Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-298/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 qızının iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2064/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 1.462,03 manat, faiz borcu üzrə 3.291,71 manat olmaqla, cəmi 4.753,74 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2064/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi göstərmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq cavabdeh karta nə qədər pul mədaxil edirsə, o qədər pulu məxaric edə bilər. Belə ki, müqaviləyə əsasən bank tərəfindən karta hər hansı məbləğdə əlavə pul vəsaiti yerləşdirilmir. Cavabdeh kartında olan özünə məxsus pulu məxaric edərkən həmin məlumat bankın sisteminə gec yüklənmiş, həmin pul vəsaiti kartdan çıxarılmasına baxmayaraq cavabdeh məlumatın sistemə yüklənməməsindən sui-istifadə edərək həmin məbləği təkrar çıxarmış və bununla da bankın vəsaiti hesabına 02 mart 2015-ci il tarixdə əsassız şəkildə varlanmışdır. Həmin məbləğin çıxarılması isə bankın sistemindən verilən hesabdan çıxarışda aşkar şəkildə görünür. Bu səbəbdən, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi A.Ağazadə-Bayramlı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda bildirdi ki, cavabdeh kartında olan özünə məxsus pulu məxaric edərkən sistemdə olan ləngimə səbəbindən həmin məlumat bankın sisteminə gec yüklənmiş, həmin pul vəsaiti kartdan çıxarılmasına baxmayaraq cavabdeh məlumatın sistemə yüklənməməsindən sui-istifadə edərək həmin məbləği təkrar çıxarmış və bununla da bankın vəsaiti hesabına 02 mart 2015-ci il tarixdə əsassız şəkildə varlanmışdır. Həmin məsələ barədə 2020-ci ildə bank yoxlamalar nəticəsində məlumat əldə etmiş, sonra da məhkəməyə müraciət etmişdir, iki illik müddət buraxılmamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyaisya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2013-cü il tarixli “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” müqavilənin predmeti bank tərəfindən buraxılan (istehsal edilən) Azərbaycan Respublikasının ərazisində, o cümlədən xaricdə (Azərbaycan Respublikasının hüdudlarından kənarda) istifadə edilə bilən plastik kartlarının verilməsi və onların istifadəsi ilə bağlı Kart sahibi ilə Bank arasında yaranan mülki-hüquq münasibətləri tənzimləyir, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Müqavilənin 6.1-ci bəndinə əsasən kart sahibi, kartlarla bağlı yaranan borcu, həmçinin Bankın müəyyən etdiyi faiz, komisyon haqlarını va digər ödəmələrin yerinə yetirilməsini öhdəsinə götürür. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 23 noyabr 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən əsassız varlanmaya görə yaranmış borcun 3 gün müddətində tam yerinə yetirilməsi tələb edilmiş, əks təqdirdə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan 04 noyabr 2020-ci il tarixli hesabdan çıxarışa əsasən 02 mart 2015-ci il tarixdə Cavabdeh tərəfindən ******************** nömrəli hesabdan 1.462,03 manat məxaric edilmişdi. Məhkəmə Ekpertizası Mərkəzinin 9/7186 saylı, 16.11.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, mülki işdə ola hesabdab çıxarışa əsasən Cavabdeh tərəfindən 02 mart 2015-ci il tarixədək ******************** nömrəli hesabdan 1.462,03 manat (46.463,42- 45.001,39) məbləğində pul vəsaitinin artıq məxaric edilməsi müəyyən olunur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia qismən, əsas borc hissədə təmin edilməlidir. Tərəflər arasında 30 iyul 2013-cü il tarixli “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” müqavilə bağlanmış və sonuncuya bank tərəfindən Azərbaycan Respublikasının ərazisində, o cümlədən xaricdə (Azərbaycan Respublikasının hüdudlarından kənarda) istifadə edilə bilən plastik kart verilmişdir. Həmin karta cavabdeh tərəfindən özünə məxsus pul vəsaitləri mədaxil, eyni zamanda məxaric edilmişdir. Hazırda iddiaçı cavabdehdən banka məxsus 1.462,03 manat məbləğində vəsaiti 02 mart 2015-ci il tarixdə istifadə etdiyini, bununla da əsassız varlandığını iddia edərək həmin məbləği və ona hesablanmış 3.291,71 manat məbləğində faizi, ümumilikdə 4.753,74 manat borc tələb edir. Məhkəmə Ekpertizası Mərkəzinin 9/7186 saylı, 16.11.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, mülki işdə ola hesabdab çıxarışa əsasən Cavabdeh tərəfindən 02 mart 2015-ci il tarixədək ******************** nömrəli hesabdan 1.462,03 manat (46.463,42- 45.001,39) məbləğində pul vəsaitinin artıq məxaric edilməsi müəyyən olunur. Hazırkı iddia ərizəsinin məzmunundan, eləcə də işin faktiki hallarından müəyyən olunur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-nin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Rayon məhkəməsi hesab etmişdir ki, iddiaçı məxaric edilmiş vəsait məlumatlarının bankın sisteminə gec yüklənməsindən istifadə edərək həmin məbləğin təkrar çıxardığını bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya məhkəmənin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Məhkəmə Ekpertizası Mərkəzinin 9/7186 saylı, 16.11.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, mülki işdə olan hesabdab çıxarışa əsasən Cavabdeh tərəfindən 02 mart 2015-ci il tarixədək ******************** nömrəli hesabdan 1.462,03 manat (46.463,42-45.001,39) məbləğində pul vəsaitinin artıq məxaric edilməsi müəyyən olunur. Birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçının tələb etmə hüququ Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsinə görə qüvvədən düşdüyündən iddia tələbi əsaslı olsa belə təmin edilə bilməzdi. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə kollegiyası həmçinin bildirir ki, ümumiyyətlə, Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş həmin iki illik müddət iddia müddəti deyil, kəsici müddətdir. Hazırkı halda iddiaçının nümayəndəsi bankın 2020-ci ildə yoxlama nəticəsində həmin məsələdən xəbərdar olduğunu və dərhal da məhkəməyə müraciət etdiyini bildirir. İddia tələbinin faizlə bağlı hissəsi üzrə kollegiya hesab edir ki, iddia tələbində göstərilən məbləğ sistemdə olan ləgimə səbəbindən silinmişdir, yəni cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır ki, bu halda, iddia tələbi faizlərə aid hissədə əsaslandırılmayıb, buna görə də həmin hissədə təmin edilə bilməz. Belə olan halda, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1.462,03 manat alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1.462,03 alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, həmin qanunun mənasından müəyyən olunur ki, hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2064/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 1.462,03 (min dörd yüz altmış iki manat üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elmira Nağıyeva Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-298/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-298/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver