Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3004/2025 02.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-125/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv m yaşayış sahəsi və 2628,0 kv m torpaq sahəsindən ibarət 45 saylı bağ Cavabdeh xüsusi mülkiyyətindədir (Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM Ns000026 saylı qeydiyyat vəsiqəsi).
2. İddiaçı 25 ildən artıq olaraq həmin bağ evində ailəsi ilə birlikdə yaşamışdır.
3. Cavabdeh Xəzər rayon məhkəməsində iddia qaldıraraq İddiaçı həmin bağ evindən çıxarılmasını xahiş etmiş, Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(003)-2279/2022 №-li iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarxli qətnaməsi ilə onun iddiası təmin edilmiş, İddiaçıya məxsus həmin bağ evi və torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən çıxarılmaqla mənzilin və torpaq sahəsinin boşaldılaraq Cavabdeh təhvil verilməsi, İddiaçı həmin bağ sahəsindən istifadə ilə bağlı Cavabdeh maneələrin yaradılmasının qadağan edilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə adıçəkilən qətnamə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almış, qətnamə artıq icra edilmişdir.
5. Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən tərəflərin aşağıdakı məzmunda izahatları verdikləri görünür: Cavabdeh evi 60000 manata İddiaçı satmaq istədiyini, sonuncu ona cəmi 8000 manat verdiyini, 2020-ci ildə sonuncunun ona 12000 manat təklif etdiyini, həmin məbləği qəbul etmədiyi barədə; İddiaçı 2010-cu ildə 8000 manat pul verdiyini, sonra ondan əlavə olaraq 12000 pul istənildiyini, 2020-ci ildə 12000 manatı vermək istədiyini, lakin Cavabdeh həmin pulu qəbul etmədiyi barədə.
6. İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən ekspretiza təyin edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.22024-cü il tarixli 10/7028 №-li ekspert rəyindən tədqiq olunan ərazidə aşağıdakı tikililərin inşa edildiyi görünür: bir ədəd 17.0 metr uzunluqda 3.0 metr enində 2.0 metr hündürlükdə tövlə, bir ədəd 2.20 metr uzunluqda, 2.2 metr enində 2.0 metr hündürlükdə ayaqyolu; 18.0 metr uzunluqda 3.0 metr enində olan otağın divarları 0.20 m qalınlıqda mişar daşı ilə hörülmüş fərdi yaşayış evi. Ekspert tərəfindən həmin tikililər 12275 manat, evinin həyətyanı torpaq sahəsində aparılmış tikinti və təmir işlərinin dəyərinin 2726 manat məbləğində qiymətləndirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən cavabdehlə aralarında bağlanmış şifahi alqı-satqı razılaşmasına görə Cavabdeh ödənilmiş 8000 min manat, Bakı şəhəri, Türkan qəsəbəsi, 58,64 kv m yaşayış sahəsi, 2628,0 kv m torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evində aparılmış təmir- tikinti işləri, eyni zamanda həyətyani sahədə inşa edilmiş tikili və qurğular və həyətyani sahədə aparılmış abadlıq işləri üçün xərclənmiş 49011,95 manat məbləğində maddi ziyan və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 264 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildən Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv m yaşayış sahəsi, 2628,0 kv m torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsində yaşayır. Ev xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. 2010-cu ildə ona bildirmişdir ki, evi satmaq fikri vardır. O, həmin evi özünə almaq istədiyini Cavabdeh bildirdi. 2010-cu il tarixdə aralarında şifahi razılaşma olmuşdur. Şifahi razılaşmaya əsasən evin alınması üçün Abuzərə 20000 manat verməli idi. Evi almaq üçün ilkin olaraq cavabdehə 2010-cu ilə 8000 manat pul vermişdir. Bu halı cavabdehin özüdə etiraf etmişdir (Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarxli e- 2(003)-2279/2022 saylı qətnaməsində qeyd olunmuşdur). Həmin ildə o, Abuzərə aralarında razılaşdırılmış məbləğin 12000 manat qalan hissəsini vermək istəsə də, Abuzər Bakı şəhərində olmadığından pulu ona verə bilməmişdi. Sonradan 2020-ci ildə Abuzər ondan 60000 manat pul tələb etdi. İddiaçı bundan imtina edərək razılaşmanın 20000 manat məbləğində olduğunu dedi və Abuzərə 12000 manat verməyə hazır olduğunu bildirdi. Heç bir zaman 60000 manat məbləğində razılaşma olmamışdır. Onunla cavabdeh arasında faktiki olaraq ilkin alqı-satqı razılaşması bağlanmışdır. Cavabdeh şifahi alqı-satqı razılaşması üzrə öz öhdəliklərini vaxtında və tam yerinə yetirməməsinə baxmayaraq iddiaçı yenə də evin qalıq dəyərini razılaşmaya uyğun olaraq notarial qaydada alqı-satqı etdikdən sonra cavabdehə verməyi dəfələrlə təklif etmiş, Abuzər isə bundan yayınmışdır. Cavabdehlə dəfələrlə profilaktik söhbət aparmağına baxmayaraq artıq o, evi satmaqdan imtina etdiyini, evin onun mülkiyyətinə heç vaxt keçirməyəcəyini bildirmişdir. Cavabdeh ona qarşı həmin bağ sahəsindən çıxarılmağı, mənzil və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarxli e-2(003)- 2279/2022 №-li qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. İddiaçı cavabdehlə razılaşdığı şərtlərə uyğun olaraq və cavabdehin vədlərinə etimad edərək həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində əsaslı təmir-tikinti işləri aparmış, eyni zamanda həyətyanı sahədə tikili və qurğular inşa etdirmiş, həmçinin tərəfindən həyətyani sahədə abadlıq işləri aparmışdır. Görülmüş işlərə 49011,95 manat məbləğində pul vəsaiti xərcləmişdir. Hal-hazırda həmin ünvanda yaşayır.
10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz edərək etirazı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 58,64 kv m sahəsi olan mənzil və 2628,0 kv m torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsində iddia qaldıraraq məhkəmədən cavabdeh İddiaçı tərəfindən qanunsuz olaraq zəbt edilmiş, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 58,64 kvm sahəsi olan mənzilin və 2628,0 kvm torpaq sahəsinin boşaldılması və cavabdehdən alınaraq qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Xəzər Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş və 2024-cü ilin yanvar ayında həmin qətnamə icra olunmuşdur. İddiaçı kömək məqsədi ilə bağ sahəsinə buraxmış, ailəsinin yaşamasına icazə vermiş, onlar isə orada kartof, göyərti əkmiş, onları və həyətdəki meyvələri satıb, boş otaqları kirayəyə verib qazanc əldə etmiş, icazəsiz pomidor istixanası quraşdırmış, evin daxilində olan mebellər, mitillər, soyuducu və sairdən əsər əlamət qalmamışdır. Özü 2000-ci il tarixdə zəlzələ vaxtı iki gecə həmin bağ evində qalıb, 28 il İddiaçı ailəsi ilə orada yaşamış, evə qəsdən ziyan vurmuş və dağıtmışdır. Əslində cavabdeh tez-tez gedib gələ bilmədiyindən oranı satmaq istəmiş, 2010-cu ildə bir müştəri 80000 manata almağa razı olmuş, lakin İddiaçı almaq istədiyindən 60000 manata ona satmağa qərar vermiş, 2012-2013-cü ilə qədər ondan beh almış, sonra o, pul tapa bilmədiyini və 45000 manat pul verə biləcəyini bildirmiş, sonradan 25000 min manat deyəndə Akifə «sənin bu torpağı almağa gücün çatmır və yalandan mənim torpağımı vaxt uzatmaqla özündə saxlayırsan ki, satmayım, bizim danışığımız alınmır və bağ sənə satmıram” demiş, behi qaytarmağı təklif etmiş və bağın boşaldılmasını xahiş etmiş, lakin o, çıxmamış, cavabdeh də humanistliyindən çıxartmış, lakin 2019-cu ildə artıq ondan şübhələnməyə başlamış, çünki onun tərəfindən torpağın bir hissəsini satmağı cəhd etdiyini bilmişdir. Bundan əlavə o, texpasportla və kupça ilə təsdiqlənən 26.5 sot torpaq sahəsindən 3 sot torpağı qeyri-rəsmi şəkildə qonşuya satmış və hasarın yerini dəyimişdir. Xəzər rayon İcra və probasiya şöbəsi tərəfindən qeyd olunan sahəyə dair xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş, texniki pasportda təsdiqlənən aşağıdakı bir çox tikililərin və yaşıllıqların olmaması aşkar edilmişdir. İddiaçı tərəfindən ona ümumilikdə 100000 manatdan çox ziyan vurulmuşdur.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-125/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın qismən təmin edilməsi, Cavabdeh 8000 manat və 100 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 164 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertizanın dəyəri oan 100 manat pul məbləğinin iddiaçıdan tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 491.1, 491.2, 491.3, 492.1, 492.2, 1091, 1092-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 101-1.2, 107, 119.1, 217.4, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 2(008)-125/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsini qeyri-obyektiv və qərəzli hesab edir. Qətnamədə qeyd edilmişdir ki, “mənim həmin bağ sahəsində 25 ildən artıq müddətə ailəmlə birlikdə yaşamağım işin mübahisəsiz halıdır”. 25 il müddətində Cavabdeh 1 dəfə də olsun həmin bağa gəlməmiş və bizi narahat etməmişdir. Bildirir ki, Cavabdeh ondan qurban kimi istifadə etmiş, onu aldatmış və onu yükləmişdir. Belə ki, aralarında 20000 manata şifahi alqı-satqı müqaviləsi bağlandığı halda, 2020-ci ildə O, iddiaçıdan 60000 manat pul istəmişdir. Halbuki, 60000 manata şifahi alqı-satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “İddiaçı Əlövsət oğlu evin 20000 manata satılmağına dair şifahi razılaşmanın olması barədə məhkəməyə sübut təqdim etməmişdir”. Cavabdeh mübahisəli bağ sahəsinin 60000 manat satılması ilə bağlı iddiaçı ilə razılığa gəlməsi barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir, lakin hakim buna əhəmiyyət verməmiş, iddiaçının sübut təqdim etmədiyini göstərmişdir. Əksinə iddiaçı mübahisəli bağ sahəsinin 20000 manata Cavabdeh tərəfindən ona satılması ilə bağlı şifahi alqı-satqı müqaviləsinə əsasən 8000 manat verdiyini, həmin puldan qalan 12000 manatı isə 2010-cu ildə vermək üçün Cavabdeh axtardığını, onun isə pulu almaqdan yayındığını ifadəsində qeyd etmişdir. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.metr yaşayış sahəsi, 2628,0 kv.metr torpaq sahəsindən ibarət 45 saylı bağın alqı-satqısı ilə bağlı şifahi müqavilə 1998-ci ildə bağlanmışdır. Bu səbəbdən də Azərbaycan Respublikası MM-nin 329-cu maddəsi yeni redaksiyada deyil, köhnə redaksiyada tətbiq edilməlidir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “İddiaçı Əlövsət oğlu bildirir ki, Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 58,64 kv.metr yaşayış sahəsi, 2628,0 kv.metr torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsində əsaslı təmir-tikinti işləri aparmış, həyətyanı sahədə abadlıq işləri aparmış, bu işlərə 49011,95 manat vəsait xərcləmiş, eyni zamanda 8000 manat şifahi alqı-satqı ilə bağlı Cavabdeh pul vermişdir”. Daha sonra məhkəmə qətnamədə qeyd etmişdir ki, “İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 10/7028 saylı ekspert rəyindən tədqiq olunan ərazidə tikinti işləri aparılmışdır. Ekspert tərəfindən həmin tikililər 12275 manat, evin həyətyanı torpaq sahəsində aparılmış tikinti və təmir işlərinin dəyəri 2726 manat, cəmi çəkilmiş xərc 15001 məbləğində qiymətləndirilmişdir”. Məhkəmə Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmasını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı üçün əsassız varlanma barədə müddəalara söykənərək pul tələbi barədə iddia irəli sürmüşdür. Halbuki məhkəmə özü tikinti ekspertizası təyin etmiş və işi Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzinə göndərmişdir. Hesab edir ki, həmin maddənin tələbləri pozulmuşdur, belə ki, məhkəmənin özünün də qətnamədə qeyd etdiyi kimi cavabdeh 25 il ərzində həmin bağa gəlməmişdir, çünki iddiaçı ilə şifahi alqı-satqı müqaviləsi bağlamışdır. Bu səbəbdən də iddiaçı ona inaraq həmin həyətdə təmir-tikinti və abadlaşma işləri aparmışdır. Məhkəmə bu faktı tam araşdırmamış və qətnaməni cavabdehin xeyrinə həll etməyə çalışmışdır. Cavabdeh tərəfindən həm aldanılmış, aldığı bağdan çıxarılmış və 49011,95 manat sərf edərək həyətdə fərdi yaşayış evi, tövlə, ayaqyolu tikmiş və abadlaşma işləri aparmış və sən demə məhkəmənin fikrinə əsasən iddiaçı varlanma üçün bunları etmişdir. Bu səbəbdən də hakim apardığı təmir-tikinti işlərinə və abadlaşmaya sərf etdiyi pulu da cavabdehdə saxlamışdır. Məhkəmə iddiaçıya vurulan ziyanı düzgün hesablamamışdır, yəni iddiaçı şifahi alqı-satqı müqaviləsinə əsasən cavabdehə 8000 manat 2010-cu ildə ödəmiş, hal-hazırda bir neçə dəfə manatın dəyəri dəyişmiş, qətnamə çıxan zaman qüvvədə olan məbləğ nəzərdə tutulmamışdır. Məhkəmənin qərəzliliyi özünü onda göstərir ki, O, cavabdehin ifadəsini sübut kimi qəbul etmişdir və ifadəyə əsasən onun xeyrinə qətnamə çıxartmışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmiş, ekspert rəyinə əsasən həmin bağa sərf etdiyi məbləğ, yəni 49011,95 manat azaldılaraq 15001 manat barədə rəy verilsə də, məhkəmə həmin məbləği də cavabdehin xeyrinə həll etmiş, iddianın həmin hissəsini təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı Əlövsət oğlunun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.22024-cü il tarixli 10/7028 №-li ekspert rəyi ilə fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin cəmi 15001 manat müəyyən edilməsi ilə razıdır.
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə kollegiyasının iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
19. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin.
21. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir.
25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki halda, iddiaçı tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etsə də, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-125/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, Bakı şəhəri, Türkan qəsəbəsi, 58,64 kv m yaşayış sahəsi, 2628,0 kv m torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evində aparılmış təmir-tikinti işləri, eyni zamanda həyətyani sahədə inşa edilmiş tikili və qurğular və həyətyani sahədə aparılmış abadlıq işləri üçün xərclənmiş 15.001 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 159 manat hissəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 105 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 53 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
32. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
34. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
35. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
36. Belə ki, iddiaçı apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin edilməyən hissədə yəni, Bakı şəhəri, Türkan qəsəbəsi, 58,64 kv m yaşayış sahəsi, 2628,0 kv m torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evində aparılmış təmir- tikinti işləri, eyni zamanda həyətyani sahədə inşa edilmiş tikili və qurğular və həyətyani sahədə aparılmış abadlıq işləri üçün xərclənmiş 49011,95 manat məbləğində maddi ziyan və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 264 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində mübahisələndirir.
37. İşin hallarından görünür ki, iddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən ekspretiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.22024-cü il tarixli 10/7028 №-li ekspert rəyindən tədqiq olunan ərazidə aşağıdakı tikililərin inşa edildiyi görünür: bir ədəd 17.0 metr uzunluqda 3.0 metr enində 2.0 metr hündürlükdə tövlə, bir ədəd 2.20 metr uzunluqda, 2.2 metr enində 2.0 metr hündürlükdə ayaqyolu; 18.0 metr uzunluqda 3.0 metr enində olan otağın divarları 0.20 m qalınlıqda mişar daşı ilə hörülmüş fərdi yaşayış evi. Ekspert tərəfindən həmin tikililər 12275 manat, evinin həyətyanı torpaq sahəsində aparılmış tikinti və təmir işlərinin dəyərinin 2726 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya icraatı zamanı məhkəmə iclasında iddiaçının sözügedən rəyin nəticəsi ilə razı olduğunu bildirmişdir.
38. Kollegiya qətnamənin mübahisələndirilən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, maddi hüquq normalarını işin hallarını tam araşdırmadan hazırki mübahisəyə tətbiq etmiş və nəticədə düzgün olmayan nəticəyə gəlmişdir.
40. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, cavabdeh mübahisəli əmlakın mülkiyyətçisidir, iddiaçı həmin əmlakda yaxşılaşdırma işləri apararkən faktiki olaraq özü üçün şərait yaratmış və 25 ildən çox müddətdə heç bir vəsait ödəmədən həmin əmlakdan yararlanmış, həmin işləri cavabdehin göstərişi və ya icazəsi ilə aparmamışdır. İddiaçı 25 il ərzində hər ay ən azı 100 manat kirayə haqqı ödəmiş olsaydı, 30000 manat xərci çıxmış olardı (100 manat x 12 ay x 25 il). Odur ki, cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmamışdır.
41. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının həmin əmlakda yaxşılaşdırma işləri apararkən faktiki olaraq özü üçün şərait yaratdığını və 25 ildən çox müddətdə heç bir vəsait ödəmədən həmin əmlakdan yararlandığını, həmin işləri cavabdehin göstərişi və ya icazəsi ilə aparmadığını və tərəflər arasında mövcud münasibətin kirayə münasibətləri ilə müqayisə edilməsini qeyd etsə də, birinci instansiya məhkəməsininin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili öz izahatında İddiaçı kömək məqsədi ilə bağ sahəsinə buraxdığını, ailəsinin yaşamasına özü icazə verdiyini bildirmişdir. Həmçinin, iş materiallarından görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(003)-2279/2022 №-li iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçıya məxsus həmin bağ evi və torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən çıxarılmaqla mənzilin və torpaq sahəsinin boşaldılaraq Cavabdeh təhvil verilməsi, İddiaçı həmin bağ sahəsindən istifadə ilə bağlı Cavabdeh maneələrin yaradılmasının qadağan edilməsi qət edilmişdir.
42. Göründüyü kimi, tərəflər arasında rəsmi müqavilə münasibətləri olmamış, cavabdehin verdiyi izahata əsasən onun icazəsi ilə iddiaçı uzun müddət onun evində yaşamış və bu müddət ərzində həmin ərazidə yaxşılaşdırmalar aparmışdır və daha sonra məhkəmənin qətnaməsi ilə İddiaçı Cavabdeh məxsus həmin bağ evi və torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsindən çıxarılmaqla mənzilin və torpaq sahəsinin boşaldılaraq Cavabdeh təhvil verilməsi, İddiaçı həmin bağ sahəsindən istifadə ilə bağlı Cavabdeh maneələrin yaradılmasının qadağan edilməsi qət edilmişdir. Yəni cavabdeh könüllü olaraq evini iddiaçıya vermiş, ona qarşı hər-hansı pul tələbi barədə iddia irəli sürməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.22024-cü il tarixli 10/7028 №-li ekspert rəyi ilə həmin yaxşılaşdırmaların ümumi dəyəri 15.001 manat müəyyən edilmişdir. İddiaçı tərəf qeyd olunan məbləğin 49011.95 manat məbləğində olduğunu qeyd etsə də, hazırki halda ekspert rəyi ilə müəyyən edilmiş 15.001 manat pul məbləği ilə razılaşdığını blildirmişdir.
43. Eyni zamanda kollegiya birinci instansiya məhkəməsinin “iddiaçı 25 il ərzində hər ay ən azı 100 manat kirayə haqqı ödəmiş olsaydı, 30000 manat xərci çıxmış olardı” qənaətinə münasibətdə hesab edir ki, məhkəmənin təxmini ehtimallara əsaslanaraq hazırki mübahisəni kirayə münasibətinə əsasən şərti hesablama ilə əvəz etməsi qanunauyğun hesab edilmir. Həmçinin, işin halları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıya qarşı iddia və ya hazırki iş üzrə qarşılıqlı iddia qaldırmamışdır.
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin.
45. Şərh olunan maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma dedikdə bir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginlöəşməni ehtiva edən hüquqazidd hərəkətdir. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Mülki Məcəllənin 1092-ci maddəsinə əsasən əsassız varlanmış şəxs əldə etdiklərini əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bunun nəticəsində əsassız varlanmış şəxs hüquqazidd yolla əldə etdiklərindən məhrum olur, onlardan əsassız məhrum olmuş şəxs isə itirdiklərini əldə etmiş olur və qanunçuluq bərpa edilir. Əldə edilənləri vermək mümkün olmadıqda onların dəyəri ödənilir.
46. Qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün isə aşağıdakı şərtlər müəyyən edilməlidir: - cavabdehin əmlak əldə etməsi; - həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi.
47. Yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmiş və bunun dəyəri iş materiallarında olan ekspert rəyi ilə 15 001 manat təşkil edir. Odur ki, Bakı şəhəri, Türkan qəsəbəsi, 58,64 kv m yaşayış sahəsi, 2628,0 kv m torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evində aparılmış təmir- tikinti işləri, eyni zamanda həyətyani sahədə inşa edilmiş tikili və qurğular və həyətyani sahədə aparılmış abadlıq işləri üçün xərclənmiş 15.001 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
48. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən iddia tələbinin verilməsi üçün 264 manat və apellyasiya şikayətinin verilməsi üçün isə 133 manat dövlət rüsumu ödənilmişdir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
50. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbinin və apellyasiya şikayətinin təmin edilən hissəsinə mütənasib olaraq məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 159 manat hissəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 105 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 53 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(006)-125/2025 nömrəli qətnaməsi yoxlanılan hissədə qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Bakı şəhəri, Türkan qəsəbəsi, 58,64 kv m yaşayış sahəsi, 2628,0 kv m torpaq sahəsindən ibarət 45 saylı bağ sahəsi üzərində yerləşən fərdi yaşayış evində aparılmış təmir- tikinti işləri, eyni zamanda həyətyani sahədə inşa edilmiş tikili və qurğular və həyətyani sahədə aparilmış abadlıq işləri üçün xərclənmiş 15.001 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 159 manat hissəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 105 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 53 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (elektron qaydada) kassasiya şikayəti verilə bilər.