Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2990/2021 29.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-2731/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 3088.80 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-2731/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 400.8 (dörd yüz manat səksən qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 4 (dörd) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmamış hissəsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla yuxarıda göstərilən ünvanda xx.xx.2017-ci il tarixli AKX-2/323 saylı müqavilə əsasında təbii qazdan istifadə edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00010 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda istixana qurğusu quraşdırılmış və istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində G-6T markalı 28193473 nömrəli qaz sayğacı qurasdırılmışdır (hal-hazırda çıxarılıb). Cavabdeh məxsus həyətyanı sahəsində yerləşən istixanaya xx.xx.2012-ci il tarixdə baxış keçirilərkən qaz xəttinin üzərində quraşdırılan 28193473 nömrəli G-6 markalı qaz sayğacının kənar təsir nəticəsində müdaxilə olunduğu müəyyən edilmişdir. Həmin qaz sayğacı yerindən çıxarılaraq ARDNŞ-in informasiya Texnologiyaları və Rabitə idarəsinin labaratoriyasına göndərilirmiş və idarənin rəyinə əsasən qaz sayğacı yararsız hesab edilmişdir. Rəydə nömrəli plomb sayğacın üzərində aşkar edillməməsi və xətaların normaya uyğun olmaması müəyyən olmuşdur. İddiaçı İB tərəfindən itirilmiş təbii qazın bərpası üçün təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və cavabdeh tərəfindən qeyri-qanuni təbii qazdan istifadəyə görə 2688 manat ziyan dəymişdir. Həmçinin istehlakçının 404.80 manatda borcu olmuşdur Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə bildirdi ki, cavabdeh fərdi istixana sahibidir. Sənaye qaz cihazlarından istifadə olunur, 20 qəpikdən hesablanır və qeyri-əhali istifadəçisi kimi qeyd olunur. Sayğac vətəndaşın iştirakı ilə çıxarılıb dövlət yoxlamasından keçəndən sonra müəyyən olunur ki, sayğacın çıxış plastmas borusu deşilibdir. Yerində akt da tərtib olunub. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh səbəbini göstərmədən məhkəməyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), təmin olunmayan hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin qaz sayğacına qanunsuz müdaxilə etməsi, sayğacın zədələnməsində təqsirli olması yaxud hər hansı bir qanunsuz əməl nəticəsində iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Ona görə də, cavabdeh törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. İkincisi, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz cavabdehin sayğaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki, bu akt yalnız iddiaçı tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İkincisi, itirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin iddiaçıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. İddiaçı qeyd olunan dövrdə cavabdehin sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)- 2731/2021 nömrəli mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2990/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2990/2021
29.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver