Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2993/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qəbul etdiyi 17 yanvar 2025-ci il tarixli qətnamədən Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı özünün, cavabdehlərin birgə vəkili (nümayəndəsi) Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ümumilikdə (815.000 + 285.000=) 1.100.050 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında “Kredit müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 iddiaçıdan 300.000 manat pulu borca almışdır. Müqavilənin şərtinə əsasən Cavabdeh1 borc məbləğini xx.xx.2019-cu il tarixə kimi, ayda 10.000 manat olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürülmüşdür. 2-3 ay ödəniş etdikdən sonra iddiaçı Cavabdeh1 təklif etmişdir ki, Çində olan şirkətindən satış üçün kombi, sanitexnika avadanlıqları göndərsin cavabdehlər isə həmin malları Azərbaycanda sataraq həm pul qazansın, həm də ona olan borcunu qaytarsın. Razılaşmaya uyğun olaraq ona kombi, radiator, istilik sistemləri göndərilmişdir. 2023-cü ilin yanvar ayında Cavabdeh1 ilə iddiaçı arasında yenidən haqq-hesab edilmiş, ümumi aldığı mal və ödədiyi ödənişlər hesablanaraq onun Cavabdeh1 verdiyi mallar 2.101.602 manat təşkil etmişdir. Qəhraman Abdullayev qardaşı Cavabdeh2 2.101.602 manatdan iddiaçıya 1.286.552 manat qaytarmış, 815.050 manat isə qaytarmamışdır. Həmçinin xx.xx.2019-cu il tarixdə “Diqlas” Ticarət Mərkəzində yanan mallara görə onların iddiaçıya 285.000 manat məbləğində borcları yaranmışdır. Hazırda cavabdehlərin iddiaçıya olan borcları cəmi 1.100.050 manat təşkil edir. b) iddia tələbinə dair cavabdehlərin mövqeyi barədə məlumat
3. Cavabdehlərin birgə vəkili (nümayəndə) Vəkil1 iddia tələbinə etiraz edərək, iddiaçı ilə cavabdehlər arasında olan ticarət münasibətlərin qəbul etdiyini, tərəflər arasında pulun qaytarılması ilə bağlı iddiaçının istinad etdiyi bloknotda qeyd edilərək qarşılıqlı imzalarla təsdiq edildiyini, Cavabdeh2 isə yanan mallara görə bir sənədə imza etdiyini, başqa hesablaşmalarının olmadığını, iddiaçının tələb etdiyi mallardan 259.000 manatlıq malın Xırdalana aparıldığı, 285.000 manat yanan mallara görə tələb edilən pulun ona aidiyyəti olmadığını, yanan mallara görə dövlət tərəfindən təzminat olaraq verilmiş 40.000 manat puldan iddiaçıya çatacaq 20.000 manatın ona verilməməsinin səbəbinin aralarında olan razılaşmaya əsasən “Forland” markalı yük maşının onlara verilməməsini bildirmişdir.
4. Cavabdehlərin vəkili (nümayəndə) Vəkil1 xx.xx.2024-cü il tarixdə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh Qəhraman Abdullayev arasında xx.xx.2016-cı il tarixdə “Kredit müqaviləsi” bağlandığını və həmin müqavilə üzrə pul tam qaytarıldığından, həmçinin müqavilə üzrə iddia müddəti 5 ildən artıq müddətə keçdiyindən həmin mülki iş üzrə iddia müddəti tətbiq edilməli və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Çünki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehlərdən müştərək qaydada 978.304,79 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi gəldiyi nəticə ilə bağlı ilk olaraq “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəyə münasibətdə bildirərək qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə “Kredit müqaviləsi” bağlanmış, müqavilə xx.xx.2019-cu il tarixə kimi qüvvədə olduğu müddətdə iddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə üçtərəfli və yeni müqavilə bağlanmış, bununla da münasibətlər davam etmişdir. Yəni hazırki halda hər hansı müddətin keçməsindən söhbət gedə bilməz. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə araşdırması zamanı iş materialları ilə də öz təsdiqini tapır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli üçtərəfli razılaşmaya əsasən ortaq ticarət əlaqələri olmuş və birgə fəaliyyət nəticəsində iddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 1.594.888 manat mal verildiyi halda cavabdehlər tərəfindən qarşılıqlı imzalarla təsdiqlənmiş iş materiallarına əlavə edilmiş dəftərdən də göründüyü kimi cavabdehlər tərəfindən nağd şəkildə iddiaçıya 437.292,21 manat, həmçinin iddiaçının yaxın adamı olan Pərviz və Əhmədlə barter olunan 199.291 manatlıq mal olmaqla ümumilikdə 636.583,21 manat məbləğində pul qaytarılmışdır. Belə olan halda (1.594.888 – 636.583,21=) 958.304,79 manat məbləğində pul cavabdehlərin mallar üzrə borcu həmçinin iş materiallarında olan “Diqlas” Ticarət Mərkəzinin yanması ilə əlaqədar olaraq cavabdehlərə ödənilmiş 40.000 manatın yarısı olan 20.000 manat cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə cavabdehlərdən ümumilikdə 978.304,79 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. c) apellyasiya şikayətləri barədə məlumat
7. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinnin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halırından müəyyən edilir ki, Cavabdeh2 iddiaçı ilə heç bir alış verişi, notarial razılığı və ya ticarət əlaqəsi, şərikliyi olmamışdır. İddiaçı tərəfindən təqdim edilən borc müqaviləsinin də, tərəfindən mal alınmasının da, tərəfindən pul ödənməsinin də heç bir əsası olmamışdır. O, yalnız “Diqlas” Ticarət Mərkəzi yanarkən sənədləşmə işlərində adı olduğundan ona etibarnamə ver deyilən şəxsə etibarnamə vermiş, onunla vəkil müqaviləsi və bir neçə təqdim edilmiş sənədə qol çəkmişdi. Bundan başqa heç bir halda Cavabdeh2 iddiaçı ilə hər hansı bir razılaşması olmamışdır. Hazırkı qətnamə çıxdıqdan sonra Cavabdeh2 qardaşı Cavabdeh1 da məhz ailəsi və uşaqlarının həyatı ilə təhdid edilərək müəyyən yazılar yazmalı, məcburi bir kafedə video çəkilərək olmayan şeylər dedirdilmişdir ki, iddiaçı dəfələrlə bu kimi şantaj, hədə qorxu və s. hallarla onlara müəyyən sənədlərə qol çəkdirmişdir. Bununla yanaşı iş materiallarında guya borc razılaşmasına qol çəkdiyinə dair saxta bir razılıq kağızından başqa Çindən gəldiyi iddia edilən milyonluq malın 1 manatının belə adına gəlmədiyi, gömrükdə rəsmiləşmədiyi, aralarında bir kəlmə telefon danışığı olmadığı, 1 manat pul vermədiyi və ya almadığı halda ondan pul tutulması barədə qətanmə qəbul edilməsi tam qanunsuz və əsassızdır. Bununla yanaşı ilk gündən Cavabdeh2 nümayəndəsi tərəfindən dəfələrlə bildirildiyi kimi qeyd edilən imzanın belə ona məxsus olduğu şübhəli olduğu və bu barədə ekspertiza keçirilməsi də tələb edildiyi halda məhkəmə tərəfindən iddiaçıya vəkillik edilmiş və onun xeyrinə qanunsuz, ədalətsiz və qərəzli qətnamə qəbul edilmişdir. Cavabdeh2 etibarnamə verdirilməsi zamanı bütün danışıqları aparan Ayaz Qəhrəmanov adlı vəkilin həm iddiaçı ilə həm də işə baxmış hakim ilə olan dostluqları və bu işi əlbir olaraq danışıb həll etmələri etdiyi şikayətlərin düzgün araşdırıldığı, onlar arasındakı telefon danışıqları üzə çıxdığı zaman da öz təsdiqini tapacaq. Belə ki, vəkilinə dəfələrlə hakimlə həmin vəkilin əlaqəsi olduğu barədə məlumat verib hakimə etiraz verməsini tələb etsə də əlində sübutu olmadığı təqdirdə edə bilməyəcəyini bildirməklə etiraz verməsə də ilk 4 iclasa iddiaçının və ya vəkilinin gəlmədiyi təqdirdə hakim konkret olaraq məhkəmə baxışı təyin etmədiyi, illər əvvələ aid mübahisə olduğu bildirilən mübahisəyə dair aylar sonra və məhkəmə baxışında sübutu qəbul etməklə və bir çox qeyri-prosessual pozuntularla qanunsuzluqla qərar qəbul etmiş, qanunsuz qətnamələrini qanuniləşdirərək qüvvəsini almaq üçün isə qardaşının qorxaqlığından istifadə edərək atası və qardaşına zorla kafedə görüşərək öz istədiklərini dedirtdirmək və yazdırmağa məcbur etmiş lakin imza atdıra bilməmişlər. Bütün bu qanunsuzluqlarından isə tərəfindən aidiyyatı orqanlara şikayət verilmişdir. Qardaşının uşaqlarının həyatına görə qorxusundan dedirdilən ifadələrin heç biri doğru olmadığı gün kimi aydın olacaq. Aidiyyatı qurumların araşdırması da tam üzə çıxaracaq ki, iddiaçı, xaricdən nə Cavabdeh2 də onun qardaşı Cavabdeh1 iddiasında göstərilən malı göndərməmişdir. Çünki iddiaçı öz ərizəsində qeyd edir ki, guya cavabdehlərə 2.000.000 manatdan çox mal verib və 2023-cü ilin yanvar ayında haqq-hesab edilib və həmin haqq-hesabda 1.286.000 manat ona pul veriblər, 815.000 manat məbləğində borclu qalıblar və 285.000 manata da yanan mal olmuşdur. İlk öncə iddiaçı onun da imzası olduğunu bildirdiyi kağızda da 2.000.000 manatlıq maldan, borcdan hər hansı bir söhbət getməmişdir. Həmin tərtib etdiyi kağızda da 1.285.000 manat borc olduğu və yekun qalıq 1.140.000 manat olduğunu qeyd etmişdir ki, Rayon Məhkəməsi əgər ədalətli, obyektiv və qərəzsiz, tapşırıqsız, sövdələşməsiz, gizli danışıq və görüşlərə hesablanmayan araşdırma aparsaydı tam sübut olunardı ki onların 1 manat belə borcları yoxdur. Saxta və imzanın şübhəli olduğu kağızda yazılan 1.285.899 manat məbləğdə pul Cavabdeh2 qardaşının borcu olmuş olsa belə 2023-cü ilin yanvarında haqqhesab ediləndə aldığı pul 1.286.000 manat olduğu halda heç bir borc qala bilməzdi.
9. Cavabdeh1 da həmin həmin qətnamədən Məhkəməyə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçı istinad etdiyi münasibətin 2016-cı ildən başladığını və 2019-cu ildə yenidən bağlanmış “üçtərəfli müqavilə” adı verdiyi imzalı kağıza istinad edir. Lakin iddia ərizəsi xx.xx.2024-cü il gtarixdə məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq iddiaçı nə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında iştirak etməmiş və bunun üçün kifayət qədər imkanı olduğu halda iddiasını əsaslandıran bütün sübutları Rayon Məhkəməsinə təqdim etməmişdir. Dəfələrlə hakimin işi baxışa verməsi, iddiaçını müdafiə etməməsi tələb edilsə də, dəfələrlə hazırlıq iclası əsassız olaraq təxirə salınmış, sonradan isə iş üzrə cavabdehin əvvələr nümayəndəsi olmuş vəkil qoşulmuş, onun da dəfələrlə iştirak etdiyi iclaslarda təqdim edilməyən sübutlar məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş, təqdim edilmiş sübutlardakı imzalardan birinə dair mübahisə olduğu, xəttşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət verildiyi halda vəsatətə münasibət belə bildirilmədən ziddiyətli qətnamə qəbul edilmişdir. Bununla yanaşı iddiaçının vəkilinin (nümayəndəsinin) daha əvvəl eyni iş üzrə cavabdehlərdən Cavabdeh2 vəkili (nümayəndəsi) olduğu halda onun vəkiliyinə belə icazə verilmədiyi halda onlar tərəfindən tərtib edilərək imzaladılmış kağız mötəbər sübut kimi qiymətləndirilmişdir. Halbuki həmin sübut sayılacaq kağızdakı halların əslində yalnız iddiaçı ilə Qəhrəman Abdulayev arasında olan şəriklik biznesinin təsdiqi olmuşdur ki, onu da Qəhrəman Abdulayev mübahisələndirməmiş, əksinə iddiaçı ilə 2019-cu ildə şərikli biznesi olduğunu etiraf etmiş və həmin kağızda qeyd edilən məbləğin də iddiaçıya tam ödəndiyini bildirmiş və sübut etmişdir. İş materialarına əlavə edilmiş "üçtərəfli müqavilə" adlandırılan kağız parçasında tərəflər arasında 1.285.899 manatlıq mal borcu olduğu həmin borcdan yekun olaraq 1.140.000 manat ödənməli olduğu qeydindən, tərəflər arasında ödənmiş pulara dair qəbzlər, imzalı bloknotlar, Xırdalana mal qaytarmaqla pulun tam ödənməsi iddiaçının özü tərəfindən də dəqiq cümlələrlə qeyd edildiyi, iddia tələbinin 2.000.000 manat olmadığı, həmin məbləğə dair sübut olmadığı, sonradan gələn mal yazısında imza olmadığı halda o sübut sayıldığı, ancaq bloknotda ödəndiyi bildirilən məbləğin iddiaçı tərəfindən iclasda etiraf edildiyi halda imza olmadığı əsası ilə hakim tərəfindən qərəzli olaraq hesablanmadığı, iddiaçının 2023-cü ilin yanvarında 1.286.000 manat ona ödəndiyi etirafına baxmayaraq məhkəmə iddiaçının özünün belə əsaslandıra bilmədiyi iddiasını əsaslandırmağa sonsuz cəhdlə çalışması və iddia tələbindən kənara çıxaraq 978.304,79 manat pul tutulmalı olması qərəzin, qanunsuzluğun, ədalətsizliyin ən bariz göstəricisidir. Məhkəmə gah tərəflər arasındakı münasibəti borc münasibəti kimi əsaslandırmış, gah da şəriklik adlandırmış, onların arasında olan münasibəti dəqiq müəyyən etməmiş, sabit fikirdə olmamışdır. Rayon Məhkəməsi qanunun tələblərinin əksinə iddiaçıya sərf edən kağız parçasını belə mötəbər sübut saymaqla, tarixsiz, imzasız yazıları belə cavabdehə borc kimi hesabladığı halda iddiaçı tərəfindən haqq hesab edərək yazdığı xərcləri, aldığı pulları sübut saymamış, qarşısında imza yoxdur qeydi ilə iclasda iddiaçının etiraf etməsinə baxmayaraq onun qeyd etdiyi məbləğləri hesablayaraq çıxmamışdır. Bununla yanaşı iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi 285.000 manat yanğında mal yandığı məhkəmənin hökmü ilə də təsdiq edildiyi halda həmin məbləği borc saymaqla tam təmin etməklə yanaşı yanan mala görə cavabdehə ödənmiş pulun yarısı kimi də təkrar olaraq 20.000 manat tutulmasını təmin etmişdir. Yəni yanan mal 285.000 manat qeyd edildiyi, hökmdə təsdiq edildiyi, iddiaçı tərəfindən etiraf edildiyi halda həm həmin 285.000 manat, həm də yanmış 285.000 manatlıq malla yanaşı əlavə olaraq 20.000 manat məbləğində pulun cavdbehlərdən müştərək qaydada tutulması qənaətinə gəlməklə qeyri-obyektiv, qərəzli, birtərəfli qətnamə qəbul etmişdir. Bundan başqa Rayon Məhkəməsi iş üzrə tərəflərin sahibkar olmalarına, onların arasındakı münasibətlərin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmasına əhəmiyyət verməyərək, özünə deyil, Kommersiya Məhkəməsinə aid olan işə baxmış, bununla da aidiyyət qaydasını pozmuşdur. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
11. Cavabdehlərin vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışında iştirak edərək, təmsil etdiyi şəxslərin verdiyi apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdi və şikayətlərin məzmununa uyğun izahat verdi.
12. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, cavabdehlərin verdikləri apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.).
15. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, Cavabdeh1 iddiaçıdan 300.000 manat pulu borca almışdır. Müqavilənin şərtinə əsasən Cavabdeh1 borc məbləğini xx.xx.2019-cu il tarixə kimi, ayda 10.000 manat olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürülmüşdür.
16. İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış üçtərəfli müqavilədən görünür ki, həmin müqavilənin şərtlərinə uyğun olaraq, hər 2 cavabdeh iddiaçıya 1.285.899 manat məbləğində borclarının olmasını etiraf etmiş və iddiaçı ilə aşağıdakı həkətləri şərtləşdirmişlər: - qeyd olunan məbləğin 145.899 manatı çıxılır nəticədə qalıq borc 1.140.000 manat təşkil edir; - ildə iki dəfə hesabat olunmalı, mal sayılmalı, satılan malla ödənilən pullar başabaş çıxmalıdır; - iddiaçıya 1 ədəd “Forland” markalı avtomobil verilmişdir. Sonda ya avtomobil geri veriləcək, ya da ki pulu ödəniləcək; - hesabdan 70.000 manat qazanc çıxılır; - yanan mallara görə dövlət pul verərsə pul məbləği yarıya bölünəcək.
17. Qeyd edilən müqavilələrə istinad edən iddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən onun xeyrinə pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, işə baxmış Rayon Məhkəməsi isə iddianı (yuxarıda qeyd edilən qaydada) qismən təmin etmişdir. Cavabdehlər apellyasiya şikayətlərində iddiaçının təqdim etdiyi sübutları tələbə aid olmayan, müqavilədə imza onlara məxsus olmadığına görə qeyri-mötəbər hesab etməklə qəbul etmirlər.
18. Bununla bağlı qeyd edilməlidir ki, cavabdehlər, onlar ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləni “kağız parçası” adlandırsalarda həmin müqavilə cavabdehlərin imzaları və barmaq izləri ilə təsdiq olunmuşdur. Cavabdeh tərəf bu halı Rayon Məhkəməsində təsdiq etdiyi kimi, apellyasiya icraatında da təsdiq etmişlər.
19. Həmin müqavilənin şərtlərindən görünür ki, həmin müqavilə birgə fəaliyyət barədə müqavilədir. Çünki müqavilədə qeyd edilmiş “ildə iki dəfə hesabat olunmalı, mal sayılmalı, satılan malla ödənilən pullar başabaş çıxmalıdır” və “Ticarət Mərkəzində yanmış mallara görə dövlət tərəfindən dəymiş ziyan olaraq pul veriləcəyi təqdirdə həmin məbləğin də aralarında bölünəcək” ifadələri bu halı təsdiq edir.
20. İş materiallarına əlavə olunan sənədlərdən görünür ki, Çin Xalq Respublikasından Cavabdeh1 adına 2017, 2018 və 2019-cu illərdə içərisində kombi, radiator və istilik sistemlərinin olmasını əks etdirən invoyslar təsdiq edir ki, tərəflər arasında əməkdaşlıq davam etmişdir. Həmçinin məhkəmə sorğusuna cavab olaraq 2018- 2019-cu illərdə Azərbaycan Respublikasına Cavabdeh1 adına içərisində kombi, istilik sistemi və onun ehtiyat hissələri olan avadanlıqların gətirilməsinin əks olunduğu Gömrük Bəyamnamələri təqdim olunmuşdur.
21. Çin Xalq Respublikasından Gürcüstan Respublikası vasitəsi ilə Azərbaycan Respublikasına 2019-cu ilin noyabr ayında gətirmiş malların yük və CMR sənədləri mövcuddur və həmin sənədlər bir daha təsdiq edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə imzalanmış üçtərəfli razılaşmadan sonra da birgə fəaliyyət davam etmiş, yeni məbləğli mallar gətirilmişdir. Bu hallar bir daha iş materiallarında olan iddiaçı ilə Cavabdeh1 arasında 2022-ci il tarixdə olan “watsapp” yazışmaları ilə də öz təsdiqini tapır. Həmin yazılarda iddiaçı “yanğına kimi nə oldu, yanğından sonra olan mallara cavab ver” tələbi ilə Cavabdeh1 müraciət etmişdir.
22. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-11/2022 nömrəli cinayət işi üzrə qəbul etdiyi və hazırkı mülki işin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli hökmdən görünür ki, xx.xx.2019-cu il tarixdə “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğunun depozit hesabında saxlanılan 90.000 manat pulun 40.000 manatı zərərçəkmiş şəxs kimi hazırkı iş üzrə cavabdehlərdən biri olan Cavabdeh2, 50.000 manatı zərərçəkmiş şəxs X2 verilməsi, zərərçəkmiş şəxs – mülki iddiaçı X3 mülki iddiası baxılmamış saxlanılması və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi, İş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilməsi, cinayət işi üzrə maddi sübut olan və Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi nəticəsində hadisə yerindən götürülmüş yanğından sonrakı qalıqlar və yanğına məruz qalmış elektrik naqilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir.
23. Həmin hökmdə qeyd edilmişdir ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh2 ifadəsində bildirmişdir ki, o, “Diqlas” Ticarət Mərkəzində icarəyə yer götürüb istilik sistemlərinin alğı-satqısı ilə məşğul olmuşdur. Yanğın hadisəsi zamanı ona ümumilikdə 285.000 manat maddi ziyan dəymişdir. 10.000 manat dövlətdən yardım almışdır. Ona dəymiş ziyanın qalanı ödənilməmişdir. Depozitə qoyulan 40.000 manat pulu götürməmişdir. Şikayəti vardır. Vurulmuş ziyanın ödənilməsi üçün pul vəsaitinin depozit hesaba qoyulması haqqında xx.xx.2021-ci il tarixli qərardan və xx.xx.2021-ci il tarixli, 001PBUD210150043 nömrəli ödəniş tapşırığından görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış X4 və Cavabdeh2 dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə X6 tərəfindən təqdim olunan 90.000 manat məbləğində pul vəsaiti (Təbriz Xəlilov üçün 50.000 manat, Cavabdeh2 üçün 40.000 manat) Baş Prokurorluğun depozit hesabına keçirilmişdir.
24. İş materiallarında borcun qarşılıqlı qaytarılması barədə cavabdeh Kamran və Cavabdeh1 birgə vəkili (nümayəndə) Vəkil1 tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş bloknotda aydın qeyd olunur ki, cavabdehlərin iddiaçıya olan əsas borcları 1.140.000 manat, təzə mal olan kombi üçün 202.035 manatdır. xx.xx.2019-cu il tarixdə 10.000 manatın iddiaçıya qaytarılması hissəsində imzanın qarşısında köhnə borc ifadəsi qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən ödənilməsi qeyd olunan 55.000 manatın, xx.xx.2021-ci il tarixdə 500 manatın və xx.xx.2021-ci il tarixdə 20 manatın qarşısında imza yoxdur. Bloknotda qeyd olunsa da verilmə tarixi göstərilməyən 144.291,79 manat pulun kimə verilməsi, verilmə tarixi və imza yoxdur.
25. İddiaçı tərəfindən təqdim edilmiş və tərəflərin qarşılıqlı imzaları ilə təsdiq edilmiş kitabçada xx.xx.2019-cu il tarixdə qeyd olunur ki, əvvəlki borc yanğından sonra 1.140.000manat, 2019-cu ilin avqust ayında təzə kombi və qarışıq malların dəyəri 202.035 manat (bu məbləğ cavabdehlərin təqdim etdikləri kitabçada da öz əksini tapmışdır), 2019cu ilin noyabr ayında kombi təzə korona 213.763 manat, 39.883 manat qazanc 2 yerə bölünür (19.943 manat), xx.xx.2019-cu il tarixdə 10.000 manatı iddiaçıya ödəyən şəxsin Kamran olduğu qeyd olunmuşdur.
26. Məhkəmə hesab edir ki, qeyd edilənləri nəzərə Rayon Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qeyd edilən kitabçalarda göstərilən məlumatlar bir daha təsdiq edir ki, cavabdehlər birgə borclu kimi iddiaçı qarşısında məsuliyyət daşıyırlar. Tərəflər arasında xx.xx.2019-cu il tarixli üçtərəfli razılaşmaya əsasən ortaq ticarət əlaqələri olmuş və birgə fəaliyyət nəticəsində iddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 1.594.888 manat məbləğində mal verildiyi halda cavabdehlər tərəfindən qarşılıqlı imzalarla təsdiqlənmiş iş materiallarına əlavə edilmiş dəftərdən də göründüyü kimi cavabdehlər tərəfindən nağd şəkildə iddiaçıya 437.292,21 manat, həmçinin iddiaçının yaxın adamı olan Pərviz və Əhməd adlı şəxslərə barter olunan 199.291 manatlıq mal olmaqla ümumilikdə 636.583,21 manat pul qaytarılmışdır.
27. Rayon Məhkəməsini bu yanaşmasını səhv hesab edən cavabdehlər qətnamədən verdikləri apellyasiya şikayətlərində Rayon Məhkəməsinin iddia tələbindən kənara çıxmasını və bununla prosessual pozuntuya yol verdiyini göstərmişlər.
28. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən 1.100.050 manat pul tələb etmişdir. Rayon Məhkəməsi isə 978.304,79 manat pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Göründüyü kimi təmin olunan məbləğ tələb edilən məbləğdən azdır. Ona görə də qəbul edilməlidir ki, Rayon Məhkəməsi tələbdən kənara çıxmamışdır.
29. Məhkəmə cavabdehlərin iddiaçıya borcu olmaması barədə dəlillərinə dair qeyd edir ki, iddiaçının sübutlar təqdim etdiyi halda onların bu mövqeyi yalnız iş materialları və tərəflərin izahatları ilə təsdiq oluna bildiyi halda əsaslı hesab edilə bilər. Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, Mülki Prosessual Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki halda, cavabdehlər izahatlarından başqa digər sənədlərlə borcların qaytardıqlarını sübut edə bilməmişdir.
30. Bundan başqa hakimin qərəzli olmasına dair də sübutlar təqdim edə bilməmiş, yalnız ehtimallara əsaslanmışlar.
31. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1 və 88-ci maddələri).
32. Buna görə də qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsinin hakimi qeyd edilən prosessual normalara riayət etmişdir.
33. İş materiallarından göründüyü kimi tərəflər arasında xx.xx.2019-cu il tarixdə üçtərəfli müqavilənin şərtinə görə yanan mallara dövlət pul verərsə yarıya bölünəcək. Ona görə Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş materiallarında olan “Diqlas” Ticarət Mərkəzinin yanması ilə əlaqədar olaraq cavabdehlərə ödənilmiş 40.000 manatın yarısı olan 20.000 manat cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir.
34. Cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri digər xüsusatlar, yəni iddiaçının onları hədə-qorxu gəlməsi, şantaj etməsi, müqavilə imza etməyə məcbur edilmə kimi halları təsdiq edən sübutlar təqdim etməmişlər.
35. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Ona görə Məhkəmə cavabdehlərin dəlillərini mülki məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir.
37. Göründüyü kimi cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri xüsusatlar aparılmış araşdırma zamanı öz təsdiqini tapmamış, məhkəmə işin hallarını mötəbər sübutlar əsasında düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edərək əsaslı və qanuni nəticəyə gəlmişdir.
38. Bu baxımdan qəbul edilməlidir ki, tərəflərin apellyasiya şikayətlərinin müzakirə edilən dəlilləri əsassızdır.
39. Apellyasiya şikayətinin bir dəlili də ondan ibarətdir ki, Rayon Məhkəməsi iş üzrə tərəflərin sahibkar olmalarına, onların arasındakı münasibətlərin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmasına əhəmiyyət verməyərək, özünə deyil, Kommersiya Məhkəməsinə aid olan işə baxmış, bununla da aidiyyət qaydasını pozmuşdur.
40. Bununla bağlı Məhkəmə qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlarda görünür ki, iş üzrə tərəflər fərdi sahibkar kimi vergi orqanında qeydiyyatdadırlar.
41. Lakin Məhkəmə hesab edir ki, onların arasında yaranmış münasibətlər onların rəsmi sahibkarlıq fəaliyyətin ilə bağlı yaranmamışdır. Çünki Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlardan bəlli olur ki, iddiaçının rəsmi sahibkarlıq fəaliyyəti Taksi fəaliyyəti ilə, cavabdeh Qəhraman Abdullayevin rəsmi sahibkarlıq fəaliyyəti suvenirlərin pərakəndə satışı ilə, Cavabdeh2 rəsmi sahibkarlıq fəaliyyəti isə elektrik avadanlıqlarının təmiri ilə bağlıdır.
42. İş üzrə tərəflər arasında yaranmış münasibətlər onların rəsmi sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmadığıdan hazırkı işin icraatının başlanmasına əsas olmuş iddiaya kommersiya məhkəməsi tərəfindən baxıla bilməzdir. Buna görə də, qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddianı icraata götürüb ona baxamaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. g) apellyasiya baxışının nəticəsi
43. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla yanaşı formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə, MPM-in 119.1-ci maddəsinin tələbinə görə, rüsumları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.
46. Məhkəmə həmçinin qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Cavabdehlər isə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdirlər.
47. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 yanvar 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Cavabdehlər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.