Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3006/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(003)- 2210/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3935 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3965.50 manat pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 23.05.2019-cu il tarixli, AKX- 0095766/05-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında X1 məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin mənzilə İddiaçı İB tərəfindən **********00052 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1182AQ**********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydalan”nın tələblərinə əməl etmək) və “X2”nın 4.9-cu bəndinin (istehlakçının təqsiri üzündən baş verdikdə) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğaca müdaxilə edərək təbii qazı talamışdır. Belə ki, 22.09.2017-ci il tarixdə İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan cavabdehin mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirərkən qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən deşildiyi və bununla da, hesablama işlərində maneələr yarandığı aşkar olunmuşdur. Bundan əlavə, 30.07.2019-cu il tarixində baxış keçirilərkən 1702AZ**********01 nömrəli sayğacın hesablama mexanizmindən keçən təbii qazın həcmini qeyd etmədyi aşkar edilmişdir. Çıxarılan qaz sayğacları İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Labaratoriyasına göndərilmiş, labaratoriyada sayğac yoxlanılarkən sayğaclara müdaxilə olunduğu təsdiq edilmişdir. İTRİnin MSK 29/1710- 00877-3 saylı və MSK- 29/1710-01784 saylı rəyləri əsasında İddiaçı İB tərəfindən itirilmiş qazın bərpası məqsədi ilə hər iki fakta görə ******* və ******* saylı “Təbii X2nın pozulması haqqında” aktlar tərtib edilmiş cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Sayğaca müdaxilə nəticəsində külli miqdarda təbii qaz itirilmiş və bununla bağlı hesabat aparılaraq itirilmiş qazın həcmi müəyyən edilmişdir. Cavabdehə 22.09.2017-ci il tarixdə 1827,60 manat, 30.07.2019-cu il tarixdə isə 658,80 manat həcmində itirilmiş qaz müəyyən edilərək dəymiş ziyan hesablanmışdır. Nəticədə cavabdehin Birliyə 2486,40 manat borcu yaranmışdır. Bundan əvvəl cavabdehin Birliyə 1449,10 manat borcu var idi. Cəmi 3935,50 manat təşkil edir. Cavabdehə Birliyin işçiləri tərəfindən 3935,50 manat borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və borcdan əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. “İddiaçı" İB-nin məsul işçiləri tərəfindən sayğaca müdaxilə ediməsi nəticəsində dəymiş ziyan haqqında tərtib edilmiş aktla təqsirli hərəkəti ilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi, bunun nəticəsində Birliyə maddi ziyanın vurulması faktı öz təsdiqini tapsa da, cavabdeh tərəfindən dəymiş ziyanla və borcla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən sayğaca müdaxilə halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3935 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3965.50 manat pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(003)-2210/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 1449.10 (bir min dörd yüz qırx doqquz manat on qəpik) manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 15 (on beş)manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(003)-2210/2020 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmamış hissəsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə əsaslandırılmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, onun evi Xəzər rayon Zirə qəsəbəsində yerləşir. Həmin evdə quraşdırılmış qaz sayğacı nasaz olduğuna görə özü İddiaçı yazılı müraciət etmiş və sayğacın yenisi ilə əvəz olunmasını xahiş etmişdir. Onun müracətindən sonra, 2017-ci ildə evində quraşdırılmış sayğac dəyişdirilmişdir. Bundan bir neçə ay sonra karta pul yükləmək istəyəndə onun bloklandığını bilmiş, bu barədə müraciət etdikdə isə ona bildirilmişdir ki, əvvəlki sayğaca qanunsuz müdaxilə etdiyinə görə ona borc hesablanmışdır. 2019-cu ildə yenə də onun evində quraşdırılmış sayğac dəyişdirilərək təzəsi ilə əvəz olunmuş, bundan sonra da ona guya sayğaca müdaxilə etməsinə görə borc hesablanmışdır. Onun evində qaz sayğacı küçədə quraşdırılmışdır və o, heç vaxt sayğaca müdaxilə etməmişdir. İddiaçının bildirdikləri əsassızdır. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Bakı X4 Departamenti ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» 23.05.2019-cu il tarixdə AKX-0095766/05-2019 saylı müqavilə bağlanmışdır. Göstərilən hallar təsdiq edir ki, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz vermək öhdəliyi götürmüşdür, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********00052 sayla qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İş materiallarına əlavə edilmiş 22.09.2017-ci il tarixli ******* saylı Aktın surətindən görünür ki, Akt № MSK-28/1710-00877-3 saylı rəyə əsasən cavabdehə məxsus ünvanda quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən deşilərək hesablama mexanizminin işinə maneə yaradılmışdır. İş materiallarında olan 22.05.2019-cu il tarixli ******* saylı və 22.02.2019-cu il tarixli ******* saylı Aktların surətindən görünür ki, Cavabdeh məxsus ünvanda quraşdırılmış qaz sayğacı texniki baxış və qaz sayğacının sərfiyyatı qeyd etməməsi səbəblərindən yenisi ilə əvəz edilmişdir. Həmçinin, 30.07.2019-ci il tarixli ******* saylı Aktın surətindən görünür ki, İddiaçı İBnin 29/1710-01784 saylı rəyinə əsasən cavabdehə məxsus ünvanda quraşdırılmış sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarına əlavə edilmiş itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında aktların surətlərindən görünür ki, cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi əsası ilə 22.09.2017-ci il tarixli ******* saylı əsas akt üzrə 9138 kub metr, 30.07.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 6588 kub metr ziyan hesablanmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin **********00052 kodu ilə abonenti olduğu ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacı iki dəfə – 2017-ci və 2019-cu illərdə iddiaçının işçiləri tərəfindən əvəzləmə səbəbindən açılaraq yeni qaz sayğacı ilə əvəz edilmişdir. 2017-ci ildə sayğacın çıxarılaraq yenisi ilə əvəz edilməsinə dair Akt iş materiallarında müəyyən edilməmişdir. ******* saylı Aktın isə İddiaçı İB-nin səlahiyyətli şəxsi tərəfindən 22.09.2017-ci il tarixdə təsdiq edilməsi görünsə də, onun nə vaxt və hansı şəraitdə tərtib edilməsini müəyyən etmək mümkün deyildir. Bundan başqa, həmin Aktı abonentin imza etməməsi göstərilmişdir, lakin abonentin ünvanından çıxarılmış sayğacın yoxlanılmasına dair İddiaçı İB-nin əlaqədar qurumu tərəfindən tərtib edilmiş 21.08.2021-ci il tarixli aktdan müəyyən olunur ki, qeyd edilən sayğac yoxlamaya 19 may 2021-ci il tarixli telefonoqramm əsasında təqdim edilmişdir. Belə müəyyən olunur ki, sayğac 22.09.2017-ci il tarixli akt tərtib edilməmişdən bir neçə ay əvvəl çıxarılaraq əvəzlənmişdir. Eyni vəziyyət 30 iyul 2019-cu il tarixdə tərtib edilmiş ******* saylı aktda da müşahidə edilir. Belə ki, həmin aktın 30 iyul 2019-cu il tarixdə istehlakçıya məxsus yaşayış sahəsində tərtib edildiyi göstərilsə də, sayğacın yoxlayıcı quruma 03 iyun 2019-cu il tarixdə göndərilməsi, 12 iyul 2019-cu il tarixli yoxlama nəticəsində isə yararsız hesab edilməsi göstərilmişdir. Belə olan halda, abonentin ünvanında hansı sayğacı baxış keçirilərək nasazlıqların aşkar edilməsi, həmçinin abonentin bu aktı imzalamaqdan imtina etməsi qeyri-müəyyən qalır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının məhkəməyə təqdim etdiyi aktları sübut olaraq mötəbər hesab etmir. Bundan başqa, kollegiya qeyd edir ki, iddiaçı sayğaca müdaxilənin cavabdeh tərəfindən edilməsinə dair digər sübut təqdim etməmişdir. Halbuki, sadalanan qüsurların sayğacın yığılması, daşınması, saxlanılması zamanı, həmçinin sayğac evdən çöldə quraşdırıldığından hər hansı bir digər şəxs tərəfindən yaranması istisna deyil. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdehin tərəfindən sayğaca müdaxilə edilmədiyinə dair onun bildirdikləri işin hallarına uyğundur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X2”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İş üzrə əsaslı şübhədən kənar sübutlarla cavabdehin abonenti olduğu ünvanda quraşdırılmış sayğaca müdaxilə edərək iddiaçıya zərər yetirməsi halı təsdiq edilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB tərəfindən iddiaçının ünvanında quraşdırılmış sayğaca onun tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan itirilmiş qazın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının apellyasiya şikayətində istinad etdiyi hallar yalnız mülahizələrə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli, 2(003)-2806/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-3006/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3006/2021
06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver