Məhkəmə qərarları › İş №2(103)-3003/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3003/2021

15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3003/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-4781/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 1782 manat məbləğində zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixdə, AKX-00675xx/xx-2019 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. Cavabdeh müqavilənin tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib olunmuşdur. Həmin aktlar əsasında 486 manat, 972 manat və 324 manat maddi zərər hesablanmışdır. Cavabdeh tərəfindən ödənilməli borc məbləği hazırda qalıq borcla birlikdə 1782 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 4781/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 324 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “İddiaçı” İstehsalat Birliyinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Birliyin nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə, qətnamə qanunsuz və əsassızdır, cavabdehin iştirakı ilə yaşadığı ünvanda qeyri-qanuni qoşulmalara dair aktlar tərtib edilmiş, təbii qazın verilməsi dayandırılmış və bu səbəbdən itirilmiş qazın dəyərinə görə 1782 manat hesablanaraq tələb edilmişdir. Kollegiya iclasında cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilməklə ”İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixdə, AKX-0067534/02- 2019 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən, istehlakçı Cavabdeh məxsus mənzilə baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilərək təbii qaz itkisi yarandığı aşkar olunmuşdur. xx.xx.2019-cu il tarixdə “İddiaçı” İstehsalat Birliyi tərəfindən qərar qəbul edilərək, itirilmiş qazın sərfiyyatı 4860 m3 müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən, istehlakçı Cavabdeh məxsus mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2019-cu il tarixdə “İddiaçı” İstehsalat Birliyi tərəfindən qərar qəbul edilərək, itirilmiş qazın sərfiyyatı 9720 m3 müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən, istehlakçı Cavabdeh məxsus mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2019-cu il tarixdə “İddiaçı” İstehsalat Birliyi tərəfindən qərar qəbul edilərək, itirilmiş qazın sərfiyyatı 3240 m3 müəyyən edilmişdir. Cavabdeh adına olan xx.xx.2020-ci il tarixli saldodan görünür ki, (Abonent kodu **********00020) ona məxsus ünvan 1 ünvanında qazdan istifadəyə görə yuxarıda sadalanan aktlara əsasən hesablanmış zərər və qəbul edilmiş qərara uyğun ziyan 1782 manat abonentin ödəniş hesabına köçürülmüşdür və 2019-cu ilin avqust ayına qədər abonentin 1782 manat qalıq borcu olmuşdur. Göründüyü kimi, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən də iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz verməyi, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdələrinə götürmüşlər. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh qaz xəttinə qanunsuz müdaxilə edərək, qeyri-qanuni xətt çəkmiş və həmin xəttdən istifadə etmişdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, cavabdehin qanunsuz əməlləri iddiaçı tərəfindən xx.xx.2019-cu ildə ilk dəfə aşkar edildiyindən və daha sonra bu əməllər xx.xx.2019-cu il tarixdə yenidən aktlaşdırıldığından, xx.xx.2019-cu il tarixli akta əsasən itirilmiş qazın sərfiyyatının götürülməsi, aktdakı 60 gün nəzərə alınmaqla daha ədalətli olardı, Birlik tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında xx.xx.2019-cu il tarixdə qərar qəbul edilərkən, hesabat müddətinin 180 gün götürülməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır, həmçinin mənzilindən kənarda quraşdırılmış sayğacın çıxış plastmas borusunun cavabdehin təqsirli hərəkəti nəticəsində deşilməsini əsaslandıra bilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4781/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar