Məhkəmə qərarları › İş №2(103)-2987/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2987/2023

08.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2987/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-285/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə etmişdir.

2. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-285/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 18.622,18 manat və ödənilmiş dövlət rüsumuna görə 105,0 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 61 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın ona edilmiş etiraz çərçivəsində həll edilməsini xahiş etmişdir.

4. Bundan sonra cavabdehin nümayəndəsi və vəkili məhkəməyə tərəflər arasında notarial qaydada bağlanmış barışıq sazişini, iddiaçının iş üzrə icraata xitam verilməsi barədə ərizəsini göndərmişdir.

5. Daha sonra cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək barışıq sazişinin təsdiq olunmasını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

6. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. İşdən görünürki, tərəflər arasında barışıq sazişi bağlanmış və notarial qaydada təsdiq edilmişdir.

9. Barışıq sazişinə əsasən: a) Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 285/2023 saylı qətnaməsi ilə təmin olunmuş 18.622,18 manatı İddiaçı notariusun bankda olan depozit hesabı vasitəsi ilə ödəyir. b) İddiaçı və Cavabdeh aralarında gəldikləri qarşılıqlı razılaşma əsasında hazırkı mübahisə ilə bağlı apellyasiya şikayətindən hər ikisi imtina edirlər və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müvafiq ərizə verməyi və gələcəkdə bir-birilərinə qarşı bu məsələ ilə bağlı heç bir iddiası və tələbi olmayacaqları barədə öhdəlik götürürlər.

10. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-285/2023 saylı qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

12. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə icaraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın Mülki Prosessual Məcəllənin digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən iddiaçının iddiadan imtina edilməsi (261.0.4) eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı və Cavabdeh arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin.

1. Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 285/2023 saylı qətnaməsi ilə təmin olunmuş 18.622,18 manatı İddiaçı notariusun bankda olan depozit hesabı vasitəsi ilə ödəyir.

2. İddiaçı və Cavabdeh aralarında gəldikləri qarşılıqlı razılaşma əsasında hazırkı mübahisə ilə bağlı apellyasiya şikayətindən hər ikisi imtina edirlər və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müvafiq ərizə verməyi və gələcəkdə bir-birilərinə qarşı bu məsələ ilə bağlı heç bir iddiası və tələbi olmayacaqları barədə öhdəlik götürürlər. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-285/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar