Məhkəmə qərarları › İş №2(103)-2988/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2988/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2988/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti, kredit borcunun tutulması, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X5, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ASC (bank) ilə X6 arasında 27 iyul 2012-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən Gülbəniz Bağırovaya 500 manat məbləğində kredit xətti ayrılmış, kartdan istifadə müddətinin xx.xx.2015-ci il tarixinədək olduğu müəyyən edilmişdir.

2. X1 arasında 15 may 2014-cü il tarixdə bağlanmış PC/72630/40/25 saylı müqaviləyə əsasən Gülbəniz Bağırovaya 24 ay müddətinə, illik 28 faiz dərəcəsi olmaqla 1500 manat məbləğində kredit xətti ayrılmış, kredit müqaviləsi üzrə əsas məbləğin və faizlərin ödənilməsinin son ödəniş tarixi xx.xx.2017-ci il razılaşdırılmışdır.

3. 26 iyul 2012-ci il tarixli razılaşmaya əsasən bank X4 150 manat məbləğində bərpa olunan kredit xətti açmışdır.

4. 20 aprel 2012-ci il tarixli razılaşmaya əsasən bank X4 500 manat məbləğində bərpa olunan kredit xətti açmışdır.

5. 10.06.2022-ci il tarixli maliyyə arayışına görə, Gülbəniz Bağırovanın xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 175,24 manat məbləğində əsas, 85,62 manat faiz, 92.52 manat cərimə borcu vardır.

6. 10.06.2022-ci il tarixli maliyyə arayışına görə, Gülbəniz Bağırovanın xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2416,75 manat məbləğində əsas, 950.02 manat faiz borcu vardır.

7. 10.06.2022-ci il tarixli maliyyə arayışına görə, Gülbəniz Bağırovanın xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 538.48 manat məbləğində əsas, 75,78 manat faiz borcu vardır.

8. X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.

9. xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə görə, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 X3 vərəsələridir, onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. Bank Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqaviləyə əsasən 353 manatın, 26 iyun 2012-ci il tarixli LS0424518/14 saylı müqaviləyə əsasən 2416,75 manat əsas, 950,02 manat faiz borcu olmaqla cəmi 3366,95 manatın, 20 aprel 2012-ci il tarixli BAL0179318/12 saylı müqaviləyə əsasən 538,48 əsas, 75,78 manat faiz, 40 manat cərimə olmaqla cəmi 654,26 manatın, ümumilikdə isə 4374,59 manat kredit borcunun və 40 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi belə əsaslandırılmışdır ki, X6 ilə bank arasında bağlanmış 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı, 26 iyun 2012-ci il tarixli LS0424518/14 saylı və 20 aprel 2012-ci il tarixli BAL0179318/12 saylı müqavilələrə əsasən bank adı çəkilən şəxsə ümumilikdə 7456 manat kredit vermiş, Gülbəniz Bağırova 16 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. Hazırda mərhumun banka ümumi olaraq 4374,59 manat borcu vardır. Cavabdeh3 (əri), Cavabdeh2 və Cavabdeh1 X3 qanuni vərəsələridirlər. X7 tərəfindən vərəsələrinə qalan miras əmlak "xxxx" ASC-nin Sabunçu filialındakı AZ11/BAZ******************** nömrəli hesabında olan 365,03 manat məbləğındə pul vəsaitindən ibarətdir.

12. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz etmiş, həmçinin ərizə verərək bildirmişdir ki, iddia tələbi əsassız olmaqla yanaşı iddia müddətinin ötürülməsi səbəbindən də rədd edilməlidir.

13. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “26 iyul 2012ci il tarixli LS0424518/14 saylı müqaviləyə əsasən 2416,75 manat əsas, 950,02 manat faiz borcu olmaqla cəmi 3366,95 manatın cavabdehlərdən tutulub banka ödənilməsi” hissəsində işin icraatına xitam verilmiş, eyni tarixli qətnamə ilə iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

14.1. X3 ölümündən sonra Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, miras əmlakı qəbul etmiş, bununla da miras qalmış əmlaka qanun üzrə birinci növbəli vərəsəsi hesab edilmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər borcalan X3 yetkinlik yaşına çatmış vərəsələri Cavabdeh3. Cavabdeh2 , Cavabdeh1 tələb edilə bilər. 14.2. Məhkəmə iddiaya 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqaviləyə əsasən 353 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hisəsədə əsaslıdır. Belə ki, X6 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X6 öldüyündən, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 onun vərəsələri olduğundan, iddiaçı hazırki cavabdehlərdən 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqavilə üzrə əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. 14.3. Məhkəmə iddianın xx.xx.2012-ci il tarixli BAL0179318/12 müqaviləyə əsasən 538,48 əsas, 75,78 faiz və 40 manat cərimə olmaqla ümumilikdə 654,26 manat məbləğində borcun cavabdehlərdən tutulması hissəsinə qiymət verərək belə qənətə gəlir ki, iddia bu hissədə sübuta yetiirlmədiyinə görə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2012-ci il tarixli BAL0179318/12 müqavilə və xx.xx.2012-ci il tarixli müqavilə üzrə nə kreditin alınması üçün müraciət (ərizə, anket), nə maliyyə arayışı, nə də müqavilə üzrə hər hansı digər sənədlər məhkəməyə təqdim edilməmişdir. 14.4. Məhkəmə həmçinin iddianın 40 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, X6 iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. 14.5. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin hazırki iddia tələbi əsaslı olsa da mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, borclunun ölümü halında onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda kredit müqavilələri üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. 14.6. İş materiallarından göründüyü kimi kredit müqavilələri üzrə borclu X6 16 oktyabr 2017-ci il tarixində dünyasını dəyişmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 , Cavabdeh1 xx.xx.2018-ci il tarixindən qanun üzrə vərəsəlik şəhadətnamələri almışlar. 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqavilə üzrə kreditin müddəti 12 ay müəyyən edilmişdir. Beləliklə də hazırki iddia üzrə iddia müddətinin axımı müqavilə üzrə öhdəliklərin icrası müddəti yəni, xx.xx.2015-ci il tarixdən başlanmalı idi. İddiaçı isə pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə xx.xx.2022-ci il tarixində, yəni üç illik iddia müddətini ötürməklə müraciət etmişdir. 14.7. Digər tərəfdən müqavilə üzrə borclunun 2017-ci ildə vəfat etdiyi və qanun üzrə vərəslərin vərəsəliklə bağlı şəhadətnamələrini 2018-ci il tarixdə aldığı nəzərə alınaraq iddia müddəti bu tarixdən sonra hesablansa da iddiaçı yenə də iddia müddətini ötürmüş olur. Belə ki, iddiaçı bu hadisələrdən üç il beş ay on dörd gün sonra pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. 14.8. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı "ASAN Xidmət ” Mərkəzində Notariat Ofisinin məktubundan vərəsəlik işinin xx.xx.2022-ci il tarixində "Femida” Vəkil Bürosunun vəkili Samir Qasımova təqdim edildiyi görünsə də, bu tarix kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı hesab edilə bilməz. Ona görə ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən və ya başlanır icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Öhdəlikdə isə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Bununla da iddiaçı 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi də rədd edilməlidir.

15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 194.1-ci, 372.1-ci, 375.2-ci, 376-cı, 377.2-ci, 378-ci, 385.1-ci, 442-ci, 739.1-ci, 1145-ci, 1151.1-ci, 1243-cü, maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına istinad etmişdir.

16. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin müddəalarını düzgün tətbiq etməmişdir.

Apellyasiya şikayətinə etiraz

17. Cavabdehlər apellyasiya şikayətinə qarşı yazılı etiraz göndərmiş, iddia müddtinin ötürülmüş olması səbəbilə iddianın rədd edilməli olduğunu bildirmişlər.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

18. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh1 şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdehlər isə isə məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

20. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

21. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

22. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

23. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

24. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

25. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

26. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

27. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

28. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: ...379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə.

29. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.

30. Maddə 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.

31. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

32. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

33. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

40. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

43. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Yuxarıda qeyd olunduğu kimi, iddia tələbinin “26 iyul 2012-ci il tarixli LS0424518/14 saylı müqaviləyə əsasən 2416,75 manat əsas, 950,02 manat faiz borcu olmaqla cəmi 3366,95 manatın cavabdehlərdən tutulub banka ödənilməsi” hissəsində işin icraatına müvafiq qərardadla xitam verilmişdir – bu isə o deməkdir ki, həmin tələb üzrə gəlinən nəticə hazırkı apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli müqavilələr üzrə nə kreditin alınması üçün müraciət (ərizə,anket), nə maliyyə arayışı, nə də müqavilə üzrə hər hansı digər sənədlər məhkəməyə təqdim edilməmişdir.

47. Digər tərəfdən, 15 may 2014-cü il tarixli PC/72630/40/25 saylı müqavilə üzrə kreditin müddəti 12 ay müəyyən edilmiş, borclu X6 16 oktyabr 2017-ci il tarixində dünyasını dəyişmiş, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 xx.xx.2018-ci il tarixində qanun üzrə vərəsəlik şəhadətnamələri almı, iddiaçı isə məhkəməyə xx.xx.2022-ci il tarixində, yəni üç illik iddia müddətini ötürməklə müraciət etmişdir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2015-ci il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir, iddiaçı isə, hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab olunmalıdır.

50. Peşəkar hüquqşünaslarla təmsil olunan bir kredit təşkilatının ötürdüyü müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə iddia müddətinin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir.

51. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

52. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4437/2022 saylı iş üzrə 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar