Məhkəmə qərarları › İş №2(103)-2994/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2994/2021

16.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2994/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh, üçüncü şəxslər Mirvari Teymurova, Sona Teymurova və Mətanət Teymurovanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və tikintiyə çəkilmiş xərcin bölünməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 08.12.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı ilə cavabdeh keçmiş ər-arvaddır. Nikah 2016-cı ildə bağlanıb, 2018-ci ildə xitam olunub. Nikahdan 1 uşaq var: 01.03.2017-ci il təvəllüdlü X8. Mübahisə Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi, döngə 2-də yerləşən 10 №-li fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra – ev). Ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib. 1963-cü ildə evə dair cavabdehin babası X3 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” verilib. Nəriman Teymurov vəfat edib. Evdə hazırda göstərilən şəxslər yaşayır: 1) Cavabdeh; 2) üçüncü şəxs X1 (cavabdehin nənəsi); 3) üçüncü şəxs X5 (cavabdehin atası); 4) üçüncü şəxs X2 (cavabdehin anası); 5) üçüncü şəxs X9 (cavabdehin bacısı); 6) üçüncü şəxs X4 (cavabdehin bacısı). Cavabdehlə yanaşı evdə yaşayan şəxslər apellyasiya icraatı zamanı cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmışlar. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçı uşağı ilə birlikdə evin yaşayış hissəsinə köçürülsün və evin ikinci mərtəbəsinin tikilməsinə çəkilmiş xərc tərəflərin arasında bölünsün. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh, üçüncü şəxslər Mirvari Teymurova, Sona Teymurova və Mətanət Teymurova apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İşdə 2 tələb var. 1-ci tələb evə köçürülmə barədədir. İddiaçı iddia edir ki, 2016-cı ilin mart ayında cavabdehlə nikaha daxil olduqdan sonra həmin evdə yaşayıb, 25.11.2017-ci il tarixdə baş vermiş münaqişə zamanı cavabdeh uşağı ilə birlikdə onu evdən qovub. Ona görə də iddiaçı hesab edir ki, evə köçürülməlidir. 2-ci tələb evin ikinci mərtəbəsinin tikilməsinə çəkilmiş xərcin bölünməsi barədədir. İddiaçı iddia edir ki, evə gəlin gəldikdən sonra nikah müddətində cavabdehlə evin ikinci mərtəbəsini tikmişlər. Ona görə də evin ikinci mərtəbəsinin tikilməsinə çəkilmiş xərc cavabdehlə onun arasında bölünməlidir. 1-ci tələb təmin edilə bilməz. Belə ki, ev 1963-cü ildə tikilib, həmin vaxt cavabdeh həyatda olmayıb. Evə dair 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” cavabdehin babasının adına olub. Cavabdehin babası öldükdən sonra evə onun 1-ci növbə vərəsəsi olmaq hüququna malik olan şəxslər - cavabdehin nənəsi və cavabdehin atası sahiblik edir. Cavabdehin evdə yaşaması evin “iddiaçının keçmiş ərinin sahibliyində olan ev” kimi qiymətləndirilməsinə əsas vermir. Cavabdeh heç kəsi evə köçürmək və ya oradan çıxarmaq hüququna malik deyil. Nə qədər ki, ev üzərində hər hansı şəxsin mülkiyyət hüququ qeydə alınmayıb “evə köçürülmə barədə” tələb evə sahiblik edən şəxsə qarşı irəli sürüməlidir. Bu qayda Mülki Məcəllənin sahibliklə bağlı 159, 163 və 164-cü maddələrinin mahiyyətindən irəli gəlir. Çünki sahiblikdə olan evə başqasını köçürmək sahibə aid olan səlahiyyətdir. Müvafiq olaraq sahibə qarşı iddia verilmədən onun sahibliyində olan evə başqa şəxsin köçürülməsi sahibin hüquqlarının pozulması sayılır. Ona görə də cavabdehə qarşı irəli sürülmüş “evə köçürülmə barədə” tələb təmin oluna bilməz. 2-ci tələb təmin edilə bilməz. Belə ki, evin ikinci mərtəbəsinin tikilməsinə iddiaçı və cavabdeh tərəfindən hər hansı xərc çəkildiyini təsdiq edən sübut yoxdur. Belə vəziyyətdə həmin xərcin keçmiş ər-arvadın arasında bölünməsi barədə tələb Ailə Məcəlləsinin 32-ci maddəsinin və Mülki Məcəllənin 225-ci maddəsinin göstərişlərinə uyğun deyil. Ona görə də “evin ikinci mərtəbəsinin tikilməsinə çəkilmiş xərcin bölünməsi” barədə tələb təmin oluna bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etsə də işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddinın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 08.12.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və tikintiyə çəkilmiş xərcin bölünməsi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar