Məhkəmə qərarları › İş №2(103)-3002/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3002/2025

02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3002/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Raheem Abbas İ S Cavabdeh MMC-yə qarşı mülki iş (Açar sözlər: «podrat müqaviləsi, maddi ziyan, öhdəliyin tam icra edilməməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Raheem Abbas İ S və nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi (direktoru) X2 və nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, ünvan 2 27 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Raheem Abbas İ S ilə Cavabdeh MMC arasında 11 avqust 2023-cü il tarixli podrat müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. Podratçı müqavilə qüvvədə olduğu müddət ərzində müqavilə üzrə nəzərdə tutulmuş işləri sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür.

2. Tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən mənzilin tam təmiri ilə bağlı ümumi qiymət 16.000 manat olub və ilkin olaraq 5000 manat ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Raheem Abbas İ S Cavabdeh MMC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliklərini yerinə yetirməməsi nəticəsində ona dəymiş maddi zərərin, yəni 5000 (beş min) manatın, bu mübahisənin həlli məqsədi ilə Azərbaycan Respublikasına gediş-gəliş prosesi üçün 600 dollar (1020 manat) və 500 dollar (850 manat) çəkilmiş xərcin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilməsi üçün vəkilə ödənilmiş 80 (səksən) manatın, iddia ərizəsinin tərtibatı üçün vəkilə ödənilmiş 50 (əlli) manatın, ekspertiza keçirilməsi üçün 500 (beş yüz) manatın və taksi xidməti üçün 150 (yüz əlli) manat əlavə xərclər olmaqla cəmi 2650 (iki min altı yüz) manatın və ödənilmiş 91 (doxsan bir manat) manat dövlət rüsumuna görə xərcin cavabdehdən tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilib ki, ünvan 1 ünvanında yerləşən 10 nömrəli mənzil onun istifadəsindədir. Mənzili təmir etmək məqsədi ilə podrat müqaviləsi bağlamışdır. Əldə etdikləri razılığa əsasən, Cavabdeh MMC təmir işlərini vaxtında və qüsursuz icra etməyi, müqavilə müddəti ərzində gözlənilməz hallar nəticəsində bütün qüsur və çatışmazlıqları aradan qaldırmağı, işin görülməsi üçün kifayət qədər təcrübəsi və qabiliyyəti olan lazımı işçi heyətini işə cəlb etməyi, eyni zamanda lazımı materialları almağı öz öhdəsinə götürmüşdür. Podrat müqaviləsindən də göründüyü kimi, cavabdeh xx.xx.2023-cü il tarixədək işi icra edib təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilədə də qeyd olunduğu kimi, xx.xx.2023- cü il tarixdə xidmətlərin görülməsi məqsədilə tərəfindən 5000 (beş min) manat məbləğində ödəniş həyata keçirilmişdir. Lakin bugünədək cavabdeh tərəfindən heç bir təmir işi aparılmamış, öz üzərinə düşən öhdəliklər icra edilməmişdir. İddiaçı əcnəbi vətəndaş olduğundan tez-tez xaricə səfərdə olur, onun cavabdehin öz vəzifələrini icra etməkdən yayınmasından heç bir xəbəri olmamışdır. Təmirlə bağlı məlumatın verilməməsindən narahat olduğundan təşvişə düşmüş və əhəmiyyətli dərəcədə 600 dollar (1020 manat) məbləğində xərc çəkərək tez bir zamanda Azərbaycan Respublikasına qayıtmışdır. Bu zaman ona aşkar olmuşdur ki, cavabdeh tərəfindən onun istifadəsində olan mənzilə nə işçi heyətini cəlb edilmiş, nə də hər hansı bir təmir işi aparılmışdır. Bu məsələnin aydınlaşdırılması məqsədilə dəfələrlə cavabdehin ofisinə getsə də, ofis bağlı olduğundan heç bir məlumat əldə edə bilməmişdir. Eyni zamanda cavabdehlə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab verilməmişdir. Yenə də ümidini kəsməmiş, cavabdehin öz öhdəliyinə götürdüyü işi icra edəcəyinə inanmışdır. Xaricdə olan işi ilə əlaqədar yenidən Azərbaycan Respublikasını tərk etməli olmuş və geri qayıtdığı zaman hələ də podratçının işi icra etmədiyini görmüş, bununla bağlı müvafiq tədbirlər görməyi qərara almışdır. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə cavabdehin hüquqi ünvanının aydınlaşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli 281 nömrəli sorğu ünvanlamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim edilmiş 19 oktyabr 2023-cü il tarixli **********402000 nömrəli məktubda cavabdehin hüquqi ünvanı öz əksini tapmışdır.

5. ünvan 2 27 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbinin qismən təmin edilərək Cavabdeh MMC-dən 5000 (beş min) manat, əlavə xərc olaraq 630 (altı yüz otuz) manat və 76,30 (yetmiş altı manat, otuz qəpik) manat dövlət rüsumunun iddiaçı Raheem Abbas İ S xeyrinə tutulması; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında müqavilə münasibətləri olmuşdur.11 avqust 2023-cü il tarixli 14102 nömrəli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Həmdəm Ağayev küçəsində, Greenville Residence yaşayış kompeksinin F2 blokunun 14-cü mərtəbəsində yerləşən 72.17 m2 sahədən ibarət 10 nömrəli mənzilin daxilində təmir-tikinti işlərinin aparılması barədə Cavabdeh MMC-nin direktoru X3 öhdəlik götürmüşdür. Cavabdeh MMC 11 avqust 2023-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək, müqavilə şərtlərini pozmuşdur. Cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 5000 manat pul məbləği, əlavə xərc olaraq 630 manat və 76,30 manat dövlət rüsumu iddiaçı Raheem Abbas İ S xeyrinə tutulmalıdır. Həmçinin 150 manat taksi xidməti və Azərbaycan Respublikasına gediş-gəlişlə bağlı 600 dollar (1020 manat) və 500 dollar (850 manat) ilə bağlı iddia tələbinə qiymət verərək hesab edir ki, bu barədə məhkəməyə sübut təqdim edilmədiyindən iddia bu hissədə təmin olunmamalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh MMC-nin (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edillib şikayətində göstərib ki, iddiaçı Cavabdeh iddiaçı ilə real olaraq heç bir müqavilə bağlamamışdır. Belə ki, həmin müqavilə "xxxx" MMC ilə bağlanılmışdır. Lakin Cavabdeh MMC həmin MMC ilə bir ofisdə işlədikləri üçün səhvən müqaviləyə Cavabdeh MMC-nin möhürü vurulmuşdur. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin nümayəndəsi gəlib bunu etiraf edəcək. Ona görə də hesab edir ki, qətnamə qanunsuzdur, ləğv edilib iddia rədd olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi (direktoru) X4 və cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasında İddiaçı Raheem Abbas İ S və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Apellyasiya baxışı zamanı 3-cü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi növbəti məhkəmə iclasında iştirak etmədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2 Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyindən şikayətin obyektini qətnamənin iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur.

19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından mübahisələndirilən hissədə iddia haqlı sayılır.

20. Belə ki, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər (MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstiutsiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarında göstərilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

22. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

24. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətlərin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

26. Əvvəla, apellyasiya şikayətinin məzmunundan da açıq-aşkar bəlli olur ki, cavabdeh yalnız özünün hazırkı iddiaya cavab verməli olan şəxs olmadığını mübahisələndirir, podrat müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyini isə inkar etmir. Başqa sözlə, müqavilə üzrə öhdəliklərin demək olar ki, yerinə yetirilməməsi işin mübahisəsiz halı hesab edilir. Ona görə də cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan məbləğ barədə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət yoxdur.

27. O ki qaldı iddiaçının həqiqətən Cavabdeh MMC ilə ilə real olaraq heç bir müqavilə bağlamamasına, müqavilənin "xxxx" MMC ilə bağlanılmasına dair dəlillərə, məhkəmə tərkibi onlarla razılaşmır. Əvvəla ona görə ki, müqavilənin tərtib edildiyi blank və onun tərkib hissəsi olan digər sənədlərin hamısı, eləcə də həmin sənədlər üzərində olan möhür əksiləri Cavabdeh MMC-yə aiddir. Cavabdeh MMC-nin "xxxx" MMC ilə bir ofisdə işləmələri də heç nəyi dəyişmir. Çünki müqaviləyə və digər sənədlərə səhvən Cavabdeh MMC-nin möhürünün vurulması o zaman inandırıcı ola bilərdi ki, müqavilə və digər sənədlər "xxxx" MMC-nin adından, başqa sözlə ona aid sənədlərdə tərtib edilmiş olsun. Lakin qeyd olunduğu kimi bütün sənədlər Cavabdeh MMC-yə məxsus olub. Demək ki, sifarişçi, xüsusən də əcnəbi olan iddiaçı cavabdeh qismində Cavabdeh MMC-ni tanıyıb və qəbul edib, müqaviləni də onunla bağlamışdır. Burada müqaviləni imzalayan şəxsin Cavabdeh MMC-nin deyil, "xxxx" MMC-nin qanuni təmsilçisi olması da heç nəyi dəyişmir. Çünki yalnız Cavabdeh MMC-nin adından müqaviləni imzalayan şəxsin səlahiyyətli olmamasına dair dəlillər həqiqi olsa belə iddia rədd edilə bilməzdi.

28. Apellyasiya baxışı zamanı 3-cü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin(X1) vəkili də iddiaçının artıq 2 ilə yaxın bir müddətdə ödədiyi və öhdəliyin icra edilməməsinə görə tələb etdiyi məbləği birdəfəyə qaytarmaq istəmədi və növbəti məhkəmə iclasında da iştirak etmədi. Bu hallar da hər iki MMC-nin vahid niyyətlə iddiaçı qarşısında yaranmış öhdəliyin icrasından yayınmağa dəlalət edən hallar kimi qiymətləndirilir. Çünki istər Cavabdeh MMC, istərsə də "xxxx" MMC olsun, iddiaçı qarşısında yaranmış öhdəliyin icra edilməməsinin mübahisəsiz olduğunu bildiyi halda, qət olunan məbləği qaytarmamaq üçün bu cür hüquqdan sui-istifadə xarakteri daşıyan mövqe sərgiləməkdə haqlı olmadılar.

29. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən hazırkı iş üzrə cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə ünvan 2 27 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə ünvan 2 27 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar