Məhkəmə qərarları › İş №2(103)-3014/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3014/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3014/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun mirası qəbul etmiş vərəsədən tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-845/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********71 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Heydərov Xəyal Rəhman oğluna 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 3.000 manat məbləğində kredit verilmişdir. cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş məbləği qəbul etmiş və kredit müqaviləsində göstərilmiş müddətdə və məbləğdə kredit məbləğini qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Heydərov Xəyal Rəhman oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin xx.xx.2022-ci il tarixli, **********9 saylı məktubuna əsasən orta aylıq əmək haqqının 3 misli 750 manat və istifadə edilməmiş məzuniyyət günlərinə görə son haqqhesabı 81.56 manat olmaqla, ümumilikdə 831,56 manat məbləğində pul vəsaitindən ibarət miras qalmış əmlak vərəsəsi qismində onun atası Cavabdeh tərəfindən qəbul edilmiş və ona bu halı təsdiq edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X11 Rəhman oğlunun vərəsəsi olması nəzərə alınmaqla, iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilərək, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Heydərov Xəyal Rəhman oğlunun borcunun yarandığı bildirilmiş və borcun 5 gün ərzində ödənilməsi ondan tələb edilmiş, əks halda yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmiş, borc məbləği bundan sonra da ödənilməmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixdə ölmüş Heydərov Xəyal Rəhman oğlunun həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixə 2.834,10 manat əsas, 289,32 manat faiz, cəmi 3.123,42 manat məbləğində borcu yaranmışdır.

2. İddiaçı "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********71 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 500 manat məbləğində kredit kartı da verilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-718/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə onun vərəsəsi olan Cavabdeh xx.xx.2020ci il tarixli, BPM**********71 nömrəli kredit müqaviləsinə əsasən həmin borc, o cümlədən ona hesablanmış faiz məbləği, yəni 500 manat əsas, 146,17 manat faiz, cəmi 646,17 manat pulun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********71 nömrəli kredit müqaviləsi üzrə 2.834,10 manat əsas, 289,32 manat faiz, cəmi 3.123,42 manat borcun, ödənilmiş 51,23 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən Heydərov Xəyal Rəhman oğluna 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə faiz hesablanmaq şərti ilə 3.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış tam kart çərçivə müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X10 Rəhman oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 10 saylı Notariat Ofisi tərəfindən verilən məlumata əsasən vərəsə Cavabdeh miras əmlakdan tam hissədə pay almaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Heydərov Xəyal Rəhman oğlunun banka 2.834,10 manat əsas, 289,32 manat faiz, cəmi 3.123,42 manat borcu qalmışdır. Cavabdeh Heydərov Xəyal Rəhman oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, bank qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün Bank səy göstərsə də, cavabdeh öz öhdəliyini bügünədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehə borcun qaytarılması haqqında xx.xx.2022-ci il tarixdə bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 3.123,42 manat olduğundan 51,23 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-845/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********71 nömrəli kredit müqaviləsinə əsasən 185,39 (bir yüz səksən beş manat, otuz doqquz qəpik) manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3,05 (üç manat, beş qəpik) manat məbləğində pulun Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 48,18 (qırx səkkiz manat, on səkkiz qəpik) manat hissəsinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməsi qət edilmişdir (hakim X5)

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Heydərov Xəyal Rəhman oğlunun vərəsəsi olan Cavabdeh mirası qəbul etdiyindən universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olur. Qanunvericiliyə görə şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrəinə xx.xx.2020-ci il tarixli, BPM**********71 nömrəli kredit müqaviləsi üzrə 500 manat əsas, 146,17 manat faiz, cəmi 646,17 manat borcun, ödənilməmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-718/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qanunvericiliyə görə, vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Hazırki iş üzrə cavabdehə çatmış miras əmlak 831,56 manat puldan ibarət olmuş, qeyd olunan qətnamə əsasında isə cavabdehdən mərhum oğlunun vərəsəsi kimi 646,17 manat pulun tutulması qət edilmişdir. Odur ki, iddia tələbi geri qalan həcmdə, yəni 185,39 (831,56 manat – 646,17 manat = 185,39 manat) manat həddə təmin olunmalıdır. Baxılan iş üzrə iddiaçı tərəfindən məhkəməyə miras əmlakın cəmi 831,56 manat olduğunu təsdiq edən, notariat orqanı tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim olunmuşdur və qeyd olunan hal cavabdeh tərəfindən etiraf edilmişdir. Göründüyü kimi cavabdeh həmin sənəd əsasında miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmişdir və ona görə də iddia tələbi həmin hissədə təmin olunmalıdır. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edildiyi halda vərəsənin üzərinə, həmçinin miras qoyanın digər əmlakının olmadığını təsdiq edən əlavə sübutlar təqdim etmək vəzifəsi qoyula bilməz. Çünki “Notariat haqqında” Qanunun 59-cu maddəsinə müvafiq olaraq notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras əmlakın tərkibini və olduğu yeri yoxlamağa borcludur. Bu baxımdan qanun üzrə vərəsəlik hüququ haqqında qüvvədə olan şəhadətnamə iddiaçı (miras qoyanın kreditoru) tərəfindən əksi sübut edilməyənədək miras əmlakın tərkibinin və olduğu yerin yoxlanıldığı barədə prezumpsiyanı ehtiva edir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, 445ci, 448.1-ci, 558-ci, 739-cu, 743-cü, 1146-cı, 1151-ci, 1153-cü, 1159-cu, 1255-ci, 1306-cı, 1307-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəlişəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********71 nömrəli kredit müqaviləsi üzrə - 2.834,10 manat əsas, 289,32 manat faiz, cəmi 3.123,42 manat, ödənilməmiş 51,23 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən vərəsə Cavabdeh miras əmlakından tam hissədə pay almışdır. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci, 472-ci, eləcə də 1146-cı, 1255-ci və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sözügedən iddia tələbi üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkün olan öhdəliklər sırasına daxildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Heydərov Xəyal Rəhman oğlunun vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Bakı şəhəri 10 saylı notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsə Cavabdeh miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Beləliklə, Heydərov Xəyal Rəhman oğlunun yeganə vərəsəsi Cavabdeh olduğu, ondan savayı heç bir vərəsə müəyyən edilmədiyi qeyd edilmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməldir. Lakin, məhkəmə qeyd edilən halları, nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişləir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 dekabr 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulamışdır ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəlişəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi xahiş olunduğundan, qətnamə mübahisələndirilən, yəni iddianın təmin edilməmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub hazırki işin halları baxımından qeyd edir ki, Heydərov Xəyal Rəhman oğlu xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Onun ölümündən sonra ondan miras qalmış əmlakdan hazırda cavabdeh qismində müəyyən edilmiş atası Cavabdeh pay ayrılmış və mövcud vəziyyətdə iddia üzrə tələb edilən kredit borcunu Cavabdeh ödəməyə borcludur. Belə ki, cavabdeh mirası (əmlakı) qəbul etmiş vərəsə kimi onun əmlak hüquqlarını əldə etmiş və eyni zamanda, onun vəzifələrinin icraçısına çevrilmişdi. Bu baxımdan da bu cavabdeh hazırda onun kreditoru qismində çıxış edən iddiaçı "xxxx" ASC-nin mənafelərini (yaranmış borcun ödənilməsini) təmin etməlidir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə də yuxarıda göstərilən qanunvericiliyin tələblərini, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış tam borc məbləğinin tələb edilməsi ilə bağlı qeyd edir ki, Cavabdeh həmin kredit müqaviləsi üzrə "xxxx" ASC-yə yaranmış borcuna görə cavabdehin məsuliyyətinin həddi yalnız mirasın həcmi araşdırıldıqdan sonra miras aktivinə mütənasib surətdə müəyyən edilməlidir. Bu baxımdan hüquqi nəticə etibarı ilə cavabdehə çatmış miras əmlak 831,56 manat puldan ibarət olduğuna görə vərəsənin məsuliyyəti də mirasın həcmi ilə, yəni 831,56 manat məbləğində pulla məhdudlaşır. Lakin nəzərə alınmalıdır ki, Heydərov Xəyal Rəhman oğlunun xx.xx.2020-ci il tarixli digər kredit müqaviləsi üzrə ümumilikdə yaranmış 646,17 manat (500 manat əsas və 146,17 manat faiz) məbləğində borcu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-718/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən onun vərəsəsi olan cavabdehdən artıq tutulmuşdur. Bu da məbləğ etibarı ilə miras əmlakın həddinə təsir etmişdir. Bu səbəbdən hazırki iddia üzrə cavabdehdən yalnız onun payına mütənasib surətdə miras qalmış əmlakın (pul məbləğinin) qalan hissəsi həddində, yəni (831,56 – 646,17 = 185,39) 185,39 manat məbləğində pulun tutulmasını mümkün edir. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu mövqedən çıxış etmiş və məhz yalnız bu məbləğin tutulmalı olması qənaətinə gəlmişdir.

22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-xxx/2023 nömrəli, xx.xx. 2023-cü il tarixli qətnaməsi iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar