Məhkəmə qərarları › İş №2(103)-301/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-301/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-301/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e- 2(010)-459/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 84800 manat əsas borc, 6483 manat faiz borcu, 3226 manat cərimə borcu olmaqla, cəmi 94509 manat məbləğində borcun və 374 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmiş, cavabdehin müraciətinə müvafiq olaraq onunla " Prokredit BOKT” ASC arasında xx.xx.2020-ci il tarixli PKLMB-0501 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, cavabdehə 36 ay müddətinə illik 30% olmaqla 84800 (səksən dörd min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi bağlandığı müddətdən öhdəliklərin icrası vaxtında və lazımınca yerinə yetirilməmişdir. Hal-hazırda isə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər ümumiyyətlə icra olunmur. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-459/32023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixli, PKLMB-0501 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 84800 manat, faiz borcuna görə 6483 manat, cərimə borcuna görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 365 manat olmaqla, cəmi 91948 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin rədd olunması xahiş olunmuşdur. İddiaçının nümayəndəsi X4 09 aprel 2024-cü il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasına iddiaçı "xxxx" ASC-nin baş direktoru Ramil M.Məmmədovun iddia tələbindən tam imtina etməsi barədə yazılı ərizəsini təqdim edərək, mübahisə üzrə tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə olunduğunu, hazırda cavabdehə qarşı hər hansı tələblərinin olmadığını, bu səbəbdən hazırki iddiadan imtina etdiklərini, iddiadan imtinanın nəticələrinin onlara aydın olunmasını göstərmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Cavabdeh məsələyə münasibət bildirərək göstərmişdir ki, hazırkı iddia tələbi ona qarşı qalıdırılsa da, faktiki olaraq kredit müqviləsində göstərilən məğləğ onun tərəfindən deyil, vaxtı ilə bankın işçisi olan və bank rəhbərliyi ilə yaxın münasibətləri olan X5 tərəfindən götürülmüşdür. Bununla bağlı, Nərimanov Rayon Məhkəməsinin 1(005)- 150/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qüvvəyə minmiş hökmü vardır. Bütün qeyd olunan faktiki hallar nəzərə alınmaqla, iddiaçı təşkilatla danışıqlar aparılaraq həqiqətən tərəflər arasında məhkəmədən kənar qaydada barışıq əldə olunmuşdur. Qeyd edilənlərə əsasən iddiadan imtinanın qəbul olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə kollegiyası iddiadan imtina ilə bağlı ərizəni nəzərdən keçirib, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. Baxılan işdən görünür ki, iddiaçı hüquqi şəxsin baş direktoru Ramil M.Məmmədovun iddia tələbindən imtina etməsi barədə iradə ifadəsi yazılı formada tərtib edərək məhkəməyə təqdim etdiyi ərizədə əks olunmuş, ərizə hüquqi şəxsin möhürü ilə də təsdiq olunmuşdur. İddiadan imtina qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddiadan imtina etdiyindən onun tərəfindən ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, e- 2(010)-459/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işin icraatına iddiaçı tərəfindən iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onun özünə aid edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar