Məhkəmə qərarları › İş №2(103)-2999/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2999/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2999/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 1957/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (X2 və “xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçıya vurulmuş 3150 manat məbləğində maddi ziyanın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-1957/20) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2018-ci il tarixdə idarə etdiyi “VAZ 21099” markalı ** NU *** dövlət qeydiyyat nömrəli avtombillə “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, hadisə nəticəsində “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İdarə etdiyi avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə xx xxxx 2018-ci il tarixdə bağlanmış PQA********** saylı “Avtonəqliyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinə əsasən icbari sığorta olunduğu üçün zərərçəkmiş şəxsə dəymiş 3150 (üç min bir yüz əlli) manat ziyanın ödənilməsi üçün həmin sığorta şirkətinə müraciət etmiş, lakin Şirkət xx xxxxxx 2018-ci il tarixli məktubla ona bildirmişdir ki, “hadisə xx xxxx 2018-ci il tarixdə saat 11:45-də baş verdiyi halda, xx xxxx 2018-ci il tarixli PQA********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası” müqaviləsi həmin gün saat 11:57də qüvvəyə minmişdir və bu səbəblə də baş vermiş yol nəqliyyat hadisəsi siğorta hadisəsi hesab oluna bilməz”. Halbuki, “EXPRESSPAY” ödəniş sistemi vasitəsilə İcbari Sığorta Bürosuna edilmiş ödənişə dair qəbzdən göründüyü kimi sığorta müqaviləsinin bağlanması məqsədi ilə ödəniş xx xxxx 2018-ci il tarixdə saat 10:57-də həyata keçirilmişdir. İşin bu halı ona dəlalət edir ki, həmin hadisə sığorta hadisəsidir və “xxxx” Açıq Səhmdar Cəmiyyəti “VAZ 21061” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş 3150 (üç min bir yüz əlli) manat ziyanı ödəməlidir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli Fərmanının 3.1.12-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən xx.xx.2011-ci il tarixdə İcbari Sığorta Bürosunun təsis iclası çağırılmışdır. Büronun təsis iclasına "İcbari sığortalar haqqında" Qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun gələn sığortaçılar çağırılmışlar. "xxxx" Açıq Səhmdar Cəmiyyəti də xx xxxxxx 2015-ci il tarixdə İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir. İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsində (http://www.isb.az) xx-xx-2016 (11:47) tarixdə yayınlanmış "x xxxxxx 2016-cı il tarixindən AVSMMİS üzrə standart və sərhəd sığorta müqavilələri elektron qaydada bağlanılacaq" başlıqlı xəbərində qeyd olunur ki, " Elektron sığorta müqaviləsi hansı qaydada bağlanılır? Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçməklə sığortaçı öz internet səhifəsində onlayn satışı təşkil edərsə vətəndaşlar birbaşa elektron sığorta müqaviləsini əldə edə biləcəklər. Həmçinin vətəndaşlar avtomobillərinin qeydiyyat şəhadətnaməsini və şəxsiyyət vəsiqəsində olan məlumatları seçdiyi sığorta şirkətinə və ya sığorta vasitəçisinə təqdim etməklə elektron sığorta müqaviləsini əldə edə bilərlər. Daha sonra bağlanılacaq sığorta müqaviləsi üzrə sığortalıya sığorta haqqının ödənilməsi üçün sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə 9707 qısa nömrəsindən ödəniş kodu qeyd olunmuş SMS daxil olur. Sığortalı elektron poçt ünvanını təqdim etdiyi halda SMS ilə bərabər ödəniş kodu məlumatı sığortalının elektron poçt ünvanına da göndərilir. Sms məlumat və elektron məktubda avtomobilin dövlət qeydiyyat nişanı və ödəniş kodu, həmçinin sığortaçının adı qeyd olunur. Sığorta haqqı ödənildikdən sonra sığortalı ödənişlə bağlı təsdiqləyici SMS alacaq və sığorta müqaviləsi dərhal qüvvənə minəcək. Sığorta haqqı ödənilmədiyi təqdirdə sığorta müqaviləsi qüvvəyə minməyəcəkdir. Elektron sığorta müqaviləsi üçün sığorta haqqı hansı qaydada ödənilir? Elektron sığorta müqaviləsi üzrə sığorta haqqı bank, internet, poçt və ya bank ödəmə terminallarından ödənilə bilər. Sığorta haqqı ödənildikdən sonra sığortalının sığorta müqaviləsində göstərdiyi mobil telefon nömrəsinə təsdiqləyici məlumat göndərilir. Elektron sığorta müqaviləsi üzrə sığorta haqqını nağd qaydada sığorta vasitəçisinə ödəmək mümkündür, lakin bu halda sığorta vasitəçisinin ödənişi həyata keçirməsinə əmin olmalısınız. Belə ki, sığorta müqaviləsi yalnız sığorta haqqı ödənildikdən sonra qüvvəyə minəcəkdir. Sığorta haqqının ödənilməsi Bank, poçt, ödəmə terminalı vasitəsi ilə Hökumət Ödəniş Portalı üzərindən aparılır və ödəniş kodu ilə yanaşı sığortalının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN parametrləri ilə də həyata keçirilə bilər. "İcbari Sığorta Bürosu”nun rəsmi internet səhifəsində yayılan xəbərdən, qüvvədə olan qanunvericiliyin tələblərindən və müqavilə məntiqindən də göründüyü kimi sığorta haqqı ödənilməsi artıq siğorta müqaviləsinin qüvvəyə minməsi kimi başa düşülməlidir. Qevd olunanlardan da göründüyü kimi, siğorta müqaviləsinin bağlanmasında texniki problemlərə vol vermiş "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin quraşdırmış olduğu "Expresspay" ödəniş terminalı və onun inteqro olunduğu hazırki iş üzrə digər cavabdeh Mərkəzi Banka görə mənə 3150 (üç min bir yüz əlli) manat maddi ziyan dəymişdir. Belə ki, məcburiyyət qarşısında həmin ödəniş iş üzrə üçüncü şəxs X1 onun tərəfindən ödənilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmuna malik olan apellyasiya şikayətində əlavə olaraq göstərmişdir ki, Nəsimi Rayon məhkəməsi işin hallarının heç birinə münasibət bildirməmiş və nəticədə hazırkı ədalətsiz və qanunsuz qərarı qəbul etmişdir. Barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsasları yaratmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Hazırkı işdə iddiaçının tələbi cavabdehlər Cavabdeh1 ASC-yə, Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı yönəlməklə cavabdehlərdən sığorta hadisəsi nəticəsində iddiaçıya vurulmuş 3150 manat məbləğində maddi ziyanın tutulub iddiaçıya ödənilməsi barədədir. X2 və “xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərdir. İşdən göründüyü kimi, İddiaçı bundan əvvəl 3150 manat məbləğində maddi ziyanın tutulması tələbinə dair eyni məzmunlu iddianı “xxxx” ASC-yə qarşı qaldırmış və Z.Babayev və Cavabdeh1 ASC həmin işdə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişlər. Birinci instansiya məhkəməsi tərəfindən həmin iddia təmin olunsa da, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin adı çəkilən qərarlarında qeyd olunmuşdur ki, “VAZ 21099” markalı ** NU *** dövlət nömrə nişanlı avtomoibil “VAZ 21061” markalı ** BB *** dövlət nömrə nişanlı avtomobillə toqquşduğu zaman, yəni xx xxxx 2018ci il tarixdə saat 11:30-da PQA ********** nömrəli elektron sığorta müqaviləsi qüvvədə olmamışdır və beləlilkə də baş vermiş hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, iddiaçının hazırkı işdə mübahisələndirdiyi və iddia tələbinin əsası kimi istinad etdiyi hallar başqa bir işdə araşdırılmış və qiymət verilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən məhz bu hala istinad etmiş və Azərbaycan Respublikası MPM 82.3-cü maddəsini rəhbər tutaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırda mübahisələndirilən hallar (faktlar) araşdırıldığından və qiymət verildiyindən onların yenidən araşdırılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Birinci instansiya məhkəməsi həmçinin Mülki Məcəllənin 367, 368, 959-cu maddələrinə istinad edərək qeyd etmişdir ki, bank müştərinin hedsabına daxil olmuş pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba daxil etmişdir. Belə ki, transaksiya (köçürmə) 24 saat ərzində baş vermişdir və bu baxımdan köçürmənin 1 saat sonra həyata keçirilməsində pozuntuya yol verilməmişdir. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Birinci instansiya məhkəməsi göstərilənləri nəzərə alaraq bu qənaətə gəlmişdir ki, cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya zərərin vurulduğu, zərərin mövcud olması və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasında səbəbli əlaqənin mövcudluğunu təsdiq edən sübutlar təqdim olunmadığından iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.3, 233.3-cü maddələri ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhkəmə kollegiyası məhz bu prinsipi əsas götürərək hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin başqa bir iş üzrə çıxardığı xx.xx.2019-cu il tarixli qətnamə ilə müəyyən edilən hallar hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar