Məhkəmə qərarları › İş №2(103)-3004/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3004/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3004/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Səfərovanın katibliyi ilə, İddiaçı nümayəndəsi Şahverdiyev İsrafil Dilqəm oğlunun, Cavabdeh Rəsulov Vaqı̇ f Əhməd oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(008)-8152/2019 saylı qətnaməsindən cavabdeh Rəsulov Vaqı̇ f Əhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı və Cavabdeh arasında 06.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən !Unibank” Kommersiya Bankı ASC tərəfindən Cavabdeh 40 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 1097 ABŞ dolları dəyərində kredit verilmiş, hazırda borclu öhdəliyi yerinə yetirmir və onun icrasından yayınır. Ona görə də, cavabdehdən iddiaçının xeyrinə 466,02 ABŞ dolları əsas borcun, 21,38 ABŞ dolları faiz borcunun, 53,64 ABŞ dolları məbləğində cərimənin, cəmi 541,04 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(008)-8152/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 466,02 ABŞ dolları əsas borc, 21,38 ABŞ dolları faiz borcu, 53,64 ABŞ dolları məbləğində cərimə, cəmi 541,04 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Qətnamədən cavabdeh Rəsulov Vaqı̇ f Əhməd oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti qeyd edir ki, Sabunçu rayon Məhkəməsinin qətnaməsində qeyd edilən 06.06.2015-ci il tarixində o, "xxxx" Kommersiya Bankı ASC ilə heç bir kredit müqaviləsi bağlamamışdır. O, "xxxx" Kommersiya Bankı ASC ilə “kredit və bank hesabı müqaviləsi” adlı 1334nkBKX2015 nömrəli müqaviləsini 04.06.2015-ci il tarixində bağlamışdır. Məhkəməyə bildirmək istəyir ki, həmən müqavilə üzrə ödənişləri o, tam olaraq ödəmiş və krediti dollarla götürdüyünə görə 21.12.2015-ci il tarixli devalvasiyasına düşmüşdüm. Devalvasiya düşməyinə baxmayaraq, kredit müqaviləsinin ödəniş cədvəlinə uyğun olaraq o, gecikdirmədən ödənişlərini etmişdir. Qeyd etdiyi faktı o, apellyasiya şikayətinə əlavə edilmiş ödənişlərinin qəbzləri ilə təsdiq edir. Bundan əlavə olaraq qeyd etmək istəyir ki, Fevral 2019-cu il tarixində cənab X4 qəbul etdiyi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ Fərmana əsasən onun "xxxx" Kommersiya Bankı ASC ilə “kredit və bank hesabı müqaviləsi” adlı 1334nkBKX2/15 nömrəli 04.06.2015-ci il tarixli müqavilə üzrə devalvasiya ilə bağlı ödədiyi artıq məbləğin ona geri qaytarılması ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası onun müraciəti əsasında "xxxx" Kommersiya Bankı ASC ilə “kredit və bank hesabı müqaviləsi” adlı 1334nkBKX2/15 nömrəli 04.06.2015-ci il tarixli müqavilə üzrə ona 883 AZN manat kompensasiya ödənilməsini qərara almışdır. Həmən qərar əsasında "xxxx" Kommersiya Bankı ASC onu 02.05.2019-cu il tarixində öz ofislərinə dəvət edərək, “bank hesabı və ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında 7411sBKX/19 nömrəli onunla müqavilə bağlayaraq, həmən müqavilə üzrə kompensasiya adlı olan kart vermişdilər və qeyd etmişdilər ki. 04.06.2015- ci il tarixli müqavilə üzrə devalvasiya ilə bağlı ödədiyi artıq məbləği 883 AZN manat həmən kartdan götürə biləcək. Qeyd etdiklərini nəzərə alaraq sual yaranır ki. əgər onun 04.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcu qalmışdırsa necə olur ki, ona Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası devalvasiya ilə bağlı ödədiyi artıq məbləği ona geri qaytarılması ilə əlaqədar qərar qəbul edir və "xxxx" Kommersiya Bankı ASC həmən kompensasiyanın ödənilməsi ilə əlaqədar ona “kompensasiya” adlı kart verir. Qeyd etmək istəyir ki, qeyd edilən faktları apellyasiya şikayətinə əlavə olunmuş sənədlərlə sübut edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tam, hərtərəfli və obyektiv olaraq mülki işi araşdırmayaraq səhv qərara gələrək qanuna uyğun olmayan qətnamə qəbul etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə "xxxx" Kommersiya Bankı ASC tərəfindən iddia qaldırılması ilə bağlı məlumatı olmamadığından apellyasiya məhkəməsinə təqdim etdiyi sübutları Sabunçu rayon Məhkəməsinə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir.İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında olan 04.06.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh 40 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 1097 ABŞ dolları dəyərində kredit verilmişdir. İş materiallarında olan 15.11.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC ilə aralarında bağladığı 04.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15.11.2019-cu il tarixinə 466.02 ABŞ dolları əsas borcun, 21.38 ABŞ dolları faiz borcunun, 53.64 ABŞ dolları məbləğində cərimənin, cəmi 541.04 ABŞ dolları borcu vardır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, borcalan Rəsulov Vaqı̇ f Əhməd oğlu 04.06.2015-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş, edilmiş xəbərdarlığa baxmayaraq, borcu ödəməmiş, bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Göründüyü kimi cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya qeyd edir ki, borcun müəyyən edilməsi üçün apellyasiya mərhələsində məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1787 saylı, 21 avqust 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 04 iyun 2015-ci il tarixli, 1334nkBKX2/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" KB ASC-yə olan 04.10.2018-ci il tarixə əsas borcu 580,90 ABŞ dolları, faiz borcu 8,16 ABŞ dolları təşkil edir. 11.03.2020-ci il tarixə əsas borc 452,16 ABŞ dolları, faiz borcu 80,13 ABŞ dolları təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, ekspert rəyi nəzərə alınmaqla, cavabdehdən iddiaçının xeyrinə 452,16 ABŞ dolları əsas borc, 8,16 ABŞ dolları faiz borcu tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Kollegiya dəbbə pulu məbləğinin azaldılaraq, cavabdehdən 40 ABŞ dolları cərimənin tutulmasını məqsədə müvafiq hesab edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli, ondan 28,2 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 141 manatı cavabdehdən, 9 manatı iddiaçıdan alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Rəsulov Vaqı̇ f Əhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 dekabr 2019-cu il tarixli, 2(008)-8152/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Rəsulov Vaqı̇ f Əhməd oğlundan İddiaçı xeyrinə 452,16 (dörd yüz əlli iki ABŞ dolları on altı sent) ABŞ dolları əsas borc, 8,16 (səkkiz ABŞ dolları on altı sent) ABŞ dolları faiz borcu, 40 (qırx) ABŞ dolları cərimə, cəmi 500,32 (beş yüz ABŞ dolları otuz iki sent) ABŞ dolları borc, 28,2 (iyirmi səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 141 (yüz qırx bir) manatı cavabdeh Rəsulov Vaqı̇ f Əhməd oğlundan, 9 (doqquz) manatı İddiaçındən alınıb, Az.MEM,VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000 003944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar