Məhkəmə qərarları › İş №2(103)-3006/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3006/2024

14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3006/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-464/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1126/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Nizami Rayon Məhkəməsinin qətnaməsilə nəzərdə tutulmuş aliment miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ailə həyatı quraraq nikaha daxil olmuşdur. Nikahları 2015-ci ildə qeydə alınmışdır. Birgə nikah dövründə 2 övladları xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olmuş, lakin sonradan cavabdehin ona qarşı mənfi münasibətinə görə birgə yaşamaqları mümkün olmamış və Nizami rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah pozulan zaman məhkəmə qətnaməsilə hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat aliment təyin edilmişdir. Bildirir ki, həmin vaxt bu məbləğlə uşaqların xərclərini ödəyə bilsə də, hazırda həmin xərclər artmışdır. Övladlarının təkbaşına böyüdülməsi və cəmiyyətə yararlı fərd kimi yetişdirilməsi maddi baxımdan onun üçün çox çətindir. Bu səbəbdən də övladlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün aliment məbləğinint artırılması vacib əhəmiyyət kəsb edir.

5. Cavabdeh iddiaya etiraz verərək bildirmişdir ki, iddiaçı onun əmisi qızıdır. Onunla bir müddət mehriban yaşasalar da, sonradan iddiaçı onunla yaşamaq istəmədiyini bildirərək ayrılmaq istədiyini bildirdi. Belə ki, o, İİİ qrup ömürlük gözdən əlildir, Nizami rayonu ərazisində fəaliyyət göstərən avtomobil təmiri emalatxanasında usta köməkçisi (sürət qutusu) işləyir, ilk əvvəl iddiaçının nəyə görə ondan ayrılmaq istədiyini başa düşməsə də sonradan görmüşdür ki, o, öz həyatını yaşamaq istəyir, yəni onu bəyənmir. Heç bir əsas olmasa da evdə söz-söhbət salır, sonra da “102” xidmətinə zəng vurub şikayət edir. O da məcbur qalıb mülkiyyətində olan ünvan 1 ünvanını tərk edərək, ünvan 2şlamışdır. Bir müddət sonra iddiaçı ona məxsus olan mənzili 600 (altı yüz) manat kirayə verib başqa ünvana köçmüşdür. Bir neçə dəfə evə gedib kirayə qalanla bu barədə danışmışdır. Nizami Rayon Məhkəməsi tərəfindən hər bir uşaq üçün 160 manat müəyyən edilərkən də həmin alimenti ödəmək onun üçün çox ağır idi. Həmin alimentin ödənilməsi üçün ustası, iş yoldaşları, Ağstafa rayonunda yaşayan anası və qardaşı hər dəfə ona maddi kömək göstərirlər ki, borcu yaranmasın, borcu yaransa onu tutduracaqlar. Bütün bunlara baxmayaraq alimentin artırılması o deməkdir ki, “evi də ver iddiaçıya”. Həkimlər 5 ildir ki, ona təkidlə deyirlər ki, “sənin gözündə əməliyyata ehtiyac var”. Maddi imkansızlıq səbəbindən əməliyyat oluna bilmir. İddiaçının anası dəfələrlə ona səs yollayıb ki, “evdən əl çək yoxsa səni tutduracam”. Həmin səs yazılarını məhkəməyə təqdim edə bilər. Onlar alimenti artırmaqda onu borclandırmaq, sonra da mənzilini ələ keçirtmək istəyidir. Hazırda iddiaçı əmlak bölgüsü barədə iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. 2021-ci ildən sonra onun maddi vəziyyəti daha da pisləşmiş (aliment, kirayə, müalicəyə və.s) iddiaçının maddi vəziyyəti isə əhəmiyyətli dərəcədə yaxşılaşmışdır (320 manat aliment, 600 manat kirayə haqqı və işləməsi). İddiaçı tərəfindən onun gəlirinin artması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(007)- 464/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir

8. Məhkəmə gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cu maddələri; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 112.1-ci maddələri; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il, 2(007)-464/2024 tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin olunması ilə bağlı nəticəyə gələrkən bir sıra ciddi yanlışlıqlara yol vermişdir. Məhkəmə öz qətnaməsində onun izahatında və etiraz ərizəsində göstərdiyi dəlillərin heç birinə hüqiqi qiymət verməmişdir. Halbuki, izahatı və etiraz ərizəsində göstərdiyi dəlillər tam əsaslıdır. Onun iddiaçıdan fərqli olaraq atası, maddi imkanı, vəkili və bu gün üçün ən vacib olan pulu yoxdur. Mənzili olmasına baxmayaraq hansı şəraitdə yaşamağını və işləməyini müəyyən etmək heç də çətin deyil. Kirayə yaşadığı mənzil və işlədiyi yerin də ünvanı bəllidir. ünvan 3a, yol kənarında yerləşən avtomobil təmiri emalatxanası. Sağlamlığı olmasa da min bir əziyyətlə işləyir. Avtomobildən yerə düşmədən də bütün bunları müşahidə etmək olar. İddianı təmin edən məhkəməyə və həmçinin kollegiyaya məlumdur ki, iddiaçının tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılmasına dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə alimentin miqdarını artırarkən onda hansı maddi dəyişiklik müəyyən etmişdir? Axı iddiaçı onun maddi vəziyyətinin yaxşılaşması ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir, nə də ki, məhkəmə müəyyən etməmişdir. O, İİİ qrup ömürlük gözdən əlildir. İddiaçı və onun valideyinlərinin əsas məqsədi onun mülkiyyətində olan ünvan 1 ünvanını ələ keçirməkdir. İddiaçı ona məxsus olan mənzili 600 (altı yüz) manat kirayə verib başqa ünvana köçmüşdür. Əslində iddiaçının maddi vəziyyəti onunla müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Alimentin artırılması o deməkdir ki, evi iddiaçıya versin. Həkimlər, 5 ildir ki, təkidlə deyirlər ki, sənin gözündə əməliyyata ehtiyac var. Maddi imkansızlıq səbəbindən əməliyyat oluna bilmir. İddiaçının anası dəfələrlə ona səs göndərib ki, evdən əl çək yoxsa onu tutduracaq. Həmin səs yazılarını məhkəməyə təqdim edə bilər. İddiaçı alimenti artırmaqda onu borclandırmaq, sonra da mənzilini ələ keçirtmək istəyidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərərk təmin olunumasını xahş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

18. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

19. 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

20. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

22. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

23. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

24. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

25. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:

26. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

27. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

28. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

29. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

30. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Kollegiya hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşaqların saxlanmaları üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır.

34. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

35. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.

36. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalıdır. Yanında uşaq saxlanılan valideynin maddi vəziyyətinin digər tərəfə nisbətdə yüksək olması da sonuncunu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan məbləğdə aliment ödəməklə öz yetkinlik yaşına çatmamış övladlarını saxlamaq vəzifəsindən azad etmir. Belə ki, məhkəmə valideynlərin öz uşaqları barəsində bərabər hüquqlara malik olduqları kimi həm də bərabər şəkildə vəzifələr daşıdıqları nəzərə alınmalıdır.

37. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

38. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Məhkəməsinin 2(007)-1126/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin qəbul edilməsindən 5 ildən artıq müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin eyni məbləğdə ödənilməsi uşaqlarının əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin tutulmaların miqdarının müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halları, cavabdehin gözdən əlil olsa da əmək qabiliyyətli olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə aparılan tutulmaların miqdarının dəyişdirilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanunvericilikdə nəzərdə tutulan dispozisiya şərtlərinin mövcudluğu baxımından əsaslı olmuşdur.

39. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

40. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-464/2024 saylı, 8 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar