Məhkəmə qərarları › İş №2(103)-2982/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2982/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2982/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili X2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2171/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və X11 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “girov biletinin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli 000774 saylı, xx xxxxx 2019-cu il tarixli 000980 saylı, xx xxxx 2019-cu il tarixli 1011 saylı, xx xxxxxx 2019-cu il tarixli 1088 saylı və xx xxxxxx 2019-cu il tarixli 1101 saylı girov biletlərinin etibarsız hesab edilməsi və qanunsuz əldə edilmiş 69.500 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və X11 iddia tələbini onunla əsaslandırmışlar ki, ona məxsus dövlət reyestrindən qeydiyyatdan keçmiş avtomobilləri başqası tərəfindən (girov bileti əsasında) görünüş formasında girov qoyulmuş və bu girovlar barədə qeydiyyat orqanına hər hansı bir məlumat və ya bildiriş göndərilməmişdir. İşi ilə əlaqədar Rusiya Federasiyasında olduğundan X4 xx xxxxxx 2019cu il tarixdə harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrdə qeydiyyata alınmış bütün daşınar əmlakın üzərində sərəncam verməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, adına daşınar əmlak almağı, nəqliyyat vasitəsi almağı, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq, icarəyə və ya istifadəyə vermək haqqında əqdləri bağlamağı, həmin əqdlər üzrə ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etibar etməyi ilə bağlı etibarnamə vermişdir. Girov saxlanılan maşınları iş üzrə Cavabdeh tələb etsə də, o, əmlaklarını verməmiş və hər hansı bir sənədləşmənin girov müqaviləsinin olmadığını bildirmişdir. Əmlakları, maşınları ona göstərməkdən imtina etmiş və bildirmişdir ki, ödəniş olunmasa maşınlarını zapçast edib hissə-hissə satacaqdır. Əmlaklarını zədə almadan götürmək üçün iş üzrə cavabdehin təzyiqləri nəticəsində 27.000 manat ödəmişdir. Cavabdeh onu aldadaraq 7 maşından 2-i “Mercedes” markalı, 90UE085 dövlət qeydiyyat nişanlı və “KİA Sportage” markalı, 10HK085 dövlət qeydiyyat nişanlı avtomobilləri özünə qaytarmış, yerdə qalan 5 maşını, yəni “X16” markalı, 2011-ci il buraxılışlı, 90NJ911 dövlət qeydiyyat nişanlı, “BMW 528i” markalı, 2012-ci il buraxılışlı, 99FB084 dövlət qeydiyyat nişanlı, “X17” markalı, 2008-ci il buraxılışlı, 99SK085 dövlət qeydiyyat nişanlı, “Toyota Prado” markalı, 2013-cü il buraxılışlı, 90UM790 dövlət qeydiyyat nişanlı və “Ford Mustang” markalı, 2015-ci il buraxılışlı, 99TH085 dövlət qeydiyyat nişanlı avtomobillərini geri qaytarmaqdan imtina etmişdir. Son zərurət olaraq təzyiq nəticəsində əlavə olaraq Cavabdeh 42.500 manat pul ödəməklə yuxarıda adı çəkilən avtomobilləri qanunsuz sahiblikdən geri götürmüşdür. X4 verdiyi xx xxxxxx 2019-cu il tarixli etibarnaməni xx xxxx 2020-ci il tarixdə ləğv etdirdiyindən iş üzrə cavabdeh ondan adı gedən etibarnamənin bərpa edilməsini tələb edir. Cavabdehə verdiyi 69.500 manat məbləğində pulu geri istəsə də, o, imtina etmişdir. Əsl həqiqətdə o, iş üzrə Cavabdeh tanımır, əvvəllər və sonrakı müddətdə heç bir pul məbləği almamışdır və öhdəlik münasibətlərinə girməmişdir. Əmlaklarını qanunsuz sahiblikdən geri almaq üçün iradəsinin ziddinə olaraq yaranmış təzyiqlər nəticəsində cavabdehə cəmi 69.500 manat pul vermişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, X7 və üçüncü şəxs X4 qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddia ərizəsinin rədd edilməsi, avtomobillərin girovu ilə bağlı tərəfindən verilmiş 72.050 ABŞ dolları əsas borcun, 11.890 ABŞ dolları faiz borcunun, İ.S.Salamova verdiyi 45.000 ABŞ dolları məbləğində pul vəsaitinin (ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə Azərbaycan manatı ilə) və avtomobillərin dayanacaqda saxlanılmasına görə 2.760 manatın üçüncü şəxs X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2171/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2171/20 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və X5 Cavabdeh qarşı “girov biletinin etibarsız hesab edilməsi və pul tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili X6 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə X4 etibarnamə verilərkən mülki qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Etibarnamədə Lombarda girov qoyulması qeyd olunmayıb, avtonəqliyyat vasitəsi daşınar əşya kimi adlansada hesab edirlər Lombardda girov predmeti ola bilməz. Etibarnamədə avtonəqliyyat vasitələrini yalnız Banklarda ipoteka qoya bilmək səlahiyyəti olmasına baxmayaraq, İntiqam Salamov etibarnamədən öz xeyrinə istifadə etmişdir. X3 verməkdə məqsəd o olmuşdur ki, İntiqam avtonəqliyyat vasitələrini “Rentokar”-lara icarəyə verməklə məşğul olsun və alınan pulları iddiaçılara çatdırsın. Lakin məhkəmə bunu araşdırmadan qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə İntiqam Salamov tərəfindən avtonəqliyyat vasitələrinin girov qoyularaq götürdüyü pulları hara xərcləməsini, ondan iddiaçının məlumatının olub-olmamasını tam araşdırmadan etibarnamə olmasını əsas götürərək iddianı təmin etməməsi mülkiyyətçi kimi iddiaçının hüquqlarının məhdudlaşdırlmasına və aldadılaraq əlindən alınmış 69.500 manat pulun geri tələb edilməsi hüququndan məhrum edən bir qətnamə qəbul etmişdir. Bundan başqa etibarnaməyə əsasən İntiqam Salamovun bağladığı razılşamaların hüquqiliyini araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, həmin razılaşmaların heç birində nə möhür var nə də ki, həmin razılaşmaya əsasən girovun əvəzində verilmiş mədaxil qəbzlərində möhürün olmaması və qrafaların tam dolğun doldurulmamasıdır. Bu faktlar kifayət qədər əsas verir ki, həmin girov bileti və razılaşmalar saxtadır, qanuni normalara uyğun məzmunda bağlanmamışdır. Bundan başqa tərəflər arasında hər hansı bir müqavilə olmadan belə bir qanunsuz və saxta razılaşma imzalanmışdır, həmin sənədləşmələrin saxta olduğunu sonradan bilmişlər. Bundan başqa xx xxxxxx 2018-ci il tarixdə bağlanmış 000774 saylı razılaşmaya nəzər salınsa həmin sənədləşmələrin saxta olması öz təsdiqini tapacaqdır. Belə ki, ********** VÖEN ilə fəaliyyət göstərən və qanuni təmsilçisi Cavabdeh olan “xxxx” MMC xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 2 ədəd razılaşmanın tarixləri vergidə qeydiyyata alınmamışdan əvvələ düşür. İşin içindəki Təhvil-Təslim aktında Mövsümün adı və imzası keçsə də, Mövsümün bu akt barəsində məlumatı olmayıb. Bu Təhvil-Təslim aktı saxtadır. Lombard işçiləri özləri bu uydurma aktı tərtib ediblər. İmza və əl yazması Mövsümün deyil, hətta aktın tarixi belə yoxdur. Tarixi olmayan sənəd isə öz-özlüyündə etibarsız sayılır. Məhkəmə İntiqam Salamovun onların iradəsinə zidd olaraq məlumatları olmadan adlarında qeydiyyatda olan avtomobilləri qanunsuz və saxta sənədlərə imza etməklə girov qoyaraq onları ağır maddi duruma salmasına heç bir hüquqi qiymət verməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2171/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi və X8 ilə Cavabdeh əlbir olaraq törətdikləri cinayət əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində xüsusi qərar qəbul edərək Nərimanov Rayon Prokurorluğna göndərilməsi xahiş edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinə qarşı yazılı etiraz vermiş və etirazda ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili Qabil Ağayev tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2171/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili X6 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2171/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini və X8 ilə Cavabdeh əlbir olaraq törətdikləri cinayət əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində xüsusi qərar qəbul edərək Nərimanov Rayon Prokurorluğna göndərilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili Qabil Ağayev tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdilər və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2171/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və X11 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili Qabil Ağayev apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili Qabil Ağayevin apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri 42 saylı notariat ofisində xx xxxxxx 2019cu il tarixdə İddiaçı1 tərəfindən verilmiş AR-İ seriyalı 717873 nömrəli və 7E-158 qeydiyyat nömrəli Etibarnamənin surətindən görünür ki, o, həmin etibarnamə ilə X4 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrdə qeydiyyata alınmış bütün daşınar əmlakın üzərində sərəncam verməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, adına daşınar əmlak almağı, nəqliyyat vasitəsi almağı, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq, icarəyə və ya istifadəyə vermək haqqında əqdləri bağlamağı, həmin əqdlər üzrə ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etibar edir. İş materiallarında olan Bakı şəhəri 42 saylı notariat ofisi tərəfindən xx xxxx 2020-ci il tarixdə İddiaçı1 ünvanlanmış 60 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, 3 MKR, H.B.Əliyev küçəsi, ev 56, mənzil 60 ünvanında qeydiyyatda olan X4 xx xxxxxx 2019cu il tarixdə verilmiş və 7E-158 nömrəli reyestrdə rəsmiləşdirilmiş ümumi etibarnamə İddiaçı1 xx xxxx 2020-ci il tarixli ərizəsinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Təhvil-Təslim Aktının surətindən görünür ki, “X16” markalı, 2011-ci il buraxılışlı, 90NJ911 dövlət qeydiyyat nişanlı, “BMW 528i” markalı, 2012-ci il buraxılışlı, 99FB084 dövlət qeydiyyat nişanlı, “X17” markalı, 2008-ci il buraxılışlı, 99SK085 dövlət qeydiyyat nişanlı, “Toyota Prado” markalı, 2013-cü il buraxılışlı, 90UM790 dövlət qeydiyyat nişanlı və “Ford Mustang” markalı, 2015-ci il buraxılışlı, 99TH085 dövlət qeydiyyat nişanlı avtomobillər Cavabdeh tərəfindən İddiaçı1 yaxşı vəziyyətdə təhvil verilmişdir. Aktda olan qeyddən görünür ki, gələcəkdə bu maşınlara görə hər iki tərəfdən heç bir narazılıq olmayacaqdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 X4 xx xxxxxx 2019-cu il tarixdə harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrdə qeydiyyata alınmış bütün daşınar əmlakın üzərində sərəncam verməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, adına daşınar əmlak almağı, nəqliyyat vasitəsi almağı, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq, icarəyə və ya istifadəyə vermək haqqında əqdləri bağlamağı, həmin əqdlər üzrə ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etibar etməyi ilə bağlı etibarnamə vermişdir. İntiqam Salamov isə həmin etibarnamə əsasında İddiaçı1 və İddiaçı2 məxsus maşınları girov qoyaraq pul götürmüşdür. Belə ki, birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, İddiaçı1 uzun müddətdir ki, tanıyır. Nəqliyyat vasitələrini Bakıya gətirməkdə məqsədləri həmin avtomobilləri icarəyə vermək olmuşdur. Sonradan ona pul lazım olduğu üçün 7 avtomobili girovda qoyaraq 100.000 manat pul götürmüşdür. O, borc götürdüyü pulu vaxtında Cavabdeh ödəyə bilməmişdir. Bu barədə İddiaçı1 bildirmiş və sonra girovun pulunu Mövsum Qədirov ödəmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, Cavabdeh uzun müddətdir tanıyır, İddiaçı1 isə 2020-ci ilin mart ayından tanımışdır. İntiqam Salamov ilk əvvəl 7 avtomobili girovda qoyaraq 100.000 manat pul götürmüşdür. O, İddiaçı1la birgə gələrək girovun pulunu tam şəkildə ödəmişdir. Bir həftə sonra İddiaçı1 42.000 manat ödəyərək daha bir avtomobili girovdan azad etmişdir. İntiqam Salamov dəfələrlə lombarda gələrək boircun ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Girovda 5 nəqliyyat vasitəsi qalmışdır. Avtomobillər polis əməkdaşının iştirakı ilə girovdan azad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı1 tərəfindən İntiqam Salamova etibarnamə verilərkən mülki qanunvericiliyin tələblərinə riayət olunmuş, bu hüquqdan irəli gələn hüquqla İntiqam Salamov nəqliyyat vasitələrini girova qoymuş və əvəzində pul götürmüş, borclunun əvəzinə isə girov dəyərini İddiaçı1 ödəyərək həmin avtomobilləri geri götürmüşdür. Odur ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Birinci instansiya məhkəməsi belə nəticəyə glmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə cavabdehin mülki məsuliyyəti ilə bağlıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 359-cu maddəsinə əsasən: 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz; 359.4. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili Qabil Ağayevin apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili Qabil Ağayev apelyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı mötəbər sübutu apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu təsdiq edən hər hansı bir mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Bundan başqa ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili Qabil Ağayev apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili Qabil Ağayevin apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili Qabil Ağayevin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2171/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2171/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər İkram Şirinov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar