Məhkəmə qərarları › İş №2(103)-2987/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2987/2024

06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2987/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «maddi ziyanın ödənilməs») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-451/2023 saylı, 12 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. ZAZ 110307 markalı 90GO858 dövlət qeydiyyat nişanlı avtomobil müharibə əlili kimi Cavabdeh2 verilmişdir və idarə etmək üçün Cavabdeh1 vermişdir. Cavabdeh1 isə Cavabdeh2 adından avtomobili idarə etmək üçün İddiaçı etibarnamə verilməsini təşkil etsə, əslində faktiki olaraq avtomobil onun sahibliyində və istifadəsində qalmış, özü idarə etmişdir.

2. Cavabdeh1 avtomobili idarə edərkən yol hərəkəti qaydaları pozduğuna görə 2018-ci ilin noyabr ayından 2021-ci ilin oktyabr ayınadək İddiaçı adına 4159 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 4344 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, iddiaçı tanıdığı Cavabdeh1 sürücü kimi iş axtardığını bildirdi. Cavabdeh onu öz yanında, yəni özünə məxsus ayaqqabı sexində olan ZAZ 110307 markalı 90GO858 dövlət qeydiyyat nişanlı avtomaşına sürücü kimi işə götürəcəyini bildirərək, iddiaçıdan ona məxsus sürücülük və şəxsiyyət vəsiqəsini götürərək işə götürəcəyini bildirmişdir. Aradan bir həftə keçəndən sonra işin alınmadığını bildirərək sənədlərini ona geri qaytarıb. Sürücülük vəsiqəsinin müddəti başa çatması ilə əlaqədar olaraq “ASAN Xidmət” Mərkəzinə müraciət etmiş və ona cərimələrinin olduğu bildirildi. Avtomobilinin olmadığını bildirsə də, sürücülük vəsiqəsini dəyişdirə bilməmişdir. Sonradan öyrənmişdir ki, adına 60 yaxına cərimə var. Həmin cərimələrin ümumi məbləği 4344 manat təşkil edir. Heç vaxt ZAZ 110307 markalı 90 GO88 dövlət qeydiyyat nişanlı və ya ayaqqabı sexinə məxsus digər hər hansı bir avtomaşını idarə etməmişdir. Görünür ki, Cavabdeh1 onun iştirakı və xəbəri olmadan verdiyi sənədlərlə adına etibarnamə yazdırmış, avtomaşını isə özü idarə etmişdir. Cavabdeh1 məhkəməyə qədər görüşə çağırılsa da və ona pretenziya bildirsə də, görüşə gəlməmiş, sürücülük vəsiqəsini dəyişdirmək və cərimələri ödəmək üçün yenidən geri götürməsinə baxmayaraq dəfələrlə aldatmış, dəymiş ziyanı ödəməmişdir. Cavabdeh bu günədək ona məxsus sürücülük vəsiqəsini qaytarmamışdır.

5. Cavabdeh2 iddiaya etiraz edərək iddianın ona münasibətdə rədd edilməsini xahiş edib bildirmişdir ki, ona məxsus olan ZAZ 110307 markalı 90GO858 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 vermişdir. Cavabdeh1 tərəfindən yol hərəkəti qaydalarını pozulduğuna görə cərimələr ona gəlirdi. Buna görə də, Cavabdeh1 avtomobili sürmək üçün adam tapmağı tapşırmış, sonuncu isə Əbülfəti gətirmiş və İddiaçı adına etibarnamə vermişdir.

6. Birinci instansiya məhkəməsində Cavabdeh1 isə iddianı etiraf edərək bildirib ki, İddiaçı ZAZ 110307 markalı 90GO858 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmiş, avtomobili idarə edən özü olmuşdur.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-451/2023 saylı, 12 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin edilərək Cavabdeh1 Əli oğlundan 4159 (dörd min yüz əlli doqquz) manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, mülki işin məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, ZAZ 110307 markalı 90GO858 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün İddiaçı adına etibarnamə verilmiş, yol hərəkəti qaydaları pozulduğuna görə 2018-ci ilin noyabr ayından 2021-ci ilin oktyabr ayınadək İddiaçı adına 4159 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə ona aid hissədə rədd edilməsini xahiş edib şikayətində göstərmişdir ki, qeyd olunan avtomobil ona məxsus deyildir və həmin avtomobili idarə etmək üçün iddiaçıya etibarnamə verməyib, həmin avtomobili heç vaxt idarə etməyib, özünün ayrıca avtomobili var və ikinci avtomobili idarə etməyə heç vaxt zərurəti olmamışdır və həmin avtomobil Cavabdeh2 məxsusdur, avomobili həmişə o, idarə etmiş və iddiaçıya da etibarnaməni o, vermişdir. Cavabdeh qeyd edir ki, işin materiallarında bu barədə heç bir sübut olmadığı halda, ziyanın ondan tutulması qanunsuz və əsassızdır. Digər Cavabdeh2 məhkəmədə bildirmişdir ki, guya avtomobili ona vermiş və onu cavabdeh idarə etmişdir. Həmin avtomobilin cavabdeh tərəfindən idarə olunması üçün adına etibarnamə olmalı idi, lakin belə bir hüquq müəyyənedici sənəd olmadan həmin avtomobili cavabdehin uzun müddət idarə etməsi mümkünsüzdür, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Cavabdeh məhkəmə iclasında iştirak edən zaman İddiaçı adı çəkilən avtomobili idarə edib-etməməsini bilmədiyi və həmin avtomobili Cavabdeh2 özünün idarə etdiyi barədə izahat vermişdir. Yuxarıda qeyd edildiyi kimi ZAZ 110307 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehə məxsus olması, cavabdehin adından adı çəkilən avtomobili idarə etmək üçün İddiaçı etibarnamənin verilməsi, 2018-ci ilin noyabr ayından 2021- ci ilin oktyabr ayına kimi həmin avtomobilin cavabdeh tərəfindən idarə olunması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə iş üçün mühüm əhəmiyyəti olan ZAZ 110307 markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimə məxsus olmasına, həmin avtomobili idarə etmək üçün İddiaçı etibarnamənin kim tərəfindən verilməsinə, adı çəkilən avtomobilin 2018-ci ilin noyabr ayından 2021-ci ilin oktyabr ayınadək kim və ya kimlər tərəfindən idarə olunmasına əslində heç bir aydınlıq gətirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnaməinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi.

12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yuxarıda qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik Cavabdeh1 etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia təmin edildiyi hissədə haqlı sayılır.

22. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıla qeyd etməyi zəruri hesab edir.Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır.

23. Belə ki, apellyasiya baxışı zamanı da müəyyən edildi ki, ZAZ 110307 markalı 90GO858 dövlət qeydiyyat nişanlı avtomobil müharibə əlili kimi Cavabdeh2 məxsusdur və sonuncu idarə etmək üçün həmin avtomobili Cavabdeh1 vermişdir. Cavabdeh1 isə Cavabdeh2 adından avtomobili idarə etmək üçün İddiaçı etibarnamə verilməsini təşkil etsə, əslində faktiki olaraq avtomobil onun sahibliyində və istifadəsində qalmış, özü idarə etmişdir.

24. Bununla əlaqədar, Cavabdeh1 həmin avtomobili idarə edərkən yol hərəkəti qaydalarını dəfələrlə pozaraq inzibati xətalar törətmişdir. Lakin sonuncu etibarnamə İddiaçı adına verildiyi üçün inzibati tənbeh növündə bütün cərimələr sonuncuya tətbiq edilmişdir. 25.Cavabdeh1 avtomobilin ona məxsus olmadığını və idarə etmək üçün iddiaçıya etibarnamə vermədiyini göstərsə də apellyasiya baxışı zamanı digər Cavabdeh2 qeyd olunan avtomobilin satılması qadağan edildiyinə görə hələ uzun illər əvvəl 2014-cü ildə daimi olaraq Cavabdeh1 sahibliyinə və istifadəsinə verdiyini, inzibati tənbeh növündə cərimələr adına yazıldığına görə Cavabdeh1 etiraz etdiyi üçün, sonuncu İddiaçı adına etibarnamə verilməsini xahiş etdiyini və o, da iddiaçıya avtomobili idarə etmək üçün etibarnamə verdiyini təsdiqlədi. Faktiki olaraq avtomobili Cavabdeh1 idarə etsə də sonuncu etibarnamə iddiaçının adına olduğundan cərimələr iddiaçıya yazılmışdır. Ona görə də avtomobilin Cavabdeh1 məxsus olmaması və idarə edilməsi üçün iddiaçıya etibarnamə verməməsi onun hazırki iddia üzrə mülki hüquqi məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Çünki faktiki olaraq iddiaçıya onun hərəkətləri nəticəsində zərər vurulmuşdur. 26.Göstərilənlərlə yanaşı, Cavabdeh1 12 dekabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək cərimələrin havayıdan gəlmədiyini, maşını iddiaçının idarə etmədiyini, faizlər yığıldığını, maşını idarə edənin özü olduğunu göstərmişdir. Bütün bu qeyd etdiklərindən sonra Cavabdeh1 qətnamədən narazı qalaraq apellyasiya şikayəti verməsi başadüşülən deyildir. Çünki iddiaçıya məhz bu yolla zərər vurduğunu bilə-bilə qətnaməni mübahisələndirməsi hüquqa uyğun davranış olmamışdır.

27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, Cavabdeh1 üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın Cavabdeh1 münasibətdə təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

28. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-451/2023 saylı, 12 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-451/2023 saylı, 12 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar