Məhkəmə qərarları › İş №2(103)-3011/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3011/2021

06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3011/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(003)-3054/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 9526,90 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı 07.04.2020-ci il tarixli 03-1285 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istixananı təbii qazla təchiz edir. Həmin ünvana **********00390 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda istixananı təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırıİmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 31.01.2019-cu il tarixli ******* saylı akta əsasən 1101,60 manat, 28.02.2019-cu il tarixli ******* saylı akta əsasən 162 manat, 29.03.2019-cu il tarixli ******* saylı akta əsasən 628,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akta əsasən 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akta əsasən 142,20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akta əsasən 295,20 manat, 30.01.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, 30.03.2020-ci il tarixli ******* saylı akta əsasən 295,20 manat, 06.04.2020-ci il tarixli ******* saylı akta əsasən 59 manat dəymiş ziyan hesablanmışdır. Ümumilikdə 9526,90 manat dəymiş ziyan məbləği hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 9526,90 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(003)-3054/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 167 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 0.50 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(003)-3054/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin yoxlanılan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 31.01.2019-cu il tarixdən 06.04.2020-ci il tarixə qədər olan dövrdə İddiaçı İBnin əməkdaşları tərəfindən Cavabdeh barəsində təbii qazdan istifadə qaydalarının pozulmasına görə üst-üstə 16 akt tərtib olunmuş, həmin aktlarda “Cavabdeh” sözlərinin qarşısında imza qrafasında “imtina etdi” sözləri yazılmış, sənədləşmə abonent Cavabdeh təbii qazdan istifadə qaydalarını pozmaqda təqsirini sübut edəcək səviyyədə aparılmamışdır. Təbii qazdan istifadə qaydalarının pozulması aşkar olunduğu halda, abonentin qaz təchizatı dayandırılmamış, təbii qazın talanması barədə hüquq mühafizə orqanlarına məlumat verilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” 07.04.2020-ci il tarixdə bağlandığı halda, tərtib olunan aktlar 310.01.2019-cu il tarixdən 06.04.2020-ci il tarixədək olan dövrü əhatə edir. İddiaçı İB aktların tərtib olunduğu dövrdə tərəflər arasında müvafiq müqavilənin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(003)-3054/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin yoxlanılan hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı İB-yə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar