Məhkəmə qərarları › İş №2(103)-2991/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2991/2022

26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2991/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1267/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 700 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 21.09.1991-ci il tarixdən oğlu X2 ilə rəsmi nikahda olub, nikahdan 3 övladları olub, lakin oğlu 2017-ci ildə vəfat etdiyi vaxtdan cavabdeh və qızları özbaşınalıq etməyə başlamış və bu hal kənd arasında söz-söhbətə səbəb olmuşdur. O, cavabdehin evdən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmiş, iş məhkəmə icraatında olan zaman cavabdeh və qızları həyət darvazasını qıraraq həyətə daxil olmuş və ona 700 manat məbləğində ziyan vurmuşlar. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1267/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 520 (beş yüz iyirmi) manat məbləğində pul vəsaitinin və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1267/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, məhkəməsi işə xəbəri olmadan baxmış, məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. O, işdə olan zaman qızı Səfərova Rəhimə küçəyə çörək almağa çıxarkən, İddiaçı evin qapısını içəridən bağlamış və onu içəri buraxmamış, qızı ona zəng etmiş və o evə gedərək, evin qapısının bağlı olduğunu görüb, evin pəncərəsinin şüşəsini çıxardaraq qızının evə daxil olmasına köməklik göstərmişdir. O, evin darvazasını qırmamış, heç bir ziyanlıq törətməmişdir. Məhkəmə heç bir araşdırma aparmadan, mötəbər sübutlara əsaslanmadan iddianın təmin etmişdir.O, gənc qızlarını soyuqdan küçədə donmasınlar deyə, öz evlərinə girmələrinə köməklik göstərərək, evin pəncərəsinin şüşəsini çıxarmış, qızı evə daxil olduqdan sonra içəridən evin qapısının kilidini açaraq evə girmələrinə şərait yaratmışdır. Məhkəmə işə birtərəfli qaydada baxaraq, mötəbər sübutlar əldə etmədən, maddi və prosessual hüquq normalarını səhv tətbiq edərək, prosessual pozuntuya yol vermişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1267/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərdiklərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1267/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsinin tərəfindən verilmiş Seriya FM № 004852 saylı qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mərkəzi 2-ci döngədə yerləşən 3 otaqlı, 88,4 kv.m ümumi, 50,5 kv.m yaşayış, 37,9 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 01 nömrəli reyestr kitabının 57-ci səhifəsində 30/7043 qeydiyyat nömrəsi ilə 29.03.2001-ci il tarixdə qeydiyyat aparılmışdır.(İ.vər. 6) İş materiallarında olan, İddiaçı müraciəti əsasında Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində toplanmış material üzrə 22 oktyabr 2020-ci il tarixdə qəbul edilmiş “Cinayət işi başlamasının rədd edilməsi haqqında” qərarın surəyindən görünür ki, Cavabdeh və onun qızı İddiaçı Yaqub qızının törətdikləri əməllər öz təsdiqini tapmış, lakin cinayət tərkibi yaranmadığından cinayət işinin başlanması rədd edilmişdir.(İ.vər. 4 - 5) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1665 saylı, 09 iyul 2021ci il tarixli ekspert rəyindən görünür ki, iddia ərizəsində qeyd edilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 520,0 manat (həmin malların ayrı ayrılıqda qiyməti: evin giriş qapısı 250 manat; pəncərə 220 manat; ev telefonu 20 manat; əl-üz yuyan 30 manat) müəyyən olunur.(İ.vər. 28 - 29) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı dəymiş ziyanın həqiqi həcminin 700 manat məbləğində deyil, 520 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə sübuta yetirildiyindən, iddiaçıya vurulmuş ziyanın həqiqi həcmi 520 (beş yüz iyirmi) manat məbləğində müəyyən edilir və həmin məbləğdə dəymiş ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2 və 1097.1-ci maddələri ilə əsaslandırmışdır. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin 22 oktyabr 2020-ci il tarixli Qərarı Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün cavabdehin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, iddiaçıya vurulmuş maddi ziyanın məhz cavabdeh tərəfindən törədilməsi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və apelyatorun maddi zərərin düzgün müəyyən edilməməsi barədə dəlilini qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Məhkəmə kollegiyası, Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllnin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı ziyan dəyməsi, ekspert rəyi və digər sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində cavabdehin evin pəncərəsinin şüşəsini çıxardaraq qızının evə daxil olmasına köməklik göstərdi, cavabdehin evin darvazasını qırmadığını və heç bir ziyanlıq törətmədiyini bildirməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı ziyan dəyməsi ekspert rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını, həmçinin təkrar ekspertiza keçirilməsini zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Bundan başqa, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin məhkəmənin işə cavabdehin xəbəri olmadan baxması, iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmaması barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi bildirişlə məlumat verildiyindən həmin dəlillər üzrə əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti beş min manatdan az, yəni 700 (yeddi yüz) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1267/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar