Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3005/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(003)- 2812/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə müraciət edərək, cavabdehlərdən birgə qaydada 021R********** saylı kredit razılaşması üzrə 2312.09 manat məbləğində kredit borcu, 1082.03 manat məbləğində faiz borcu və 1115.9 manat məbləğində cərimə olmaqla cəmi 4510.02 manat, 021R********** saylı kredit razılaşması üzrə 5766.71 manat əsas, 3828.46 manat faiz və 2783.23 manat cərimə borcu olmaqla, cəmi 12378.17 anat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 05.03.2013-cü il tarixli 21L000001891 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 30000 Manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 08.12.2016-cı il tarixli 021R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 01.03.2016-cı il tarixli 021R**********S saylı, 14.03.2017-ci il tarixli 021R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11.10.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1687.91 manat ödəmiş, onun 2312.09 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 14.08.2020-ci il tarixə 1038 gün üçün hesablanmış faiz borcu 1082.03 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 14.08.2020-ci il tarixə 1038 gün üçün hesablanmış cərimə 1115.9 manat təşkil edir. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə 08.12.2016-cı il tarixdə bağladığı 021R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.3333 % olmaqla 24 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 31.05.2017-ci il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.05.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1843.29 Manat ödəmiş, onun 5766.71 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 14.08.2020-ci il tarixə 1046 gün üçün hesablanmış faiz borcu 3828.46 Manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 14.08.2020-ci il tarixə 1046 gün üçün hesablanmış cərimə 2783.23 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Qeyd olunanlara əsasən, cavabdehlərdən birgə qaydada 021R********** saylı kredit razılaşması üzrə 2312.09 manat məbləğində kredit borcu, 1082.03 manat məbləğində faiz borcu və 1115.9 manat məbləğində cərimə olmaqla cəmi 4510.02 manat, 021R********** saylı kredit razılaşması üzrə 5766.71 manat əsas, 3828.46 manat faiz və 2783.23 manat cərimə borcu olmaqla, cəmi 12378.17 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(003)- 2812/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 021R********** saylı kredit razılaşması üzrə 2312.09 manat məbləğində əsas borc, 1082.03 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə, cəmi 3444.12 (üç min dörd yüz qırx dörd manat on iki qəpik) manat, 021R********** saylı kredit razılaşması üzrə 5766.71 manat məbləğində əsas borc, 3828.46 manat faiz borcu, 50 manat məbləğində cərimə, cəmi 9645.17 (doqquz min altı yüz qırx beş manat yetmiş bir qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaitinin tutulması , iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2812/2020 saylı iş üzrə 05.10.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçının iddia ərizəsində yazdıqları ilə razı deyil. Belə ki, bank ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri ilk əvvəl lazımi qaydada icra etmiş, bu müddət ərzində Banka kifayət qədər ödəniş etmişdir. Sonradan dünyada baş vermiş iqtisadi böhran ölkədən də yan keçməmiş, buna görə də istehlak mallarının qiyməti kəskin artmış, buna mütənasib olaraq onunda da xərclərində artım müşahidə olunmuşdur. Lakin buna baxmayaraq, məhkəmə bütün bunları nəzərə almamış, iddiaçının iddiasını təmin etmişdir. Xəzər rayon məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüququn normalarını kobud şəkildə pozmuşdur. Məhkəmə qətnamə qəbul edərkən özünün müstəsna səlahiyyətindən onun xeyrinə istifadə etməli olduğu halda məhkəmənin bunu etməməsini bu işə qərəzli baxması kimi qəbul edir. Eyni zamanda onun Bank qarşısında olan borcu heç də Bankın dediyi kimi deyil. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülkihüquqi məsulliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqların bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. İndiki halda onun Bank qarşısında yaranmış borcunu ödəməməyinə səbəb heç də borcunu ödəməkdən boyun qaçırmaq yox, bu gün onun düşdüyü çətin maliyyə durumu olduğunu bildirmişdir. Belə bir sanksiyanın ona tədbiq olunması onsuz da onun ağır olan maddi durumumu daha da çətinləşdirəcəkdir. Məhz onun kimi çətin maddi duruma düşmüş vətəndaşlara kömək etmək məqsədi ilə bu gün Azərbaycanda Məhkəmələrin iş praktikasında dəbbə pulunun məhkəmələr tərəfindən azaldılması geniş tədbiq olunur. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrinə görə, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 mart 2013-cü il tarixli 21L000001891 saylı kredit xətti müqaviləsindən görünür ki, bank cavabdehə 120 ay müddətinə 30000 manat məbləğində kredit xətti açmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ilə Cavabdeh1 arasında bağlanmış 28 oktyabr 2015-ci il tarixli 021R********** saylı kredit razılaşmasından görünür ki, bank cavabdehə aylıq 1.8333 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit vermişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 28 oktyabr 2015-ci il tarixli 021R********** saylı kredit razılaşması bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Eyni zamanda, tərəflər arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 01.03.2016-cı il tarixli 021R**********S saylı, 14.03.2017-ci il tarixli 021R**********SA saylı sazişlər bağlanmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ilə Cavabdeh1 arasında bağlanmış 08 dekabr 2016-cı il tarixli 021R********** saylı kredit razılaşmasından görünür ki, bank cavabdehə aylıq 2.3333 faiz dərəcəsi ilə 7610 manat məbləğində kredit vermişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 08 dekabr 2016-cı il tarixli 021R********** saylı kredit razılaşması bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Eyni zamanda, tərəflər arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 31.05.2017-ci il tarixli 021R**********S saylı sazişlər bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSCilə Cavabdeh2 arasında bağlanmış 05 mart 2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05 mart 2013-cü il tarixli 21L000001891 saylı kredit xətti müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısındakı öhdəliyi digər borclu olan Cavabdeh2 zaminliyi ilə təmin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 digər Cavabdeh1 ilə birgə bank qarşısında məsuliyyət daşıyırlar. İş üzrə İddiaçı QSC tərəfindən tərtib edilmiş 20.08.2020-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 28.10.2015-cı il tarixli 021R********** saylı kredit razılaşması üzrə 2312.09 manat məbləğində kredit borcu, 1082.03 manat məbləğində faiz borcu və 1115.9 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4510.02 manat məbləğində, 08.12.2016-cı il tarixli 021R********** saylı kredit razılaşması üzrə isə 5766.71 manat məbləğində əsas kredit borcu, 3828.46 manat məbləğində faiz borcu, 2783.23 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12378.17 manat məbləğində borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bank qarşısında öhdəliklərinin icra edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 05 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 26 iyul 2021-ci il tarixli 9/2424 saylı Ekspertiza Rəyindən görünür ki,rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05 mart 2013-cü il tarixli, 21L000001891 saylı Kredit Xətti Müqaviləsinə əsasən 28.10.2015-ci il tarixli 021R********** nömrəli və 08.12.2016-cı il tarixli 021R********** nömrəli Kredit Razılaşması müqavilələri bir hesabda göstərildiyi üçün borclunun banka olan əsas və faiz borclarını ayrı-ayrılıqda müəyyən etmək olmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 3.1.2.bəndində göstərilirki, kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bank müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4.və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bununla belə, məhkəmə kollegiyası, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, hazırkı müqavilələr üzrə cərimənin məbləği tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən 021R********** saylı kredit razılaşması üzrə 50 manat, 021R********** saylı kredit razılaşması üzrə isə 50 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 2312.09 manat məbləğində əsas borc, 1082.03 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə, cəmi 3444.12 manat, 021R********** saylı kredit razılaşması üzrə 5766.71 manat məbləğində əsas borc, 3828.46 manat faiz borcu, 50 manat məbləğində cərimə, cəmi 9645.17 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən 20 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(003)- 2812/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc 20 (iyirmi) manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3005/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3005/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver