Məhkəmə qərarları › İş №2(103)-3012/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3012/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3012/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı “X3 Azərbaycan” ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, e-2(010)-1635/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Azərbaycan” ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X3 Azərbaycan” ASC-nin xeyrinə 461,76 manat əsas borc, 55 manat faiz borcu, 28,73 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 29,50 manat olmaqla, cəmi 574,99 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, e-2(010)- 1635/2023 saylı qərardadına əsasən mülki işin icraatına xitam verimişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-in 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki Məcəllənin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Mülki Məcəllənin 25.1 və 25.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. MPM-in 58.1-ci maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 254.1.1-ci maddəsinə görə işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə məhkəmə iş üzrə icraatı dayandırır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edən zaman cavabdeh ölmüş, yəni iddia tələbi ölmüş şəxsə qarşı qaldırılmışdır. Bu səbəbdən, prosessual qanunvericliyin tələbləri baxımından ölmüş şəxsə qarşı iddia qaldırıla bilmədiyindən mülki işin icraatına xitam verilmiş, iddiaçıya hüquq varisliyi yol verdiyi təqdirdə mərhumun hüquq varislərinə qarşı iddia qaldırmaq hüququ izah olunmuşdur. İddiaçı şikayətin dəlillərində cavabdehin ölümü ilə əlaqədar iş üzrə icraatın hüquq varisliyi müəyyən olunanadək dayandırılmalı olmasını göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, mülki iş üzrə icraatın dayandırlması prosessual qanunvericiliyin tələbləri baxımından işin icraatı zamanı tərəflərdən hər hansı biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) yol verilir. Hazırkı halda isə iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman cavabdeh artıq ölmüşdür. Göründüyü kimi, hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunan zaman cavabdeh ölmüş, iddiaya cavab verməli olan tərəf olmamışdır (ümumiyyətlə, hüquq qabiliyyəti yoxdur). Belə olan halda isə birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iş üzrə icraata xitam verilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla, qəradadın ləğvinə əsas ola bilməz. Bu səbəbdən də şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X3 Azərbaycan” ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, e-2(010)- 1635/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, e-2(010)- 1635/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar