinə təqdim etməmişdir.

16. İşə baxmış Rayon Məhkəməsi iddiaçının salonuna suyun axıdılıbaxıdılmamasını, axıdılıbsa haradan axıdılmasını və iddiaçıya dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları təyin etmiş və ekspertiza tədqiqatının keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

17. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə aşağıda qeyd edilən məzmundan rəylər verilmişdir: - xx.xx.2022-ci il tarixli rəydə qeyd edilir ki, işdə olan sənədlərə əsasən və ekspert tərəfindən (yuxarıda qeyd edilən) ünvana keçirilmiş baxış zamanı müəyyən edilir ki, iddiaçıya məxsus və binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə binanın ikinci mərtəbəsində yerləşən 2 saylı mənzilindən, həmin mənzildə isti su xəttinin deşilməsi nəticəsində su axıdılmış və qeyri-yaşayış sahəsində qüsurlar yaranmış, iddiaçının əmlakına ziyan dəymişdir. Lakin qeyri-yaşayış sahəsi artıq təmir olduğundan iddiaçıya dəymiş zərərin məbləğini müəyyən etmək mümkün olmamışdır. - xx.xx.2023-cü il tarixli rəydə xx.xx.2022-ci il tarixli rəydə göstərilənlər təkrar qeyd edilməklə əlavə olaraq göstərilir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyində göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin mənzilindən iddiaçıya məxsus qeyriyaşayış sahəsinə suyun axıdılması nəticəsində qeyri-yaşayış sahəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-tikinti işlərinin xərci 6.098 manat təşkil edir.

18. Qeyd edilən rəylərdə, habelə baş vermiş suaxıdılma hadisəsindən bir neçə gün sonra (yuxarıda qeyd edilən) ünvana baxış keçirmiş "xxxx" MMC-nin mütəxəssislərini verdikləri xx.xx.2021-ci il tarixli rəydə göstərilənləri şübhə altına ala biləcək sübutlar, o cümlədən cavabdehin etirazında qeyd edilən sübutlar cavabdeh tərəfindən məhkəmələrə təqdim edilmədiyindən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi həmin rəyləri etibarlı sübut kimi qəbul etməkdə haqlı olmuşdur.

19. Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu nəticəyə dair apellyasiya şikayətinin dəlili əsassızdır.

20. İşin hallarını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsinə suyun axıdılması məhz cavabdehin yaşadığı mənzildən baş vermiş və bunun nəticəsində iddiaçıya məxsus qeyri-yaşayış sahəsində qüsurlar yaranmışdır.

21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.).

22. Qeyd edilən maddi hüquq normaların tələblərindən işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh iddiaçıya münasibətdə delikt törətmiş, iddiaçıya maddi zərər vurmuşdur. Cavabdeh iddiaçıya vurduğu maddi zərərin əvəzini ödəməlidir. İşə baxmış Rayon Məhkəməsi eyni əsaslar ilə eyni nəticəyə gəlməkdə haqlı olmuşdur.

23. Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu nəticəyə dair apellyasiya şikayətinin dəlili əsassızdır.

24. Yuxarıda qeyd edildiyi kimi iddiaçı, "xxxx" MMC tərəfindən verilmiş (və Məhkəmə tərəfindən artıq etibarlı sübut kimi qiymətləndirilmiş; bax: hazırki qətnamənin 18ci bəndinə) xx.xx.2021-ci il tarixli rəyə istinad edərək hesab edir ki, cavabdehin ona vurduğu maddi zərərin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 6.098 manat məbləğində pul tutulmalıdır.

25. Cavabdehin mövqeyinə görə isə, iddiaçıya məxsus salonda yaranmış qüsurların aradan qaldırılması üçün ən çoxu 500 manat tələb olunur. Bu barədə də onda sübutlar var. Həmin sübutları məhkəməyə təqdim edəcək.

26. Cavabdeh istinad etdiyi sübutları işə baxmış Rayon Məhkəməsinə təqdim etməmişdir.

27. Rayon Məhkəməsi nəzərə almışdır ki, iddia tələbinə etiraz edən cavabdeh öz etirazının əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddiaçının istinad etdiyi hallar isə onun məhkəməyə təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəy ilə təsdiq olunduğudan əsaslı hesab edilərək, təmin olunmalıdır.

28. Məhkəmə, Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Cavabdeh iddiaçıya dəymiş zərərin təxminən 500 manat məbləğində olmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları nəinki işə baxmış Rayon Məhkəməsinə, hətta apellyasiya icraatı zamanı Məhkəməyə də təqdim etməmişdir.

30. İddiaçının istinad etdiyi hallar isə "xxxx" MMC tərəfindən verilmiş (və Məhkəmə tərəfindən artıq etibarlı sübut kimi qiymətləndirilmiş; bax: hazırki qətnamənin 18-ci bəndinə) xx.xx.2021-ci il tarixli rəy ilə təsdiq edildiyindən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi eyni əsaslar ilə eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Çünki mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (Mülki Məcəllə; maddə 1097.1.).

31. Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu nəticəyə dair apellyasiya şikayətinin dəlili əsassızdır.

32. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi – 83,98 manat, vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün mütəxəssisə ödədiyi haqqın əvəzi – 300 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin.

33. Məhkəmə Rayon Məhkəməsinin bu nəticəsini də əsaslı hesab edir. Belə ki, iddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi “Ödəniş qəbzlərindən” (iş v. 3 və 11) görünür ki, iddiaçı həmin xərcləri çəkmişdir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmçinin qət etmişdir ki, iş üzrə keçirilmiş ekspertizaların xərcinin ödənilməsi məqsədi ilə cavabdehdən 100 manat məbləğində pul tutularaq dövlət nəfinə ödənilməlidir.

35. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbini nəzərə alaraq Rayon Məhkəməsinin bu nəticəsini də əsaslı hesab edir. Belə ki, MPM-in tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (maddə 115.0.1.). g) apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə

36. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə həmçinin bildirir ki, iddianın tam təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

40. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

41. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393 və 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 dekabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı qətnamədən tərəfindən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar