Məhkəmə qərarları › İş №2(103)-3005/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3005/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3005/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Fərəh Fərhadovanın, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 1.146 manat, faiz borcu kimi 401,46 manat, cərimə kimi 551,60 manat, gecikdirilmiş vaxt üçün faiz borcu kimi 337,28 manat, cəmi 2.436,34 manat, habelə dövlət rüsumunun əvəzi kimi 44,37 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Fərəh Fərhadova apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia (kredit verən) ilə cavabdehin (kredit alanın) arasında bağlanmış xx.xx.2014cü il tarixli 1xx/xx/2844/14 nömrəli kredit müqaviləsinə əsasən 5.000 manat kredit verilib. Kredit 24 ay müddətinə, yəni xx.xx.2016-cı ilədək verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 15 faiz müəyyən edilib. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Kredit müqaviləsinin müddəti xx.xx.2016-cı ildə bitdiyinə görə 3 illik iddia müddətinin axımı həmin tarixdən başlayıb və xx.xx.2019-cu ildə başa çatıb. İddia müddəti ərzində iddia müddətinin axımının kəsilməsi baş verməyib. İki dəfə iddia ərizəsi verilib. 1-ci iddia ərizəsi başqa iş üzrə xx.xx.2019-cu ildə, yəni iddia müddətinin bitməsinə 6 gün qalmış verilib, həmin iddia ərizəsi Yasamal RM-nin xx.xx.2019-cu il tarixli qərardadı ilə geri qaytarılıb. 2-ci iddia ərizəsi hazırkı iş üzrə xx.xx.2022-ci ildə verilib. Bu iddia ərizəsi iddia müddətinin bitməsindən 3 il 18 gün sonra, 1-ci iddia ərizəsinin qaytarılması barədə qərardadın qəbul edilməsindən isə 3 il 9 gün sonra verilib. Göründüyü kimi, iddia müddəti keçib. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Birinci instansiya məhkəməsi iddia müddətinin keçməsinə görə iddianı rədd edib. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar