Məhkəmə qərarları › İş №2(103)-2987/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2987/2021

31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2987/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-3053/2020 saylı qətnaməsindən iddiaçı "zaq̇ ırəzA" İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 3269,66 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ilə abonent Cavabdeh Həsənağa oğlu arasında xx.xx.2020-ci il tarixində 03-546 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh Həsənağa oğluna məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki,cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 426,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 59 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 531,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; cəmi 2097 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadəedilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 57,60 manat , əvvəlki illərdən isə1115,06 borcu qalmışdır. İddiaçı İB-nın nümayəndələri tərəfindən cavabdehə 3269,66 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İByəvurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3269,66 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-3053/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı İstehsalat Birliyinin xeyrinə 1172,66 (bir min yüz yetmiş iki manat altmış altı qəpik) manat məbləğində borcun tutulması qət olunmuşdur. Qətnamədən iddiaçı ”zaq̇ ırəzA“ İB apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-3053/2020 saylı qətnaməsinin təmin olunmamış hissəsinin ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla, onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Məhkəmə tərəfin özünü müdafiə xarakterli çıxışlarını sübut kimi qəbul etmiş və iddiaçının iddiasını təmin etmişdir. Bu kimi hallar qaz paylayıcını ziyana salmaqla yanaşı, istehlakçılar arasında intizamsızlıq yaradar. Belə ki, bir qrup şəxs istifadə etdiyi qaza görə pul ödədiyi halda, bu kimi şəxslər isə pul ödəmədən qazdan qeyri-qanuni istifadə etmiş, sonda isə məhkəmə onun borcunu qismən silmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan aktları sübut kimi qəbul etməməklə, yanlış nəticəyə gəlmişdir, belə ki, materialları mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulma halları olmuşdur. Birinci instansiya məhkəməsi mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən halları araşdırmayaraq səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin aktlar üzrə hesablanmış 2097 manat məbləğində borcun cavabdehdən tutulmasının təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-3053/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********00000 sayla qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 426,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020ci il tarixli ******* saylı akt əsasında 59 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 531,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat; cəmi 2097 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. Məhkəmə mübahisələndrilən hissədə iddianı rədd edərkən qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçı tərəf cavabdeh tərəfindən qaz xəttinə və ya qaz sayğacına qanunsuz müdaxilə halının mövcudluğunun və müdaxilənin nədən ibarət olması, müdaxilənin həmin şəxs tərəfindən edilməsi, borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə görə sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qazpaylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 18ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-nin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı qazdan sayğacdan kənar istifadənin cavabdeh tərəfindən edildiyini sübut etməlidir. İddiaçı tərəfindən isə bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəf məhkəməyə dəvət olunmasına baxmayaraq, nümayəndə məhkəməyə gəlməmişdir. İşin mübahisəsiz olan digər hallarına əsasən ünvan 2 ünvanda istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı evin daxilində deyil, hasarın çöl tərəfində quraşdırılmışdır, digər tərəfdən işdə olan aktlar iddiaçının nümayəndələrinin iştirakı ilə, Cavabdeh iştirakı olmadan tərtib edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Kollegiya “X1”nın 6.5-ci bəndinə əsasən qeyd edir ki, əgər cavabdeh tərəfindən xx.xx.2019cu ildən xx.xx.2020-ci il tarixədək bir neçə dəfə sayğacdan kənar qazdan istifadə halları olmuşdursa, iddiaçı tərəfindən qazın verilməsinin dayandırması və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq cavabdehdən vaxtında tələb edilməsi müəyyən olunmur. Bu hal bir daha kollegiyaya aktların mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir. Kollegiya apellyatorun təqdim olunmuş fotoşəkillərlə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, həmin fotoşəkillər hansı dövrdə olmaqla, məhz həmin ünvan üzrə cavabdeh tərəfindən qazdan qanunsuz istifadənin mötəbər sübutu kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "zaq̇ ırəzA“ İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)- 3053/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar