Məhkəmə qərarları › İş №2(103)-3001/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3001/2023

15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3001/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “maddi ziyanın ödənilməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-84/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı dəymiş maddi ziyanın əvəzi barədə iddiası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-84/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh ASC-dən dəymiş maddi ziyana görə 13200 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, Cavabdeh ASC-dən 129,6 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 manatın Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 5.1.8; 9.9-cu bəndlərinə istinadən qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə iddiaçıya subasma nəticəsində 13200 manat məbləğində maddi ziyan dəydiyi sübut olunduğundan iddiaçı dəymiş ziyanın əvəzini tələb etməkdə haqlıdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0143631 nömrəli çıxarışın surətinə əsasən Abşeron rayonu, Xırdalan şossesi, Hökməli dairəsi ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır; - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1073 nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin su basmış yarımzirzəmi sahəsinə su basması nəticəsində ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün lazım olan vəsaitin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun olaraq 13200 manat məbləğində olduğu müəyyən edilmişdir; - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4806 nömrəli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yarımzirzəmisinin su basmasının texniki səbəbi Cavabdeh ASC-yə məxsus su və kanalizasiya borularında baş vermiş qəzadır. Yaşayış sahəsini su basması Cavabdeh ASC-nin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məsələsinin müəyyənləşdirilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir (iş səh. 5, 70, 90). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-84/2022 saylı xx.xx.2022 tarixli qətnaməsinin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 64.80 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində və məhkəmə çıxışı zamanı obyektinin yaxınlığında baş vermiş qəza nəticəsində obyektinə ziyan dəydiyini bildirmişdir. Abşeron rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən sözügedən obyektə baxış keçirilmiş və obyektin hazırkı vəziyyəti ilə bağlı 19 may 2021ci il tarixdə “Akt” tərtib edilmiş və aktda heç bir subasma və qəza hallarının müşahidə edilmədiyi göstərilmişdir. Bundan əlavə obyekt tikilməmişdən təxminən 10 il öncə həmin ərazidə diametri 219 mm olan su borusu mövcud idi. Həmin ərazi təpəlik bir ərazi olmuşdur. Sözügedən obyekt həmin təpəlik hissənin torpaq tökülərək hamarlanmasından sonra üzərində tikilmişdir. Bu zaman həmin boru hamarlanmış torpağın təxminən 8 metr altında qalmışdır. Həmin dərinlikdən 8 metr hündürlüyə suyun sızması mümkünsüz haldır. Bundan başqa sözügedən ərazi rütubətli ərazi olduğundan obyektə hər hansı bir yüngül təsirlərin su sızma halları ilə əlaqələndirilməsi də əsaslı deyil. Digər tərəfdən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1073 nömrəli ekspert rəyində verilmiş dəymiş ziyanın məbləği ilə bağlı verdiyi mütəxəssiz rəyi ilə razılaşmırlar. Belə ki, rəyin verilməsi üçün hadisə yerinə baxış keçirilərkən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı təmin edilməmişdir. Rəy birtərəfli qaydada tərtib edilmişdir. Rəy birtərəfli qaydada tərtib edildiyi üçün dəymiş ziyanın məbləğinin süni olaraq şişirdilməsi təbiidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən: 2.1. Cəmiyyət hüquqi şəxsdir, mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. 3.2. Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. 3.3. Bu məqsədlə Cəmiyyət: 3.3.1. suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onların bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir; 3.3.2. tullantı sularını kənar etmək və təmizləmək üçün kanalizasiya qurğuları və sistemlərinin ahəngdar işi üzrə tabeliyində olan aidiyyəti təşkilatların fəaliyyətini təşkil edir və onlara nəzarəti həyata keçirir; 3.3.3. tabeliyində olan müəssisələr tərəfindən 3.3.1-ci və 3.3.2-ci maddələrdə sadalanan bütün iş və xidmətlərin, yaxud ayrılıqda onların hər birinin dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslərlə müvafiq müqavilə bağlamaqla, təşkilinə və həyata keçirilməsinə nəzarət edir; 3.3.4. su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitarmühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsini təmin edir; 3.3.5. su təchizatı üçün yerüstü su obyektlərindən suyun götürülməsini təşkil edir; 3.3.6. su təchizatı məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yeraltı su obyektlərindən istifadə edir; 3.3.7. su obyektlərindən xüsusi məqsədlər üçün istifadə hüququndan istifadə edir; 3.3.8. su quyularının qazılması sahəsində fəaliyyət göstərir; 3.3.9. istehsal olunan suyun və axıdılan çirkab sularının miqdarının təyin edilməsi üçün sərfölçənlərin və tələbatçıların sifarişi ilə suölçmə cihazlarının quraşdırılmasını təmin edir və istismara qəbul edir; 3.3.10. ətraf mühitin qorunması ilə bağlı öz səlahiyyətləri daxilində müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir; 3.3.11. su və kanalizasiya xətlərinə qoşulmalar üçün hüquqi və fiziki şəxslərin müraciətləri əsasında mövcud sistem və qurğuların texnoloji imkanlarını nəzərə alaraq, müvafiq texniki şərtlər verir və həmin şərtlərə əməl edilməsi üzərində nəzarəti həyata keçirir; 3.3.12. dövlət normalarına müvafiq olaraq içməli, məişət-təsərrüfat və sənaye-çirkab sularının keyfiyyət göstəricilərinin analitik nəzarətini təşkil edir; 3.3.13. elmi-tədqiqat və layihələndirmə fəaliyyəti ilə məşğul olur; 3.3.14. su təchizatı və kanalizasiya sistemi kompleksində istifadə edilən reagentlərin istehsalını təşkil edir; 3.3.15. fəaliyyəti üzrə avtomobillərin, xüsusi təyinatlı maşın və mexanizmlərin, yükqaldırıcı vasitələrin və digər texnikanın istismarını təşkil edir; 3.3.16. istehsal etdiyi məhsulların topdan və pərakəndə satışını təşkil edir; 3.3.17. su sayğaclarının istehsalı, təmiri, yoxlanılması və sınaqdan keçirilməsi işlərində iştirak edir; 3.3.18. su təchizatı və kanalizasiya sistemi kompleksinin fəaliyyətinin ümumi qaydalarını müəyyən edən müvafiq qanunvericilik aktlarının layihələrinin hazırlanması, zəruri hallarda qəbul edilmiş qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə təkliflərlə çıxış edir; 3.3.19. texnoloji proseslərdə istifadə edilən avadanlıq, cihaz və sair mal-materialların istismar müddətinin başa çatması və (və ya) yararsız hala düşməsi nəticəsində alınan qara və əlvan metal qırıntılarının toplanması, təkrar istifadə edilməsi və satışını qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edir; 3.3.20. mövcud texnoloji proseslərdə istilik və elektrik enerjisi istehsal edir; 3.3.21. öz sərəncamında olan maliyyə vəsaiti, habelə kredit və sair mənbələr hesabına əsas vəsaitləri ala və (və ya) icarəyə götürə bilir; 3.3.22. sərəncamında olan əmlakdan mövcud qanunvericiliyə müvafiq olaraq istifadə edir, icarəyə verə bilir; 3.3.23. əmlakın icarəyə verilməsindən, habelə amortizasiya ayırmalarından əldə olunan vəsaiti mövcud qanunvericiliyə uyğun olaraq istifadə edir; 3.3.24. su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində tələb olunan investisiya proqramlarının hazırlanmasında iştirak edir; 3.3.25. səlahiyyətləri daxilində su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması və inkişafı üzrə layihələrin maliyyələşdirilməsinə texniki və maliyyə yardımının cəlb edilməsi üçün beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq edir;3.3.26. dövlət büdcəsi, kreditlər, qrantlar, texniki yardımlar və digər maliyyə mənbələri hesabına həyata keçirilən su təchizatı və kanalizasiya sisteminə dair investisiya layihələri üzrə müsabiqə sənədlərinin hazırlanmasını təmin edir və qanunvericiliyə uyğun olaraq müsabiqələrin (tenderlərin) keçirilməsini təşkil edir;3.3.27. su təchizatı və kanalizasiya sistemində islahatların və struktur dəyişikliklərinin aparılması və bu kompleksə daxil olan müəssisələrin özəlləşdirilməsinə dair komissiyaların işində iştirak edir; 3.3.28. su təchizatı və kanalizasiya obyektlərinin istismarı və sanitar-mühafizə zonası qaydalarını pozan hüquqi və fiziki şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görür; 3.3.29. mövcud tarif qiymətlərinin formalaşdırılması üçün səmərəli dövlət tənzimləmələrinin aparılması barədə təkliflər hazırlayaraq, Azərbaycan Respublikasının Tarif Şurasına təqdim edir; 3.3.30. yaşayış məntəqələrində su və kanalizasiya təsərrüfatının inkişafı məqsədi ilə müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları ilə birlikdə tədbirlər planı hazırlayır; 3.3.31. tabeliyində olan təşkilatların texniki-iqtisadi və maliyyə vəziyyətini təhlil edir, onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi barədə təkliflər verir; 3.3.31-1. qanunvericiliklə müəyyən edilmiş qaydada respublika, su hövzələri və inzibati-ərazi vahidləri üzrə su təsərrüfatı balanslarını tərtib edir; [3.3.32. Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə Cəmiyyətə həvalə edilmiş digər funksiyaları həyata keçirir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.”

10. Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin tələblərinə görə : Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, " Mülki Məcəllnin 21, 560, 1096; "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh öz funksional vəzifələrinə rəğmən hərəkətsizlik nümayiş etdirmiş və etirazının əsasını təşkil edən araşdırma aparmamış, habelə araşdırmanın aparılmasına dair sübutlar təqdim etməmişdir.

12. Qeyd edilməlidir ki, hazırkı iş üzrə ekspertizalar keçirilmişdir və birinci instansiya məhkəməsində icraatı zamanı cavabdehin ekspertizanın keçirilməsində iştirakının təmin edilməməsi əsası ilə əlavə və ya təkrar ekspertizanın keçirilməsi üçün vəsatət verilmədiyindən, habelə digər əsaslar olmadığından əlavə və ya təkrar ekspertizanın aparılması və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

13. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehin özünə aid edilməlidir.

14. Göstərilənlərə əsasən və MPM-in 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-84/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar