Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-298/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əliyev Fərhad Adil oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli 2(003)-2543/2019 saylı qətnaməsindən cavabdeh Əliyev Fərhad Adil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Əliyev Fərhad Adil oğlu, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 26.02.2015-ci il tarixli 002L**********12 saylı uzunmüddətli kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 27.02.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə 37155,55 ABŞ dolları məbləğində kredit borcu, 14721,49 ABŞ dolları məbləğində faiz borcu və 892,01 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 52769,05 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyev Fərhad Adil oğluna İddiaçı QSC ilə bağladığı 26.02.2015-ci il tarixli 002L**********12 saylı uzunmüddətli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin kredit xətti müqaviləsi çərçivəsində Əliyev Fərhad Adil oğlu İddiaçı QSC ilə bağladığı 27.02.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 25.01.2016-cı il tarixli 002R**********S saylı, 25.10.2016-cı il tarixli 002R**********SA saylı, 31.05.2017-ci il tarixli 002R**********SB saylı, 31.05.2018-ci il tarixli 002R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Əliyev Fərhad Adil oğlu götürdüyü kredit borcundan 22844,45 ABŞ dolları ödəmiş, onun 37155,55 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Əliyev Fərhad Adil oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 14.05.2019-cu il tarixə 273 gün üçün hesablanmış faiz borcu 14721,49 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödənilməlidir. 14.05.2019-cu il tarixinə 273 gün üçün hesablanmış cərimə 892,01 ABŞ dolları təşkil edir. 26 fevral 2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən, Cavabdeh1 və Cavabdeh2 Əliyev Fərhad Adil oğlunun kredit öhdəliklərinin icra edilməsinə zamin durmuşlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il il tarixli 2(003)- 2543/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Əliyev Fərhad Adil oğlu, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 37155,55 ABŞ dolları məbləğində əsas borc, 14721,49 ABŞ dolları məbləğində faiz borcu, 80 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 51957,04 ABŞ dolları məbləğində pul vəsaiti (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla manatla) və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən cavabdeh Əliyev Fərhad Adil oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, kredit razılaşması üzrə onun tərəfindən edilmiş əlavə ödənişlər nəzərə alınmamışdır. Bundan əlavə faizlər də yüksək hesablanmış, lakin məhkəmə tərəfindən bu halın aydınlaşdırılması üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməmişdir. Bundan əlavə, zaminlər Cavabdeh1 və Cavabdeh2 ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək zaminliyə xitam verilməsini xahiş etmişlər. Ərizələr belə əsaslandırılmışdır ki, kredit razılaşmasına əlavə sazişlər onlarla razılaşdırılmamış, həmin sazişlərə imza etməmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Əliyev Fərhad Adil oğlu 29 may 2020-ci il tarixdə vəfat etdiyinə görə 29 sentyabr 2020-ci il tarixdə iş üzrə icraat onun hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. İddiaçı QSC vəsatətlə məhkəməyə müraciət edərək 29 may 2020-ci il tarixdə vəfat etmiş Əliyev Fərhad Adil oğlunun miras əmlakına dair övladları Cavabdeh3 və X4 vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyini bildirmiş və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Cavabdeh3 və X6 cavabdeh Əliyev Fərhad Adil oğlunun prosessual hüquq varsiləri kimi prosesə cəlb olunmuş və iş üzrə icraat təzələnmişdir. Cavabdeh2 prosessual hüquq varislərinə və digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il il tarixli 2(003)-2543/2019 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, cavabdeh Əliyev Fərhad Adil oğlundan qətnamə üzrə tutulmalı olan borc onun varisləri olan Cavabdeh3 və X3 qəbul etdikləri miras payının həcminə uyğun tutulmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı QSC ilə cavabdeh Əliyev Fərhad Adil oğlu arasında bağlanmış 26 fevral 2015-ci il tarixli 002L**********12 saylı uzunmüddətli kredit xətti müqaviləsi çərçivəsində 27 fevral 2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 25.01.2016-cı il tarixli 002R**********S saylı, 25.10.2016-cı il tarixli 002R**********SA saylı, 31.05.2017-ci il tarixli 002R**********SB saylı, 31.05.2018-ci il tarixli 002R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 26 fevral 2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən, Cavabdeh1 və Cavabdeh2 Əliyev Fərhad Adil oğlunun kredit öhdəliklərinin icra edilməsinə zamin durmuşlar. Cavabdeh Əliyev Fərhad Adil oğlu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka borcu yaranmışdır. Əliyev Fərhad Adil oğlu 29 may 2020-ci il tarixdə vəfat etmiş və onun miras əmlakına vərəsələri Cavabdeh3 və X4 vərəsəlik şəhadətnamələri verilmişdir. İş materiallarına əlavə edilmiş 24 iyul 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, 29 may 2020-ci il tarixdə ölmüş Əliyev Fərhad Adil oğlundan miras qalmış əmlakdan mərhumun vərəsəsi olan oğlu Cavabdeh3 ¾ hissədə, qızı X6 isə ¼ hissədə pay almalıdır. Miras əmlak “Mercedes E200 minik” markalı ** OB *** dövlət qeydiyyat nişanlı və “Mercedes E240 minik” markalı ** NS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrindən ibarətdir. İddiaçı bankın nümayəndəsinin məhkəməyə təqdim etdiyi ipoteka müqaviləsinin surətindən görünür ki, Əliyev Fərhad Adil oğluna məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Ə.Qarayev küçəsində yerləşən 12 saylı ev Əliyev Fərhad Adil oğlu ilə İddiaçı QSC arasında bağlanmış 26.02.2015-ci il tarixli 002L**********12 saylı uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin olunması üçün ipoteka ilə yüklü edilmiş, lakin hazırkı iddia iddia ərizəsində həmin ipoteka predmetinə tutma yönəldilməsi barədə tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdeh Əliyev Fərhad Adil oğlunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Apellyasiya şikayətində qeyd olunan dəlillərin araşdırılması məqsədilə təyin olunub keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 17 iyun 2020-ci il tarixli rəyinə əsasən, Əliyev Fərhad Adil oğlunun İddiaçı QSC-yə 26.02.2018-ci il tarixə əsas borcu 42786,01 ABŞ dolları, faiz borcu 2895,19 ABŞ dolları təşkil edir. Əliyev Fərhad Adil oğlu tərəfindən 26.02.2018-ci il tarixdən sonra 5671,41 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. İş materiallarından görünür ki, Əliyev Fərhad Adil oğlu ilə İddiaçı QSC arasında bağlanmış 31 may 2018-ci il tarixli sazişlə kredit restrukturizasiya edilmiş və kreditin qaytarılma müddəti 14 noyabr 2018-ci il tarixədək uzadılmışdır. Zaminlər Cavabdeh1 və Cavabdeh2 sazişin tərkib hissəsi olan ödəniş planına imza etməklə ödəniş planı ilə razı olduqlarını bildirmişlər. (i.v.18-19) İş materiallarında olan hesabdan çıxarış məlumatlarından və məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Əliyev Fərhad Adil oğlunun İddiaçı QSCyə 26.02.2018-ci il tarixə əsas borcu 42786,01 ABŞ dolları, faiz borcu 2895,19 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Əliyev Fərhad Adil oğlundan kredit razılaşmaları üzrə İddiaçı QSC-nin xeyrinə tutulmalı olan faiz borcları iddia ərizəsində göstərildiyi 14.05.2019-cu il tarixinə kimi yox, kreditin qaytarılma müddətinin sonuna, yəni 14.11.2018-ci il tarixinədək tutula bilərdi. Hesabdan çıxarış məlumatlarından və məhkəmə mühasibatlıq ekspertizasının rəyindən həmçinin görünür ki, Əliyev Fərhad Adil oğlu tərəfindən 26.02.2018-ci il tarixdən sonra 5671,41 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. 28.02.2018-ci ildə 60,83 ABŞ dolları məbləğində birinci ödəniş edilməklə faiz borcundan silinmiş, beləliklə 2834,36 ABŞ dolları məbləğində faiz borcu qalmışdır. Növbəti ödəniş 31 may 2018-ci il tarixdə həyata keçirilmiş və 3000 ABŞ dolları məbləğində kredit borcu ödənilərək əsas borcdan silinmişdir. Beləliklə, əsas borcun məbləği 39786,01 ABŞ dolları təşkil etmişdir. 28 fevral 2018-ci il tarixdən 31 may 2018-ci il tarixədək 92 gün üçün hesablanmış faiz 2296,18 ABŞ dolları təşkil edir. Belə ki, həmin dövrdə əsas kredit borcunun məbləği 42786,01 ABŞ dolları olmaqla aylıq faiz borcu 42786,01 x 1,75:100=748,75 ABŞ dolları, 1 günə düşən faiz borcu isə 748,75:30=24,96 ABŞ dolları təşkil edir. 92 günə hesablanmış faiz borcu isə 92 x 24,96 = 2296,18 ABŞ dolları təşkil edir. Növbəti ödəniş 14 iyun 2018-ci il tarixdə 381,79 ABŞ dolları məbləğində olmuş, həmin məbləğ əsas borcdan silinərək əsas borcun məbləği 39404,22 ABŞ dolları təşkil etmişdir. 31 may 2018-ci il tarixdən 14 iyun 2018-ci il tarixədək 14 gün üçün hesablanmış faiz 324,91 ABŞ dolları təşkil edir. Belə ki, həmin dövrdə əsas kredit borcunun məbləği 39786,01 ABŞ dolları olmaqla aylıq faiz borcu 39786,01 x 1,75:100=696,26 ABŞ dolları, 1 günə düşən faiz borcu isə 696,26:30=23,20 ABŞ dolları təşkil edir. 14 günə hesablanmış faiz borcu isə 14 x 23,20=324,8 ABŞ dolları təşkil edir. Növbəti ödəniş 27 avqust 2018-ci il tarixdə 2056,77 ABŞ dolları məbləğində olmuş, həmin məbləğ əsas borcdan silinərək əsas borcun məbləği 37347,45 ABŞ dolları təşkil etmişdir. 14 iyun 2018-ci il tarixdən 27 avqust 2018-ci il tarixədək 73 gün üçün hesablanmış faiz 1677,96 ABŞ dolları təşkil edir. Belə ki, həmin dövrdə əsas kredit borcunun məbləği 39404,22 ABŞ dolları olmaqla aylıq faiz borcu 39404,22 x 1,75:100=689,57 ABŞ dolları, 1 günə düşən faiz borcu isə 689,57:30=22,9856 ABŞ dolları təşkil edir. 73 günə hesablanmış faiz borcu isə 73 x 22,9856=1677,96 ABŞ dolları təşkil edir. Sonuncu ödəniş 22 aprel 2019-cu il tarixdə 172,02 ABŞ dolları məbləğində olmuş, həmin məbləğ əsas borcdan silinərək əsas borcun məbləği 37175,43 ABŞ dolları təşkil etmişdir. 27 avqust 2018-ci il tarixdən 14 noyabr 2018-ci il tarixədək 78 gün üçün hesablanmış faiz 1699,30 ABŞ dolları təşkil edir. Belə ki, həmin dövrdə əsas kredit borcunun məbləği 37347,45 ABŞ dolları olmaqla aylıq faiz borcu 37347,45 x 1,75:100=653,58 ABŞ dolları, 1 günə düşən faiz borcu isə 653,58:30=21,78 ABŞ dolları təşkil edir. 78 günə hesablanmış faiz borcu isə 78 x 21,78=1699,30 ABŞ dolları təşkil edir. Beləliklə, riyazi hesablama yolu ilə müəyyən edilir ki, iddia qaldırılan tarixə Əliyev Fərhad Adil oğlunun İddiaçı QSC-yə əsas borcu 37175,43 ABŞ dolları, kredit razılaşmasının müddətinin başa çatdığı 14 noyabr 2018-ci il tarixə faiz borcu isə 2895,19 + 2296,18 + 324,8 + 1677,96 + 1699,30 = 8893,43 ABŞ dolları təşkil edir. Əliyev Fərhad Adil oğlunun İddiaçı QSC-yə əsas borcu 37175,43 ABŞ dolları olmaqla iddia tələbindən 19,88 ABŞ dolları məbləğində çox, faiz borcunun məbləği isə kredit razılaşmasının sonuna, yəni 14 noyabr 2018-ci il tarixinə 8893,43 ABŞ dolları təşkl etməklə iddia tələbinin məbləğindən 5828,06 ABŞ dolları məbləğində azdır. Buna görə də Əliyev Fərhad Adil oğlunun İddiaçı QSC-yə faiz borcunun məbləği 8893,43 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Zaminlər Cavabdeh1 və Cavabdeh2 ərizələri ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan kredit razılaşmalarına əlavə olunan ödəniş planından görünür ki, zaminlər ödəniş planı ilə razılaşmışlar. Buna görə də zaminliyə xitam verilməsinə əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə borcun müştərək qaydada cavabdehlər Əliyev Fərhad Adil oğlu, Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunduğu kimi, mülki iş apellyasiya məhkəməsinin icraatında olduğu dövrdə---Əliyev Fərhad Adil oğlu 29 may 2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarından görünür ki, 29 may 2020-ci il tarixdə ölmüş Əliyev Fərhad Adil oğlundan miras qalmış əmlakdan mərhumun vərəsəsi olan oğlu Cavabdeh3 ¾ hissədə, qızı X6 isə ¼ hissədə pay almalıdır. Miras əmlak “Mercedes E200 minik” markalı ** OB *** dövlət qeydiyyat nişanlı və “Mercedes E240 minik” markalı ** NS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrindən ibarətdir. İş materiallarından görünür ki, cavabdeh Əliyev Fərhad Adil oğluna məxsus olan və hazırkı kredit razılaşması üzrə İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka müqaviləsinə əsasən ilkin satış qiyməti 96000 ABŞ dolları məbləğində müəyyən edilmiş Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Ə.Qarayev küçəsində yerləşən 12 saylı ev də ondan miras qalmışdır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, mərhum cavabdeh Əliyev Fərhad Adil oğlunun hazırkı iş üzrə İddiaçı QSC-yə borcunun ¾ hissəsi vərəsəsi Cavabdeh3, ¼ hissəsi isə vərəsəsi X3 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Əliyev Fərhad Adil oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il il tarixli 2(003)- 2543/2019 saylı qətnaməsi faiz borcu hissəsində dəyişdirilsin. Cavabdeh Əliyev Fərhad Adil oğlunun vərəsələri Cavabdeh3 və X3, habelə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 27.02.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-nin xeyrinə tutulan faiz borcunun məbləği 8893,43 ABŞ dolları, cəmi borcun məbləği 46128,98 ABŞ dolları məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 145 manat pulun ¾ hissəsi (108 manat 75 qəpik) cavabdeh Əliyev Fərhad Adil oğlunun vərəsəsi Cavabdeh3, ¼ hissəsi (36 manat 25 qəpik) X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-298/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-298/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver