Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2998/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı mülki iş üzrə (açar sözlər: zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı "vurulmuş maddi ziyanın əvəzi olaraq 2011,91 manat, ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 939/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə "xxxx" MMC-də satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə "xxxx" MMC-də administrator vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh və "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir. "xxxx" MMC və Cavabdeh arasnda bağlanmış xx.xx.2020-ci il tarixli "Tam maddi məsuliyyət haqqında müqavilə"dən görünür ki, cavabdeh ona etibar edilmiş əmlakı, maddi sərvətlərin tam qayğısına qalmağı, işəgötürənə ziyan vurmamağı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmağı və rəhbərliyə təqdim etməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli "İnventarizasiya nəticələrinə dair yekun akt"dan görünür ki, cavabdehin məsul şəxs olduğu "OBA-Bakıxanov 22" mağazasında aparılmış növbədənkənar inventarizasiya nəticəsində 3319,35 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli "Arayış"ından görünür ki, cavabdehin işlədiyi dövrdə aşkarlanmış çatışmazlıq məbləğinə güzəştlər tətbiq edildikdən sonra borcun ümumi məbləği 2011,91 manat təşkil edir. "xxxx" MMC-nin "Xəbərdarlıq" məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə 2011,91 manat ziyanın ödənilməsi təklif olunmusdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "vurulmuş maddi ziyanın əvəzi olaraq 2011,91 manat, ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci ildə administrator vəzifəsinə keçirilmiş, tərəflər arasında "Tam maddi məsuliyyət haqqında müqavilə" imzalanmış və xx.xx.2022-ci il tarixli 329 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "b" (əmək müqaviləsinin müddətinin qurtarması ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh X4 iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. xx.xx.2022-ci ildə aparılmış inventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin "xxxx" MMC-nin "OBA Bakıxanov 22" mağazasında çalışdığı zaman 3319,35 manat zərər vurması müəyyən edilmiş, həmin tarixli "İnventarizasiya nəticələrinə" dair aktda yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Cavabdeh halhazırda "xxxx" MMC-yə ümumilikdə 2011,91 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh məhkəməyə verdiyi xx.xx.2024-cü il tarixli ərizədə bildirmişdir ki, onun həqiqətən "xxxx" MMC-yə 2011,91 manat borcu vardır. O, borcu ödəməkdən yayınmır, imkanı olmadığı üçün borcu ödəyə bilməmişdir. Cavabdeh ərizədə qətnamə qəbul edilən zaman bunun nəzərə alınmasını və borcunu hissə-hissə ödəməyə köməklik olunmasını xahiş etmişdir. Bundan sonra müəyyən edilmişdir ki, iddiaçı tələb etdiyi maddi ziyanın vurulmasında cavabdehin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və onun təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmir. Ona görə də məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, hazırkı işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Hazırlıq iclası əvvəl xx.xx.2025-ci il tarixə, sonra isə xx.xx.2025-ci il tarixə təyin edilmiş, iddiaçı həmin iclaslarda nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.2025-ci il tarixli ərizəsində isə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və cavabdehin elektron kabinetə əlavə etdiyi borcu etiraf etməsi ilə bağlı ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh isə məhkəməyə verdiyi xx.xx.2025-ci il tarixli ərizədə bildirmişdir ki, o, xx.xx.2021-ci ildə "xxxx" MMC-nin ərzaq mağazasına satıcı-kassir kimi işə qəbul olunmuş, xx.xx.2021-ci ildə administrator vəzifəsinə keçirilmişdir. Administrator vəzifəsində işlədiyi müddətdə heç bir intizam xətasına yol verməmiş, bir dəfə də olsun töhmət almamış, mağazaya maddi ziyan vurmamış və müdiriyyətin bütün tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Lakin xx.xx.2022-ci ildə öz xahişi ilə tutduğu vəzifədən ayrılmaq üçün ərizə ilə müraciət etdikdə ona təhvil-təslim aktında 2011 manat məbləğində malın çatışmaması ilə bağlı məlumat vermişlər və qeyd olunan məbləği öz üzərinə borc kimi götürməsini tələb edərək həmin aktı imzalatdırmışlar. O, xx.xx.2024-cü ildə "xxxx" MMC-nin onu artıq narahat etməməsi üçün ərizədə bildirmişdir ki, həmin borcu üzərinə götürür və ödəməkdən yayınmır. Əslində onun borcu yoxdur. O, xx.xx.2024-cü il tarixindəki ərizədən imtina edir. Artıq onu narahat etdikləri üçün, "xxxx" MMC-nin onunla əlaqəsi olmaması üçün ərizəyə qol çəkmişdir. Cavabdeh həmin ərizədə iddianın araşdırılmasını və rədd olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli ərizədə bildirmişdir ki, cavabdeh ərizə yerləşdirərək borcunun olduğunu etiraf etmiş və hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmçinin, iş materiallarında olan tam maddi məsuliyyət müqaviləsindən və inventarizasiya aktlarından da görünür ki, cavabdehin məsuliyyətsizliyindən mağazaya maddi ziyan vurulmuşdur. İddiaçı cavabdehin borcu qəbul etdiyinin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli ərizədə məhkəmə baxışının iştirakları olmadan keçirilməsini və iddianı tam şəkildə müdafiə etdikləri nəzərə alınaraq iddianın təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə baxışı iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirildi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etməyərək bildirmişdir ki, o, iddiaçıya maddi ziyan vurmamış və ümumiyyətlə, ziyanın nəyin nəticəsində vurulduğunu, iddiaçının ondan niyə pul tələb etdiyini bilmir. Belə iddialar "xxxx" MMC-nin digər mağaza müdirlərinə qarşı da qaldırılmışdır. O, iddia tələbi ilə bağlı xx.xx.2024-cü ildə məhkəməyə ərizə verdiyi zaman onun məhkəmə haqqında təsəvvürü bundan ibarət olmuşdur ki, məhkəmədə onu dərhal tutub həbs edəcəklər. O, tutulmaqdan qorxduğuna görə, eləcə də "xxxx" MMC-dən canını qurtarmaq üçün borcu etiraf etməsi barədə məhkəməyə ərizə vermiş, lakin məhkəmə işi araşdırmağa başladıqdan sonra o, həmin ərizədən imtina etmişdir. Əslində o, iddiaçıya heç bir ziyan vurmamışdır. Onun işlədiyi mağazada kameralar mövcud olmuşdur. Əgər o, ziyan vurmuş olsaydı, kamera bunu çəkərdi. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 939/2025 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "vurulmuş maddi ziyanın əvəzi olaraq 2011,91 manat, ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi" barədə iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci ildə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci ildə isə administrator vəzifəsinə keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında "Tam maddi məsuliyyət haqqında müqavilə" bağlanmışdır. Cavabdehin məsul olduğu "OBA-Bakıxanov 22" mağazasında xx.xx.2022-ci ildə inventarizasiya aparılmış, nəticədə 3319,35 manat məbləğində çatışmazlıq aşkar edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir. İddiaçı tərəfindən güzəştlər tətbiq edildikdən sonra cavabdehdən 2011,91 manat məbləğində borc tələb olunur. Məhkəmə qeyd etmişdir ki, hazırkı mülki işdə iddiaçı "xxxx" MMC-nin dəlillərindən biri bundan ibarətdir ki, cavabdeh tam maddi məsuliyyət haqqında müqavilə imzaladığına görə maddi ziyana görə məsuliyyəti yalnız o daşıyır. Məhkəmə bununla razılaşmır və ilk növbədə bunu qeyd edir ki, Cavabdeh "xxxx" MMC-də satıcı-kassir vəzifəsinə xx.xx.2021-ci ildə qəbul olunduğu, administrator vəzifəsinə isə xx.xx.2021-ci ildə keçirildiyi halda, iddiaçının məhkəməyə təqdim etdiyi "Tam maddi məsuliyyət haqqında müqavilə" bundan təxminən bir il əvvəl xx.xx.2020-ci ildə bağlanmışdır. Müqavilədə qeyd olunan Cavabdeh şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (AZE********) onun xx.xx.2017ci ildə aldığı və xx.xx.2021-ci ilədək qüvvədə olmuş şəxsiyyət vəsiqəsinə aiddir. Cavabdeh işə qəbul olunduğu vaxt həmin şəxsiyyət vəsiqəsi artıq mövcud deyildi və onun yeni vəsiqəsinin nömrəsi başqa idi. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlmədiyinə görə bu uyğunsuzluğun səbəbini müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarda ifadə edilmiş hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, işçi ilə işəgötürən arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin mövcudluğu ziyanın vurulmasında işçinin təqsirliliyi prezumpsiyasını yaratmır. Ziyanın işçidən tələb edilə bilməsi üçün, həmin müqavilə mövcud olsa belə, ziyanın vurulmasında işçinin təqsiri işəgötürən tərəfindən sübut olunmalıdır. Tam maddi məsuliyyət haqqında müqavilə, işçinin təqsiri sübuta yetirildiyi halda, yalnız onun maddi məsuliyyətinin həcmini müəyyən etməyə xidmət edir. Lakin iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə ona maddi ziyanın məhz Cavabdeh təqsiri nəticəsində vurulduğunu təsdiq edən sübut təqdim olunmamışdır. İddiaçının təqdim etdiyi sənədlər, o cümlədən inventarizasiya aktı maddi ziyanın kim tərəfindən vurulduğunu deyil, yalnız onun məbləğini və vurulmasının təqribi vaxtını müəyyən etməyə yardım edə bilər. Həmçinin, müəyyən edildi ki, iddiaçı "xxxx" MMC inventarizasiya keçirərək ona ziyan vurulduğunu müəyyən etsə də, cavabdehdən bununla bağlı yazılı izahat tələb etməmiş və almamış, eləcə də dəymiş ziyanla cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni araşdırmamışdır. İddianın bir dəlili də ondan ibarətdir ki, Cavabdeh inventarizasiya zamanı tərtib olunan bütün sənədləri imzalamaqla ziyan vurduğunu etiraf etmişdir. Məhkəmə bununla da razılaşmır və qeyd edir ki, əvvəla, həmin sənədlərin heç birində cavabdehin maddi ziyan vurduğunu etiraf etməsinə dair hər hansı müddəa yoxdur, cavabdeh imzaladığı sənədlərdə yalnız mağazada çatışmazlığın aşkar edildiyini təsdiqləmişdir. Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan Qərarında işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılmasının istisna edildiyi göstərilmişdir. İşçinin işəgötürənə vurduğu ziyana görə məsuliyyət daşıması məsələsi əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, mülki qanunvericiliyin normaları, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilənin normalarının tətbiq edilməsi yolverilməzdir. Belə olan halda, cavabdeh borcun etirafına dair sənəd imzalamış olsa belə, bu, iddiaçının tələbini təsdiq edən müstəsna bir sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmə Cavabdeh iddianı etiraf etməsi barədə məhkəməyə verdiyi xx.xx.2024-cü il tarixli ərizəyə də münasibət bildirməyi zəruri hesab edir. Cavabdeh məhkəməyə verdiyi sonrakı xx.xx.2025ci il tarixli ərizədə xx.xx.2024-cü il tarixli ərizəsindən imtina etdiyini bildirmiş və bunu belə əsaslandırmışdır ki, o, işlədiyi müddətdə heç bir intizam xətasına yol verməmiş və mağazaya maddi ziyan vurmamışdır. "xxxx" MMC digər mağaza müdirlərinə qarşı da belə iddialar qaldırmışdır və o, "xxxx" MMC-nin onu narahat etməməsi, artıq onunla əlaqəsinin olmaması üçün, habelə məhkəmədə həbs olunmaqdan qorxduğuna görə həmin ərizəni vermişdir. Cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən o halda qəbul edilə bilər ki, etiraf qanuna zidd olmasın və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Lakin göründüyü kimi, Cavabdeh iddianı etiraf etməsi barədə xx.xx.2024-cü il tarixli ərizəni hazırkı iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar məhkəmənin bildirişini aldığı gün yazmış, işə iddia icraatı qaydasında baxılmağa başlandıqdan sonra verdiyi ərizədə isə həmin ərizədən imtina etmiş, iddiaçıya borcunun olmadığını bildirmiş və işin mahiyyəti üzrə araşdırılmasını xahiş etmişdir. Göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi davamlı olmamış, o, həm xx.xx.2025-ci il tarixli ərizədə, həm də bütün məhkəmə iclaslarında verdiyi izahatlarda iddianı etiraf etmədiyini və iddiaçıya zərər vurmadığını bildirmişdir. Ona görə də məhkəmə cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsinin etiraf kimi qiymətləndirilməsini və həmin ərizə əsasında iddianın təmin olunmasını mümkün hesab etmədi. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehdən maddi ziyanın ödənilməsini tələb etməkdə haqlı deyil, bu səbəbdən iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3,8-ci hissələrinə, 10-cu maddəsinin 1-hissəsinə, 191-ci maddəsinin 1-ci və 2-ci hissəsinə, 192-ci maddəsinin 2-ci hissəsinə, 194-cü maddəsinin 2-ci hissəsinə, 198, 199-cu maddəsinin 1-ci hissəsinə, 203-cü maddəsinin 1-ci və 2-ci hissəsinə, 205-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5, 119.1, 191.3-cü maddələrinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 2011-ci il 15 iyul tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 939/2025 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci ildə administrator vəzifəsinə keçirilmiş, tərəflər arasında "Tam maddi məsuliyyət haqqında müqavilə" imzalanmış və xx.xx.2022-ci il tarixli 329 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "b" (əmək müqaviləsinin müddətinin qurtarması ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh X4 iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. xx.xx.2022-ci ildə aparılmış inventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin "xxxx" MMC-nin "OBA Bakıxanov 22" mağazasında çalışdığı zaman 3319,35 manat zərər vurması müəyyən edilmiş, həmin tarixli "İnventarizasiya nəticələrinə" dair aktda yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Cavabdeh halhazırda "xxxx" MMC-yə ümumilikdə 2011,91 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. İnventarizasiya üzrə: Cəmiyyətin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli, 1276 saylı əmrindən göründüyü kimi, "OBA Bakıxanov 22" mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2022-ci il tarixində aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair akt”a əsasən cavabdehin Cəmiyyətə 3319,35 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Araşdırmanın (yoxlamaların) gedişində işçinin bütün hüquqları təmin edilmiş, işçi yoxlama sənədləri ilə tanış olmuş, izahat və qeydlərini vermiş, hər hansı etirazını bildirməmiş, lakin yoxlamanın gedişatı və nəticələri ilə tanış olmayaraq inventarizasiya zamanı tərtib edilmiş bütün yoxlama sənədlərini imzalamaqdan imtina etmişdir. (İnventarizasiya siyahısı, ilkin iltizamnamə, inventarizasiya nəticələrinə dair akt, üzləşdirmə cədvəli, yekun iltizamnamə). Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Maddi ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı halda vurulduğundan və işçi ziyanı könüllü olaraq ödəməkdən imtina etdiyindən, Cəmiyyət müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2011,91 manat, mediasiya xərci kimi ödənilmiş 55 manat, şikayət üçün məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 28 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim Vidadi Qasımov) e-2(008)-939/2025 saylı, xx.xx.2025ci il saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Aşağıdakılara görə hesab edilir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə mübahisələndirilən qərarı qəbul etməklə belə nəticəyə gəlmişdir ki, İddiaçı MMC-nin cavabdeh X5 qarşı irəli sürdüyü iddia tələbi üzrə tərəfin mediasiyada iştirak edilməsi tələbi imperativ deyil, bu səbəbdən də mediasiya xərci kimi ödənilmiş məbləğ dövlət rüsumuna aid edilə və azadolma üçün əsas ola bilməz. Məhkəmənin bu nəticəsi aşağıdakılara görə əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin “ğ” bəndinə əsasən işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi – fərdi əmək mübahisəsinin predmetini təşkil edir. Həmin Məcəllənin 10-cumaddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq - əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri sırasında, həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin “e” bəndinə əsasən isə işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək – əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları sırasında yer alıb. İşin hallarından göründüyü kimi, tərəflər arasında əmək münasibətləri mövcud olmuş və tərəflər arasında yaranmış mübahisə fərdi əmək mübahisəsinin predmetini təşkil edir. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi və tam maddi məsuliyyət müqaviləsi bağlanmaqla əmək münasibətləri mövcud olmuş, işçi əmək fəaliyyəti zamanı tam maddi məsul şəxs olmuş, tərəflər arasında mövcud olmuş əmək fəaliyyəti zamanı işçi əmək funksiyalarını lazımi qaydada icra etmədiyinə görə işəgötürənə 2011,91 manat manat məbləğində maddi zərər vurmuş, bunun nəticəsində tərəflər arasında fərdi əmək mübahisəsi yaranmışdır ki, iddiaçı (işəgötürən, yəni İddiaçı MMC) əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyul 2023-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə, hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Ona görə də Sabuncu Rayon Məhkəməsinin e-2(008)-939/2025 saylı xx.xx.2025-ci il saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçınə rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında İddiaçı-ə tanışının məsləhəti ilə işə düzəldiyini, işlədiyi dövrdə kassada əskiklik olmaması üçün öz cibindən vəsait əlavə etdiyini, sonradan işində perspektiv görmədiyi üçün digər iş yerləri ilə maraqlanaraq öz istəyi ilə ərizə təqdim edərək işdən çıxdığını, təhvil-təslim işləri isə uzun müddət çəkməsini, hətta təhvil-təslim sənədlərində soyuducunun da onun üzərinə yazılmasını, etirazını bildirdikdən sonra yanlışlıqla qeyd edildiyi, digər məhsulların isə yarasız olması əlamətləri nəzərə alınaraq müəyyən məbləğ ona güzəşt edildiyini, qalıq borcun onun üzərinə qeyd edilməklə, təhviltəslim aktına da imza atmasını, dəfələrlə ona müraciətlər edilərək borcunun ödənilməsi tələb olunduqda, ödəməyəcəyini bildirməsini, sonra iddiaçının məhkəməyə müraciət etməsini, tərəfindən mənimsəmə halı olmadığı halda iddiaya etiraz etmək hüququnu bildikdən sonra etiraz etməsini, hazırda da apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığını göstərmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 191.
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192.
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Maddə 200. 1.İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 3.Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.
4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.
5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Maddə 201.
1. İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
2. İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.
3. Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər. Maddə 202.
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Maddə 203.
1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tam təmin edilmədiyindən və iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının tələbi birbaşa sübut etmə yükü ilə bağlı olduğundan hazırkı mübahisədə iddiaçı ona məhz cavabdehin hərəkəti nəticəsində maddi ziyan vurulmasını sübut etmək vəzifəsi daşıyır. Apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, iddiaçı, yalnız cavabdehin etirafına istinad edib sonuncunun ona ziyan vurmasını iddia edir. Baxmayaraq ki, işəgötürən işçinin ona ziyan vurmasını sübut etmək vəzifəsi daşıyır və aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda işçinin qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə işəgötürən qarşısında maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Bundan başqa vurulan ziyanın müəyyən edilməsi üçün işəgötürən işçinin iştirakı ilə araşdırma aparmalı, ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını almalı, işçinin əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqənin olubolmamasını, habelə dəymiş ziyanın həqiqi miqdarını müəyyən etməlidir. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Mülki işin sənəndlərindən isə müəyyən olunur ki, iddiaçı adi gözlə oxunması belə mümkün olmayan aktı sübut növü olaraq birinci instansiya məhkəməsinə təqdim etmiş, mülki iş üzrə təyin olunan məhkəmə iclaslarında iştirak etməmiş, bununla da aktda qeyd olunanların mövcud olması, cavabdehə təhvil verilməsi, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ona ziyan vurulmasını sübuta yetirməmişdir. İstinad olunanlara əsasən kollegiya iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbini tam həcmdə təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(008)- 939/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.