Məhkəmə qərarları › İş №2(103)-300/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-300/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-300/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı1 – Cavabdeh qarşı «borcun ödənilməsi, icarə münasibətlərinə xitam verilməsi, icarəçinin mülkiyyətindən istifadə hüququna xitam verilməsi və icarə obyektindən çıxarılması» barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh – cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı «icarə müqaviləsi əsasında qanuni istifadədə olan sahibkarlıq obyektinin müqavilədə göstərilən son müddətə qədər işlətmək üçün cavabdehlərin qanunsuz istifadəsindən alınıb iddiaçıya təhvil verilməsi, mülkiyyətdən istifadə hüququnun bərpa edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi və cavabdehlərin barələrində xüsusi qərardad çıxarılması» barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-112/2020 saylı, 11.09.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı1 – Cavabdeh qarşı «borcun ödənilməsi, icarə münasibətlərinə xitam verilməsi, icarəçinin mülkiyyətindən istifadə hüququna xitam verilməsi və icarə obyektindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsindən yaranmış Cavabdeh 31200 (otuz bir min iki yüz) manat əsas borcun, 30 manat dövlət rüsümunun, cəmi 31230 (otuz bir min iki yüz otuz) manat pulun alınaraq ona ödənilməsi, icarə münasibətlərinə xitam verilməsi, icarəçinin mülkiyyətdən istifadə hüququna xitam verilməsini və icarə obyektindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə onun arasında 27.08.2016-ci il tarixdə 2 saylı Notariat ofisində 3M-191 nömrə ilə qeyd edilmiş İcarə Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən o, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 672.2 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyəti üzrə ona məxsus tam hissəni Cavabdeh icarəyə vermişdir. İcarəyə verilən əmlak ƏMDKnin yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 09.10.2015-ci il tarixdə ona verilmiş **********96- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 672.2 kv.m ona məxsusdur. Müqavilənin 4-cü bəndinə əsasən, Cavabdeh ona aylıq 2600 (iki min altı yüz) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 31.04.2018-ci il tarixdən, 31.04.2019-cu il tarixədək ümumi dəyəri 31200 (otuz bir min iki yüz) manat təşkil edən aylıq icarə haqqını ödəməmişdir. Eyni zamanda Müqavilənin 6-cı bəndində "İcarəçinin icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz" qeyd edilmişdir. Buna baxmayaraq cavabdeh Müqavilənin şərtlərini pozaraq iddiaçının razılığı olmadan əmlakın bir hissəsini icarəyə vermişdir.Qeyd olunan borc məbləğinin ödənilməsi barədə Cavabdeh poçt vasitəsilə 07.06.2019-cu tarixdə pretenziya (xəbərdarlıq) göndərilmişdir.

3. Sonradan İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 33 ünvanında yerləşən fərdi yaşayış evinin icarəyə verilməsinə dair 27 avqust 2016-cı il tarixində Bakı şəhəri 2 saylı Notariat kontorunda 3M-191 reyestr nömrəsi ilə bağlanmış olan icarə müqaviləsinə xitam verilməsi, Cavabdeh mübahisəli icarə obyektindən çıxarılması, 30 aprel 2018-ci il tarixdən 30 iyun 2019-cu il tarixinədək icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməli olan 36400 (otuz altı min dörd yüz) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 36430 (otuz altı min dörd yüz otuz) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh icarə müqaviləsi ilə razılaşdırılmış aylıq 2600 manat icarə məbləğini 30 aprel 2018-ci il tarixindən ödəmir. Bundan əlavə, subicarə hüququnun olmaması ilə bağlı müqavilədə xüsusi bənd olmasına baxmayaraq, daşınmaz əmlakın bir hissəsini subicarəyə vermiş və hətta buradan əldə etdiyi məbləği belə icarə haqqının ödənilməsinə sərf etməyi düşünməmişdir. Hal-hazırda 2019-cu ilin iyun ayı da daxil olmaqla cəmi 14 ay üçün 36400 (otuz altı min dörd yüz) manat məbləğində icarə haqqı borcu yığılmışdır.

5. İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizə verərək, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 33 ünvanında yerləşən fərdi yaşayış evinin icarəyə verilməsinə dair 27 avqust 2016-cı il tarixində Bakı şəhəri 2 saylı Notariat kontorunda 3M- 191 reyestr nömrəsi ilə bağlanmış olan icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh mübahisəli icarə obyektindən çıxarılması, 30 aprel 2018-ci il tarixdən 30 iyun 2019-cu il tarixinədək icarə müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməli olan 36400 (otuz altı min dörd yüz) manat borcun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 36430 (otuz altı min dörd yüz otuz) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizəsi onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinə xitam verilməsi deyil, həmin müqavilənin ləğv edilməsinin tələb edilməsi daha uyğundur.

7. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddia tələbini qismən qəbul edərək, azyaşlı övladının atası ilə görüşməsinə yalnız özünün iştirakı ilə ünsiyyət saxlamasına etiraz etmədiyini bildirmişdir.

8. Eyni zamanda ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə İddiaçı1 ona qarşı qaldırdığı “icarə müqaviləsinə xitam verilməsi və 36.400 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair” iddiasının əsassız və qeyri-qanuni olduğu üçün rədd edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1lə onun arasında Bakı şəhəri 2 saylı Notariat ofisində 27.08.2016-cı il tarixdə bağlanmış, 3M-191 reyestr nömrəsi ilə qeydə alınmış İcarə Müqaviləsi əsasında icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən, onun qanuni istifadəsində olmuş və onun böyük məbləğdə xərc çəkib “Bayıl İnn” mehmanxanası kimi işlətdiyi fərdi yaşayış evinin müqavilədə göstərilən son müddətə qədər işlətməyi üçün cavabdehlərin qanunsuz istifadəsindən alınıb ona təhvil verilməsi və mülkiyyətdən istifadə hüququnun bərpa edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər - İddiaçı1 və İddiaçı2 tərəfindən öz qanunsuz hərəkətləri ilə ona vurduqları maddi ziyanın 60.000 (altımış min) manat pulun və onun qanuni sahibkarlıq fəaliyyətini davam etdirə bilmədiyinə və 02 ay 20 gün müddətində - 07.06.2019-cu il tarixdən 28.08.2019-cu il tarixədək işsiz qaldığına görə məhrum olduğu qazancın məbləğinin 21.000 (iyirmi bir min) manat pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cəmi - 81.030 (səksən bir min otuz) manat pulun onlardan alınıb verilməsi barədə qətnamə və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 qarşılıqlı iddia ərizəsində göstərilən qanunsuz hərəkətləri törətdiyinə görə onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yuxarıda qeyd edilən, 27.08.2016-cı il tarixdə bağlanmış, 3M-191 reyestr nömrəsi ilə qeydə alınmış 27.08.2021-ci il tarixədək qüvvədə olan İcarə Müqaviləsinə əsasən o, İddiaçı1 məxsus olan, ünvan 3 ünvanında yerləşən, onun xüsusi mülkiyyətində olan, ümumi sahəsi 672,2 kv.m olan fərdi yaşayış evini ayda 2.600 (iki min altı yüz) manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüş və onunla əvvəlcədən razılaşdığı kimi həmin evi “mehmanxana” kimi işlətməyi üçün əsaslı təmir işləri aparmış və bütün lazımı avadanlıqları almış, lazımi reklam işlərini görmüş, 2016-cı ilin noyabr ayının 20-dən həmin obyekti “Bayıl İnn” mehmanxanası kimi işlətməklə qanuni sahibkarlıq fəaliyyətinə başlamış və orada işləmək üçün əmək müqavilələri əsasında işçilər götürmüşdür. Həmin obyektin mehmanxana kimi fəaliyyət göstərməyə başladığı vaxtadək o, gördüyü təmir işlərinə və lazımi avadanlıqların alınması üçün və reklam işlərinə görə 68.000 (altımış səkkiz min) manat xərc çəkmişdir. Fəaliyyəti dövründə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh - Mir Miratayev ilə aralarında bağlanmış, yuxarıda qeyd edilən İcarə Müqaviləsinin şərtlərinə əməl etmiş və onunla aralarında heç bir narazılıq olmamış, İddiaçı1 ona məxsus olan onun icarəyə götürdüyü obyekt uzun illər fəaliyyət göstərmədiyi halda, onun sahibkar kimi böyük xərc çəkərək həmin obyekti mehmanxana kimi işlətdiyini və qazanc əldə etdiyini görüb, oğlu İddiaçı2 ilə birlikdə 2019-cu ilin yaz aylarından başlayaraq onu sıxışdırıb obyektdən uzaqlaşdırmaq üçün müxtəlif qeyri-qanuni hərəkətlər törədərək onun qanuni sahibkarlıq fəaliyyətinə maneəçilik törətməyə başlamışlar və bununla da aralarında böyük narazılıqlar yaranmışdır. İlk dəfə 2019-cu ilin may ayında onlar onda olan məlumata görə Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinə qeyri-qanuni olaraq xahiş edib onun işlətdiyi həmin mehmanxanaya elektrik enerjisi verilməsinin dayandırılmasına nail olmuşlar. Onun bir sahibkar kimi “Bayıl İnn” mehmanxanasına elektrik enerjisi verilməsinin dayandırılmasının qeyri-qanuni olduğu və işlətdiyi obyektin elektrik enerjisi verilməsinin hansı səbəbdən dayandırılması barədə ona arayış verilməsi və obyektə elektrik enerjisi verilməsinin bərpası barədə Səbail rayon Enerji Təzhizatı və Satışı İdarəsinə 24.05.2019- cu il tarixdə ərizə yazdıqdan sonra obyektə enerji verilməsi bərpa edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı1 ona məxsus olan, onun işlətdiyi “Bayıl İnn” mehmanxanasını aralarında bağlanmış İcarə Müqaviləsində göstərilən müddətə əhəmiyyət vermədən, həmin obyekti bu cür yollarla onun istifadəsindən ala bilmədiyini görüb, ona qarşı açıq-aşkar zor tətbiq etmək yolu ilə hücuma başlamış və 07.06.2019-cu il tarixdə oğlu İddiaçı2 başda olmaqla 10-12 nəfərdən ibarət qoçu dəstəsini onun işlətdiyi mehmanxanaya göndərmiş və onlar qanunsuz olaraq mehmanxanaya girib əvvəlcə onu döymək və ya xəsarət yetirmək və zor tətbiq etməklə onu oradan çıxartmaq üçün onu axtarmışlar, o, isə işçiləri tərəfindən onların bu cür gəlişi barədə məlumat aldığına görə onların qarşısına çıxmamış, onlar isə onu tapmadıqda otaqların qapılarının kilidini sındırmış, divar kağızlarını cırmış, avadanlıqları dağıdıb və qatı xuliqanlıq hərəkətləri ilə mehmanxanada qalan vətəndaşları qorxudaraq onların mehmanxanadan çıxıb getmələrini tələb etmişlər və həmin vətəndaşların stress keçirməsinə səbəb olmuşlar. Onların bu qanunsuz hərəkəti barədə “Bayıl İnn” mehmanxanasında adminstrator işləyən X13 Azərbaycan Respublikası DİN-nin xidmətinə zəng edərək məlumat vermiş və onların qanunsuz hərəkətlərinin qarşısının alınması üçün müvafiq qanuni tədbir görülməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh olan İddiaçı2 öz dəstəsi ilə mehmanxananı darmadığın etməsi və törətdikləri qanunsuz hərəkətləri barədə o, Səbail rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və eyni zamanda onların zorakılığını və qanunsuz hərəkətlərini görüb bir sahibkar kimi öz qanuni fəaliyyətini dayandırmış və bütün hesabat sənədləri, mehmanxananı işlətmək üçün aldığı avadanlıqlar hamısı orada qalmış və mehmanxananı tərk etdikdən sonra onlar mehmanxananın giriş qapısının və bütün otaqların kilidlərini dəyişdirərək onu bir daha içəri girməyə, hətta sənədlərini belə götürməyə imkan verməmişlər və bununla da cavabdeh- İddiaçı1 tərəfindən aralarında bağlanmış İcarə Müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklər 07.06.2019-cu il tarixdən birtərəfli qaydada faktiki olaraq kobud şəkildə pozulmuşdur. Onun şikayət ərizəsi əsasında Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində təhqiqat aparılaraq onların əməllərində cinayət əlamətləri olduğuna görə təhqiqat orqanı tərəfindən Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin HK-1- də 601 nömrə ilə qeydiyyata alınmış həmin ərizəsi əsasında toplanmış material İstintaq orqanına göndərilmişdir və həmin material üzrə araşdırma aparan Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Pərviz Cəfərov tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27.06.2019-cu il tarixli Qərar qəbul edilmişdir. Cavabdehlər öz qanunsuz hərəkətləri - mehmanxanada onun tərəfindən görülən təmir işlərini dağıdıb və onun orada istifadə etmək üçün aldığı avadanlıqları sındırıb yararsız hala salmaqla ona təxminən 60.000 (altımış min) manat, onların hərəkətləri ucbatından onun qanuni sahibkarlıq fəaliyyətini davam etdirə bilmədiyinə və 02 ay 20 günddətində - 07.06.2019-cu il tarixdən 28.08.2019-cu il tarixədək işsiz qaldığına görə hər aya 8000 (səkkiz min) manat olmaqla cəmi - 21.000 (iyirmi bir min) manat qazancından məhrum olmuşdur. Qarşılıqlı iddia ərizəsində göstərilənlərə və ərizəsində qeyd edilən qanunvericilik normalarının tələblərinə görə hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh -İddiaçı1 iddia ərizəsində ona qarşı irəli sürdüyü iddia tələbləri təmin edilməməlidir. Çünki ilk iddia ərizəsində ona qarşı irəli sürdüyü tələblər tamamilə əsassız və qeyri-qanunidir. İddia ərizəsində əsas kimi göstərilmişdir ki, guya o, İddiaçı1lə aralarında bağlanmış icarə müqaviləsinin 6-cı bəndində şərti pozaraq onun razılığı olmadan ona məxsus əmlakın bir hissəsini kiməsə icarəyə vermişdir, lakin bu tamamilə yalandır, o, icarəyə götürdüyü daşınmaz əmlakın heç bir hissəsini kiməsə verməmişdir. İcarə haqqının 31.04.2018-ci il tarixdən 31.07.2019-cu il tarixədək olan dövr üçün ödənilməməsinə gəldikdə isə bildirir ki, bu da tamamilə yalandır, o, cavabdehlə qarşılıqlı razılıq əsasında həmin obyekti “Bayıl İnn” mehmanxanası istifadə etməyə başladığı vaxtdan, yəni 2016-cı ilin noyabr ayının 20-dən qarşılıqlı iddia üzrə cavabdehlərin onu zorla həmin obyektdən çıxartdıqları vaxtadək icarə haqqını mütəmadi olaraq ödəmiş və icarə haqqı üzrə heç bir borcu yoxdur. Bu bir daha onunla təsdiq olunur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı1 iddia ərizəsində onun icarə haqqını 31.04.2018-ci il tarixdən 31.07.2019-cu il tarixədək olan dövr üçün ödəmədiyini göstərdiyi halda, onun oğlu, qarşılıqlı iddia üzrə digər cavabdeh - İddiaçı2 Səbail rayon Polis İdarəsində təhqiqat zamanı izahat vermişdir ki, guya o, onun atası İddiaçı1lə bağladığı İcarə Müqaviləsinin şərtlərini pozaraq 2018-ci ilin iki aylıq kirayə haqqını, eləcə də 2019-cu ilin son beş ayının kirayə haqqını ödəmədiyi üçün ona oteldən çıxıb, oteli onlara təhvil verməsini tələb etmişdir. Onun bu izahatı həmin iş üzrə Səbail RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Pərviz Cəfərovun “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27.06.2019-cu il tarixli Qərarında da olduğu kimi göstərilmişdir. Qarşılıqlı iddia ərizəsində göstərilənlərə və qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iddia ərizəsində ona qarşı irəli sürülən iddia tələbləri tamamilə əsassız və qeyri-qanunidir, iddia tələblərinin qanuni və əsaslı olduğunu sübut etmək üçün iddiaçı iddia ərizəsinə heç bir sübut növü əlavə etməmiş, buna görə də həmin iddia ərizəsində göstərilən iddia tələblərinin əsassız və qeyri-qanuni olduğu üçün təmin edilməməsi və onun qarşılıqlı iddia ərizəsində göstərdiyi iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmalı, eyni zamanda hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı2 başına dəstə saxlayaraq onun işlətdiyi sahibkarlıq obyektinə “Bayıl İnn” mehmanxanasına 07.06.2019-cu il tarixdə qeyri-qanuni daxil olaraq onun orada gördürdüyü təmir işlərini tamamilə dağıtdığına, aldığı avadanlıqları sındırıb tamamilə yarasız hala saldığına, mehmanxananın normal iş fəaliyyətini pozduğuna, orada qalan vətəndaşlara stress yaşatdığına bununla da qatı xuliqanlıq hərəkətləri törətdiyinə, onun qanuni sahibkarlıq fəaliyyətinə kobud şəkildə müdaxilə etdiyinə və maneçilik törətdiyinə görə onun əməllərində Azərbaycan Respublikası CM-nin 157.2, 186.2.1, 190.1, 221.2, 221.2.1, 322.2-ci maddələrinin əlamətləri vardır və onun onun barəsində Xüsusi Qərardad çıxardılmalıdır.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-112/2020 saylı, 11.09.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia ərizəsi qismən təmin edilərək, İddiaçı1 ilə Cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 33 ünvanında yerləşən fərdi yaşayış evinin icarəyə verilməsinə dair 27 avqust 2016-cı il tarixində Bakı şəhəri 2 saylı Notariat kontorunda 3M-191 reyestr nömrəsi ilə bağlanmış olan icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh icarə müqaviləsi üzrə ödənilməmiş olan 18200 (on səkkiz min iki yüz) manat məbləğində icarə haqqı borcunun və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin, cəmi 18220 (on səkkiz min iki yüz iyirmi) manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi, ilkin iddianın qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Rəna Qafarova).

11. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Səbail rayon məhkəməsi tərəfindən qətnamə çıxardılarkən Azərbaycan Respublikası MM-nın 6.2. 142.1. 386.1. 442. 445.1. 445.2.1. 448.1. 421.1. 421.2. 421.3-cii maddələrinə. Azərbaycan Respublikası MPM-nın 14.2.62. 76.2. 80. 104. 118.1. 119. 217.3. 217.4. 218.1-ci maddələrinə və "Avropa İnsan Hüquqları Məhkəməsi“nin bir sıra Qərarlarına istinad edilmiş, əslində isə Azərbaycan Respublikası MM-nin və Azərbaycan Respublikası MPM-nın yuxarıda göstərilən maddələrinin tələblərinə əməl edilməmişdir. Bakı şəhər Səbail rayon məhkəməsinin qətnaməsində göstərilir ki, həmin işin məhkəmə baxışı 10.09.2020-cu il tarixə təyin edilmiş və məhkəmənin 10.09.2020-ci il tarixli Qərardadı ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 aid hissədə iş ıızrə icraata xitam verilmişdir. 11.09.2020-ci il tarixdə isə işə mahiyyəti üzrə baxılıb məhkəmə tərəfindən bu qətnamə çıxardılmışdır. Məhkəmə tərəfindən qarşılıqlı iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 aid hissədə iş üzrə icraata xitam verilməsi barədə qərardad rəsmi qaydada cavabdehə göndərilməmiş və həmin qərardaddan şikayət vermək hüququ məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur və həmin qərardaddan verəcəyi şikayət işin nəticəsinə təsir edə biləcəyi üçün, həmin qərardadın cavabdehə göndərilmədən və onun həmin qərardaddan şikayət edib-etmədiyi gözlənilmədən, həmin mülki işə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılıb qətnamə çıxardılması məhkəmə tərəfindən törədilən kobud qanun pozuntusudur. Məhkəmə tərəfindən qətnamə çıxardılarkəıı işin faktiki halları tam və obyektiv araşdırılmamış, iş üzrə sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşin faktiki halları isə aşağıdakı kimidir: 1) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia tizrə cavabdeh -İddiaçı1 ilə 27.08.2016-cı il tarixində Bakı şəhəri 2 saylı Notariat Kontorunda 3M-191 reyestr nömrəli İcarə Müqaviləsi bağlayıb Bakı şəhəri Səbail rayonu, Əlibəyov qardaşları 33 ünvanda yerləşən, 672,2 kvm olan fərdi yaşayış evini icarəyə götürüb, 68.000 (altımış səkkiz min) manat xərc çəkərək əsaslı təmir işləri aparıb, bütün lazımı avadanlıqları alıb, lazımı reklam işlərini gördürüb 2016-cı ilin noyabr ayının 20-dən, hər ay 2.600 ( iki min altı yüz) manat icarə haqqı ödəməklə ‘‘BAYİL İNN” mehmanxanası kimi işlətməklə qanuni sahibkarlıq fəaliyyətinə başlamış və orada işləmək üçün əmək müqavilələri əsasında işçiləri işə götürmüşdür. Fəaliyyəti dövründə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh- İddiaçı1 ilə aralarında bağlanmış, yuxarıda qeyd edilən İcarə Müqaviləsinin şərtlərinə əməl etmiş və onunla aralarında heç bir narazılıq olmamışdır. İddiaçı1 ona məxsus olan, icarəyə götürdüyü obyektin uzun illər fəaliyyət göstərmədiyi halda, cavabdehin sahibkar kimi böyük xərc çəkərək həmin obyekti mehmanxana kimi işlətdiyini və qazanc əldə eldiyini görüb, oğlu X6 ilə birlikdə 2019-cu ilin yaz axlarından başlayaraq cavabdehi sıxışdırıb obyektdən uzaqlaşdırmaq üçün müxtəlif qeyri-qanuni hərəkətlər törədərək onun qanuni sahibkarlıq fəaliyyətinə maneçilik törətməyə başladılar və bununla da aralarında böyük narazılıqlar yarandı. İlk dəfə 2019-cu ilin may ayında onlar cavabdehdə olan məlumata görə Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinə qeyri-qanuni olaraq xahiş edib cavabdehin işlətdiyi həmin mehmanxanaya elektrik enerjisi verilməsinin dayandırılmasına nail oldular. Cavabdehin bir sahibkar kimi “BAYİL İNN" mehmanxanasına elektrik enerjisi verilməsinin dayandırılmasının qeyri-qanuni olduğu və işlətdiyi obyektə elektrik enerjisi verilməsinin hansı səbəbdən dayandırılması barədə mənə Arayış verilməsi və obyektə elektrik enerjisi verilməsinin bərpası barədə Səbail rayon Enerji Təzhizatı və Satışı İdarəsinə 24.05.2019-eu il tarixdə ərizə yazdıqdan sonra obyektə enerji verilməsi bərpa edildi. Qarşılıqlı iddia üzrə cavabdeh - İddiaçı1 ona məxsus olan, işlətdiyi "BAYİL İNN" mehmanxanasını aralarında bağlanmış İcarə Müqaviləsində göstərilən müddətə əhəmiyyət vermədən, həmin obyekti bu cür yollarla cavabdehin istifadəsindən ala bilmədiyini görüb, ona qarşı açıq-aşkar zor tətbiq elmək yolu ilə hücuma başladı və 07.06.2019-cu il tarixdə oğlu İddiaçı2 başda olmaqla 10- 12 nəfərdən ibarət qoçu dəstəsini cavabdehin işlətdiyim mehmanxanaya göndərib və onlar qanunsuz olaraq mehmanxanaya girib əvvəlcə cavabdehi döymək və ya xəsarət yetirmək və zor tətbiq etməklə cavabdehi oradan çıxartmaq üçün onu axtarıblar, cavabdeh isə işçiləri tərəfindən onların bu cür gəlişi barədə məlumat aldığına görə onların qarşısına çıxmamış, onlar isə cavabdehi tapmadıqda otaqların qapılarının kilidini sındırıb, divar kağızlarını cırıb, avadanlıqları dağıdıb və qatı xuliqanlıq hərəkətləri ilə mehmanxanada qalan vətəndaşları qorxudaraq onların mehmanxanadan çıxıb getmələrini tələb ediblər və həmin vətəndaşların stress keçirməsinə səbəb olublar. Onların bu qanunsuz hərəkəti barədə “BAYİL İNN" mehmanxanasında adminstirator işləyən X14 Azərbaycan Respublikası DİN-niıı 102 xidmətinə zəng edərək məlumat vermiş və onların qanunsuz hərəkətlərinin qarşısının alınması üçün qanuni tədbir görülməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh olan İddiaçı2 öz dəstəsi ilə mehmanxananı darmadığın etməsi və törətdikləri qanunsuz hərəkətləri barədə cavabdeh Səbail rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş xə eyni zamanda onların zorakılığını və qanunsuz hərəkətlərini görüb bir sahibkar kimi öz qanuni fəaliyyətini dayandırmış və bütün hesabat sənədləri, mehmanxananı işlətmək üçün aldığı avadanlıqlar hamsı orada qalmışdır və mehmanxananı tərk etdikdən sonra onlar mehmanxananın giriş qapısının və bütün otaqların kilidlərini dəyişdirərək cavabdehi bir daha içəri girməyə, hətta sənədlərini belə götürməyə imkan verməmişlər və bununla da cavabdeh- İddiaçı1 tərəfindən aralarında bağlanmış İcarə Müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklər 07.06.2019-cu il tarixdən birtərfli qaydada faktiki olaraq kobud şəkildə pozulmuşdur. Cavabdehlər öz qanunsuz hərəkətləri - mehmanxanada cavabdeh tərəfindən görülən təmir işlərini dağıdıb və onun orada istifadə etmək üçün aldığı avadanlıqları sındırıb yararsız hala salmaqla ona təxminən 60.000 (altımış min) manat, onların hərəkətləri ucbatından cavabdehin qanuni sahibkarlık fəaliyyətini davam etdirə bilmədiyinə və 2(iki) ay 20 gün müddətində - 07.06.2019-cu il tarixdən 28.08.2019-cu il tarixədək işsiz qaldığına görə hər ay 8.000 (səkkiz min) manat olmaqla cəmi -21.000 (iyirmi bir min) manat qazancından məhrum olmuşdur. Cavabdehin şikayət ərizəsi əsasında Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində təhqiqat aparılaraq onların əməllərində cinayət əlamətləri olduğuna görə təhqiqat orqanı tərəfindən Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin HK-l-də 601 nömrə ilə qeydiyyata alınmış həmin ərizə əsasında toplanmış material istintaq orqanına göndərilmişdir və həmin material üzrə araşdırma aparan Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Pərviz Cəfərov tərəfindən "cinayət işinin başlanmasının rədd edilməsi barədə" 27.06.2019-cu il tarixli Qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə qətnamə çıxardarkən sübut növü kimi Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Pərviz Cəfərov tərəfindən qəbul edilmiş 27.06.2019-cıı il tarixli, “cinayət işin başlanmasının rədd edilməsi barədə" Qərara istinad etmişdir. Cavabdeh isə məhkəmə qarşısında vəsatət qaldırmışdır ki, İddiaçı2 tərəfindən mehmanxanaya hücum çəkilməsini və böyük dağıntı törədilməsini təsdiq edən, cavabdehin istintaqa təqdim etdiyi video görüntüləri Səbail rayon Polis İdarəsinin İŞ-dən sübut növü kimi tələb etsin, onda əsl həqiqət üzə çıxa bilərdi. Məhkəmə isə qərəzli şəkildə cavabdehin bu vəsatətini təmin etməmiş, yalnız şikayəti əsasında "cinayət işin başlanmasının rədd edilməsi barədə” Qərarı sübut növü kimi mülki işə əlavə etməklə kifayətlənmişdir. Məhkəmə tərəfindən qətnamə çıxardarkən şahidlər -X5, X4, X1, X2 ifadələrinə sübut növü kimi istinad edərək iş üzrə gəldiyi nəticəni əsaslandırmışdır. Halbuki həmin şahidlər cavabdehin iştirakı ilə dindirilməli, işin faktiki hallan ilkin iddiaçı kimi Miratayevin qarşılıqlı iddiaçı kimi cavabdehin şahidlərə verdiyi sualların cavablarına uyğun olaraq müəyyən edilməli idi. Həmin şahidlərin ifadələrində göstərilənlər heç bir həqiqəti əks etdirmir, əksinə Əhməd Miratavevi müdafiə xarakteri daşıyır. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılımaması, işin bütün faktiki hallarının araşdırılmaması və eyni zamanda aşağıda göstərilən maddi hüquq normalarının kobud şəkildə pozulması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və tətbiq edilməli maddi hüquq normalarının tətbiq edilməməsi nəticəsində iş üzrə bu cür ədalətsiz, əsassız və qeyri-qanuni qətnamə çıxardılmışdır. Tərəflərin izahatları:

13. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.

14. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

16. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 672.2 kv.m sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə 09.10.2015-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır.

17. Bakı şəhəri 2 saylı Notariat ofisində bağlanmış 27.08.2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, icarəçi - İddiaçı1 mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 5 ünvanında yerləşən 672.2 kv.m sahəsi olan fərdi yaşayış evini Cavabdeh icayərə vermişdir. - “İcarəyə verən” İddiaçı1 tərəfindən “icarəyə götürən” Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh icarə müqaviləsinə əsasən 31.04.2018-ci il tarixdən

18. 31.04.2019-cu il tarixədək ümumi dəyəri 31200 (otuz bir min iki yüz) manat təşkil edən aylıq icarə haqqını ödəmədiyi, artıq 12 ay keçməsinə baxmayaraq, hələ də aylıq icarə haqqı ödəmə öhdəliyini yerinə yetirmədiyi bildirilmiş, və ona məxsus qeyri-yaşayış binasının dərhal boşaldılması xahiş olunmuş, əks halda məhkəməyə müraciət etməklə yanaşı digər hüquqi tədbirlər görüləcəyi bildirilmişdir.

19. Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 02.05.2011-ci il tarixdə vergi ödəyicisi kimi 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. (VÖEN **********)

20. Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Pərviz Cəfərov tərəfindən qəbul edilmiş 27.06.2019-cu il tarixli qərarla Cavabdeh şikayət ərizəsi üzrə toplanmış materialla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Qərar qəbul edilərkən Cavabdeh ilə İddiaçı2 Mirəli oğlu arasında olan mübahisənin mülki xarakterli olduğunu və hal-hazırda da bu barədə mülki iddia əsasında məhkəmə araşdırması aparılması əsas götürülmüşdür.

21. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, daşınmaz əmlakın alqı-satqısı və icarə ilə bağlı məsələlərdə vasitəçi kimi fəaliyyət göstərir. Cavabdeh tanışı vasitəsi ilə tanıyır, İddiaçı1 isə onun qonşusudur. Onun vasitəçiliyi ilə onların arasında 2016-cı ilin sentyabr ayının əvvəlində ilkin icarə müqaviləsi bağlanmışdır. Tərəflər arasında Cavabdeh tərəfindən müəyyən avadanlıqların və ləvazimatların alınması üçün icarə ödənişlərinin 2016-cı ilin dekabr ayından hesablanacağı barədə razılığa gəlmişlər. Onda olan məlumata əsasən Cavabdeh İddiaçı2 pulu ilə lazımi avadanlıq və ləvazimatları almış, lakin Cavabdeh icarə haqqının ödənilməsini bir müddətdən sonra həyata keçirməmişdir.

22. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, şəxsi əmək fəaliyyəti ilə məşğuldur və tərəfləri tanıyır. Cavabdeh barədə İddiaçı2 o məsləhət vermiş və nəticədə tərəflər razılığa gəlmişlər, icarə müqaviləsi bağlayıb, işə başlamışlar. Sonra Cavabdeh tərəfindən ödənişlər vaxtı-vaxtında edilmədiyi səbəbindən aralarında münasibətlər gərginləşmişdir. Bir il bundan öncə Cavabdeh ilə görüşmüş və ödənişlərin bir hissəsini etməsi üçün ona bir ay möhlət verilmişdir. Həmin görüşdə Cavabdeh bildirmişdir ki, İddiaçı2 çox razıdır, lakin bir ay bitdikdən sonra belə ödənişlər olmamışdır. Cavabdeh hansı məbləğdə borcunun olmasını bilmir.

23. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İddiaçı2 otel müdiri kimi və Cavabdeh isə icarədar kimi tanıyır. Otelin aşağı hissəsində obyekt icarəyə verilmiş və çayxana, pivə barı kimi fəaliyyət göstərmişdir. O, həmin obyektdə 16 sentyabr 2018-ci il tarixdən Zülfüqarov Zamiq adlı şəxsin rəhbərliyi ilə işləmiş, bu il isə oteldə təmir işləri başlayana qədər həmin obyektdə işləmişdir.

24. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçı2 və Cavabdeh arasında icarə ilə əlaqədar problemlərin olmasını bilir. İlk dəfə sözügedən otelə müştəri kimi gəlmiş və söhbət zamanı Elmara otelin bir hissəsində obyekt açıb çayçı kimi işlətmək istəyində olduğunu, lakin birinci ayın icarə haqqını ödəməyə pulunun olmadığını bildirmişdir. Bir gün keçəndən sonra saat 12:00 radələrində otelə gəlib 1000 manat icarə haqqı olmaqla razılığı əldə etmişlər. Təmir işləri gedən 3 ayı çıxmaqla, ümumilikdə 1 il ərzində icarə haqqını ödəməklə həmin yeri çayçı kimi işlətmişdir. 18 sentyabr 2018-ci il tarixində obyekt ona təhvil verilmişdir. Bir həftəyə ilk icarə haqqını (1000 manat) ödəmişdir. Hər ay icarə haqqını vaxtında ödəmişdir. Çayçının müdiri o, olmuş, işçilər birbaşa olaraq onun göstərişlərini yerinə yetirmiş və Elmarı müdir kimi tanımamışlar. Hüquqi dəyərləndirmə:

25. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:

26. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 5 ünvanında yerləşən 672.2 kv.m sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə 09.10.2015-ci il tarixdən İddiaçı1 məxsus olmaqla onunla ilk iddia üzrə Cavabdeh arasında Bakı şəhəri 2 saylı Notariat ofisində bağlanmış 27.08.2016-cı il tarixli icarə müqaviləsinə əsasən icarə hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilənin şərtlərinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə “icarəyə götürən” Cavabdeh “icarəyə verən” İddiaçı1 aylıq 2600 (iki min altı yüz) manat məbləğində icarə haqqı ödəyir, (4-cü bənd) “İcarəçi” idarəyə götürlüyü əmlakı ikinci əldən icarəyə verə bilməz, (6-cı bənd) ”İcarəçi” “icarəyə verən”in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. (8-ci bənd)

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

28. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.

29. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. İşin hallarından görünür ki, Cavabdeh sözügedən müqavilənin şərtlərini pozaraq iddiaçının razılığı olmadan əmlakın bir hissəsini subicarəyə vermiş, eləcə də, icarə haqqını vaxtlı-vaxtında ödəmədiyindən ilk iddiaçıya icarə borcu yaranmışdır.

31. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun.

32. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından ilk iddiaçı və ilk iddia üzrə cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və ilk iddiaçının icarə müqaviləsi üzrə yaranan borcların ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

33. Kollegiya həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

34. AzərbaycanRespublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

35. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyənləşdirlməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir.

37. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

38. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur.

39. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

40. Kollegiya qeyd edir ki, müqavilənin ləğv edilməsi dedikdə, onun hüquqi qüvvəsinə xitam verilməsi başa düşülür. Müqavilənin ləğv edilməsi ilə öhdəliyin məzmununun (tərəflərin hüquq və vəzifələrinin) mövcudluğuna son qoyulur və öhdəliyə xitam verilir. Öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borclunun isə vəzifə daşıması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin - kreditorun və borclunun hüquq və vəzifələrindən ibarət olan öhdəliyin məzmunu ləğv edilir.

41. Öhdəliyə xitam verilməsi dedikdə isə, öhdəliyin məzmununun ləğv edilməsi başa düşülür. Müqavilə ləğv edilməklə tərəflərin öhdəliklərinə xitam verilir. Bu andan etibarən tərəflər öhdəlik əsasında onlara məxsus olan hüquqdan məhrum olurlar və həvalə olunmuş vəzifəni daşımaqdan azad edilirlər.

42. İlk iddiaçı tərəfin cavabdehin müqavilə şərtlərini pozmasına və ləğv edilməli olmasına dair dəlillərinin əsası kimi şahid ifadələrinə istinad etmişdir ki, birinci instansiya məhkəməsi də həmin şahid ifadələrini sübut kimi qəbul etməkdə haqlı olmuşdur.

43. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.

44. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. (MPM-nin 76.2-ci maddəsi)

45. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır.

46. Birinci instansiya məhkəməsində icraat zamanı ifadə vermiş şahidlər cavabdehin ilk iddiaçıya icarə ilə bağlı borcun nə qədər olmasını dəqiq göstərə bilməsələr də, həmin faktın, yəni, icarə borcunun olmasını, eləcə də, cavabdehin icarə müqaviləsinin tələblərinə zidd icarəyə götürdüyü sahəni subicarəyə verməsi faktının mövcudluğunu təsdiq etmişlər.

47. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi şahidlərin verdiyi ifadələri şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olması kimi qiymətləndirməkdə və mübahisənin həllində sübut kimi qəbul etməkdə haqlı olmuşdur.

48. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi və ilkin iddia üzrə cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh qarşılıqlı iddia tələbinin və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi mübahisəli obyektin mehmanxana kimi fəaliyyət göstərməyə başladığı vaxtadək gördüyü təmir işlərinə və lazımi avadanlıqların alınması üçün və reklam işlərinə görə 68.000 (altımış səkkiz min) manat xərc çəkməsi, aralarında bağlanmış icarə müqaviləsinin şərtlərinə əməl etməklə hazırda ilk iddiaçıya heç bir borcunun olmaması, 2019-cu ilin yaz aylarından başlayaraq onu sıxışdırıb obyektdən uzaqlaşdırmaq üçün müxtəlif qeyri-qanuni hərəkətlər törədərək onun qanuni sahibkarlıq fəaliyyətinə maneəçilik törətməyə başlanması, Səbail rayon Enerji Təchizatı və Satışı İdarəsinə qeyri-qanuni olaraq xahiş edib onun işlətdiyi həmin mehmanxanaya elektrik enerjisi verilməsinin dayandırılmasına nail olmaları, ona qarşı açıq-aşkar zor tətbiq etmək yolu ilə mübahisəli sahədən çıxarılmasını sübut edə bilməmişdir.

49. Həmçinin Cavabdeh icarəyə götürdüyü mülkiyyətdən istifadə hüququnun bərpa edilməli olmasına, İddiaçı1 öz qanunsuz hərəkətləri ilə ona vurduğu maddi ziyanın 60.000 (altımış min) manat pulun, qanuni sahibkarlıq fəaliyyətini davam etdirə bilmədiyinə və 02 ay 20 gün müddətində - 07.06.2019-cu il tarixdən 28.08.2019-cu il tarixədək işsiz qaldığına görə məhrum olduğu qazancın məbləğinin 21.000 (iyirmi bir min) manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalı olmasına dair iddia tələblərinin və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları məhkəmə araşdırması zamanı sübut edə bilməmişdir.

50. Belə ki, onun icarə haqqını mütəmadi olaraq ödəməsi, icarə haqqı üzrə heç bir borcunun olmaması və müqavilə şərtlərinə əməl etməklə icarəyə götürdüyü daşınmaz əmlakın heç bir hissəsini kiməsə icarəyə verməməsi, zorla obyektdən çıxarılması, apardığı təmir işlərinin tamamilə dağıdılmaqla aldığı avadanlıqların sındırılıb tamamilə yararsız hala salınması kimi dəlillərinin əsaslı olmasına dair sübutlar təqdim etməmiş, əksinə buna dair dəlilləri iş materiallarında olan və tədqiq edilən sübutlarla (o cümlədən şahid ifadələri, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27.06.2019-cu il tarixli Qərarı ilə) təkzib edilmişdir.

51. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

53. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Belə ki, işin hallarından görünür ki, ilkin iddia üzrə İddiaçı1 iddia ərizəsində onun icarə haqqını 31.04.2018-ci il tarixdən 31.07.2019-cu il tarixədək olan dövr üçün (sonradan dəqiqləşdirərərək 30 aprel 2018-ci il tarixdən 30 iyun 2019-cu il tarixinədək) ödəmədiyini göstərdiyi halda, onun oğlu İddiaçı2 Səbail rayon Polis İdarəsində araşdırma zamanı verdiyi izahatında Cavabdeh İddiaçı1lə bağladığı İcarə Müqaviləsinin şərtlərini pozaraq 2018-ci ilin iki aylıq icarə haqqını, eləcə də 2019-cu ilin son beş ayının icarə haqqını ödəməməsini göstərmişdir.

55. Kollegiya hesab edir ki, iddiaçının oğlu olan İddiaçı2 Səbail rayon Polis İdarəsində araşdırma zamanı verdiyi izahatında ilk iddia üzrə cavabdehin icarə müqaviləsi üzrə yaranmış borca dair verdiyi məlumat, yəni onun 7 ay üçün icarə haqqı borcu olması daha düzgün və inandırıcıdır.

56. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, ilk iddia üzrə cavabdehdən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 33 ünvanında yerləşən fərdi yaşayış evinin icarəyə verilməsinə dair 27 avqust 2016-cı il tarixində Bakı şəhəri 2 saylı Notariat kontorunda 3M-191 reyestr nömrəsi ilə bağlanmış olan icarə müqaviləsinin şərtlərinə uyğun olaraq ödənilməmiş 7 aylıq icarə haqqı olan 18200 manatın ilk iddiaçının xeyrinə tutulmasından ibarət gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

57. Kollegiya ilk iddia üzrə Cavabdeh mübahisəli icarə obyektindən çıxarılması hissəsinin təmin edilməməsini doğru hesab edir. Belə ki, işin araşdırılmış halları ilə, həmçinin cavabdehin apellyasiya şikayətinin məzmununa əsasən cavabdehin hazırda həmin sahədən istifadə etməyərək sahənin öz mülkiyyətçisinin istifadəsində olması müəyyən edilmişdir. Belə olan halda artıq olmayan mübahisə üzrə qaldırılmış və hüquqi əsası olmayan iddianın əsaslı saymaması və təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

58. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, ilkin iddia ərizəsinin qismən təmin edilərək, İddiaçı1 ilə Cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 33 ünvanında yerləşən fərdi yaşayış evinin icarəyə verilməsinə dair 27 avqust 2016-cı il tarixində Bakı şəhəri 2 saylı Notariat kontorunda 3M-191 reyestr nömrəsi ilə bağlanmış olan icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh icarə müqaviləsi üzrə ödənilməmiş olan 18200 manat məbləğində icarə haqqı borcu və ödənilmiş dövlət rusumunun 20 (iyirmi) manat hissəsi, cəmi 18220 manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi, ilkin iddianın qalan hissələrdə təmin edilməməsi, dövlət rüsumunun 10 (on) manat hissəsinin iddiaçıya aid edilməsi, Cavabdeh qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ona aid edilməsindən ibarət gəldiyi nəticə qanuni və əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

60. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

61. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

62. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-112/2020 saylı, 11.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar